Məhkəmə qərarları › İş №2(103)-1683/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1683/2021

26.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1683/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixdən X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 600 manat olmaqla aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları xx xxxx 2015-ci il tarixində pozulmuş. Cavabdehlə birgə nikahlarından 2 övladları - xx xxxxxxx 2007-ci ildə qızları Sənubər, xx xxxxxx 2012-ci il tarixdə isə oğulları Seyfi anadan olmuşdur. Nikah pozulduqdan sonra uşaqlar azyaşlı olduqlarına görə cavabdehə verilmişdir. xx.xx.2014-cü il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də, hər ay hər uşağa görə 72 manat olmaqla, cəmi 144 manat aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsinə dair xx.xx.2015-ci il tarixli qətnamə çıxarılmışdır. xx.xx.2019-cu ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə övladı Sənubərin onunla yaşaması təmin edilmişdir. Cavabdehdə qalan övladına görə və keçmiş qətnaməyə əsaslanaraq onun əmək haqqından 50% olmaqla cavabdehin xeyrinə aliment tutulur. Onun cavabdehdən olan qızının və yeni qurduğu ailənin yaşaması üçün imkanı qalmayıb, bu ailəsinə qarşı ədalətsizlikdir. Hazırda qızı xx.xx.2018-ci il tarixdən onunla birlikdə yaşayır. Cavabdehdən doğulan 2 övladından biri onunla yaşayır və o, cavabdehdə qalan övladı üçün 340 manata yaxın, əlavə olaraq da yığılmış aliment borcunu ödəməklə təxminən 600 manat aliment ödəyir. Onun əmək haqqı artaraq 1.270 manat olsa da, aliment ödədiyindən 300-400 manat aylıq gəliri qalır. Yeni ailəsi ilə birlikdə yaşasalar da hazırda həmin nikahdan doğulan uşağı üçün də aliment ödəyir. Buna görə də qeyd olunanları nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın rəd edilməsi, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, iddiası rədd edildiyi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamənin 5-ci səhifəsinin 8-9 abzaslarında qeyd edir ki, “iş materiallarından isə görünür ki, aliment ödənilməsi tələb olunan tərəf, yəni Cavabdeh heç bir yerdə işləmir və məhkəmə qətnaməsi ilə himayəsində qalması müəyyən olunmuş xx xxxxxx 2012-ci il təvəllüdlü oğlu Seyfi İsmayılzadənin təlim-tərbiyəsi və dərslərilə məşğul olur. Himayəsində azyaşlı uşaq olduğu halda cavabdehin işləməsi və yüksək əmək haqqısı olan iddiaçıya aliment ödəməsi onun maddi durumunu daha da pisləşdirəcəkdir. Bu hal birbaşa olaraq cavabdehin qadın olması üçün məhkəmə tərəfindən ona xüsusi imtiyazlar (konstitusiya ilə qadağan edilmiş imtiyazlar) tanınması səbəbilədir ki, bu da gender bərabərliyinin kobud şəkildə pozulmasıdır. Beləliklə, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə bir qətnamənin qanuni qüvvə alması onun hüquqlarını əsaslı şəkildə pozacaqdır. Bu səbəbdən də həmin qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən çəkişmə və tərəfsizlik prinsplərini pozmuş, cavabdehin ailə vəziyyətini, maddi imkanlarını araşdırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə övladı Sənubərin onunla yaşaması təmin edilmişdir. Cavabdehdə qalan övladına görə və keçmiş qətnaməyə əsasən əmək haqqından 50% olmaqla cavabdehin xeyrinə aliment tutulması qanunsuzdur. Onun cavabdehdən olan qızının və yeni qurduğu ailənin yaşaması üçün imkanı tam tükənib. Bu onun ailəsinə qarşı ədalətsizlikdir. Hazırda cavabdehlə birgə nikahlarından doğulmuş qızı xx xxxx 2018-ci il tarixdən onunla birlikdə yaşayır. Bu müddət ərzində cavabdeh bir dəfə də olsun onunla maraqlanmamış və həmin vaxtdan heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh ixtisasca ingilis dili müəlliməsi olsa da Bakı Avrasiya Universitetində kitabxanaçı vəzifəsində çalışmışdır. Müxtəlif yerlərdə qadın gözəllik salonlarında və apteklərdə işləsə də məhkəmə sorğularında aliment alması üçün heç bir yerdə işləmədiyini qeyd etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd оlunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tam yоxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası İddiaçınun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçınun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini iş üzrə toplanmış sübutlar, cavabdehin himayəsində azyaşlı uşaq olduğu halda cavabdehin (ananın) işləməsi və yüksək əmək haqqı olan iddiaçıya (ataya) aliment ödəməsinin onun maddi durumunu daha da pisləşdirəcəyi, cavabdehin işləməsi barədə məhkəməyə hər hansı sübutun təqdim etməməsi, iddiaçının isə 1.270 manat əmək haqqı alması, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərməyin İddiaçınun valideynlik borcu olması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnаməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 149/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “nikahın pozulması tələbinə dair” iddiası qismən təmin edilərək, İddiaçı ilə cavabdeh X7 arasında xx xxxxxx 2006-cı ildə Bakı şəhər Yasamal rayon Qeydiyat şöbəsində bağlanmış nikahın pozulması, iddianın qalan hissədə təmin edilməməsi, xx xxxxxxx 2007-ci il təvəllüdlü X1 və xx xxxxxx 2012-ci il təvəllüdlü X2 boşanmadan sonra cavabdeh X3 yanında qalmaları, xx xxxxxxx 2007-ci il təvəllüdlü X1 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının üçdə bir (1/3) hissəsi və eləcə də, hər ay hər uşağa görə sabit pul məbləğində 72 (yetmiş iki) manat olmaqla, sabit pul məbləğində cəmi 144 (yüz qırx dörd) manat miqdarında alimentin X3 xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2014-cü il tarixdən hesablanması, İddiaçı dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 238991 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin aprel ayının 02-si günündə 95 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə İsmayılov, qadına Rəhimova soyadı verilmişdir. İş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-334/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınması tələbinə dair” iddiası rədd edilmişdir. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9272/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaq tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apelyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamə qismən, xx.xx.2007-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, həmin tələbin təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(002)-2005/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9272/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Həmin ehtiyacların artması, xüsusi ilə də birgə nikahdan xx.xx.2007-ci il tarixdə doğulmuş X1 tələbatının artması mübahisə predmeti təşkil edə bilməz. Hazırda atanın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi hazırkı iş üzrə mübahisə edilə bilinməz faktdır. Digər tərəfdən məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizə hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşaqın mənafeyini, tərəflərin maddi vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, onun yanında saxlanılan uşağın mənafeyi baxımından İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddiaçı cavabdehin əmək qabiliyyətli olması, aliment ödəmək üçün maddi vəsaitinin olmasını sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh xx xxxxxxx 2007-ci il tarixdə anadan olmuş X6 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 600 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, bununla bağlı, yəni cavabdehin əmək qabiliyyətli olması, aliment ödəmək üçün maddi vəsaitinin olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının apelyasiya şikayətində göstərmiş olduğu xahişin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Buna görə də, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2020 saylı, xx xxxxxxx 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar