Məhkəmə qərarları › İş №2(103)-1694/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1694/2024

11.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1694/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3701/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 17-5/2-H-15633/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H-23381/2023 nömrəli məktublarına əsasən İddiaçı X4 Xidmətinə verdiyi izahatında işlədiyi dövrdə əmək haqqını nağd formada aldığını və əmək haqqının ödənilməsinə dair təsdiqedici sənədinin olmadığını bildirmişdir. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəfimizdən baxış keçirilərkən İddiaçıla “Elektro İnşaat" MMC-nin rəhbərliyi arasında əmək müqaviləsinin bağlanılmasına dair əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir.

2. X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-N- 1957/3/2023 nömrəli məktubuna əsasən “Elektro İnşaat" MMC-nin ünvanına (AZ1052, Bakı şəhəri, ünvan 4anov rayonu, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 342) xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisənin yuxarıda qeyd olunan ünvandan köçməsi səbəbindən tələb olunan sənədlərin alınması və müraciətin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır.

3. Həmçinin bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır.

4. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixində İddiaçı ünvanlandığı məktubun surətinə əsasən X2 tərəfindən əmək haqqının ödənilməməsinə dair fərdi əmək mübahisəsi ilə bağlı AR MPM-nin 36-cı maddəsinə əsasən yaşadığı yerin rayon (şəhər) məhkəməsinə müraciət edilməsi hüququ izah edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.2021-xx.xx.2022-ci il dövrü üçün 3 aylıq dövrü üçün 7.500 manat məbləğində əmək haqqının və əmək haqqına dair son haqq hesablanaraq cavabdeh "Elektro İnşaat” MMC-dən alınıb iddiaçıya ödənilməsi, işdən azad olunma əmrini və bağlanmış müqavilənin surətini cavabdehdən ala bilmədiyinə görə həmin sənədlərin cavabdehdən alınaraq iş materiallarına əlavə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022 Cavabdeh MMC-də sahə rəisi vəzifəsində çalışmışdır. "xxxx" MMC-də çalışdığı dekabr 2021 və 2022-ci ilin yanvar, fevral aylarının əmək haqqı ümumilikdə 7.500 manat məbləğində pulu ala bilməmişdir. Əmək haqqının tələbi ilə bağlı Cavabdeh MMC-nin təsisçisi X1 və direktor Şahid Əlmurad oğluna müracət etmişdir. Hətta iddiaçı ilə şirkət arasında bağlanmış əmək müqaviləsini tələb etsə də, iddiaçıya əmək müqaviləsini təqdim etməmişlər. Cavabdehin hərəkətsizliyindən müvafiq dövlət qurumlarına şikayətlər rəsmi olaraq yazıb göndərmişdir. X4 Xidmətinə göndərdiyi ərizəyə xx.xx.2023-cü il tarixli 3-17- 512-H-15633/2023 saylı cavabla göstərilmişdir ki, müraciətə baxılmışdır. Araşdırma zamanı elektron informasiya sisteminin "Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçıla Cavabdeh MMC-nin rəhbərliyi arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh MMC-nin ünvanlarına məktublarla müraciət olunaraq İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında qanunun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təmin edilmədiyi təqdirdə tərəfimizdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət ediləcəkdir. Müraciətlərinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. “Elektro İnşaat" MMC tərəfindən iddiaçıya təqdim olunmuş əmək haqlarının ödənilməsi qrafiki ilə bağlı sənəddə iddiaçının Cavabdeh MMC-də fəaliyyət göstərdiyi tarixlər qeyd olunmuş və həmin cədvəl sənədindən qeyd olunduğu kimi fəaliyyət dövrü iyun 2021 - Fevral 2022-ci tarixləri aralığında olmuşdur. Həmin təyin olunmuş maaş məbləğindən 3 aylıq əmək haqqı ümumilikdə 7.500 manat iddiaçıya ödənilməmişdir. Cavabdeh MMC-dən şikayəti ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna da müaciət etmişdir. xx.xx.2023-cü il tarixli 23-17-01-01- 017549 saylı cavab məktubunda göstərilmişdir ki, X2 tərəfindən əmək haqqınızın ödənilməməsinə dair fərdi əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən yaşadığınız yerin rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə göndərdiyi ərizəyə digər məktublara cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət edilmişdir. Lakin bu günə qədər cavabdehdən iddiaçıya ödənilməli olan pulun alınıb verilməsi istiqamətində görülmüş tədbirlər heç bir nəticə verməmişdir. Digər tərəfdən, iddiaçının yuxarıda sadaladığı bütün hallar faktdır və bununla bağlı iddiaçıda mötəbər sübutlar (ödəniş cədvəli, cavab məktubları) vardır. Cavabdeh MMC ilə iddiaçının arasında müqavilə bağlanmış həmin müqavilə əsasında iddiaçıya aylıq məvacib ödənilmişdir. Lakin Cavabdeh MMC-nin təsisçi və direktorları bu pul tələbi ilə bağlı məsuliyyətdən yayınmaqla həmçinin bağlanmış müqaviləni təqdim etmirlər. Qanunun tələblərinə uyğun olaraq mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiyaya müraciət edərək əmək haqqı tələbi mübahisəsi ilə əlaqədar mediator təyin edilərək mediasiya prosesinin aparılmasını xahiş etmişdir. Mediasiya şurası tərəfindən mediator təyin edilmişdir. Cavabdeh MMC Mediasiya prosesində iştirakdan imtina etmişdir. Mediator tərəfindən iddiaçıya ilkin mediasiya sessiyasında (ims) iştirak edilməməsi barədə xx.xx.2023 tarixdə MŞB/8/2023-01703 saylı arayış verilmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçı Cavabdeh MMC-də heç bir vəzifə tutmamış, onunla hər hansı əmək müqaviləsi imzalanmamış, əmək haqqının məbləği müəyyən edilməmiş və heç bir zaman ona hər hansı əmək haqqı ödənilməmişdir.

8. Cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin ötürülməsini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də sahə rəisi işlədiyi və həmin müddət üçün ona əmək haqqı kimi ödənilməli olan 7.500 manat pulu ödənilmədiyindən həmin pulun onun xeyrinə cavabdehdən tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilir ki, İddiaçı adlı şəxs Cavabdeh MMC-də hər hansı vəzifə tutmamış, onunla əmək müqaviləsi imzalanmamışdır. İddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Bununla yanaşı eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin tələbinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə göründüyü kimi iddiaçı sonuncu əmək haqqı kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü nəzərdə tutur. Əvvəla bu tələb özlüyündə mücərrəddir, belə ki, əmək haqqı ödənilmədiyi halda işçi 8-9 ay işləməyə davam edir. Faktiki əmək haqqı ödənilmədiyi ilk ayda artıq hüququnun pozulduğunu bilmişdir. Digər tərəfdən hətta sonuncu qeyd etdiyi tarixi götürsək belə bu xx.xx.2022-ci il tarixə təsadüf edir. Nəzərə alsaq ki, tərəf bu müddətdən təxminən 6 ay sonra mediasiya və daha sonra məhkəməyə müraciət etmişdir, burada onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş 1 illik iddia müddəti də buraxılmışdır.

9. Məhkəmə iclasında Şahid qismində dindirilmişdir. Şahid ifadəsində bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də sahə rəisi olmuşdur. 2018-ci ildə sözügedən şirkətin təsisçisi o olmuşdur. Onun rəhbərlik etdiyi dövrdə iddiaçı layihə rəhbəri olmuşdur. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, o, şirkətin həm qanuni təmsilçisi, həm də təsisçisi olmuşdur. Onun xəbəri olmadan Cavabdeh şirkəti ondan alınmışdır. Hazırda direktor Nizami Məmmədovdur. Onun özünün Nizami Məmmədova qarşı iddia tələbi məhkəmə tərəfindən bu yaxınlarda təmin olunmuşdur.

10. Bakı Şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3701/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İlk öncə, iddiaçı cavabdehin əmək fəaliyyəti dövrü üçün dekabr 2021 - fevral 2022-ci tarixləri aralığında 7.500 manat pulu ala bilmədiyini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək ödənilməyən əmək haqqına dair, cavabdeh cəmiyyətdə həqiqətən də qeyd olunan işlərin görülməsinə cəlb edildiyini və orada sahə rəisi vəzifəsində işlədiyini təsdiqləyən dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlarla qeyd olunanlar sübuta yetmədi. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.

12. Məhkəmə sadalananlara əlavə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunverici əmək münasibətlərinin iştirakçıları kimi işçi və işəgötürəni müəyyən etməklə, onların əmək müqaviləsindən irəli gələn qarşılıqlı hüquq və öhdəliklərini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanması faktı, o cümlədən iddiaçının həqiqətən də yazılı müqavilə bağlansa da qeydiyyata alınmadan əmək fəaliyyətinə cəlb edildiyi sübuta yetmədi. Üstəlik də qeyd olunan halların araşdırılması üçün X4 tərəfindən Baş Prokurorluğa da müraciət ünvanlanmış, həmin mübahisəli hallar üzrə hər hansı icraat açılmamış, iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla da iddiaçı ilə cavabdeh əmək münasibətlərində olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusuna əldə edilmiş cavab məktubundan görünür ki, “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumata əsasən iddiaçının qeyd etdiyi - 12.2021-xx.xx.2022-ci il dövründə İddiaçı cavabdeh şirkət ilə əmək müqaviləsi bağlaması faktı aşkar edilmir.

13. İddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş şahid ifadəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının yaxını olan şahid onun cavabdeh cəmiyyətdə əmək fəaliyyəti ilə məşğul olduğunu bildirir. Eyni zamanda həmin şahid özü bildirir ki, cavabdeh cəmiyyətin hazırki qanuni nümayəndəsi, eyni zamanda təsisçisi ilə aralarında məhkəmə çəkişmələri mövcuddur. Şahid bildirir ki, mübahisəli şirkətin hazırki qanuni nümayəndəsinə, eyni zamanda təsisçisinə qarşı iddia tələbi olmuşdur. Belə olanda müəyyən olunur ki, şahid cavabdeh cəmiyyət, o cümlədən onun təsisçisi ilə münaqişəli vəziyyətdə olduğundan mübahisənin sonuncunun ziyanına həll edilməsində maraqlı olduğuna görə onun ifadəsi iddia tələbi üzrə mübahisə həll edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qeyd olunan hal şahid ifadəsi ilə öz təsdiqini tapmadı.

14. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı iddiası əsassız olduğuna görə onun Cavabdeh MMC-yə qarşı qarşı irəli sürdüyü hazırkı iddia tələbi rədd edilməlidir.

15. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi sübuta yetmədiyindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə qiymət verməyə lüzum görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddələrinə, Əmək Məcəlləsinin 2, 3.5, 42.2, 83.2, 154.1-ci maddələrinə, Mülki Məcəllənin 372.1, 375.1, 375.2-ci maddələrinə, R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.3, 217.4, 218.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, dəfələrlə həmin idarəyə müraciət etmiş və bildirmiş ki, onun məcburi köçkün və imkansız bir durumda olmağını nəzərə alaraq göstərilən əmək haqqını ona ödəsinlər. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək və sonda isə ümumiyyətlə onu tanımadığını bildirərək tələbini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən ona ödənilməli olan əmək haqqı, son haqq-hesab pulu və müvafiq əmək münasibətləri ilə bağlı sənədlər qanunsuz və əsassız olaraq verilməmişdir. Cavabdeh tərəfin isə onun iddia tələblərini rədd edə biləcək heç bir dənə də olsun sübutu belə yoxdur. Bütün bu sübutlardan məlum olmuşdur ki, cavabdeh təşkilat bu qanunsuz əməllərini aralarında bağlanmış hansı müqavilənin, sazişin və ya öhdəlik iltizamının olması əsasında etdiyini göstərməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əsasən, o, yalnız həmin müəssisədə işlədiyi müddət üçün əmək haqqını və müəssisədən çıxdığı üçün son haqq-hesab pulunu və əmək münasibətlərinə aid sənədləri tələb etməyə haqlıdır ki, bunu da cavabdehdən tələb etmişdir. Cavabdeh saxtakarlıq edərək onu hər dəfə incidərək yalandan həmin sənədləri verməkdən qətiyyətlə imtina etmişdir. Məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etsə də, məhkəmə həmin sənədlərin mövcud olmasının sübut olunduğunu bilsə də, bunları tələb edərək araşdırmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Halbuki məhkəmə iş üzrə qanuni, əsaslı və ədalətli qərar qəbul olunması üçün bütün qanuni vasitələrdən istifadə etməyə haqlı idi. Halbuki, sübut olunmuşdur ki, cavabdeh tərəfindən ona təqdim olunmuş əmək haqlarının ödənilməsi qrafiki ilə bağlı sənəddə onun Cavabdeh MMC-də fəaliyyət göstərdiyi tarixlər qeyd olunmuş və həmin cədvəl sənədindən qeyd olunduğu kimi fəaliyyət dövrü iyun 2021 - fevral 2022-ci il tarixləri aralığında olmuşdur. Həmin təyin olunmuş maaş məbləğindən 3 aylıq əmək haqqı ümumilikdə 7.500 manat ödənilməmişdir. Bütün bu hallar iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün Məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. Cavabdeh saxta ifadə ilə guya iddiaçının iddia tələblərinin qanunsuz olduğunu bildirmiş, guya o, müəssisədə işləməmişdir. Lakin bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, həmin cavabdeh məhkəməyə dəvət edilərək bu barədə ona suallar verilməli idi, araşdırma aparılmalı idi və müvafiq sənədlər ondan tələb olunmalı idi. Bundan qorxduqları üçün məhkəmənin çağırışlarına gəlməmişlər. Məhkəmə isə bütün bunlara göz yummuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, cavabdeh MMC "xxxx" MMC-nin törəmə müəssisəsidir. "xxxx" MMC-yə cavabdeh MMC-də olan iddiaçıya aid sənədlərin təqdim edilməsi ilə bağlı müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir.

21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 9. d bəndi. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Maddə 154.1. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

23. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.4.4. Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İddiaçı iddia edir ki, o, Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək sahə rəisi vəzifəsində çalışmış, tərəflər arasında əmək müqaviləsi bağlanmış, cavabdeh tərəfindən ona 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər olan 3 aylıq dövr üçün 7.500 manat məbləğində əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Cavabdeh isə iddiaçının Cavabdeh MMC-də heç bir vəzifə tutmadığını, onunla hər hansı əmək müqaviləsi imzalanmadığını bildirir.

29. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. İşdən görünür ki, iddiaçı tərəfindən tərəflər arasında əmək müqaviləsinin bağlandığı, ona əmək müqaviləsi ilə müəyyən edilmiş gördüyü işə görə işəgötürən tərəfindən ödənilməli olan əmək haqqı və onun məbləği ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında əmək müqaviləsinin bağlanıldığı barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində də aşkar edilməmişdir.

31. İddiaçı işdə olan “əmək haqlarının ödənilməsi qrafiki ilə bağlı sənəd”ə istinad etsə də, həmin sənəd əmək haqqını ödəməli olan cavabdeh MMC tərəfindən təsdiq edilməmişdir.

32. O da qeyd edilməlidir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə əsasən işəgötürən tərəfindən işçiyə ödənilən əmək haqqı yalnız nağdsız qaydada həyata keçirilməlidir.

33. İddiaçı cavabdeh tərəfindən əvvəlki aylar üçün ödənilmiş əmək haqqı ilə bağlı sübutlarını da məhkəməyə təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş şahid cavabdeh MMC və onun təsisçisi ilə münaqişəli vəziyyətdə olduğundan mübahisənin sonuncunun ziyanına həll edilməsində maraqlı olduğuna görə onun ifadəsi iddia tələbi üzrə mübahisə həll edilərkən mötəbər sübut sayıla bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3701/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar