Məhkəmə qərarları › İş №2(103)-1686/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1686/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1686/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “aliment üzrə borcun tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 Nizami oğlunun, Cavabdeh nümayəndəsi-vəkili Piriyev Asif Yusif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5223/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 15 mart 2018-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Yetkilik yaşına çatmayan uşaq hazırda anasının yanında yaşayır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30 sentyabr 2021-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment müəyyən edilməsi və alimentin tutularaq ona ödənilməsi, Cavabdeh qazancını müəyyən etmək mümkün olmadıqda X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30 sentyabr 2021-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1 üçün 30 sentyabr 2024-cü il tarixdən hər ay 235 manat sabit pul məbləğində, əvvəlki dövr üçün 2021-ci il üzrə 525 manat (3 ay*175 manat), 2022-ci il üzrə 2.316 manat (12 ay*193 manat), 2023-cü il üzrə 2.640 manat (12 ay *220 manat), 2024-cü il üzrə 2.115 manat (9 ay*235 manat) aliment Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13 dekabr 2013-cü il tarixdə rəsmi nikah bağlamışlar. Həmin nikah münasibətindən bir uşağı xx.xx.2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(004)-7081/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2013-cü il tarixli Bakı Səadət Sarayı nikah evində bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 onun yanında saxlanması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə nikahın pozulması və uşağın onun yanında saxlanılması həll edilsə də, uşaq üçün alimentin hansı miqdarda tutulması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Nikah pozulması zamanı tərəflər arasında alimentin könüllü qaydada ödənilməsi ilə bağlı şifahi razılaşma mövcud olsa da, sonradan cavabdeh tərəfindən həmin razılaşmaya riayət edilməmişdir

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(004)-5223/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

7. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddia tələbi Cavabdeh alimenti verməkdən boyun qaçırmasına görə 3 il əvvəlki dövr üçün verməli olduğu alimentin tutulması hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan cavabdehin bundan boyun qaçırması və imtinasını təsdiq еdən hеç bir sübut məhkəməyə təqdim еdilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4 və 78.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5223/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissədə qismən ləğv edilərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyası yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmişdir. Eyni zamanda qanunverici qeyd olunan vəzifənin icrasını digər valideynin tələbi olub olmaması ilə şərtləndirməmişdir. Belə olan halda, qanunla üzərinə düşən öhdəliklərin icrasını cavabdeh sübut etməlidir. Lakin, işə baxan məhkəmə qeyd olunan maddi normanı düzgün tətbiq etməyərək valideyn borcunun icrasından cavabdehin boyun qaçırmasını təsdiq edən sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi nəticəsinə gəlmişdir. Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsi təmin edilməlidir və əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Ailə Məcəlləsi də uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda qanunverici qeyd olunan vəzifənin icrasını digər valideynin tələbi olub olmaması ilə şərtləndirməmişdir. Belə olan halda, qanunla üzərinə düşən öhdəliklərin icrasını cavabdeh sübut etməlidir. Lakin, işə baxan məhkəmə qeyd olunan maddi normanı düzgün tətbiq etməyərək valideyn borcunun icrasından cavabdehin boyun qaçırmasını təsdiq edən sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunverici aktları ilə üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, tərəflər arasındakı nikah 2019-cu ildə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Həmin vaxt əvvəl aliment tələbi var idi, lakin sonradan çıxarıldı, çünkü tərəflər arasında şifahi razılaşma var idi. Cavabdeh alimentin ödənilməsini könüllü olaraq qəbul etmişdi, lakin sonradan bu öhdəliyini yerinə yetirməməyə başladı. Cavabdehin aliment ödədiyini təsdiqləyən hər hansı bir sübut yoxdur. Eyni zamanda qarşı tərəf cavabdehin 2023-2024-cü illərdə uşağın təhsil xərcini ödəməsi ilə bağlı sənəd təqdim etmişdir. Bu əslində sübut edir ki, iddiaçı vaxtlı-vaxtında alimentin ödənilməsini tələb etmişdir. Cavabdeh uşağın təhsil xərcini könüllü ödəməmişdir. Nəzərə almaq lazımdır ki, aliment təkcə təhsil haqqından ibarət deyildir. Digər məsələlərlə bağlı xərclərin ödənilməsinə dair sübut təqdim olunmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla səhv nəticə çıxarmışdır. Eyni zamanda məhkəmələr işə baxanda uşağın ən üstün maraqlarını nəzərə almalıdır. Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd edilmişdir ki, tərəf tədbirlər görməlidir. Amma bu tədbirlərin nələr olduğunu qanunvericilik açıq şəkildə qeyd etməmişdir. Onlar tərəfindən şifahi qaydada tələblər və müraciətlər olmuşdur. Cavabdehin nümayəndəsi izahatında bildirir ki, cavabdeh alimenti ödəmişdir. Bu o deməkdir ki, qarşı tərəf aliment tələbi olduğunu qəbul edir. Əgər aliment ödəyibsə, bunu təsdiqləyən sübutlar gətirməlidir. Onlar mediasiyaya birinci instansiya məhkəməsindən əvvəl müraciət etmişdilər. Cavabdehin nümayəndəsi cavabdehin keçən bu müddət ərzində həm nağd, həm də kartla aliment ödədiyini bildirir. Bu da onu sübut edir ki, ortada aliment tələbi var imiş və cavabdeh bu tələbi icra etmək üçün qeyd olunan qaydada aliment ödəmişdir. Halbuki alimentin ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Cavabdeh şəhərdə bir neçə restoranın sahibidir və çox sayda daşınmaz əmlakı vardır. Lakin bütün daşınmaz əmlaklarını anasının adına rəsmiləşdirmişdir. Bunun da səbəbi odur ki, nikah pozulan zaman həmin əmlaklar bölünməsin. Cavabdehin nümayəndəsi cavabdehin uşağa telefon aldığını deyir. Lakin digər tərəfdən cavabdeh uşağı ilə uşağın anasının qaldığı mənzildən çıxarılması barədə iddia qaldırır.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə apellyasya şikayətinə etiraz edərək bildirmişdir ki, bu kimi hallar məhkəmə proseslərində çox ziddiyyət yaratdığına görə qanunvericilikdə bununla bağlı konkret norma vardır. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə tərəf aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını sübut etməlidir. Sübutetmə vəzifəsi tərəfin üzərinə qoyulur. Ondan sonra onlar da mövcud vəziyyətin əksini sübut etməlidirlər. Tərəf birinci instansiya məhkəməsinə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında nikah 2019-cu ildə pozulmuşdur və həmin vaxt iddiaçı alimentdən imtina etmişdir. Eyni zamanda onlar cavabdehin uşağının təhsil haqqını ödədiyini sübut edən qəbz də təqdim etmişlər. Əgər bir ata övladının illik 5850 manatlıq təhsil haqqını ödəyirsə, bu məbləğ qarşı tərəfin tələb etdiyi ümumi məbləğ qədərdir və belə olan halda övladının digər öhdəliklərini icra etdiyinə də dəlalət edir. Tərəf nikah pozulanda alimentdən imtina edib, daha sonra 2024-cü ildə yenidən aliment üçün iddia qaldırır, deməli alimentin nə olduğunu dərk edir. Ata öhdəliklərini yerinə yetirirmiş. Bununla bağlı indiyə kimi sübut təqdim edə bilməmişdir. Uşaq son dövrlərə qədər həftənin 5 günü atası ilə qalır, məktəbə sürücü ilə gedir. Hətta martın 15-i uşağın ad günüdür, həmin vaxt xaricdə olacaq deyə indidən uşağa telefon almışdır. Ata uşağının bütün tələbatlarını artıqlaması ilə ödəyir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının verdiyi apellyasiya şikayətində qətnamənin “iddianın təmin edilməyən” hissəsindən narazı olduğunu bildirdiyindən, kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən maddi hüquq normaları:

Azərbaycan Respublikası Konstitusiyasının

18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

19. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

21. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

22. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

23. 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

24. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

25. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

26. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının

28. 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. 8.3-ci bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

30. 8.4-2-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına görə

31. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.

32. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

33. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

34. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “alimentin tutulması qaydası və tarixi” hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.

37. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesb edir ki, birinci instansiya məhkəməsi alimentin tutulması tarixinin başlanğıcının müəyyənləşdirilməsində düzgün qənaətə gəlməmişdir. Belə ki, aliment xx.xx.2024-cü il tarixdən tutulmalı olmasını müəyyən edən məhkəmə, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesinin başlanması üçün qarşı tərəfə bildiriş ünvanlandığı tarixdən birgə nikahdan olan uşağın saxlanılması üçün sonuncudan alimenti tələb etmək niyyətində olduğunu ifadə etmişdir. Belə olan halda aliment həmin tarixdən hesablanmalıdır.

38. Belə ki, Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələrinə, o cümlədən “Mediasiya haqqında” Qanunun müvafiq müddəalarına istinadən qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə iddiaçı aliment tələbi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək məqsədilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən də xx.xx.2024-cü il tarixdə müvafiq məzmunlu arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

39. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, alimentin tutulmasının məhz iddiaçının müvafiq təklifi cavabdehə ünvanladığı tarixdən, yəni xx.xx.2024-cü il tarixindən hesablanması qanunvericiliyin istinad edilən maddələrinə daha uyğundur.

40. Kollegiya alimentin 2021-ci ildən başlayaraq yuxarıda qeyd edilən tarixədək olan dövr üzrə tutulması ilə bağlı isə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə, iddiaçının məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması səbəbindən alimenti ala bilmədiyini müəyyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin tutulması barədə qənaətə gələ bilər.

41. Məhkəmə kollegiyası göstərilən bu dövr ərzində iddiaçının aliment tələbi ilə cavabdehə müraciət etməsini təsdiq edən hər hansı sübutu təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən hissəyə dair gəldiyi nəticə əsaslı olmuşdur.

42. Məhkəmə kollegiyası uşağın mənafeyini nəzərə alaraq həmçinin hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməlidir. Belə ki, müvafiq həddə təyin olunan aliment məbləğinin tədricən öz real dəyərini itirməsi ehtimalı aliment hesablanarkən inflyasiyanın nəzərə alınmasını şərtləndirir.

43. Beləliklə də, 15 mart 2018-ci il təvəllüdlü X1 üçün 27 iyul 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 (345 x 0,68 = 235 manat) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın təmin edilməyən hissəsinin məbləğinin qiyməti beş min manatdan çox olduğundan hazırki qətnamədən kassasiya şikayəti yalnız iddiaçı tərəfindən verilə bilər. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

45. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5223/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi qismən - mübahisələndirilən hissədə dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 27 iyul 2024-cü il tarixdən hesablanmaqla 15 mart 2018-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar