Məhkəmə qərarları › İş №2(103)-1706/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1706/2022

08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1706/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı/cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunazidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərə görə 2500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında pasport qeydiyyatındadır və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, Cavabdeh yaşadıqları ərazidə həyətyanı sahəsini genişləndirmək üçün hasar qaldırmaq istəyən zaman, həmin ərazi sürüşmə zonası olduğu və təhlükəli vəziyyət yaranacağından onlar onun qaldırmasına və tikinti işləri aparmasına icazə verməmişlər. Bildirmişlər ki, müvafiq icra hakimiyyəti orqanından icazə alandan sonra tikinti apara bilər. Bunun nəticəsində aralarında məişət xarakterli mübahisələr yaranmış və cavabdeh bir sıra dövlət qurumlarına və məhkəmələrə onların barəsində şikayətlər ünvanlanmışdır. Bundan sonra müvafiq icra hakimiyyəti orqanının əməkdaşları da əraziyə baxış keçirib tikinti aparılmasına icazə verməmişdirlər. Yuxarıda göstərdiyi xüsusatlar yaşadıqlarının cüzi bir hissəsidir. Cavabdeh daima onu və ailə üzvlərini stres altında saxlayır, səbəbsiz olaraq ondan dövlət qurumlarına şikayət edir, nəticədə həyatları əsəb gərginliyi ilə keçir. Cavabdeh onun barəsində müxtəlif xəbər portallarına yalan məlumat verməklə guya onun peşə səlahiyyətlərindən sui-istifadə etdiyini deyərək onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, cavabdeh onun çalışdığı telekanalların inzibati binalarına gedərək, onu çalışdığı kollektivin arasında rüsvay edir. Bundan sonra isə onun barəsində yalan məlumatlarla Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası İ vitse-prezidenti xanım Mehriban Əliyevaya, AR MTRŞ-na və "xxxx" Müstəqil Teleradio şirkətinə müraciətlər ünvanlanmışdır. Cavabdehin qanunazidd hərəkətlərinin təsiri nəticəsində ciddi əsəb gərginliyi və stress keçirir. Həmçinin cavabdehin qanunazidd hərəkətləri nəticəsində onun şərəf və ləyaqəti alçaldılmışdır. Bundan başqa, hesab edir ki, cavabdehin qanunazidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərin pul ilə ifadə olunan dəyəri 2500 manat məbləğindədir. İddiaçı Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh münasibətdə cavabdeh İddiaçı dedikləri sözləri təkzib etməli, ondan üzr istəməli, vurduğu maddi zərərə görə 2000 manat və mənəvi zərərə görə isə 3000 manat məbləğində qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi barədə iddiasının isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində torpaq sahəsi alaraq ev tikmişlər və 2012-ci ildən etibarən istifadələrində olan ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh İddiaçı peşə ixtisası üzrə jurnalistdir və "xxxx" Müstəqil Teleradio şirkətində işləyir. O, istifadəsində olan həyətyanı sahəsinə özü üçün qaraj tikdirmək istəsə də, cavabdeh İddiaçı və atası heç vaxt ona imkan verməmiş, özünün peşə ixtisasından istifadə edərək, min bir bəhanə ilə bunun qarşısını almışdır. Halbuki, həmin ərazinin cavabdehə heç bir aidiyyəti yoxdur və ona məxsusdur. Buna görə də o, cavabdehin qanunsuz, özbaşınalıq kimi qiymətləndirdiyi hərəkətlərinin qarşısında əzabəziyyətə düçar olmuşdur. Bunun nəticəsində də aralarındakı onun ünvanına qıcıqlandırıcı və təhqiramiz ifadələr işlətmiş, ailələrinə narazılıq və nifaq salmış, onun şərəf və ləyaqətini qonşular yanında alçaltmış və qonşular arasındakı nüfuzuna xələl yetirmişdir. Sadaladığı bu faktları onun tanışları, eləcə də qeyd edilən ünvanda yaxınlıqda yaşayan qonşular və həmin əraziyə nəzarət edən polis orqanında araşdırılan qərarlar da təsdiq edə bilərlər və həmin şəxslərin istənilən vaxt məhkəmə iclasında iştiraklarını təmin etmək mümkündür. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyana görə 2.500 (iki min beş yüz) manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı Cavabdeh münasibətdə cavabdeh İddiaçı dedikləri sözlərin təkzib edilməsi, ondan üzr istənilməsi, vurduğu maddi zərərə görə 2000 (iki min) manat və mənəvi zərərə görə isə 3000 (üç min) manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 25.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinə uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh Səbail Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(009)- 1311/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət şikayətə əlavə edilmədiyindən geri qaytarılmışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(009)-1311/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əsassız olduğu üçün təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddia tələbinə dair kifayət qədər sübutlar olsa da, hakim qətnamə qət edərkən nədənsə həmin sübutları gözardı etmişdir. Məhkəməyə təqdim iddia ərizəsinə əlavə edilmiş DVD diskindən də görünür ki, həqiqətən də, cavabdeh onun işgüzar nüfuzunu o cümlədən, şərəf və ləyaqətini təhqir edərək ona qarşı qanunazidd əməllərə yol vermişdir. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, tez-tələsik olaraq, yarımçıq, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ilkin iddia tələbinə aid hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Vitse-Prezidentinə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına və "xxxx" Müstəqil Teleradio Şirkətinə ünvanladığı müraciətdən görünür ki, həmin müraciətdə cavabdeh iddiaçının atası tərəfindən yaşadıqları ünvanda tikinti işlərinin qanunsuz aparılması nəticəsində onun evini qəzalı vəziyyətə salmasını və iddiaçının atası ilə yaranmış münasibətlər barəsində məlumat verilmişdir. Eyni zamanda cavabdeh "xxxx" Müstəqil Teleradio Şirkətində işləyən iddiaçının jurnalist vəzifəsindən istifadə edərək qanunsuz əməllərinin qarşısını almaq məqsədilə ailə-məişət münasibətlərinin həlli istiqamətində aidiyyatı qurumlara göstəriş verməklə köməklik göstərilməsini xahiş olunmuşdur. Bundan başqa, «Az.Times», “Analoq.az” və “hokm.az” internet səhifələrində olan «”Space” telekanalının rəhbərliyi əməkdaşının özbaşınalığına niyə göz yumur–Video şikayət» başlıqlı məqalə dərc edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının barəsində cavabdeh tərəfindən yazılmış və Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Vitse-Prezidentinə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına və "xxxx" Müstəqil Teleradio Şirkətinə ünvanlanmış və xəbər portallırarına müraciətdə şərəf və ləyaqətini ləkələyən məlumatların olması müəyyən edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müvafiq orqan, təşkilatlara və televiziya-radio, xəbər portallarına ünvanlanmış şikayətlərdə əks olunan məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilməməlidir. Belə ki, həmin müraciətlərdə iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla əsaslı və qanuni qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi “ilkin iddia tələbinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar