Məhkəmə qərarları › İş №2(103)-1695/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1695/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1695/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6098/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və 04.09.2009-cu il təvəllüdlü oğlu X1 ünvan 1 ünvanında yerləşən 8A saylı evə köçürülməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6098/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, rayon məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X2 və X3 bildirmişlər ki, ünvan 1 ünvanında yerləşən 8A saylı ev Cavabdeh vəsaiti hesabına tikilmiş və təmir edilmişdir. Lakin məhkəmə sübut olmadığı halda, iddiaçının təqdim etdiyi şahidlərin qeyri-dəqiq izahatlarına və şifahi məlumatlarına əsasın mübahisəli evin iddiaçının atası tərəfindən tikilməsi qənaətinə gəlmişdir. İddiaçı məhkəmə iclasında iddiasını əsaslandırarkən 2018-ci ildə nikahının pozulduğunu və həmin vaxtdan yaşayış yerinin olmadığını bildirmişdir. Lakin Sabunçu Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli 3(008)-3435/2021 saylı qərarından göründüyü kimi, İddiaçı əri tərəfindən döyülərək xəsarət alması iddiaçının əri ilə birlikdə yaşamasını sübut etməyə imkan verir. Lakin məhkəmədə işə baxılarkən şahidlərin izahatları, təqdim olunan sübutlar nəzərə alınmaq əvəzinə yalnız iddiaçının şifahi sözləri və iddiaçının təqdim etdiyi şahidlərin isə cavabdehin sözügedən evdə atası ilə birlikdə yaşamasını bildirmələri nəzərə alınmışdır. Cavabdehin hesabına tikilən evdə cavabdeh atası ilə birlikdə yaşasa da, bu, həmin evin cavabdehin atasına aid olması demək deyil. Bundan başqa, cavabdeh haqlı olaraq ona məxsus əmlakdan mülkiyyətçi kimi istədiyi formada istifadə etmək hüququ vardır. Lakin iddiaçının evə köçürülməsi cavabdehi həmin hüquqlardan məhrum edir. Məhkəmə qətnamə çıxararkən təqdim edilmiş akta əsasən iddiaçının mübahisəli evdə yaşamasına istinad etmişdir. Qeyd edək ki, mübahisəli ev iddiaçının bacısının evidir, həmin evə gəlməsi və orada müvəqqəti yaşaması təbii haldır. Bu iddiaçının həmin evə hüququnun olmasını təsdiqləmir. İddiaçının deməsinə görə əri ilə mübahisələri olduqdan sonra digər bacısı Təranənin evində yaşayır. O zaman belə çıxır ki, iddiaçı başqa vaxt digər bacısı Təranəyə (guya hazırda evində yaşadığı bacısı) qarşı iddia qaldıracaq ki, Təranənin evində yaşadığı üçün həmin evə köçürülsün? Bu tamamilə absurtdur. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 8A saylı ev özbaşına tikili olmaqla tərəflərin atası tərəfindən tikilmişdir, iddiaçı 2008-ci ildə el adəti ilə evlənib ata evi ilə qonşuluqdakı evə gəlin köçsə də, mübahisə predmeti olan evə mütəmadi olaraq müxtəlif səbəblərdən dolayı uşağı ilə birlikdə gəlib qalmışdır. Eyni zamanda iddiaçı ilə X4 arasında nikah məhkəmənin 03.08.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, onların birgə nikahlarından olan 04.09.2004-cü il təvəllüdlü X5 anasının himayəsində saxlanılmışdır. 09.07.2021-ci il tarixdə nikahın pozulması barədə akt qeydləri kitabında qeyd edilmişdir. Hazırda iddiaçı azyaşlı oğlu ilə birlikdə ünvan 1 ünvanında atası tərəfindən inşa edilmiş 8A saylı evə köçürülməsini və cavabdeh tərəfindən yaranan hər hansı maneənin aradan qaldırılmasını xahiş edir. Mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədlərin mövcud olmamasına baxmayaraq, hazırki mübahisənin düzgün həlli baxımından “mənzilə istifadə hüququ”na dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidə yaşadığı müddətlər araşdırılmalıdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə bu evə yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə köçürülməlidir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxmış olur. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İkincisi, iddiaçı cavabdehin bacısı olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından bacısı olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahiblik edən və orada azyaşlı övladı ilə yaşayan cavabdehin isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehin bacısı olsa da yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki, 2008-ci ildə ailə quraraq başqa ünvana köçmüş və hal-hazıradək, yəni 14 il ərzində köçmək istədiyi evdə daimi yaşamamışdır. Düzdür, Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının əri X4 ilə olan nikahları pozulmuşdur. Ancaq işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avust 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının məzmunundan da bəlli olur ki, iddiaçının keçmiş əri Namiq İsgəndərov 05 iyul 2021-ci il tarixdə saat 22 radələrində cavabdehin yaşadığı evə gələrək sonuncuya zor tətbiq edərək ona bədən xəsarətləri yetirməklə döymüşdür. Həmin iş üzrə də hazırki iş üzrə cavabdeh olan zərərçəkən göstərmişdir ki, bacıları, eləcə də kürəkən Namiq İsgəndərov yaşadığı ünvana gələrək onun yaşadığı evin ata mirası olduğu üçün satılmalı və bərabər paylara bölünməli olduğunu bildirmişlər. Bacılarının təklifini qəbul etmədyi üçün Namiq onu döyərək paltarını cırmış və nalayiq ifadələr işlətmişdir. Demək, iddiaçının həmin ərazidə başqa yaşayış yeri mövcuddur və keçmiş əri ilə nikahları pozulsa da münasibətləri davam edir və bir evdə yaşayır. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi evdən yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün də cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır. Dördüncüsü, iddia ərizəsindən və işdə olan digər sənədlərin məzmunundan da bəlli olur ki, əslində iddiaçının məqsədi evə köçmək olmamışdır. Çünki, iddia ərizəsində də göstərir ki, köçmək istədiyi ev atasına məxsus olmuş, onun sağlığında tikilmiş, atası 14.09.2015-ci ildə, anası isə 11.02.2020-ci ildə vəfat etmiş, bundan sonra cavabdeh bacısı evə sahib çıxmağa başlamış, evin çıxarışı olmadığı üçün vərəsəlik qaydasında mirasın qəbulu üçün müraciət edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının mübahisəli evə köçürülməsinə dair qətnamə çıxarılsa da iddiaçının məqsədi heç də mübahisəli evə köçmək olmamış, yalnız özbaşına tikili olan evdən “miras payı” almaq məqsədinə nail olmaq üçün cavbdeh bacısına təsir etmək məqsədilə bu iddianı irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol(vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli evə köçürülməsini tələb etməklə əslində həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur. Beşincisi, iş üzrə 9 şahid dindirilmişdir. Bunlardan üçü iddiaçının, altısı isə cavabdehin təşəbbüsü ilə dindirilmişdir. Dindirilmiş şahidlərdən üçü tərəflərin bacısıdır, onlardan ikisi iddiaçının, biri isə cavabdehin təşəbbüsü ilə dindirilmişdir. İddiaçının təşəbbüsü ilə dindirilən bacıları Təranə Əliyeva və Aynurə Həsənova da iddiaçının 2007- 2008-ci ildə el adəti ilə ailə quraraq qonşuluqdakı evə gəlin köçdüyünü təsdiqləmiş, bacılarının arasında münaqişəli vəziyyət olduğunu təsdiqləmişlər. Digər şahid Dünyaxanım Həmidova isə iddiaçının qeyd olunan evdə yaşadığını, cavabdehi isə tanımadığını bildirmişdir. Cavabdehin təşəbbüsü ilə dindirilmiş digər bacı olan Kifayət İbrahimova da “ata evi” dedikləri evin əsasən bacısı Yeganəni vəsaiti hesabına torpaq sahəsi alınaraq tikildiyini, iddiaçının boşandıqdan üç ay sonra əri ilə barışaraq yenidən ər evinə köçdüyünü, buna baxmayaraq iddiaçının əri ilə birlikdə Yeganəyə mübahisəli evdə yaşamağa imkan vermədiklərini, üstünə hücum çəkdiklərini göstərmişdir. Digər şahid Rövşən Cəfərov da mübahisəli evdə təmir işləri gördüyünü pulunu isə Yeganənin verdiyini göstərmişdir. Tərəflərin bibisi olan şahid Qəmzə Əhmədova da iddiaçının əri ilə barışdığını və onların öz evlərinin olduğunu təsdiqləmişdir. X10 və Cəmilə Əliyeva da mübahisəli evdə cavabdehin yaşadığını təsdiq etmişlər. Göründüyü kimi, şahid ifadələri məhz bu xarakterli mübahisələr üzrə mötəbər sübut hesab edilməsə də, onların ifadələri iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edə bilərdi. Başqa sözlə şahid ifadələri işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərkən müəyyən olunur ki, iddiaçının əslində köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı olmamış, yalnız həmin tikilidən “pay” əldə etmək üçün bu iddianı irəli sürmüşdür. Məhkəmə isə müəyyən edilmiş bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Altıncısı, apellyasiya baxışı zamanı da müəyyən edildi ki, tərəflər bacı olsalar da onlar arasında, eləcə də digər bacılar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli evdə hal-hazırda cavabdeh azyaşlı övladı ilə birgə yaşayır. Demək iddiaçının azyaşlı övladı ilə həmin evə(özbaşına timkiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6098/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6098/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar