Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1673/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2905/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xidmətin Dib Dərinləşdirmə İşləri İdarəsində xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək işlədiyi müddət ərzində məcburi iş buraxma müddət üçün ödənilməmiş əmək haqqının və son haqq-hesabın hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2905/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə nəticəyə gələrkən sübutlara tam və hərtərəfli qiymət verməmiş bir sıra araşdırmalı olan halları məhkəmə araşdırmadan əsassız və qanunsuz olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-14/2019 saylı, xx xxx 2019cu il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı CM-in 177.2.1, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, eləcə də, iş üzrə mülki iddia qismən təmin edilərək, təqsirləndirilən şəxs İddiaçı 1454,75 manat tutularaq Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsinin hesabına keçirilməsi qərara alınmışdır. Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0299/ş nömrəli əmri ilə Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Dib Dərinləşdirmə X4 sahəsinin müxtəlif ixtisaslar üzrə fəhlələri X1 və X2, Avtonəqliyyat sahəsinin sürücüsü İddiaçı, Avtonəqliyyat sahəsinin traktorçuları X7 və X8, Ərazi istehsalat sahələrinin sahə rəisi-iş icraçısı X5 xx.xx.2018-ci il tarixdən material üzrə araşdırma başa çatana qədər müvəqqəti işdən kənarlaşdırılmışlar. xx.xx.2019-cu il tarixli, 0121/ş nömrəli əmrlə iddiaçının müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddət bitdiyinə görə xx xxxx 2019-cu il tarixdən xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin yekun qənaəti, nəticə etibarı ilə düzgün olmuşdur. Əvvəla, iddiaçı şikayətində iddianın rədd edilməsinin nəyə əsasən əsassız və qanunsuz olmasını açıqlamamış, eləcə də hansı halların araşdırılmalı olduğunu da konkret göstərməmişdir. Bu vəziyyətdə şikayətin dəlilləri şəxsi mülahizələrə əsaslanan mülahizələrdir. İkincisi, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndi və «c» yarımbəndinə əsasən cavabdeh iddiaçını iş vaxtı ərzində bilavisitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdiyinə görə müvafiq iş vaxtı ərzində əmrlə onu işdən kənar etmişdir. Həmin Məcəllənin 62-ci maddəsinin 3-cü bəndinin imperativ tələbinə əsasən də işdən kənar edilən vaxt ərzində iddiaçıya əmək haqqı verilməməlidir. Buna baxmayaraq, iddiaçı həmin dövrü məcburi iş buraxma müddəti kimi qiymətləndirərək əmək haqqını və son haqq-hesabın hesablanıb ona ödənilməsini tələb edir. Lakin tələbinin təmin olunmasının qanunla qadağan edilməsini nəzərə almır. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)- 2905/2019 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1673/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1673/2020
31.01.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver