Məhkəmə qərarları › İş №2(103)-1704/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1704/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1704/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “subroqasiya qaydasında pul tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaraq 5.030 manat pul vəsaiti və 70 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Kürdəxanı-Zabrat şossesində Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil «Kia Rio» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Sabunçu rayon Məhkəməsinin 3(008)-858/2015 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsinin (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən «Kia Rio» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 6.000 manat müəyyən edilmişdir. Hadisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1990/2016 saylı qərarı üzrə "xxxx" ASC-dən icbari sığorta üzrə zərər çəkən nəqliyyat vasitəsinə dəymiş zərər üzə 5.030 manatın tutularaq "xxxx" ASCyə ödənilməsi qət edilmiş və "xxxx" ASC tərəfindən 5.030 manat sonuncu sığorta şirkətinə sığorta ödənişi ödənilmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda qeyd olunmuşdur ki, iddia tamamilə əsassızdır və aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh 08 avqust 2015-ci il tarixdə, saat 22.30-da idarə etdiyi «Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlama xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edən «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücüsü yüngül bədən xəsarətləri almışdır. Cavabdeh V.Ceyhunun əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi və toplanılmış materiallara inzibati qaydada baxılması barədə Sabunçu rayon Polis idarəsinin Təhqiqat şöbəsi tərəfindən 14 avqust 2015-ci il tarixli qərar qəbul edilmişdir. Sabunçu rayon Məhkəməsinin 3(008)-858/2015 saylı xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında qeyd olunan hallar öz əksini tapmışdır. Həmin qərara əsasən cavabdeh V.Ceyhun qüvvədən düşmüş AR İXMin 151.5-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh V.Ceyhunun idarə etdiyi «Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sözügedən yol-nəqliyyat hadisəsinin baş verdiyi dövrdə üçüncü şəxslər qarşısında məsuliyyəti "xxxx" ASC tərəfindən icbari sığorta olunmuşdur. Zərərçəkmiş «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə könüllü sığorta təminatı "xxxx" ASC tərəfindən verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1990/2016 saylı 27 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə nəticəsində tam məhv olmuş, "xxxx" ASC tərəfindən avtomobilin qalıq dəyəri çıxılaraq 6.000 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin hesabına ödənilmişdir. Sözügedən qətnamə ilə "xxxx" ASC tərəfindən 5.000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Sabunçu rayon Məhkəməsi tərəfindən verilmiş 3(008)-858/2015 saylı qərara əsasən V.Ceyhun AR İXM-in 151.5-ci maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Lakin iddiaçı tərəfindən istinad edilən qərara və maddəyə nəzər saldıqda görünər ki, cavabdehin yol-nəqliyyat hadisəsi yerindən yayınmasını təsdiq edən heç bir müddəa yoxdur. Belə ki, qüvvədən düşmüş AR İXM-in 151.5-ci maddəsi aşağıdakı formada verilmişdir: Bu Məcəllənin 151.1-151.3- 2-ci, 151- 1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin məzmununda iddiaçının nəzərdə tutduğu kimi konkret olaraq sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət nəzərdə tutulmamışdır. Maddə göndərici maddədir. Həmin maddədə nəzərdə tutulan məsuliyyətin yaranması üçün istinad edilən maddələrdə nəzərdə tutulan inzibati xətalardan bir və ya bir neçəsi törədilməlidir. Sabunçu rayon Məhkəməsinin 3(008)-858/2015 saylı xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında V.Ceyhunun yol-nəqliyyat hadisəsi yerindən yayınması halı hal öz təsdiqini tapmamışdır. Qərarda cavabdehin «Zabrat- Kürdəxanı yolunda hərəkət edərkən nişanlama xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edərkən» yol-nəqliyyat hadisəsini törətdiyi öz təsdiqini tapmışdır. Bu isə qüvvədən düşmüş AR İXM-in 151.3-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi deməkdir. Beləliklə, yol-nəqliyyat hadisəsi üzrə qəbul edilmiş yekun qərar olan Sabunçu rayon Məhkəməsinin 3(008)-858/2015 saylı xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında sürücünün yolnəqliyyat hadisəsi yerindən yayınması təsdiq edilmədiyi üçün iddiaçı tərəfindən həmin qərara istinad edilərək cavabdehdən subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini geri tələb etməsi qanuni və əsaslı deyil.

4. Qaradağ Rayon Məhkəməsinin 2(002)-3542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 5.030 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

5. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçının sığortalıya qarşı subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Qanunda müəyyən olunmuşdur (25 və 63.1 -ci maddələr). Həmin əsaslardan heç biri hazırkı işdə mövcud deyildir. İddianı təmin edən məhkəmə zərər vurulmasını və sığorta ödənişinin həyata keçirilməsini qeyd etsə də, nəyə əsasən iddiaçının subroqasiya hüququnun yaranması barədə qənaətini açıqlamamış və mövqeyini əsaslandırmamışdır. İddia tələbinin əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə istinad olunaraq sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması göstərilmişdir. Lakin, məhkəmənin özü də iş materialları əsasında işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, cavabdeh yol-nəqliyyat hadisəsinə görə məhkəmə tərəfindən İXM-in 151.5ci maddəsi ilə təqsirli bilinərək xəbərdarlıq edilmişdir. Yəni ki, iddiaçı tərəfindən subroqasiya hüququnun yaranmasına əsas olan sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması halı iş materialları ilə təsdiq olunmamışdır. Belə olan halda, iddia təmin edilə bilməz. Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3542/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi, iddia verməklə cavabdehin və məhkəmənin vaxtını alınmasına görə 1.000 (bir min) manat pulun "xxxx" ASC-dən V.Ceyhunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

8. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq iddiaçı "xxxx" ASC tərəfindən 5.030 manat ödəniş edilmiş və cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmış, rayon məhkəməsi də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi:

9. Belə ki, xx.xx.2013-cü il tarixli MB********** saylı sığorta şəhadətnaməsindən görünür ki, X1 məxsus olan «KİA Rio» markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Təminat müddəti xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrü əhatə etmişdir.

10. PXA********** saylı sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh («Vaz- 2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil) "xxxx" ASC tərəfindən «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır.

11. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 avqust 2015-ci il tarixli 3(008)- 858/2015 saylı qərarından görünür ki, Cavabdeh 08 avqust 2015-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi «VAZ-2106» markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlanma xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edən «KİA Rio» markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «KİA Rio» markalı avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Cavabdeh Azərbaycan Respublikası İXM-nın 151.5-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə, ona xəbərdarlıq edilmişdir.

12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli 2(81)- 1990/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı «5.000 manat məbləğində pulun tutulması» tələbinə dair iddiası təmin edilmiş, subroqasiya qaydasında 5.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.030 manatın cavabdeh "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir (əsas: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)-295/2017 saylı qərarı).

13. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra vərəqəsi verilmiş, icra vərəqəsi icra edilmişdir.

14. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB 18/0530 nömrəli, 22 may 2025-ci il tarixli qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, “KİA Rio” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə vizual baxış keçirilmədiyi üçün avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

18. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

20. 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.

21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

22. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun:

25. 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

26. 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.

27. 23.1.6. sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır.

28. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

29. 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

30. 36.1.5. Su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

31. 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manatdır.

32. 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

33. 42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

34. 42.2. Təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

35. 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

36. 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

43. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

44. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

48. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

51. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 avqust 2015-ci il tarixli 3(008)- 858/2015 saylı qərarından görünür ki, Cavabdeh 08 avqust 2015-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi «VAZ-2106» markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlanma xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edən «KİA Rio» markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «KİA Rio» markalı avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Cavabdeh Azərbaycan Respublikası İXM-nın 151.5-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə, ona xəbərdarlıq edilmişdir.

54. Həmin faktlar hazırda mübahisələndirilə və sübut edilə bilməz. Göründüyü kimi, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq iddiaçı "xxxx" ASC tərəfindən 5.030 manat ödəniş edilmiş və cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı subroqasiya hüququ ilə məhkəməyə müraciət edərək ödənilmiş pul məbləğini tələb etməyə haqlı olmuşdur.

55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur.

56. Beləliklə, Kollegiya bildirir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

57. Məhkəmə cavabdehin apellyasiya şikayətində tələb etdiyi 1000 (bir min) manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə hissəsinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bu səbəbdən məhkəmə apellyasiya şikayətini bu hissədə də əsaslı hesab etmir. Nəticə:

58. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində sığortalıya zərər vurulduğundan və tələb olunan məbləğdə sığortaçı tərəfindən faydalanan şəxsə sığorta ödənişi edildiyindən iddiaçının həmin məbləğdə zərərvurana qarşı subroqasiya hüququ əsaslı hesab edilməsi barədə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməklə iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3542/2024 nömrəli, xx.xx.2024--cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar