Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1685/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-12576/2017 nömrəli qərardadından cavabdehin nümayəndəsinin apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Kreditor "xxxx" MMC Borclu qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 2(011)- 12576/2017 saylı məhkəmə əmrinə əsasən 926 ABŞ dolları məbləğində əsas borc, 139 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 1065 ABŞ dolları məbləğində borcun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Republikası Manatı ilə və 20 manat məbləğində dövlət rüsumunun Borclu alınaraq "xxxx" MMC-yə ödənilməsi əmr edilmişdir.
2. Borclu ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini və işə yenidən onun iştirakı ilə baxılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə əmri barədə məlumat borcluya 14 sentyabr 2024-cü il tarixdə çatmışdır.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 12576/2017 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
5. Nümayəndə qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət rədd edilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. İşdən görünür ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayət cavabdeh Borclu nümayəndəsi kimi atası Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixində elektron imza ilə təsdiq edilmişdir.
9. Lakin iş materiallarından görünür ki, Nümayəndə verilmiş etibarnamədə təmsil edilən şəxsin adından məhkəmə aktlarından şikayət verilməsi səlahiyyəti nəzərdə tutulmadığından, onun birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermək, şikayəti imzalamaq səlahiyyəti olmamışdır.
10. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur.
11. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, verilmiş şikayəti geri qaytarmalı olduğu halda bunu etməmişdir.
12. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-12576/2017 nömrəli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: