Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1679/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı ilk, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-1679/2023 (Açar sözlər: özbaşına tikilinin sökülməsi, zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri 22 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X6 ibarət tərkibdə Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil2, ilkin iddia üzrə Cavabdeh1, onun və digər ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “özbaşına tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi” barədə ilk iddiasına, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1824/2021 saylı 23 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə 22 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0,01973 torpaq sahəsində yerləşən 39 nömrəli, 1 mərtəbəli binada, 18,0 kv metr yaşayış sahəsindən ibarət 1 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 19 aprel 1995-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, ev 39, mənzil 5 X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında tikinti sahəsində Dövlət standartlarına, tikinti norma və qaydalarına texniki şərtlərə və digər normativ hüquqi aktlara riayət olunmadan aparılmış, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 39 mənzil 4-ün (indiki Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi ev 39 mənzil 4) divarının üstündən tikdirdiyi qanunsuz 3-cü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi, ünvan 1-in 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərənin bağlamasını və suyun axıdılması nəticəsində ona dəymiş 15000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onа veriliməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmlakına qəsdən zərər vurduqlarına görə cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 39 mənzil 4-ü (Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi, ev 39, mənzil 4) o, 2008-ci il tarixdə tam tikili vəziyyətdə, təmirli olaraq almış və 12 ildir ki, anası Dastiyari Naidə ilə həmin ünvanda yaşayırlar. Yan qonşusu Cavabdeh2, onun oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh3 onlara bu evdə yaşamaqlarına imkan vermirlər. Belə ki, cavabdehlər ona məxsus evin divarının üstünə 3- cü mərtəbəni özbaşına hər hansı tikinti normalarına cavab vermədən tikmişlər. Hətta onlar həmin evə yeni köçən zaman onların qadın olmağından istifadə edib qanunsuz tikdiyi evin 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərə açmışlar. Evinə məxsus divarın üstündən qanunsuz tikilinin sökülməsini dəfələrlə cavabdehdən xahiş etmişdir. Cavabında isə ona “siz kimsiz, siz başsız ailəsiz, bizə belə xoşdur və sökmüyəcəyik demişlər”. Atası X1 veteranı olmuş və 12 avqust 2012-ci il tarixdə rəhmətə getmişdir. Cavabdeh3 və oğlu Cavabdeh1 12 ildir ki, onların evinin damının üstündə gəzirlər. Evinin şiferləri sınmış və yenidən məcbur qalıb həmin şiferləri öz hesabına düzəltdirmişdir. O, cavabdehlərə etiraz edərək aparılmış tikintini onun evinə birləşdirilməməsini, evindən heç olmasa 2 metr aralı aparılmasını bildirmiş və əlavə etmişdir ki, bu tikili ilə onun evində yaşamaq mümkünsüz olacaq. Lakin onlar tikinti normalarını pozaraq tikdirdikləri 3-cü mərtəbədə heç nə olmamış kimi yaşayırlar. Ona məxsus mənzilin həyətinə baxan pəncərədən isə qonşunun söhbətləri, söyüşləri onun evində təmiz eşidilir. Cavabdehlər onunla düşmən kimi davranırlar. Cavabdehlərin əməllərinə artıq tab gətirə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə tikilən evlər arasında saxlanılmalı olan ara məsafələri müəyyən edilir. Həmin qərara əsasən cavabdeh apardığı tikili ilə onun mülkiyyətində olan ev arasında ən azından 4-5 metr məsafə saxlamalı idi. Cavabdehlər özlərinə məxsus mənzilə kondisioner quraşdırmış və həmin kondisionerin suyu onun evinə tökülmüş və evi yararsız vəziyyətə düşmüşdür. Cavabdehlər özlərinə məxsus evin novalçasına qəsdən boru taxmamışlar və nəticədə yağan yağış suyu onun evinə axmış, evin tavanı, döşəməsi, divar kağızları yararsız vəziyyətə düşmüşdür. Evdə yaşamaq artıq qeyri-mümkün hala çevrilmişdir. Lakin onun yaşamağa başqa yeri yoxdur. Onun evi bərbad vəziyyətə salınmışdır. O, evinə axıdılan su ilə və tikilinin sökülməsi ilə bağlı polisə və MİS-ə müraciət etmişdir. Gəlib yerində akt tərtib etmişlər. Beləliklə cavabdehlər tərəfindən evinə axıdılan suyun təsiri nəticəsində ona 15000 manat dəyərində maddi ziyan vurulmuşdur. Cavabdeh3 və oğlu onun evinin damına baxan pəncərələr vasitəsi ilə oğurluğa girmiş, evindən qızıl və pulları oğurlamışdır. O, həmin oğurluqla bağlı polisə müraciət etmiş, araşdırma gedir. Cavabdehlərlə aralarında olan mübahisə 12 ildir ki, davam edir. Hətta 2015-ci il tarixdə həmin evin birinci mərtəbəsini əxlaqsız yuva kimi istifadə etmiş və onların şikayəti əsasında da cavabdehlərin əməllərinə son qoyulmuşdur. Göründüyü kimi, cavabdehlər tikinti sahəsində Dövlət standartlarına, tikinti norma və qaydalarına, texniki şərtlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarına əməl etməmiş, onun etirazlarına məhəl qoymamışlar.
5. Daha sonra cavabdehlər Cavabdeh1 və Nəzərova X4 Nərmin Zaur qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov (hazırda 1- ci Dəmiryol) küçəsi, ev 39 mənzil 4 ünvanında mülkiyyətdə olan 18 kv metr yaşayış sahəsindən artıq inşa edilmiş tikilinin (mansardın, dam örtüyünün) İddiaçı hesabına sökülməsi, əvvəlki vəziyyətinin bərpa edilməsi, 13000 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailə üzvləri ilə birlikdə 1989-cu il tarixdən Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, ev 39 mənzil 5 ünvanında yaşayır. Evin əsaslı təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatmışdır. Həmin vaxt cavabdehin hazırda yaşadığı ev Telman adlı şəxsə məxsus idi və onun zamanında hər ikisi razılaşıb evi təmir etdirmişlər. Daha sonra isə Telman həmin evi halhazırda da qonşuluqlarında yaşayan Ağacan adlı şəxsə satmışdır. Cavabdeh iddia ərizəsində bildirdiyi kimi, təxminən 2008-ci il tarixdə qonşuluqdakı evə köçmüşlər, onlar həmin evə köçərkən şəkildə də göründüyü kimi ev tam hazır vəziyyətdə idi və cavabdehin köçməsindən sonra evlərində hər hansı bir artırma olmamış və ya yeni pəncərə açılmamışdır. Əksinə cavabdeh köçərkən onun hazırda tikdiyi əlavələr olmamış, mansard olmamış, bir mərtəbədən ibarət olmuş və evin üstü düz olmaqla damı belə olmamışdır. Bu faktı cavabdehdən əvvəl o evdə qalmış olan və sonra həmin evi cavabdehə satmış Hüseynov Ağacan təsdiq edə bilər. Sözügedən evi qonşusu Ağacan da Telman adlı şəxsdən 2005-ci il tarixdə almışdır. Bir daha bildirirlər ki, cavabdeh evi aldığı zaman onların evi şəkildə olduğu kimi tam hazır vəziyyətdə idi və əlavə heç bir tikili olmamışdır. Əksinə, cavabdeh evi aldıqdan sonra 2020-ci ilin noyabr ayında artırmalara, tikintiyə başladı, bununla bağlı müvafiq orqanlara şikayətləri olmuşdur. Cavabdehin artırmaları onun evinə günəş enerjisinin düşməsinin qarşısını almaqla yanaşı yağışlı günlərdə isə şəkillərdən də göründüyü kimi divarların nəm çəkməsinə, yağış suları evə daxil olmaqla suvağın, oboyların dağılmasına səbəb olmuşdur. Göründüyü kimi pəncərələri açdığı zaman cavabdehin özbaşına tikdiyi dam örtüyü ilə qarşılaşır, dam örtüyü birbaşa onun divarına bitişik şəkildə qurulmuşdur. Bundan əlavə, otaqlar günəş enerjisi qəbul edə bilmir və belə olan halda otaqların rütubətli olmasına gətirib çıxartmaqla ailə üzvləri arasında müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb ola bilər, bununla bağlı cavabdeh tərəfə öz iradlarını bildirərək qanunsuz davranışlarına son qoymasını, vurulmuş zərərin ödənilməsini, maneələri aradan qaldırmasını tələb etdiyi zaman cavabdeh onlara şərböhtan ataraq ailəsini polisə şikayət edərək onları oğurluqda, əxlaqsız yuva saxlamaqda ittiham edərək şikayət etmişdir və hal-hazırda da əməlinə haqq qazandırmaq üçün onları qabaqlayaraq məhkəməyə müraciət etmişdir. İlkin iddiaya münasibətdə bildirirlər ki, iddia tələbi tamamilə əsassızdır, cəfəngiyyatdan ibarətdir. Hesab edirlər ki, onların daha əvvəldən tikmiş olduğu evin pəncərələri cavabdehi öz evindən istifadə etməsinə hər hansı bir formada maneə yaratmır, cavabdehin qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını pozmur, cavabdeh oraya gələrkən artıq qonşuluqda yerləşən evlər ona bəlli idi və kimlərlə qonşu olacağı və onların evlərinin quruluşu, mərtəbəsi aydın şəkildə görünürdü. Cavabdeh 1 mərtəbəli evi alarkən qonşuluqda onların evini də görmüşdü və əgər onların evi ona hər hansı bir narahatlılıq gətirəcək idisə evi almaqdan imtina edə bilərdi, əksinə isə cavabdeh öz birmərtəbəli evini qanunsuz olaraq artırmaqla qonşuluq münasibətlərini pozmağa başlamışdır.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 avqust 2021-ci il tarixli, 2(001)-1824/2021 saylı qətnaməsi ilə(hakim Məhəmməd Rüstəmli) ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 973 manat məbləğində vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 2 manatı tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 1105 manat məbləğində vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 2 manatı tutularaq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən ona məxsus mənzildə və mənzilin damında texniki pasportda nəzərdə tutulmayan əlavə tikinti işləri aparılmış, aparılmış tikinti işləri tikinti norma və qaydalarına uyğun yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən ona məxsus mənzilin texniki pasportu təqdim edilmədiyindən əlavə hər hansı tikinti işlərinin görülməsi, habelə həmin mənzilin üçüncü mərtəbəsində iddiaçının dam örtüyündən yuxarıda inşa edilmiş pəncərələrin mənzilin texniki sənədlərdə əks olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla belə, qeyd olunan mənzillərin ara divar üzərində inşa edilməsi, iddiaçının gördüyü əlavə tikinti işləri, cavabdehin mənzilində inşa edilmiş pəncərələr tərəflərin mənzillərinə hər hansı təhlükə törətmir və onların mülkiyyət hüquqlarını məhdudlaşdırmır. Bundan əlavə, iddiaçı mənzili alarkən cavabdehə məxsus mənzil artıq hazırki vəziyyətdə mövcud idi, iddiaçının bildirdiyinə görə sonradan yalnız mübahisəli pəncərələr inşa edilmişdir.
9. Məhkəmə, iddiaçının iddia tələbinin cavabdehlər tərəfindən ara divar üzərində inşa edilmiş üçüncü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi və onun damına baxan iki pəncərənin bağlanması hissəsi, habelə cavabdehlərin qarşılıqlı iddia tələbinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən artıq inşa edilmiş tikilinin onun hesabına sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia və qarşılıqlı iddia tələbləri bu hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə tərəflərin bununla bağlı hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, belə olan halda özbaşına tikintinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilərlər.
10. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh1 həmçinin iddiaçıya qarşı həmin tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur, çünki mənzilin mülkiyyətçisi digər Cavabdeh2dır və subyektiv hüquq ona məxsusdur.
11. Məhkəmə iddia və qarşılıqlı iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissələri ilə bağlı hesab etmişdir ki, həm iddia, həm qarşılıqlı iddia tələbləri bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mənzilinin damında dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması səbəbindən cavabdehin mənzilinə su sızmış və bunun nəticəsində cavabdehə 1105 manat məbləğində ziyan dəymişdir. Cavabdehin dam örtüyündən isə iddiaçının damına suyun axması nəticəsində, yəni cavabdeh tərəfindən damından suyun iddiaçının damına axmasının qarşısının alınması üçün tədbirlər görülmədiyi səbəbindən iddiaçının mənzlinə su sızmış və bunun nəticəsində ona da 973 manat məbləğində ziyan dəymişdir.
12. Məhkəmə əmlakına qəsdən zərər vurduqlarına görə cavabdehlər barəsində xüsusi qərardadın çıxarılması barədə iddiaçının ərizəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin hərəkətlərində hər hansı cinayətin əlamətlərinin olması müəyyən edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 157, 139, 180, 170, 21, 1096 və 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119, 14, 77 və 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
14. İlk iddiaçı X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-tikinti ekspertizasının rəyi həqiqətə uyğun deyildir və ekspertiza hərtərəfli aparılmamışdır, rəy aydın və tam olmadığı üçün verdiyi əlavə ekspertiza keçirilməsi barədə vəsatəti məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir.
16. Qətnamədən, həmçinin, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilib, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində cavabdehin mənzilinə dəymiş zərərin onların təqsiri ucbatından baş verməsi qeyd edilməmiş, səbəb kimi cavabdehin öz dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması göstərilmişdir. Buna baxmayaraq məhkəmə zərərin ödənilməsi ilə bağlı hissədə iddiani qismən təmin edərkən cavabdehdən 973 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi qərarına gəlmişdir. Halbuki, Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərindən göründüyü kimi iş materiallarına və ekspert rəyinə əsasən zərərin baş verməsinə gətirib çıxardacaq hər hansı bir təqsirli, hüquqa zidd əməl olmamışdır. Bununla da məhkəmənin maddi zərərlə bağlı gəldiyi nəticə işin hallarına və ekspert rəyinə uyğun olmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki əvvəlki icraat
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-709/2022 saylı 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov, E.Mehdiyev və X.Sarıyev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, İddiaçı ilk iddiası qismən təmin olunmuş, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ədalət Yusifov küçəsi, ev № 39-da yerləşən 4 №-li mənzilin ara (şərikli) divarı üzərində inşa edilmiş, 5 №-li mənzilə aid olan 3-cü mərtəbənin Cavabdeh2 hesabına sökülməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 21, 180.4, 1096 və 1111.2-ci maddələrinə istinad etmişdir
ç) Kassasiya instansiya məhkəməsində icraat
21. Qarşılıqlı iddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilkin və qarşılıqlı iddiaya münasibətdə işə yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5292/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov, Z.Əliyev və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 709/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Proses iştirakçılarının izahatı
23. Təkrar apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, ilkin iddia üzrə cavabdehlərin verdikləri apellyasiya şikayətinə isə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Verilmiş suallara cavab olaraq ilkin iddia üzrə İddiaçı bildirmişdir ki, onlar yaşadıqları evi alanda cavabdehlərə məxsus evin üçüncü mərtəbəsi tikilmiş formada olmuşdur. Lakin o, hesab edir ki, həmin üçüncü mərtəbə sökülməlidir.
24. Təkrar apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə Cavabdeh1, onun və digər ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, ilkin iddia üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə isə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Verilmiş suallara cavab olaraq ilkin iddia üzrə Cavabdeh1 bildirmişdir ki, yaşadıqları mənzildə 1989-cu ildən ailəsi ilə bilikdə yaşayır. Yaşadqıqları mənzili 2000-ci ildə söküb yerində başqa ev tikmişlər. Tikinti işləri 2003-cü ildə başa çatmışdır. Qonçuluqda yerləşən, hazırda iddiaçıya məxsus evin yiyəsi 2005-ci ildə Ağacan adlı şəxsə satıb, o da 2008-ci ildə iddiaçıya satmılşdır. İddiaçı həmin mənzilə köçərkən onlara məxsus olan 3 mərtəbəli ev artıq inşa edilmiş formada olmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır;
31. Maddə 180.1. Əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
35. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
36. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
39. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
47. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsi qətnaməsinin ilk iddianın cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 39 mənzil 4 (indiki Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi ev 39 mənzil 4) divarının üstündən tikdirdiyi qanunsuz 3-cü mərtəbənin və cavabdehlərə məxsus evin 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərənin bağlanması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Ali Məhkəmə apellyasiya instansiyası qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edərək, işi o hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə 0.01973 torpaq sahəsində yerləşən 39 nömrəli, 1 mərtəbəli binada, 18.0 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 17314 nömrəli vərəqində qeydiyyata alınmışdır.
50. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 19 aprel 1995-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, ev 39, mənzil 5 X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 10/1013 nömrəli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli rəylərindən müəyyən olunur ki, iddiaçı X7 4 nömrəli mənzilinin texniki pasportu ilə mövcud vəziyyəti arasında müqayisə edilərək, mənzildə əlavə tikinti işləri aparıldığı, həmin əlavə işlərin evin ölçüləri 4,6 x 3,8m artırılmasından (2010-cu ilə qədər) və evin dam örtüyü sökülərək kənar divarlar (parapet) 80 sm hörülərək çardaq tipli (mansard deyil) olmaqla yenidən quraşdırılmasından ibarət olduğu, aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına uyğun yerinə yetirilmədiyi və Nəzərova (Mahmudova) Zülfiyyə Lətif qızının mülkiyyətində olan mənzilə təhlükə törətmədiyi və onun mülkiyyət hüquqlarını məhdudlaşdırmadığı müəyyən edilmişdir. Cavabdeh2 5 nömrəli mənzilinin rəsmi reyestrdə qeydə alınmış texniki pasport təqdim olunmadığından əlavə hər hansı tikinti işlərinin görülməsini müəyyənləşdirmək mümkün olmamışdır. 5 nömrəli mənzilinin 18 metr uzunluğunda yan divarı İddiaçı mülkiyyətində olan 4 nömrəli mənzillə ara divar (şərikli) üzərində (2010-cu ilə qədər) inşa edilmişdir və 4 nömrəli mənzilə təhlükə törətmir. 5 nömrəli mənzilinin üçüncü mərtəbəsində 4 nömrəli mənzilin dam örtüyündən 60 sm yuxanda pəncərələr (3 ədəd) mövcuddur. Mənzilin texniki pasportu təqdim olunmadığından həmin pəncərələrin texniki sənədlərində əks olunmasını söyləmək mümkün deyil. Həmin pəncərələrin mövcudluğu 4 nömrəli mənzilə təhlükə törətmir və mənzilin sahibinin mülkiyyət hüquqlarını məhdudlaşdırmır.. .
52. Birinci instansiya məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı məxsus 4 nömrəli mənzil ilə Cavabdeh2 məxsus 5 nömrəli mənzil ara (şərikli) divar üzərində inşa edilmişdir. İddiaçı tərəfindən ona məxsus mənzildə və damında texniki pasportda nəzərdə tutulmayan əlavə tikinti işləri aparılmış, aparılmış tikinti işləri tikinti norma və qaydalarına uyğun yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən ona məxsus mənzilin texniki pasportu təqdim edilmədiyindən əlavə hər hansı tikinti işlərinin görülməsi, habelə həmin mənzilin üçüncü mərtəbəsində iddiaçının dam örtüyündən yuxarıda inşa edilmiş pəncərələrin mənzilin texniki sənədlərdə əks olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla belə, qeyd olunan mənzillərin ara divar üzərində inşa edilməsi, iddiaçının gördüyü əlavə tikinti işləri, cavabdehin mənzilində inşa edilmiş pəncərələr tərəflərin mənzillərinə hər hansı təhlükə törətmir və onların mülkiyyət hüquqlarını məhdudlaşdırmır. Bundan əlavə, iddiaçı mənzili alarkən cavabdehə məxsus mənzil artıq hazırki vəziyyətdə mövcud idi, iddiaçının bildirdiyinə görə sonradan yalnız mübahisəli pəncərələr inşa edilmişdir.
53. İddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmə iclasları zamanı verilmiş izahatlarda göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən, 18 kv metr sahəsi olan evi 2008-ci il tam tikili vəziyyətdə almış və anası ilə həmin evə köçmüşdür. Cavabdeh tərəf də bu faktı təsdiq etmişdir. İddiaçının adına 22 oktyabr 2008-ci il tarixdə verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da bu hal öz təsdiqini tapır.
54. Bundan başqa, sökülməsi tələb olunan tikili (5 nömrəli evin 3-cü mərtəbəsi) daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına qeydə alınmamışdır, həmin evin bir divarı qonşu iddiaçının evinin divarı ilə ümumidir, divar tərəflərin ümumi mülkiyyəti hesab olunur. Cavabdehlər tərəfindən 3-cü mərtəbə iddiaçıya məxsus evin əvvəlki mülkiyyətçisinin razılığı ilə inşa edilmişdir. Bu baxımdan da iddiaçının mülkiyyətinə müdaxilə kimi təqdim etdiyi, cavabdehlərin özbaşına tikili inşa etmələri və ondan istifadə etmələri 4 nömrəli evin mülkiyyətçisi olan iddiaçıya münasibətdə qanunsuz sayıla bilməz. Belə olan halda mübahisənin həlli zamanı iddiaçının mülkiyyətinin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikili inşa etdirmiş cavabdehlərin əmlak mənafeləri diqqətdən qaçırılmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi şübhəsizdir.
55. Həmçinin, məhkəmə kollegiyası onu da vurğulayır ki, əvvəl cavabdehlər tərəfindən özlərinə məxsus 5 nömrəli evdə tikinti işlərinin aparılması, müəyyən xərclər çəkməsi, 4 nömrəli evin mülkiyyətsinin yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini tanısa da, hüquqdan sui-istifadə qadağası ilə həmin səlahiyyətləri məhdudlaşdırmışdır. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
56. Bununla yanaşı, yuxarıda istinad edilən Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə istər tikili istərsə də pəncərələrlə bağlı iddiaçının hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur.
57. Beləliklə, kollegiya yuxarıda qeyd edilən qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq baxılan hissədə təmin edilməməsinə dair nəticəyə gəlmişdir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1824/2021 saylı iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (baxılan hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova