Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1686/2020 21.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, özü iddiaçı olmaqla həm də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X1 nümayəndəsi İddiaçı və cavabdehin vəkili Vəkil iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı, iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-yə məxsus özəl xəstəxanada xx.xx.2015-ci il tarixdə iddiaçının qızı xx.xx.1996-cı il təvəllüdlü X2 üzərində “Rinoseptoplastika” cərrahiyə əməliyyatı həyata keçirilmişdir. Cərrahiyə əməliyyatı keçirilərkən həkimlərin səhlənkarlığı nəticəsində Leyla ölmüşdür. Qızının ölümü nəticəsində ona və arvadı Rəsmiyyə Mürsəlovaya mənəvi zərər dəymişdir. Vurulmuş mənəvi zərərin əvəzini 100.000 manat dəyərləndirir və ödənilməsini həmin əməliyyatda iştirak etmiş həkim anestezioloq-reanimatoloq Cavabdeh tələb edir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilsə də, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini ödəməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən iddiaçının apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər vurulması işin mübahisəsiz halı olsa da, mənəvi zərərin əvəzi kimi Rayon Məhkəməsi tərəfindən müəyyən olunan məbləğ əsassız olaraq aşağı salınmışdır. İş üzrə cavabdeh də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən Məhkəməyə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qızının ölümü nəticəsində onun mənəvi iztirablar keçirməsini başa düşür və anlayır. O, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə həkim anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə baş verdiyi xx.xx.2015-ci il tarixdən hazırkı vaxta kimi cavabdeh heç bir yerdə işləmir və gəlir əldə etmir. İşləməməsi səbəbindən və əmlakı olmadığından Rayon Məhkəməsi tərəfindən təyin edilmiş 3.000 manatı ödəməyə bilmir. Apellyasiya baxışı iclasında iştirak edən, özü iddiaçı olmaqla yanaşı, həmçinin üçüncü şəxs R.Mürsəlovanın da nümayəndəsi olan İddiaçı özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehin vəkili Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının şikayətinin dəlillərinə etiraz etdi, hüquqlarını müdafiə etdiyi cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin məbləğ artırılmalıdır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən (İş № 1(004)-227/2018) görünür ki, həmin hökmlə hazırki iş üzrə cavabdeh olan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 3 il müddətə həkim anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarından (İş № 1(103)-1406/2018) görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından (İş № 1(102)-655/2019) görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı Cavabdehya aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh “xxxx” MMC-də həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyərkən, “Burun arakəsməsinin yerdəyişməsi; Xarici burun deformasiyası” diaqnozu qoyulmuş, xx.xx.1996-cı il təvəllüdlü X2 üzərində həmin tibb müəssisəsində xx.xx.2015-ci il tarixdə cərrahiyyə əməliyyatı aparmazdan əvvəl Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmrinin tələblərini pozmaqla, yəni xəstənin kardioloq, terapevt və rentgenoloq həkimlər tərəfindən müayinəsinin, revmosınaq və exoezofaqoqastroqrafiya müayinələrin aparılmasını təmin etməli, laborator-instrumental müayinəsini tam təşkil etməli, xəstənin həyat və xəstəlik anamnezini tam toplamalı, “prolaps” xəstəliyinin olması barədə məlumat verildiyi halda, buna əhəmiyyət verməklə müvafiq qabaqlayıcı tədbirlər görməli və cərrahiyyə əməliyyatının aparılması üçün xəstənin özünün və yaxın qohumlarının razılığını almaqla, əməliyyatın mümkün fəsadları barədə onları xəbərdar etməli olduğu halda, həmin tələblərə əməl etməyərək, öz işinə vicdansız və laqeyd münasibət göstərərək, xidməti vəzifəsini yerinə yetirməmiş, nəticə də həmin gün saat 10 radələrindən 13 radələrinədək iş yoldaşı, həkim cərrah-otolarinqoloq X3 iştirakı ilə L.Mürsəlovanın üzərində “Rinoseptoplastika” cərrahiyə əməliyyatını həyata keçirərkən, anesteziyanın törətdiyi bədxassəli hipertermiya (bədən hərarətinin kəskin şəkildə yüksəlməsi) nəticəsində inkişaf edən tənəffüs-ürək çatışmamazlığı səbəbindən sonuncu saat 13 radələrində cərrahiyyə stolunda ölməklə, zərərçəkmiş şəxs L.Mürsəlovanın ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh iddiaçının qızı L.İddiaçının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmaqla, onun mənəvi sarsıntı və iztirab keçirməsinə zəmin yaratmışdır. Cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi işin mübahisəsiz halıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi üçün kompensasiyanın məbləğini 3.000 manat müəyyən etmiş Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mənafeyi ilə yanaşı, cavabdehin maddi durumu da nəzərə alınmalıdır. Hadisə baş verdiyi xx.xx.2015-ci il tarixdən hazırkı vaxta kimi cavabdeh heç bir yerdə işləmir və gəlir əldə etmir. Hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir və əsas cəzasının sonu xx.xx.2021-ci il tarixdə başa çatacaqdır. Bundan sonra isə üç il müddətinə əlavə cəza icra edilməlidir. Faktiki olaraq Cavabdeh xx.xx.2015-ci il tarixdən işsiz olmaqla, 2024-cü ilə kimi həkimlik fəaliyyəti ilə məşğul ola bilməyəcəkdir. Cavabdeh heç bir gəliri, qazancı və əmlakı yoxdur. Onun maddi ehtiyaclarının ödənilməsinə və ailəsinin saxlanmasına qardaşı köməklik edir. Məhkəmə, cavabdehdən tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, iddiaçının bir valideyn kimi çəkdiyi iztirab və əzabları, ömrünün sonunadək doğma qızını həkim səhvi nəticəsində itirməsinin acısını, yalnız onun barəsində olan xatirələrlə yaşamalı olacağını və sair halları nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi üçün cavabdehdən iddiaçının xeyrinə 3.000 manat kompensasiya tutulmasını qanuni və ədalətli hesab etmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə almalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddianın rədd edilməsi üçün əsas yoxdur. Bu baxımdan cavabdehin apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. Əksinə müəyyən edilir ki, mənəvi zərərin miqdarının 3.000 manatdan yuxarı, yəni 10.000 manat məbləğində təyin edilməsi üçün əsas var və bu məbləğ işin hallarına uyğun və ağlabatandır. Bu baxımdan iddiaçının apellyasiya şikayəti qismən əsaslı hesab edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni cavabdehdən tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində əsassızdır. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni cavabdehdən tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və tutulmalı olan məbləğ 10.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə qismən, yəni Cavabdeh mənəvi zərərin əvəzi kimi tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan pul məbləği 10.000 (on min) manat müəyyən edilsin və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ödənilsin. Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzinin iddiaçı Cavabdeh ödənilməsi barədə vəzifənin (öhdəliyin) Cavabdeh üzərinə qoyulması, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1686/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1686/2020
21.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver