Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1705/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6642/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok 1, mərtəbə 19, 181 nömrəli (82,1 kv m) mənzilin alqı-satqısına dair 02.04.2009-cu il tarixli, 9511 nömrəli müqavilənin və bu müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında 09 sentyabr 2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok 1, mərtəbə 19, 181 nömrəli (82,1 kv m) mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6642/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı arasında mübahisə predmeti olan mənzilə dair 9511 saylı müqavilə bağlamamışdan əvvəl 2006-ci ildə iddiaçının Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə küçəsində inşa etdiyi 14 saylı binanın 1-ci blokunun 15ci mərtəbəsində olan mənzilə dair müqavilə bağlayaraq iddiaçının həmin ünvanda inşa etdiyi binanın payçısı olmuşdur. Payçı kimi vaxtlı vaxtında ödənişlər etmişdir. Sonradan iddiaçının Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə küçəsində inşa etdiyi 14 saylı binanın inşasına dövlət tərəfindən icazə verilmədiyindən və bina söküldüyündən iddiaçı həmin müqavilə öhdəliklərinin davamı kimi, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov küçəsi bina 1 blok 1 mərtəbə 19 mənzil 181 nömrəli (ümumi sahəsi 82.1 kv.m) mənzilə dair onunla müqavilə bağlayaraq mənzili ona vermişdir və mənzil hazırda onun ailəsinin istifadəsindədir. Bu və digər səbəblərdən iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına maraqını itirmişdir və sonradan ondan heç bir ödəniş tələb etməmişdir. O, müqavilə imzalandığdan sonra mənzilin dəyərindən 45737,88 manat ödəniş etmişdir. Müqavilə müddəti 180 ay müddətinə olduğundan (15 il müddətinə) müddət bitməmiş (iddia müqavilə bağlandığdan 12 il müddətində verilmişdir), ona rəsmi bildiriş göndərmədən, öhdəliklərin icrasına iddiaçı maraqını itirdiyi halda ona qarşı əsasız və qanunsuz iddia vermişdir. Məhkəmə onun iştirakını təmin etmədiyindən o, məhkəməyə sübutlarını, vəsatətlərini, iddiaya etirazını təqdim edə bilməmişdir. O, açıq ürək əməliyyatı keçirmiş və bu səbəbdəndə vaksin vurdurmamış və COVİD-19 pasportu almamışdır. O, məhkəmə bildirişini aldıqdan sonra təyin olunmuş vaxtda məhkəməyə gəlmiş, lakin məhkəmə zalına polis tərəfindən buraxılmamışdır. Növbətçi polis əməkdaşı hakim Fərid Eyyubovla daxili telefonla əlaqə saxlayaraq hakimə onun məhkəmə baxışına gəlməyi və xəstəlik pasportu olmadığı barədə məlumat vermişdir. Lakin hakim onu zala buraxmağı polisə qadağa qoymuşdur. Bundan sonra o, daxili telefonla iclas katibi ilə əlaqə saxlamış və hakim köməkçisi bildirmişdir ki, onlayn qaydada məhkəmə baxışı keçriləcəkdir. Uzun müddət keçdikdən sonra təkrar iclas katibi ilə əlaqə saxladıqda ona bildirmişdir ki, artıq məhkəmə baxışı yekunlaşıb və qətnamə qəbul olunub, bu barədə ona qətnamə göndərəcəklər. Beləliklə də sədrlik edən qərəzli olaraq, öz maraqları daxilində onlayn məhkəmə prosesi keçrilməsini təmin etmədən, onun məhkəmədə iştirakını təmin etmədən proses keçirdərək, əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, xəstə olmuş və imkansızlığa görə 2018-ci ilin mart ayından ödəniş həyata keçirmir. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsiunin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və qeyd etdi ki, əvvəllər dəfələrlə cavabdehə güzəştlər olunmuş lakin o, öhdəliklərini icra etmir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.04.2009-cu il tarixli 9511 saylı müqaviləyə əsasən müəyyən olunur ki, satıcı “X3” ASC Bakı şəhərində, Yasamal rayonu ərazisində, Yeni-Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın, 1 blok, 181 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 82,1 kvadratmetr olan mənzili alıcı Cavabdeh satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı satdığı mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya verməyi, alıcı isə müəyyən olunmuş müddətdə mənzili qəbul edib, mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin predmeti olan mənzilin qiyməti tərəflərin razılığı ilə 82100 manat məbləğində müəyyən edimiş və alıcı mənzilin qiymətini 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 09.09.2016-cı il tarixli Kp/AK/77-16-18 saylı 02.04.2009-cu il tarixli 9511№-li alqısatqı müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqında əlavə razılaşmaya əsasən müəyyən olunur ki, alıcının razılaşma imzalandığı günədək borcu 47691,21 AZN təşkil etmiş, müqavilə üzrə ödəmədiyi aylıq ödənişlər 3812,02 AZN, satıcıya əldən çıxmış fayda məbləği üzrə borcu 2829,09, cəmi 6641,11 AZN təşkil etmiş, alıcı satıcıya olan 6641,11 AZN məbləğində borcundan 500 AZN məbləği nağd şəkildə, qalıq 6141,11 AZN məbləğində hissəsini isə 6 ay müddətində, hər ayın 2-də 1023,52 AZN olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüş, ödənişlərin 02 oktyabr 2016-cı il tarixdən başlaması razılaşdırılmışdır. Alıcı müqavilə üzrə aylıq 456,11 AZN təşkil edən ödənişlərini müqavilə müddətinin sonuna kimi hər ayın 2-də ödəməyi öhdəsinə götürmüş, ödənişlərin 02 oktyabr 2016-cı il tarixdən başlaması razılaşdırılmışdır. 15.07.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 21.09.2021-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış müqavilənin ləğvinə dair təklifə əsasən müəyyən olunur ki, "xxxx" ASC Cavabdeh 02.04.2009-cu il tarixli 9511 saylı müqavilənin, 06.09.2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi və mənzilin təhvil verilməsini təklif etmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 02.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında 02.04.2009-cu il tarixində ünvan 1 ünvanında yerləşən bina 1, blok 1, mərtəbə 19, mənzil 181 (yeni 209), 2 otaqdan ibarət, ümumi sahəsi 82,1 kv. m olan mənzilin alınmasına dair 9511 saylı alqı-satqı müqaviləsi bağlanılmış mənzilin dəyəri tərəflərin razılığı ilə 82100 manat məbləğində müəyyən olunmuş, alıcı mənzilin dəyərini 456,11 AZN olmaqla 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı 27.09.2021-ci il tarixinə qədər 69328,72 AZN ödəniş ödəməli olduğu halda, 45737,88 AZN aylıq ödəniş ödəmişdir. Alıcının 23590,84 AZN qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı 09.03.2018-ci il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi mahiyyətindədir (dəyərinin hissə-hissə ödənilməsi şərtilə bağlanmış müqavilədir), Mülki Məcəllənin 600.4-cü maddəsinə görə isə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin 3.1.1.3-cü bəndində də, alıcının müqavilə ilə müəyyənləşdirilmiş öhdəliklərini icra etmədikdə satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək səlahiyyətinin olduğu nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə isə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərədə tutulan digər hallarda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Kollegiya apelyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6642/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1705/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1705/2022
23.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver