Məhkəmə qərarları › İş №2(103)-1714/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1714/2023

28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1714/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3735/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İddiaçı cavabdeh X5 ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X6 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da, lakin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən sonradan münasibətləri pisləşmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-(003)462/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş X9 və X6 ataları İddiaçı yanında saxlanılmışlar.

2. İş materiallarında olan, 16 oktyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ 171605 saylı Doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 12 avqust 2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 2008-ci ilin oktyabr ayının 16 günündə 1848 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır.

3. İş materiallarında olan, 09 mart 2010-cu il tarixdə verilmiş AZ-İİ 399468 saylı Doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 05 fevral 2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin mart ayının 09 günündə 453 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır.

4. İş materiallarında olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-(003)462/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən, ilk iddia tələbi təmin edilmiş və İddiaçı ilə cavabdeh X5 arasında Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə 329 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 ataları İddiaçı yanında saxlanılması, Cavabdeh İddiaçı qarşı uşaqların yanında saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddiasının isə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Budaqova (Nəbiyeva) Şəbnəm Aydın qızından hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X5 ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X6 anadan olmuşdur. O, cavabdeh Budaqova (Nəbiyeva) Şəbnəm Aydın qızına qarşı “Nikahın pozulması və uşaq tələbi”nə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh da ona qarşı “Uşaqların onun yanında saxlanılması və aliment tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 2-(003)462/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən ilk iddia tələbi təmin edilmiş, cavabdeh X5 ilə aralarında Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə 329 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X6 ataları, yıni onun yanında saxlanılmış, Cavabdeh ona qarşı uşaqların yanında saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsin almışdır. Qeyd etmək istəyir ki, 2 ilə yaxındır ki, uşaqlar onun himayəsindədir. X13 əqli inkişafında gerilik vardır. O, həkim qeydiyyatındadır. Mütəmadi olaraq müalicəsini davam etdirir. O,mağazada satıcı işləyir, aylıq əmək haqqım 300,0 manat təşkil edir. Aldığı əmək haqqı uşaqların saxlanılması və xəstə oğlunun müalicəsinə çatmır. Bu səbəbdən cavabdehə qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)-3735/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli), iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160,0 manat olmaqla, cəmi 320,0 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bir uşağın saxlanılması üçün 193,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 160,0 manat müəyyən edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəllənin (bundan sonra - AM) 75.4, 78.1, 78.2 və 100.2-ci, Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1, 217.1, 218.3 və 234-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Qətnamədən İddiaçı və Cavabdeh apelyasiya şikayətləri vermişlər. a) Apelyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

13. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, 3 ilə yaxındır ki, uşaqlar onun himayəsindədir, oğlu Oktay Budaqov xəstədir, əqli inkişafında gerilik vardır, həkim qeydiyyatındadır, mütəmaddi olaraq müalicəsini davam etdirir. O, mağazada satıcı işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir, aldığı əmək haqqı uşaqların saxlanılması və xəstə oğlunun müalicəsinə çatmır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, onun maddi vəziyyətini və oğlu Oktayın ağır xəstə olmasını nəzərə almamışdır. Oğlu Oktayın ağır xəstə olması və mütəmadi müalicə alması və müalicəsinə çox pul vəsaitinin xərclənməsi barədə tibbi sənədlər və ödəniş qəbzləri tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunsa da, qətnamə qəbul edilərkən, bu sübutlar nəzərə alınmamışdır.

14. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclası iştirakım olmadan keçirilmiş, ona məhkəmə iclasları barədə məlumat verilməmiş, sms bildiriş göndərməmişdir. İddiaçının qeyd etdiyi mağaza iddiaçının özünə məxsusdur, yaşayış evinin həyətində yerləşir, iddiaçı özü vergi ödəyicisi kimi vergi orqanından qeydiyyatdan keçmişdir və adına VÖEN vardır. O, 8 nömrəli sanatoriya tipli internat məktəbində tərbiyəçi vəzifəsində işləyir, aylıq əmək haqqı 372,60 manat, əlinə aldığı vəsait 316,77 manat təşkil edir. İddiaçı onun iş yeri və sabit gəliri olması faktını məhkəmədən gizlətmişdir. Onun aylıq gəlirinin 1/3 hissəsi 106 manat təşkil edir. Onun səhhətində ciddi problemlər var. Belə ki, həm zobu var, həm də qadın xəstəliyindən əziyyət çəkir, buna görə hər ay 100 manatdan çox müalicəsinə və dərmanların alınmasına xərci çıxır. Digər tərəfdən özü kirayədə yaşayır, hər ay 150 manat kirayə haqqı ödəyir. Minimum əmək haqqı alır, başqa gəliri yoxdur, aldığı əmək haqqı yaşayışına, kirayə haqqına və xəstəliklərinin müalicəsinə kifayət etmir, ümumiyyətlə aliment ödəmək imkanı yoxdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Cavabdeh isə qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni bütövlükdə mübahisələndirmişdir. Odur ki, qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

23. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

24. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

25. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

26. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

27. Maddə 75: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

28. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

29. Maddə 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

30. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

31. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

32. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

33. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməni dəyişdirə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir.

44. Məhkəmə kollegiyası İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Belə ki, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni alimentin məbləği hissəsində mübahisələndirmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 3 ilə yaxındır ki, uşaqlar onun himayəsindədir, oğlu Oktay Budaqov xəstədir, mütəmaddi olaraq müalicəsini davam etdirir. O, mağazada satıcı işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir, aldığı əmək haqqı uşaqların saxlanılması və xəstə oğlunun müalicəsinə çatmır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, onun maddi vəziyyətini və oğlu Oktayın ağır xəstə olmasını nəzərə almamışdır.

46. Cavabdeh isə apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyi mağaza iddiaçının özünə məxsusdur, yaşayış evinin həyətində yerləşir. O, məktəbində tərbiyəçi işləyir, aylıq əmək haqqı 372,60 manat, əlinə aldığı vəsait 316,77 manat təşkil edir. Səhhətində ciddi problemlər var. Belə ki, həm zobu var, həm də qadın xəstəliyindən əziyyət çəkir, buna görə hər ay 100 manatdan çox müalicəsinə və dərmanların alınmasına xərci çıxır. Digər tərəfdən özü kirayədə yaşayır, hər ay 150 manat kirayə haqqı ödəyir. Başqa gəliri yoxdur, aldığı əmək haqqı yaşayışına, kirayə haqqına və xəstəliklərinin müalicəsinə kifayət etmir, aliment ödəmək imkanı yoxdur.

47. Məhkəmə kollegiyası İddiaçı və Cavabdeh apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir.

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməməklə istər uşağın hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini lazımınca nəzərə almamışdır.

49. Məhkəmə kollegiyası ilk öncə İddiaçı apelyasiya şikayətinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti formal mülahizələrdən ibarətdir.

50. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

51. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya apelyasiya şikayətinin dəlilləri əsaslıdır.

52. Belə ki, məhkəmə kollegiyası qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa 160,0 manat olmaqla, cəmi 320,0 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment pulunun tutulması valideyn kimi cavabdehin maddi imkan xaricində olmaqla gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək cavabdehin və uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Bu isə onu ehtiva edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları düzgün dəyərləndirilməmiş, maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməməklə mübahisələndirilən hissədə düzgün nəticəyə gəlinməmişdir.

53. İş materiallarında olan, Cavabdeh apelyasiya şikayətinə əlavə etdiyi Elm və Təhsil Nazirliyinin 8 nömrəli sanatoriya tipli internat məktəbin 206 saylı, 15 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Elm və Təhsil Nazirliyinin 8 nömrəli sanatoriya tipli internat məktəbində tərbiyəçi vəzifəsində işləyirəm. Aylıq əmək haqqım 372,60 manat, əlimə aldığım vəsait 316,77 manat təşkil edir.

54. Həmçinin, iş materiallarında olan, Cavabdeh apelyasiya şikayətinə əlavə etdiyi və məhkəmə iclasında təqdim etdiyi tibbi sənədlərdən müəyyən olunur ki, Cavabdeh xəstəliklərdən əziyyət çəkir və bununla bağlı mütəmaddi olaraq müalicələr alır.

55. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə müqaisədə iddiaçı daha təminatlıdır. Lakin birinci instansiya məhkəməsi tərəflərin ailə və maddi vəziyyətini düzgün qiymətləndirməyərək, aliment məbləği barədə gəldiyi qənaət əsaslı olmamışdır.

56. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlillərini nəzərə alıb hesab edir ki, alimentin məbləği hissəsində qətnamə dəyişdirilməli və cavabdehdən tutulmalı olan ailmentin məbləği 120 manat müəyyən edilməsi tərəflərin ailə və maddi vəziyyətinə uyğun hesab edilməlidir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə alimentin məbləği hissəsində dəyişdirilməli və cavabdehdən tutulmalı olan alimentin məbləği 120 manat müəyyən edilməlidir.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

59. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

60. Azərbaycan Rеspublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda Cavabdeh mübahisələndirdiyi aliment məbləğinin bir illik qiyməti beş min manatdan az (193+193=386; 160+160=320; 386-320= 66x12=792 manat), yəni 792 (yeddi yüz doxsan iki) manat təşkil edir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.3, 382, 384.0.3, 392, 393, 402 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3735/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3735/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilsin və Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar