Məhkəmə qərarları › İş №2(103)-1698/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1698/2023

21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1698/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4419/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmədən el adəti ilə ailə həyatı qurmuşdurlar. Tərəflər bir evdə qısa müddət ərzində yaşamış və sonra ayrılmışdırlar. Tərəflərin faktiki nikahlarından xx.xx.2022-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək bildirir ki, cavabdeh uşağın saxlanmasına heç bir köməklik etmir, uşaq körpədir və saxlanması da çox xərc tələb edir, iddiaçı özü də heç bir yerdə işləmir, anasının köməkliyi ilə özünü və uşağını saxlayır. Cavabdeh "xxxx" ASC-də işləyir və aylıq 930 əmək haqqı alır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 1 uşağa görə - qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və uşağın 3 yaşı tamam olana kimi 200 manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçmədən el adəti ilə xx.xx.2021-ci il tarixdə ailə həyatı qurmuşdur. Tərəflər cəmi üç ay bir evdə yaşamış və sonra ayrılmışlar, ayrılan zaman iddiaçı hamilə olmuşdur. Birgə yaşayışlarından xx.xx.2022-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Uşağın saxlanılmasında cavabdeh iddiaçıya heç bir köməklik göstərmir. Hazırda iddiaçı cavabdehlə bir yerdə yaşamır. Uşaq körpədir və onun saxlanılması isə çox xərc tələb edir. İddiaçı özü isə heç bir yerdə işləmir, anasının köməkliyi ilə özünü və uşağı saxlayır. Ona görə də qanun çərçivəsində aliment tələb edir. Cavabdeh "xxxx" ASC-də sürücü işləyir və iddiaçıya dediyinə görə, hər ay təxminən 800 manat məbləğində əmək haqqı alır. İddiaçı bir övladı olduğuna görə və cavabdehin rəsmi iş yeri olduğundan, Ailə Məcəlləsinin 76.1.1ci maddəsinə əsasən 1 uşağa görə - cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, həmçinin, uşağın 3 yaşı tamam olana kimi 200 manat məbləğində alimentin cavabdehdən tutulmasını tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4419/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X5 üç yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə yaşayışdan olan uşağının ananın - iddiaçının himayəsində qaldığını, cavabdehin müntəzəm qazanca malik olduğunu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu və heç bir tərəfin marağını pozmadığını və eyni zamanda, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq, uşağın saxlanılması üçün aliment sabit pul məbləğində deyil, yalnız qazancın müəyyən hissəsi kimi tutulmalıdır. İddia tələbi “Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 1 uşağa görə - qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı veriməlidir. Məhkəmə uşaq üç yaşına çatanadək 200 manat məbləğində alimentin iddiaçının xeyrinə ödənilməsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı ilə cavabdehin uşağı olan xx.xx.2022-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatmadığından, iddiaçının isə uşağa qulluq etdiyinə görə işləmək imkanı olmadığından İddiaçı Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdehin gəlirləri yüksək olmadığından və onun əlavə gəlirlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddiaçıya hər ay sabit pul məbləği şəklində 100 manat məbləğində aliment ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci, 19-cu, Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 84.1, 84.2, 84.2.2, 86 və 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4419/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin əlavə xərcin kəsilməsi hissəsində ləğv edilərək, ondan bir uşağa görə 50 manat xərc tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. O, uşağa yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat və uşağın 3 yaşı tamam olana qədər 50 manat olmaqla, cəmi 250 manat pul ödəmək imkanına malikdir, həmin məbləğdən artıq alimenti ödəməyə maddi imkanı yoxdur. Cavabdeh sübut olaraq hazırda "xxxx" ASC-də sürücü vəzifəsində işlədiyini, aylıq əmək haqqının 750 manat olduğunu, əlavə heç bir gəlirinin olmadığını, hal-hazırda rəsmi olaraq ailəli olduğunu və həyat yoldaşının 2 aylıq hamilə olduğunu bildirmişdir. Onun qazancı əmək haqqından ibarətdir, hətta o qazancla ailə saxlamaqla yanaşı valideynlərinə də dəstək olur. Hakim bunları nəzərə almayaraq 100 manat əlavə xərc kəsmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirib şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçının özünə 100 manat alimentin tutulması hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Azərbaycan Respublikası Konstitusiyası:

17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Ailə Məcəlləsi:

55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;

«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmədən el adəti ilə ailə həyatı qurmuşdurlar. Tərəflər qısa müddət ərzində bir evdə yaşamış və sonra ayrılmışlar. Tərəflərin faktiki nikahdan xx.xx.2022-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X5 üç yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilməli olmasını mübahisələndirmir, qətnamənin üç yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi ilə razılaşmır və bu halı, "xxxx" ASC-də sürücü vəzifəsində işlədiyini, aylıq əmək haqqının 750 manat olduğunu, əlavə heç bir gəlirinin olmadığını, hal- hazırda rəsmi olaraq ailəli olduğunu və həyat yoldaşının 2 aylıq hamilə olduğunu nəzərə alınmalı olmasını göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında mübahisələndiridən hissədə yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh "xxxx" ASC-də geniş profilli avtomobil sürücüsü vəzifəsində işləyir və aylıq əmək haqqı 930 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla, uşaq körpə olduğundan daimi ana qulluğuna ehtiyacının olması zərurətini, bu halın isə iddiaçının özünün müstəqil qazanca malik olmaq imkanını məhdudlaşdırılmasını və ya uşağın saxlanması üçün zəruri xərclərinin artmasına səbəb ola biləcəyini, habelə uşağın gündəlik tələbatlarını, sağlamlıq, geyim və digər zəruri ehtiyaclarının öədnilməsinin zəruri olduğunu nəzərə alaraq, eləcə də uşağın mənafeyini əsas götürməklə, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdehin uşağı olan xx.xx.2022-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatmadığından, iddiaçının isə uşağa qulluq etdiyinə görə işləmək imkanı olmadığından İddiaçı Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır və və bu əlavə xərc kimi qiymətləndirilmir. Cavabdehin gəlirləri yüksək olmadığından və onun əlavə gəlirlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından onun tərəfindən iddiaçıya hər ay sabit pul məbləği şəklində 100 manat məbləğində aliment ödənilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə məhkəmə kollegiyası razılaşır. Kollegiyanın qənaətinə görə cavabdehin apellyasiya şikayətində sadaladığı hallar onun uşağının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının artan tələbatlarını təmin etməlidir. Belə ki, bir ata kimi övladlarının qayğısına qalmaq, onu zəruri vəsaitlə təmin etmək və onun təminatını əvvəlki kimi yüksək saxlamaq və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirmək cavabdehin vəzifəsidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Kollegiya həmçinin qeyd edir ki, bu kateqoriya məsələlərin həllində qanunverici təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından qiymət verilməsini tələb etməklə yanaşı, həmçinin uşağın mənafeyini də əsas tutulmasını təsbit etmişdir Belə ki, «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmçinin, «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı olduğu üçün apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4419/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar