Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1679/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X1 və Cavabdeh1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlərə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı Şəhəri Əzizbəyov Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Mərdəkan qəsəbəsində 3/232 nömrəli sahədə Cavabdeh1 ayrılmış 750 kv.m torpaq sahəsinin əvəzinə ünvan 1 №-li ünvanda eyni ölçüdə ona (iddiaçıya) satılmış torpaq sahəsi üzərində layihə-smeta sənədləri əsasında inşa etdiyi evə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9 №-li qərarı ilə Cavabdeh1 fərdi ev tikmək üçün Mərdəkan qəsəbəsi, 3/232 nömrəli sahədə 750 kv.m torpaq sahəsi ayrılmışdır. 2006-cı ilin dekabr ayında digər cavabdeh, torpaq sahələrinin alğı-satqısı ilə məşğul olan Cavabdeh2, yuxanda qeyd edilən qərarın əslini iddiaçıya təqdim edərək şifahi razılaşmaya əsasən 10.000 manata iddiaçıya Mərdəkan qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanda eyni ölçüdə torpaq sahəsi satmışdır. İddiaçı da həmin sahədə fərdi yaşayış evinin tikintisinə razılıq almaq üçün Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmiş, RİH-nin Memarlıq İdarəsi müvafiq layihə-smeta sənədlərini hazırlayaraq ona təqdim etmiş və bununla da fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Tikinti işləri 2009-cu ildə başa çatdırıldıqdan sonra iddiaçı mülkiyyət hüququ barədə sənəd əldə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə (bundan sonra – DƏDRX Əİ) müraciət etmişdir. Lakin torpaq sahəsinin alğı-satqısı qanunvericiliyin tələblərinə uyğun rəsmilləşdirilmədiyi, üst-üstə düşmədiyi üçün müraciəti təmin edilməmişdir. İddiaçı bildirir ki, 1990-cı ildə Cavabdeh1 torpaq sahəsinin ayrılması barədə qərarda torpağın yalnız yerləşdiyi ərazi göstərilmiş, həmin sahənin hansı ünvanda yerləşdiyi qeyd edilməmişdir. Bu da öz növbəsində yaşayış evinin qeydə alınması proseduru zamanı müəyyən çətinliklər yaratmışdır. İlk əvvəl belə məlum olmuşdur ki, iddiaçının Cavabdeh1 aldığı torpaq sahəsi başqa bir şəxsin - X3 adlı şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla əlaqədar iddiaçı Xəzər RİH-ə müraciət etmişdir. Müraciəti əsasında müvafiq araşdırılma aparılmış və müəyyən edilmişdir ki, həmin torpaq sahələri Mərdəkan qəsəbəsində müxtəlif ünvanlarda, yəni iddiaçının aldığı sahə Mərdəkan qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanında, Cavabdeh1 ayrılmış torpaq sahəsi isə Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 2-ci döngə 7 ünvanda yerləşir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 ayrılmış torpaq sahəsi Səbuhi Nuriyev adlı şəxsə satılmış və həmin sahə hal-hazırda da sonuncunun istifadəsindədir. Odur ki, hər iki torpaq sahəsinin üst-üstə düşməsi birmənalı şəkildə istisna olunur. Göründüyü kimi iddiaçıya Cavabdeh1 torpaq sahəsinin ayrılması barədə qərar təqdim edilsə də, ona satılmış torpaq sahəsi başqa ərazidə yerləşir. Həmin torpaq sahəsinin hər hansı şəxsin adına ayrılmasını təsdiq edən müvafiq sənəd olmadığı üçün həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququ barədə sənədi əldə edə bilmir. Bu səbəbdən iddiaçı bildirir ki, həmin hüquq məhkəmə qaydasında müəyyən edilməlidir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən qətnamə əsassız və qanunsuzdur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Əzizbəyov Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 9 №-li qərarı ilə ona torpaq sahəsi ayrılmış, lakin maddi vəziyyəti aşağı olduğuna görə, həmin sahədə tikinti işi apara bilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsini X3 adlı şəxsə satmışdır. Sonuncuya satılmış torpaq sahəsi ilə iddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi bir-birindən çox uzaq məsafədə yerləşir və onların üst-üstə düşmə ehtimalı istisna edilir. O, iddiaçının istifadəsində olan torpaq sahəsinin ona məxsus olmasını heç vaxt iddiaçıya bildirməmiş, həmin torpağa görə iddiaçıdan 10.000 manat pul almamışdır. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər cavabdehlər məhkəmə baxışına gəlməmiş və onlar bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Bakı Şəhəri Əzizbəyov Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 №-li qərarından görünür ki, həmin qərara əsasən, Cavabdeh1 Mərdəkan qəsəbəsi 3/232 №-li sahədə fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Xəzər RİH başçısının xx.xx.2013-cü il tarixli 214 №-li sərəncamından görünür ki, həmin sərəncama əsasən Mərdəkan qəsəbəsi, 3/232 №-li sahədə Cavabdeh1 tərəfindən tikilmiş tikilinin qeydiyyata alınmasına sərəncam verilmişdir. Xəzər RİH başçısının Mərdəkan qəsəbə X5 üzrə Nümayəndəliyinin xx.xx.2017-ci il tarixli 210 №-li məktubundan görünür ki, Cavabdeh1 Əzizbəyov XDS İK-nin xx.xx.1990-cı il tarixli 9 №-li qərarı ilə ayrılmış 3/232 №-li torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi ilə bağlı (hazırki iş üzrə iddiaçı) İddiaçı RİH-nə ünvanlandığı ərizəsi araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsi Mərdəkan qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanda yerləşir, və həmin torpaq sahəsinə və əmlaka hər hansı bir digər şəxsin iddiası yoxdur. X2 məxsus torpaq sahəsi isə başqa ünvanda - Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 2-ci döngə,7-də yerləşir. İddia ərizəsindən görünür ki, iddiaçı yuxarıda qeyd edilən sənədlərə əsaslanaraq, ünvan 1 №-li ünvanda yerləşən 750 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasını xahiş edir və onun tərəfindən inşa edilmiş evə məhkəmə qaydasında mülkiyyət hüququnun tanınmasını xahiş edən iddiaçı, həmin evin yerləşdiyi torpaq sahəsinin alğı-satqı yolu ilə əldə etməsinə istinad edir. Məhkəmə, mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır (maddə 139.2.). Mülki Məcəllənin 139-1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (maddə 139-1.1.), daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr (maddə 139-1.3.) və s. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məcəllənin 144-cü maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məcəllənin 146-cı maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2.). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (maddə 146.3.). Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçının inşa etdiyi evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri obyekti hesab edilən əmlakdır və həmin əmlaka dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Lakin iş üzrə tərəflərin verdikləri məlumatlardan müəyyən edilir ki, həmin torpaq sahəsinə dair iddiaçı ilə hər hansı şəxs, o cümlədən də Cavabdeh2 arasında notarial qaydada təsdiq edilmiş müqavilə yoxdur. Yuxarıda göstərilən torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq icra hakimiyyəti və ya bələdiyyənin qərarının olması da iş materialları ilə təsdiq edilmir. Göründüyü kimi, həmin torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ mövcud deyildir. Belə olan halda, Məhkəmə hesab edir ki, torpaq sahəsinə dair alğı-satqı müqaviləsinə əsaslanaraq iddiaçı tərəfindən inşa edilmiş evə mülkiyyət hüququnun tanınması barədə tələb əsassızdır və təmin edilə bilməz. Bunlardan başqa, Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi” adlı 178-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1.). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (maddə 178.2.). Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır (maddə 178.6.) Göründüyü kimi, mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasına yol verir, lakin bunu şəxsin həmin əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsi ilə şərtləndirir. Mülkiyyət hüququnun tanınması tələb olunan evə iddiaçının sahiblik etdiyi müddət isə bu şərtə cavab vermir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki vəziyyətdə sübutetmə yükü üzərinə düşən iddiaçı öz tələbinin əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və əsassızdır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1679/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1679/2020
14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver