Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1682/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1889/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərər görə sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi və sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1889/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək "xxxx" ASC-də sığortalanmış və İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmir-bərpa xərci kimi 3,367 AZN və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı ödənilməsi; keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsait cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, "İcbari sığortalar haqqında" Qanunun 36.1-ci maddəsində daşınmaz əmlakın yalnız qeyd olunmuş hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisinin sığorta hadisəsi hesab olunması göstərilmişdir. Məhkəmə qərarının da əsaslandığı ekspert rəyində hadisənin baş verməsinə səbəb kimi "su və kanalizasiya xəttindən suyun sızması nəticəsində torpaq qatının çökməsi" halı qeyd edilmişdir. Göstərilən maddənin tərkibində çökmə hadisəsi sığorta hadisəsi kimi nəzərə alınmamışdır. Yəni, sığorta təminatı müddəti ərzində yaranmış bütün zərərlər sığorta təminatı ilə əhatə olunmur. Yalnız icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilən hallar (risklər) nəticəsində yaranan zərərlər sığorta təminatı ilə əhatə olunur. Əgər baş vermiş hadisə icbari sığorta qanunlarında nəzərdə tutulmayıbsa, o zaman həmin halı sığorta hadisəsi hesab etmək və ona əsasən sığorta ödənişi həyata keçirmək qanunla mümkün deyildir. Mülki Məcəllənin 926-cı maddəsinə görə, sığorta ödənişi, sığorta hadisəsi baş verdikdə həyata keçirilən maliyyə kompensasiyasıdır. Məhkəmə öz qərarında "İcbari sığortalar haqqında" Qanunun 36-cı maddəsinin qanunda qeyd olunmuş məzmununu olduğu kimi göstərmiş, lakin hadisənin hansı əsasla və maddənin konkret hansı bəndinə əsasən sığorta hadisəsi hesab olunmasını əsaslandırmamışdır. Beləliklə, hadisə sığorta təminatı müddətində baş versə belə "İcbari sığortalar haqqında" Qanunun 36-cı maddəsinə əsasən baş vermiş çökmə hadisəsi sığorta hadisəsi hesab edilə biməzdi. Qeyd edilənlərdən aydın olduğu kimi sığorta hadisəsinin təsdiq edilməsi üçün əsas şərtlərdən biri hadisənin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsidir. Bununla əlaqədar, iddiaçının Cəmiyyətə ünvanlandığı 26.08.2021-ci il tarixli yazılı ərizəsindən də zərərin səbəbinin 2019-cu ilin oktyabr ayında baş verməsi bildirilir. Belə ki, iddiaçı evinin önündəki küçəyə asfalt örtüyü çəkilərkən kanalizasiya borusunun zədələndiyini, buradan axan suyun onun evinin bünövrəsindəki torpaq qatını yumasını və bu səbəbdən çökmə baş verdiyini və çökmə nəticəsində evinə ziyan dəydiyini bildirmişdir. Aralarında bağlanmış icbari sığorta şəhadətnaməsindən də aydın olduğu kimi sığorta müqaviləsi 29.12.2019-cu ildə qüvvəyə minmişdir. Göründüyü kimi zərərin baş verməsinə səbəb olan hadisə sığorta təminatı müddətinin başlanılmasından əvvəl baş vermişdir. Şəxsin öz ərizəsində qeyd edilən bu hal əsas sübut kimi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Həmçinin, sığorta araşdırması zamanı Cəmiyyət tərəfindən səlahiyyətli dövlət orqanlarına göndərilmiş sorğulara cavablarda nə hadisənin tarixi, nədə onun sığorta hadisəsi olmasını təsdiq edən heç bir məlumat bildirilməmişdir. Məhkəmə araşdırması zamanı da hadisənin nə zaman baş verməsi müəyyənləşdirilməmişdir. Hətda məhkəmənin əsaslandığı 19.10.2021-ci il tarixl Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası təhqiqatının rəyindədə hadisənin nə vaxt baş verməsi barədə suala cavab verilməmişdir. Qətnamənin 3-cü səhifəsinin 7-ci abzasında, "məhkəmə cavabdehin sığorta ödənişindən imtinasına səbəb gətirdiyi hala münasibətdə qeyd edir ki, cavabdeh imtinanın əsası kimi hadisənin (çökmənin) baş verməsinə səbəb olan halın sığorta şəhadətnaməsinin qüvvəyə minməsindən öncəyə təsadüf etdiyini qeyd etsə də, iş materialları və ekspert rəyi ilə bu hal öz təsdiqini tapmamış və bu səbəbdən də cavabdehin imtinası əsassız sayılmalıdır." Məhkəmənin bu qənaəti ilə bağlı qeyd edir ki, məhkəmə sığorta hadisəsinin sığorta təminatı müddətindən əvvəl baş verməsi faktının öz təsdiqini tapmadığını qeyd etsə də, hadisənin baş vermə tarixinin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsi faktının da səlahiyyətli dövlət orqanlarının məktubları və ya ekspert rəyi ilə təsdiqini tapmadığı halda sığorta hadisəsinin sığorta təminatı müddətində baş verdiyini "güman" edərək iddia tələbini təmin etmişdir. Halbuki, baş vermiş hadisənin sığorta hadisəsi sayıla bilməsi üçün hadisənin nə vaxt baş verməsi müəyyən edilməli idi, əks halda qanunvericiliyə əsasən hadisəni sığorta hadisəsi kimi tanımaq və buna görə sığorta ödənişi həyata keçirmək əsassızdır. Baş verdiyi iddia edilən hadisənin tarixi barədə yeganə sənəd sığortalının ərizəsi olduğu və heç bir səlahiyyətli dövlət orqanı tərəfindən hadisənin hansı tarixdə baş verməsi təsdiqlənmədiyi halda göstərilən faktiki hallar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikintitexniki ekspertizası təhqiqatını rəyində zərərlə bağlı qiymət olduqca yüksək müəyyən edilməklə real vəziyyətə uyğun tərtib olunmamışdır. Belə ki, ekspert qarşısında qiymətlə bağlı qoyulmuş suala cavab formal xarakter daşımış, ətraflı cavab verilməmiş və rəyin heç bir hissəsində həmin malların qiymətinin hansı meyarlarla, hansı vasitələrlə, hansı mötəbər mənbələrdən əldə edilməsi barədə heç bir məlumat yoxdur. Belə olan təqdirdə, 19 oktyabr 2021-ci il tarixli, 10/3807 saylı rəyində ekspert bazar qiyməti dedikdə nəyi nəzərdə tutmuşdur, yəni, həmin malların hansı bazarda satılması, hazırkı qiymətinin nə qədər təşkil etməsi və həmin mallara yaxın məhsulların qiymətinə uyğun qiymətin haradan əldə edilməsi mənbəyi heç bir yerdə göstərilməmişdir. Xüsusilə də "divara şpaklyovka qatının çəkilməsi və divar kağızı ilə üzlənməsi" və "divar kağızı" üçün müəyyən olunmuş qiymətlər əsassız bir şəkildə yüksək müəyyən olunmaqla qiymətin əsassız artmasına səbəb olmuşdur. Belə ki, divar kağızının rulonunun qiyməti 25 manat olaraq qiymətləndirilmişdir. Halbuki, bazarda daha ucuz qiymətə divar kağızı çeşidləri mövcuddur. Nə üçün həmin məbləğdə divar kağzının seçilməsi sual yaradır. Digər tərəidən ekspertin müəyyən etdiyi qiymətləndirmələrin çökmə ilə əlaqədar olduğu ciddi şübhə doğurur. Çünki, ekspertin rəyində nəzərə aldığı işlər daha çox kosmetik təmir işləridir. Halbuki hamıya məlumdur ki, çökmə hadisəsi daha çox binanın konstruktiv elementlərinə zərər yetirməkdədir. Həmçinin hadisənin baş vermə tarixi ilə bağlı sual üzrə ekspertiza tərəfindən tədqiqat aparılmamışdır. Məhkəmə baxışı gedişində Məhkəmə Ekspertiza Mərkəzinin19.10.2021ci il tarixli, 10/3807 saylı ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertiza ilə bağlı vəsatət təqdim edilmişdir. Qeyd edilmişdir ki, göstərilən rəydə zərərin qiyməti real vəziyyətə uyğun olmamış və rəydə müəyyən olunmuş qiymətlər üçün heç bir əsas göstərilməmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 925.1-ci maddəsinin tələbinə əsasən hadisə ilə bağlı Cəmiyyətə məlumat verildikdən dərhal sonra zərər dəymiş əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. Bu məqsədlə Cəmiyyətlə iddiaçı arasında 05.09.2020-ci il tarixli müstəqil ekspertin təyin edilməsi haqqında Razılaşma imzalanmış və zərərin qiymətləndirilməsi üçün "Sığorta fəaliyyəti haqqmda" Qanunun 10.10-cü maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanının rəsmi reyestrinə daxil edilmiş, müvafiq lisenziyalı müstəqil ekspert təyin edilmişdir. Həmin ekspert tərəfindən əmlaka baxış keçirilmiş və əmlaka dəyən zərərin 1500 (bir min beş yüz) manat məbləğjndə müəyyən edilməsi barədə ekspert rəyi təqdim edilmişdir. Beləliklə, mübahisənin əsasını təşkil edən sığorta hadisəsinin tarixi aydınlaşdırılmadığı halda həmin rəyə istinad edilərək iş üçün əhəmiyyətli hallar sübul olunmadan qərar qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək cavabdehin apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, pozuntunun nədən ibarət olmasını əsaslandırmadığını bildirmiş və eyniməzmunlu izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 884.5, 898.1, 898.2-ci maddələrinə; “İcbari sığortalar haqqında” Qanunun 6.1, 7, 15.3, 20.2, 35.1, 36.1-ci maddələrinə istinad edərək qənaətini belə əsaslandırmışdır ki, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan 19.10.2021-ci il tarixli 10/3807 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, 1-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarlarında və tavanında çatlar, qabarmalar olduğunu nəzərə alaraq fərdi yaşayış evinin tikililərinə zərərin dəydiyi müəyyən edilir; 2-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarlarında və tavanında yaranmış qüsurlar evin yaxınlığında 0,50-1,0 m aralqda torpağın alt qatında olan su və kanalizasiya xəttinin suyun sızması nəticəsində torpaq qatının çökməsi səbəbindən əmələ gəldiyi müəyyən edilir; 3-cü sual üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarlarında və tavanında yaranmış qüsurların səbəb olan çökmə hadisəsinə dair mülki iş materialında məlumat olmadığından, tədqiqat aparılmadı; 4cü sual üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 3,567 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, zərərin məbləği cavabdehdən tutulmalıdır. Ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq məhkəmə qeyd edir ki, eskpert rəyində göstərilən zərər məbləğindən (3,567 manat) sığorta şəhadətnaməsində nəzərdə tutulmuş azadolma məbləği (200 manat) çıxılmaqla yerdə qalan 3,367 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehin sığorta ödənişindən imtinasına səbəb gətirdiyi hala münasibətdə qeyd edir ki, cavabdeh imtinanın əsası kimi hadisənin (çökmənin) baş verməsinə səbəb olan halın sığorta şəhadətnaməsinin qüvvəyə minməsindən öncəyə təsadüf etdiyini qeyt etsə də, iş materialları və eskpert rəyi ilə bu hal öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, cavabdehin imtinası əsassız sayılmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1-ci və 36.1.5-ci maddəsinə əsasən su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın sığorta hadisəsi hesab olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mənzilə dair hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də haqlı sayılır. İkncisi, “İcbari sığortalar haqqında” Qanunun 36.1.5-ci maddəsində “çökmə”nin sığorta hadisəsi kimi göstərilməməsi iddianın əsassızlığına dəlalət etmir. Çünki, ekspert rəyində fərdi yaşayış evinin divarlarında və tavanında yaranmış qüsurların(çatlar, qabarmalar) evin yaxınlığında (0,50-1,0 m) aralıqda torpağın alt qatında olan su və kanalizasiya xəttinin suyun (və ya digər mayenin)sızması nəticəsində torpaq qatının çökməsi səbəbindən əmələ gəldiyi göstərilmişdir. Yəni, torpaq qatının çökməsi subasma nəticəsində yaranmış, evdə yaranmış qüsurlar da torpaq qatının çökməsindən baş vermişdir. Ona görə də qeyd olunan normada sığorta hadisəsi kimi subasma nəzərdə tutulmuş, çökmənin sığorta hadisəsi kimi göstərilməməsi də hüquqi məntiqə söykənməyən bir yanaşmadır. Məhkəmə də çökməni deyil, daşınmaz əşyanın zədələnməsini sığorta hadisəsi hesab etmişdir. Başqa sözlə torpaq qatının çökməsi nəticəni, yəni sığorta hadisəsini yaradan səbəbin-subasmanın nəticəsində, sığorta hadisəsi isə çökmənin nəticəsində baş vermişdir. Ona görə də cavabdehin bu dəlillərdən istifadə edərək ziddiyyətli vəziyyət yaratmağa cəhd etməsi anlaşılan olsa da başadüşülən deyildir. Çünki, bu dəlilin şikayətin əsaslı olmasına heç bir təsiri yoxdur. Üçüncüsü, sığorta hadisəsinin sığorta müqaviləsinin qüvvədə olmadığı müddətdə baş vermədiyinə dair cavabdehin gətirdiyi dəlillər də əsaslı ola bilməz. Çünki, bəyan etdiyi bu halı sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. İddiaçının yazılı ərizəsində zərərin səbəbinin 2019-cu ilin oktyabr ayında baş verməsini bildirməsi iş materialları ilə təsdiq olunmasa da bu halın həqiqiliyi belə şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, cavabdeh sığortaçı olaraq sığorta müqaviləsi bağlamamışdan əvvəl sığorta təminatı altına aldığı fərdi yaşayış evinin mövcud vəziyyətini özü üçün dəyərləndirə bilərdi. Ancaq bunu etməmişdir. Ona görə də ekspertiza rəyində sığorta hadisəsinin nə vaxt baş verməsinin cavablandırılmaması iddianın əsaslı olmasına heç bir təsir etmir. Dördüncüsü, ekspertiza rəyində zərərlə bağlı qiymətin olduqca yüksək müəyyən edilməklə real vəziyyətə uyğun tərtib olunmaması barədə dəlillər də əsassız hesab edilməlidir. Çünki, cavabdeh bunu bəyan edirsə özü zərərin məbləği barədə məhkəməyə mötəbər sübut təqdim edə bilərdi. Təqdim etdiyi müstəqil ekspertin 09.09.2020-ci il tarixli rəyində göstərilənlər isə dəymiş zərərin məbləğinin real göstəricisi ola bilməz. Buna baxmayaraq, cavabdeh təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Beşincisi, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1889/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1682/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1682/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver