Məhkəmə qərarları › İş №2(103)-1706/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1706/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1706/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh və iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)-2381/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə ünvanlandığı müraciətdə İddiaçı barəsində yazdığı məlumatların həqiqətə uyğun olmamasına dair təkzib məktubu ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi və vurduğu mənəvi ziyana görə Cavabdeh 10000 (on min) manat pulun alınaraq İddiaçı ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev, iş № 2(003)-2381/20) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh təxminən 10 ildən artıqdır tanıyır və onun yaşıllaşdırma işi ilə məşğul olduğunu bilirdi. Vahid ona müraciət edərək yaşıllıq salınmasına dair işlər olarsa ona yönləndirməyi xahiş etmişdir. Təxminən 2020-ci ilin əvvəllərində əvvəllər tanıdığı X1 ona müraciət edərək, Bakı şəhəri Səbail rayonu Xanlar küçəsində yerləşən parkı təmir etdiyini və parka qazon vurulmasında köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra o, X1 ilə Cavabdeh tanış etmişdir. Ə.Babayevlə Cavabdeh tanış olduqdan sonra onlar öz aralarında görüləcək işin həcmi və qiyməti ilə razılığa gəldilər və işə başladılar. Onlar görüləcək işlər barəsində razılığa gələrkən o, həmin razılaşmalarda iştirak etməmiş, onların danışıqlarına müdaxilə etməmişdir. Bütün danışıqlar Əli ilə Vahidin arasında olmuşdur. Eyni zamanda tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Bakı şəhərində hərəkət məhdudiyyəti ilə əlaqədar olaraq Əli Vahidə pulu onun Sabunçuda yaşadığı evin qarşısında vermişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq Cavabdeh Azərbaycan Respublikası Prezidentinə ərizə ilə müraciət edərək onum barəsində həqiqətə uyğun olmayan şər, böhtan xarekterli məlumatlaraq yayaraq onun işgüzar nüfuzunu ləkələmişdir. Belə ki, Cavabdeh öz ərizəsində guya onun ona Bayıl qəsəbəsində yerləşən parkın yaşıllaşdırması tenderini udduğunu, onu Bayıl qəsəbəsində, parkın yuxarı tərəfində yerləşən ofisə çağırdığını, ofisi görüb ona inandığını, şirkətdə layihələr təqdim etdiklərini və 1-2 günə işə başlamağını bildirdiklərini, guya Vahidə parka gətirdiyi qazona görə 1000 manat pul verdiyini, həmin puldan 100 manat özünə götürdüyünü, 100 manatı isə ona verdiyini, bunun 1 dəfə təkrar olunduğunu, 7-8 maşın gedəndən sonra pulun verilməsinin çətinləşdiyini, guya ona qazon salanların pullarını istədiklərini bildirdiyini, onun isə ona narahat olmamasını, pullarının veriləcəyini bildirdiyini qeyd etmişdir. Lakin onun ona 3575 manat borcunun qaldığı, həmin pulu vermək istəmədiyini və heç bir tender udmadığını qeyd etmişdir. Cavabdeh ərizəsində göstərilənlərin heç biri həqiqəti əks etdirməməklə, yalan, şər və böhtan xarakterli olmuş, sonuncu ondan qanunsuz olaraq pul almaq üçün belə bir ərizə yazmaqla onun işgüzar nüfuzunu ləkələməyə çalışmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Məhərrəmi uzun illərdir ki, tanıyır. O, yaşıllaşdırma idarəsində işləyir. Məhərrəm ona müraciət edərək bildirmişdir ki, tenderi udub və ondan nisyə qazon təşkil edilməsi üçün köməklik istəmişdir. Məhərrəm onu və qazonu bizə təşkil edən xanımı aldatmışdır. Onu Əli ilə Məhərrəm görüşdürüb. Bir yerdə layihəni müzakirə etmişlər. Onun müraciəti iddiaçının şərəf və layəqətinin ləkələnməsi və zərər vurulması kimi qəbul edilə bilməz. Belə ki, hər bir vətəndaşın dövlət orqanlarına müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin ünvanına göndərdiyi müraciətinin məzmunu aşağıdakı kimidir: “Hörmətli Cənab Prezident və Ali Baş Komandan, Siz prezident olan zamandan Azərbaycan xalqının sevincinin həddi hüdudu tükənmir. Sizin Respublikamıza, xalqımıza yaratdığınız şərait və yeniliklər başqa dövlətlərdə sanki, yoxdur. Mən də Azərbaycan vətəndaşı olaraq sizin gördüyünüz, yaratdığınız bütün yeniliklərə sevinir, ailəmin və öz adımdan Sizə dərin minnətdarlıq edirik. Siz xalqın sağlamlığının qorunması üçün sərəncam verirsiniz, hər bir vətəndaş Sizə minnətdardır. Hörmətli Cənab Prezident, mən Cavabdeh 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Təqaüdçüyəm, Qarabağ müharibəsi iştirakçısıyam. Mənim və ailəmin təcavüzə məruz qalmaması üçün məcburiyyət qarşısında qalaraq Sizə müraciət edirəm. Mənimlə bir neçə il tanış olan Nərimanov rayonunda Yaşıllaşdırma İdarəsinin bir sahəsində rəis vəzifəsini daşıyan Məhərrəm adlı şəxs mənə dedi ki, sən Binə qəsəbəsində yaşayırsan və orada qazon əkirlər. Qazon əkənləri tanıyırsan onlardan qazon almaq olar? Dedim olar. Dedi sabah, yəni martın 3-də 2020-ci il tarixdə mənimlə gedək Bayıl qəsəbəsində orada park salınıb. O parka ağac və qazon əkilməlidir. Mən o parkın yaşıllaşdırmasını tenderlə udmuşam. O məni Bayıl qəsəbəsinə, parkın yuxarı tərəfində yerləşən ofisə çağırdı. Bizimlə birgə Əli adında bir nəfər də getdi ki, bizi təqdim etsin. Mən də getdiyimiz ofisi görüb inandım.. Mart ayının 5-də yenə məni Yasamal rayonunda yerləşən şirkətin ofisinə apardı. Şirkətdə Məhərrəmə layihələr təqdim etdilər və bir-lki günə başlamağı dedilər. Məhərrəm çıxanda mənə dedi ağacları özüm vuracam qazonu sən gətirərsən. Mən sənə pul verəcəm. Banka kredit borcum olduğu üçün imkanım olmadığı üçün razılaşdım. 2020–ci il mart ayının 7-də qazon əkənlərdən 1 maşın 350 kvadrat qazon parka apardım. Apardığım fəhlələr parkın ərazisinə düzürdülər. Bu minval ilə 2-ci maşını apardım. Səhəri gün Məhərrəm mənə 1000 manat pul verib dedi ki, 100 manat mən götürürəm 100 manat sən götür qalanın ver qazon əkənlərə, mən də elə etdim. Yenə bir maşın qazon apardım, apardığım fəhlələr qazonu yerə düzürdülər. Səhəri gün Məhərrəm yenə mənə 1000 manat pul verib, özü 100 manat götürdü və mənə 100 manat verdi. Pulun qalanını verdim qazon əkənlərə. Beləliklə, 7-8 maşın gedəndən sonra pulun verilməsi çətinləşdirildi. Məhərrəmə dedim qazon satanlar pullarını istəyirlər, daha nisyə vermirlər. O isə mənə cavabında qorxma pullar veriləcək, işləri başa çatdıraq. Mən FORMA 2-yə qol çəkməsəm onlar pul ala bilməyəcəklər. Müəyyən qədər qazon apardıqdan sonra yenə qazon əkənlər pulların istədikdə Məhərrəmə dedim. Məhərrəm dedi ki, nədir məni işdən çıxarsınlar istəyirsən. İcra başçısı məni tanıyır. Pul veriləcək narahat olma. Parkın ərazisinə 6845 kvadrat qazon vuruldu. Sonradan 600 kvadrat qazon mənə gətizdlrdilər. Parkın ərazisi qazonla tam yaşıllaşdırıldı. Tam iş qurtardı, veriləsi puldan 3575 manat vermək istəmir. Sonra məlum oldu Məhərrəm tenderi udmayıb, Forma 2-si yoxdur. Qazon satanlar mənim evimə gəlib, mənimlə mübahisə edib, pulların istəyirlər kobudluqla. Məhərrəmdən istədikdə mənə deyir get özün al. Mən kasıb adamam, təqaüdçüyəm. Mən o qədər pulu tapa bilmərəm. Hörmətli Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanı cənab İlham Əliyev, Sız haqq ədalət sahibisiniz. Mənə köməklik göstərilməsinə sərəncam verməyinizi Sizdən xahış edırəm. Əvvəlcədən sizə minnətdaram”. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, o, Cavabdeh və İddiaçı tanıyır. Məhərrəm yaşıllaşdırma işlərinə baxır. Məhərrəm onu Vahidlə tanış etmişdir. Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində yaşıllaşdırma işlərinin aparılması üçün ərazidə yaşıllaşdırma işləri aparılmalı idi. İş tam olaraq başa çatdırılmışdır. Vahid işi tam gördükdən sonra ona 16540 manat pul ödənilmişdir. Həmin qeyd edilən məbləğ hissə-hissə olaraq ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, məhkəmə yanlış qənaətə gələrək cavabdehin qanunsuz hərəkətlərinə bir növ haqq qazandırmış, cavabdehin müraciətinin iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurmasına bir növ haqq qazandırmış, cavabdehin müraciətinin iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirməsi dəlilini əsaslı saymamışdır. İşə baxan məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilk öncə hüquq mühafizə orqanlarına müraciət etmiş, onun müraciəti əsasında müvafiq qərar qəbul olunmuş və onun ərizəsində qeyd olunanların həqiqət olmadığı müəyyən edilmişdir. Cavabdeh ərizəsində göstərdiyi məlumatların yalan olmasını bildiyi halda İddiaçı barəsində əsası olmayan məlumatlarla dolu ərizələrlə şikayət etməyə davam etmişdir. Hansı ki, İddiaçı tərəfindən cavabdehin hüquqlarının pozulması halı baş verməmiş və bununla bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə həmin sübutları görməzdən gəlmişdir. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddiaçının tələbi Cavabdeh Azərbaycan Respublikası Prezidentinə ünvanlanan məktubda İddiaçı barəsində yazdığı məlumatların həqiqətə uyğun olmamasına dair təkzib məktubu ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi və vurduğu mənəvi ziyana görə cavabdehdən 10000 manat pulun alınaraq iddiaçı M.Əlyevə ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə müraciət etməsi onun vətəndaş kimi pozulmuş hər hansı hüququnun pozulması ilə bağlı dövlət orqanlarına sərbəst surətdə müraciət etmək hüququ ilə bağlıdır. Hər bir Azərbaycan Respublikası vətəndaşının öz pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı dövlət orqanlarına, eləcə də digər təşkilatlara müraciət etmək hüququ vardır və bu hüquq məhdudlaşdırılmamalıdır. Lakin belə müraciətlərdə və ya şikayətlərdə məlumatlar haqqında müraciət edilən şəxsin şərəf və ləyaqəti ləkələyən və yalan məlumatlar (təhqir, böhtan və.s kimi) məlumatlar olmamalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş müraciətin iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirməsi dəlili əsaslı sayıla bilməz. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi barədə vəzifə qoyulması hissəsində təmin edilməməlidir. İddia tələbinin cavabdehdən onun xeyrinə 10000 manat mənəvi zərərin tutulması ilə bağlı isə qeyd edilməlidir ki, şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia rədd edildiyindən məhkəmə hesab edir ki, həmin tələbdən irəli gələn bu hissədə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1.1, 5.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına və s. istinad etmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə müraciət etməsi onun vətəndaş kimi pozulmuş hər hansı hüququnun pozulması ilə bağlı dövlət orqanlarına sərbəst surətdə müraciət etmək hüququ ilə bağlıdır. Həmçinin bu müraciət yayılmamışdır. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi barədə vəzifə qoyulması hissədə iddia tələbi təmin edilməməlidir. Cavabdehin Azərbaycan Respublikası Prezidentinə müraciətində şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia rədd edildiyindən məhkəmə haqlı olaraq həmin tələbdən irəli gələn digər hissədə də iddianı rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar