Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1695/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, X20 qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4761/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı həyat yoldaşı X12 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. X5 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanın təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. Hadisə "xxxx" ASCnin Cənub RETSİ-nin X3 Lakin şəbəkə sahəsində usta işləyən əməkdaşın təqsiri ucbatından baş vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Cənub RETSİ-nin X3 Ləkin şəbəkə sahəsində usta işləyən X15 vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə-həyat yoldaşı X5 ölümünə səbəb olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 1(073)-76/2020 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası CM-in 162.2ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 03 (üç) il sınaq müddətinə şərti hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X11 rayon şöbəsinin 19 dekabr 2019-cu il tarixli, 30 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanın təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X1 meyitinin sağ əlinin 2-ci, 4-cü və 5-ci barmaqlarının ovuc səthlərində elektrik yanığı yaraları, sol əlin 1-ci barmağında əzilmiş səthi yaralar, alın, sol almacıq, hər iki çiyin qurşağı, sol bel sol bud və sağ baldır nahiyələrində sıyrıqlar və qarın nahiyəsində qançır müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər həyatidir, qeyd olunan xəsarətlərdən elektrik yanığı yaralan yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 noyabr 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Əzilmiş səthi yaralar, sıyrıqlar və qançır isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 noyabr 2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malikdirlər. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və hər hansı narkotik maddə aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 09 yanvar 2020-ci il tarixli, 32301 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar cinayət işi materiallarında olan, “Rayon Elektrik Şəbəkəsinin X14 ustasının vəzifə təlimatının 6, 7, 21, 31-ci bəndlərinin və cinayət işi materiallarında olan, “Rayon Elektrik Şəbəkəsinin X14 elektrik montyorunun vəzifə təlimatı”nın 1-ci bəndinin tələbləri pozulmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CMnin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(073)-76/2020 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin Cənub RETSİ-nin X3 Ləkin şəbəkə sahəsində usta işləyən əməkdaşın təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona həyat yoldaşı olaraq maddi və mənəvi ziyan dəymiş, 3 körpə balalarını atasız böyütmək məcburiyyətində qalmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı onun mənəvi sarsıntı və iztirablar keçirməyi mübahisəsizdir, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 90000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4761/2022 saylı, 28 noyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pulun cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2,1097.1, 1099.1 və 1115-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarları ilə əsaslandıraraq göstərmişdir ki, "xxxx" ASC-nin əməkdaşı X15 tutduğu vəzifə ilə əlaqədar tabeliyində olan işçi heyətinin təhlükəsizliyinə, onların əmək intizamına nəzarət olunması qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində baş vermiş qəzada iddiaçının əri X12 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə hesab etmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həyat yoldaşı olmadan ailəsinə təsəlli verməklə keçirdiyi çətinliyi, uşaqlarına həm ata, həm ana qayğısı çəkməkdə yaşadığı çətinliyi, habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh "xxxx" ASC apelyasiya şikayətində Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-4761/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, bir növ pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət, həmçinin zərərvuran şəxsin bilavasitə və ya işçisinin vurduğu zərərə görə məsuliyət daşıması və s. bu kimi hallar nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. "xxxx" ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir və o bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində xüsusən də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən hesab edirlər ki, qətnamə ilə təmin edilmiş pul məbləği həddindən artıq çox olmaqla "xxxx" ASC-yə ölkə miqyasında yuxarıda qeyd edilmiş strateji layihələrin həyata keçirilməsinə dolayısı yolla maneəçilik törətmiş olur. Lakin birinci insyansiya məhkəməsi yuxarıda qeyd etdikləri xüsusatları kifayət qədər araşdırmamış və dəymiş zərərə görə kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnamənin təmin olunmuş hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşı X15 tutduğu vəzifə ilə əlaqədar tabeliyində olan işçi heyətinin təhlükəsizliyinə, onların əmək intizamına nəzarət olunması qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində 19 noyabr 2019-cu il tarixində baş vermiş qəzada iddiaçının əri X12 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 1(073)-76/2020 tarixli hökmün surətindən görünür ki, X19 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il sınaq müddətinə şərti hesab edilmiş, sınaq müddəti ərzində X15 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmuşdur. 10 fevral 2011-ci il tarixində verilmiş AZ-İ № 637599 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X16 10 fevral 2011-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rəciyeva soyadı verilmişdir. 22 oktyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 330743 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 atası X12, anası X10r. 18 mart 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 603635 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 atası X12, anası X10r. 01 oktyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 175953 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9 atası X12, anası X10r. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş hadisə nəticəsində iddiaçıya və onun üç övladına mənəvi zərər dəymiş, ərinin həyatını itirmişdir. Ərinin faciəvi şəkildə həlak olmasından onun psixi durumu pisləşmişdir. İddiaçı bu günədək X5 itkisinin ağır iztirabını çəkir. Bu səbəbdən iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 90000 (doxsan min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həyat yoldaşı olmadan ailəsinə təsəlli verməklə keçirdiyi çətinliyi, uşaqlarına həm ata, həm ana qayğısı çəkməkdə yaşadığı çətinliyi, habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağılabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaitinin vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli olması ilə razılaşmayan cavabdeh apellyasiya şikayətində iddia tələbinin tam ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də şikayətinin məzmununda qətnamə ilə təmin edilmiş pul məbləği həddindən artıq çox olmasını da vurğulamış və qeyd etmişlər ki, dəymiş zərərə görə kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə alınmamışdır. Məhkəmə kollegiyası "xxxx" ASC-nin əməkdaşı X15 tutduğu vəzifə ilə əlaqədar tabeliyində olan işçi heyətinin təhlükəsizliyinə, onların əmək intizamına nəzarət olunması qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində baş vermiş qəzada iddiaçının əri X12 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq öldüyündən və baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsiz olmaqla hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Lakin məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan X1 atası X8 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsinin qismən təmin olunmasına dair Nəsimi rayon məhkəməsinin 2(006)-4403/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasına diqqət yetirməmişdir. Belə ki, həmin iddia tələbinin məzmunu ilə hazırki iddia tələbinin məzmunu demək olar ki, eynilik təşkil edir. Qətnamədən görünür ki, mərhumun atası "xxxx" ASC-yə qarşı mənəvi ziyan tələbinə dair iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib 5.000.000 manat mənəvi ziyan tələb etmişdir. Qətnamə ilə onun iddiası qismən təmin edilərək "xxxx" ASC-dən onun xeyrinə 30.000 manat məbləğində pul tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Ailədə baş vermiş faciə ilə bağlı (ata oğlunu, arvad ərini itirmiş) hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etməsi onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması qanunvericiliklə tənzimlənir. Yuxarıda qeyd edilən Plenum qərarında göstərildiyi kimi mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı olması nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamış, Nəsimi rayon məhkəməsinin 2(006)-4403/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi və cavabdehin dəmaliyyə vəziyyəti nəzərə alınmamışdır. Ona görə də qeyd olunan məbləğ azaldılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-4761/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli və zərərin miqdarı azaldılaraq 20000 (iyirmi min) manat müəyyən edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4761/2022 saylı, 28 noyabr 2022ci il tarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pul cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə