Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1717/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «həyat sığortası məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Məhkəməsinin 01 oktyabr 2021ci il tarixli, 2(006)-5714/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmaqla) «həyat sığortası məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X4 arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı müqavilə şərtlərinə uyğun olaraq "xxxx" ASC-yə ödənilməli olan 52272,66 manat pulun və dəymiş mənəvi zərərin əvəzi kimi 50000 manat pulun və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 "xxxx" ASC-dən kredit götürərək əmlakını ipoteka qoyan şəxs kimi Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən həyat sığortası ilə sığortalanmışdır və xx.xx.2021-ci il tarixli MAP-219182 nömrəli ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi verilmişdir. X1 qəflətən xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməmiş koma, beyin ödemi diaqnozu ilə vəfat etmişdir. Ərinin ölümü ilə bağlı müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Sığorta Şirkəti ASC-yə məlumat vermişdir. Lakin bu günə kimi ona rəsmi olaraq heç bir cavab verilməmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə əlaqə saxlayaraq, ərinin ölməsini və ödənişləri Cavabdeh SŞ ASC tərəfindən tələb edilməsini bildirmişdir. Lakin "xxxx" ASC-nin Sənaye filialı bir müddətdən sonra ona bildirmişdir ki, Cavabdeh SŞ ASC tərəfindən ödəniş edilməsindən imtina olunub və ödənişləri etməsə, ərinə məxsus ev əllərindən alınacaq. Məcburiyyət qarşısında qalaraq, banka olan aylıq ödənişi etmişdir. Yenidən vəkil tərəfindən Cavabdeh SŞ ASC-yə ödənişin edilməməsi barədə sorğu verilmişdir. Lakin sığorta şirkətinin İdarə heyətinin sədri Azər Əliyev tərəfindən Cavabdeh SŞ ASC-yə daxil olmuş 16 iyul 2021-ci il tarixli 643 saylı sorğuya baxılması, məlumatın «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən sığorta sirri hesab edilməsi və həmin məlumatların açıqlanmasının Qanuna əsasən qadağan olunması barədə cavab verilmişdir. Bildirir ki, Cavabdeh SŞ ASC tərəfindən ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə ödənişinin verilməsindən imtina edilməsi sığorta haqqında qanunvericiliyin tələblərinə ziddir, bu səbəbdən, cavabdehin ödəməli olduğu icbari sığorta ödənişi və gecikdirilmiş hər gün üçün icbari sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu məhkəmə qərarı əsasında alınaraq ona verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)-5714/2021 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı müqavilə şərtlərinə uyğun olaraq 52272,66 manat məbləğində pulun "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı Vidadi Məlikov ipoteka kreditləri üzrə borcalanların həyat sığortası üzrə 15 yanvar 2021-ci il tarixli Həyat Sığorta Şəhadətnaməsi əsasında sığorta olunmuş və o, sığorta müqaviləsi bağlanandan 4 ay sonra, yəni 12 may 2021-ci il tarixdə “Dəqiqləşdirilməmiş koma; Beyin ödemi” səbəbindən vəfat etmişdir. İşin faktiki hallarından məlum olur ki, V.Məlikov sığortalanma barədə ərizə verərkən özündə olan ciddi xəstəlikləri, aldığı müalicələri və mövcud sağlamlıq durumu ilə bağlı vacib məlumatları bildirməmiş, tam sağlam olması barədə yanlış təsəvvür yaratmaqla sığorta müqaviləsi bağlanmasına nail olmuş, bu fakt onun ölümü barədə daxil olmuş məlumat araşdırılarkən tibbi sənədlər əsasında müəyyən edilmişdir. Yəni sağlamlığı artıq pozulmuş olan və ciddi xroniki xəstəliklər səbəbindən həyatı üçün təhlükə olan şəxsin ölümü artıq gələcəkdə baş verməsi ehtimal edilən hadisə əsasında deyil, mövcud xəstəliyi səbəbindən baş vermişdir. Halbuki, MM-in 911.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək sığortalının borcudur. Məhkəmə isə qətnamədə yalnız maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin normaları tərəflər arasında münasibətlərə düzgün tətbiq etməmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstrilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı həyat sığortası şəhadətnaməsinin 5-ci vərəqinin əslini məhkəməyə təqdim edə bilməmişlər. Lakin, mərhum Vidadi Məlikov həmin vərəqdə olan xəstəliklərlə də tanış olmuş, onda hər hansı xəstəliyin olmamasını təsdiq etmişdir. Lakin, sonradan müəyyən olunmuşdur ki, mərhum Vidadi Məlikovda daha əvvəldən həyat sığortası şəhadətnaməsinin 5-ci vərəqində göstərilən xəstəlik, məsələn xroniki böyrək xəstəliyi mövcud olmuşdur. Eyni zamanda, tibbi sənədlərə əsasən mərhumda həyat sığortası şəhadətnaməsinin 1-ci vərəqində sadalanan xəstəliklərə uyğun olan xroniki ürəkdamar xəstəlikləri də mövcud olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, mərhum Vidadi Məlikovda daha əvvəldən həyat sığortası şəhadətnaməsinin 1-ci vərəqində sadalanan hər hansı xəstəlik olmamışdır. Bununla bağlı cavabdeh məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, apellyasiya icraatı zamanı təyin olunmuş tibbi ekspertizalar zamanı da müəyyən olunmamışdır. Lakin, mərhum şəhadətnamənin 5-ci vərəqində göstərilənlərlə tanış edilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Belə ki, həmin vərəq mərhum tərəfindən imzalanmamış, sənədin əsli təqdim olunmamışdır. Hesab edirlər ki, həmin sənəd sonradan tərtib olunmaqla, sığorta ödənişinin verilməsindən yayınmaq məqsədi güdmüşdür. Həmçinin qeyd edirlər ki, kredit müqaviləsi 15 yanvar 2021-ci il tarixdə bağlanmış, kreditin məbləği 53000 manat təşkil etmiş, mərhum 4 ay müddət ərzində müəyyən olunmuş cədvəl üzrə kredit ödənişlərini həyata keçirmiş, lakin 12 may 2021-ci il tarixdə qəflətən vəfat etmişdir. Həmin tarixə isə kreditin borcunun məbləği təqribən 52272,66 manat təşkil etmişdir. Bu hal ödəniş cədvəlindən də aydın görünür. Sığorta müqaviləsinə əsasən ümumi sığorta məbləği 53000 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, Bank "xxxx" ASC ilə iddiaçının mərhum X1 ilə arasında 15 yanvar 2021-ci il tarixli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən müvafiq yaşayış sahəsinin alınması məqsədilə sonuncuya 240 ay müddətinə, illik 4 faiz hesablanmaqla 53000 manat kreditin verilməsi, bu məqsədlə X4 ipoteka kreditləri üzrə borc alanların həyat sığortası növü üzrə 15 yanvar 2021-ci il tarixli MAP-219182 saylı həyat sığortası şəhadətnaməsi əsasında Cavabdeh Sığorta Şirkəti ASC-də sığorta olunması, sığortanın qüvvədə olma müddətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2041-ci il tarixədək, sığorta haqqının isə 53000 manat müəyyən olunması, X2 xx.xx.2021-ci il tarixdə «dəqiqləşdirilməmiş koma, beyin ödemi» diaqnozu ilə vəfat etməsi işin mübahisələndirilməyən hallarıdır. Bununla yanaşı işdən görünür ki, iddiaçı, ərinin ölümü ilə bağlı müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Sığorta Şirkəti ASC-yə məlumat vermiş, lakin sığorta ödənişi verilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən – müvafiq sığorta ödənişinin verilməsindən imtnaya qanuni əsasların olmamasını göstərimişdir. Cavabdehin etirazına (apellyasiya şikayətinin dəlillərinə) əsasən isə iddiaçının mərhum əri sığorta müqaviləsi bağlanan zamanı xəstəlikləri barədə yanlış məlumat vermişdir. Belə ki, V.V.Məlikov ilə sığorta müqaviləsi bağlanan zaman ona ərizə forması təqdim olunmuş, ərizədə müxtəlif xəstəlik adları sadalanmaqla «Siz aşağıda adları çəkilən xəstəliklərə tutulmusunuzmu?»; «Yuxarıda qeyd olunmayan hər hansı xəstəliyiniz və ya travmalarınız varmı?»; sair suallarına V.V.Məlikov «xeyir» cavabını vermişdir. Həmçinin V.V.Məlikov qeyd olunan ərizədə sığorta üzrə olan bütün müddəaların həqiqətə uyğunluğunu və doğruluğunu təsdiq etmiş, o cümlədən ərizə yalan olduğu və ya riskin düzgün qiymətləndirilməməsi halında Sığorta Şirkətinin imzalanmış müqaviləni ləğv etməyə ixtiyarı olduğunu təsdiq etməklə ərizəni imzalamışdır. Lakin Azərbaycan Respublikası SN Tibb Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli xx/xx-1424 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, V.V.Məlikovda 2015-ci ildən «Hipertoniya xəstəliyi. Xroniki pielonefrit. Xroniki böyrək çatışmazlığı İİ-İİİ mərhələ» xəstəlikləri mövcud olmuş və ona müalicə tədbirləri başlanmışdır. Göründüyü kimi, V.V.Məlikov xeyrinə sığorta müqaviləsi bağlanan zaman ona təqdim olunmuş ərizədə heç bir xəstəliyinin olmamasını bəyan etməklə əslində mövcud olan «Hipertoniya xəsitəliyi, İİ mərhələ, xroniki böyrək çatışmazlığı V mərhələ, renal anemiya» və sair xəstəlikləri barədə sığortaçıya qəsdən yanlış məlumat vermiş, nəticədə sığortaçını sığorta riskini qiymətləndirmək hüququndan məhrum etmişdir. Baxılan halda, V.V.Məlikov qəsdən yanlış məlumat verməklə Mülki Məcəllənin və yuxarıda adı qeyd olunan Qaydaların tələblərini pozmuşdur. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, sığorta şəhadətnaməsinin ilk səhifəsində “sığortalı (sığorta olunan) sığorta müqaviləsi bağlanan zaman özünün aşağıda sadalanan şəxslər siyahısına aid olmadığını bəyan edir” formada qeyd vardır. Həmin qeyddə göstərilmişdir ki, aşağıda göstərilən şəxslər siyahısına aid olan şəxslərlə bağlanmış sığorta müqavilələri bağlandığı andan etibarsızdır. 1) 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar 2) İ və İİ qrup əlillər 3) narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserdə qeydiyyatda olan şəxslər 4) hepatit C, onkoloji, xronoki ürəkdamar xəstəliklərindən əziyyət çəkən şəxslər, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan şəxslər. Həmçinin qeyd edilməlidir ki, «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları»nın (bundan sonra, Qaydalar) 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır. 4.3.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar, 4.3.2. İ və İİ qrup əlillər, 4.3.3. narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserdə qeydiyyatda olan şəxslər, 4.3.4. hepatit C, onkoloji, xronoki ürəkdamar xəstəliklərindən əziyyət çəkən şəxslər, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan şəxslər. Göründüyü kimi sığorta şəhadətnaməsinin birinci səhifəsində göstərilən hallar, həmçinin Qaydalarda göstçərilənlərlə də eynilik təşkir edir. İddiaçı bildirmişdir ki, tibbi sənədlərdə iddiaçının sığorta müqaviləsinin 1-ci səhifəsində sadalanan xronoki ürəkdamar xəstəlikləri kateqoriyasına aid olan – “Hipertoniya və hər iki mədəciyin hipertrofiyası” xəstəliyi mövcud olmuşdur. Apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması istiqamətində məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. Daxıil olmuş, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin 435/KEŞ nömrəli rəyindən görünür ki, tibbi sənədlərə əsasən Cavabdeh Sığorta Şirkəti ASC ilə X4 arasında həyat sığortası müqaviləsi bağlanan zamanı sonuncuda 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı həyat sığortası şəhadətnaməsinin 1-ci səhifəsində sadalanan xəstəliklərdən hər hansı biri onda müəyyən edilməmişdir. Eyni zamanda X2 xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi müəyyən olunmamışdır. Göründüyü kimi, ekspertiza rəyi ilə də iddiaçının mərhum ərinin həyat sığortası müqaviləsi bağlanan zamanı 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı həyat sığortası şəhadətnaməsinin 1-ci səhifəsində sadalanan xəstəliklərdən, xüsusilədə xroniki ürəkdamar xəstəliklərindən əziyyət çəkdiyi müəyyən olunmamışdır. Belə olan halda, cavabdehin bu istiqamətdə etirazları əsassız olmaqla, işdə olan sübutlarla təqdiq olunmur. Cavabdeh apellyasiya şikayətində həmçinin sığorta şəhadətnamənin 5-ci səhifəsinə əsaslanaraq, iddiaçının mərhum əri tərəfindən orada salanan xəstəliklərin onda olmamasını bəyan etməsini, lakin həmin xəstələiklərdən “xroniki böyrək xəstəliyinin” olmasını, beləliklə yanlış məlumat verməsini göstərmişdir. Məhkəmə kollegiyası qəbul edir ki, iddiaçının mərhum ərində sığorta şəhadətnamənin 5-ci səhifəsində sadalanan xəstəliklərdən “Diabetik nefropatiya. Xroniki böyrək xəstəliyi” mövcud olmuşdur (bu hal yuxarıda qeyd olunan tibbi ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur). Lakin, cavabdeh sığorta şəhadətnamənin 5-ci səhifəsinin iddiaçının mərhum ərinə təqdim olunmasını, sonuncunun onunla tanış olmasını və onda həmin xəstəliklərin olmamasını bəyan etməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, işdə olan 15 yanvar 2021-ci il tarixli, MAP-219182 saylı həyat sığortası şəhadətnaməsinin 5-ci səhifəsi bir halda imzasız, digər halda isə kserosurət formasında təqdim edilmişdir. Cavabdehin nümayəndəsi həmin səhifənin iddiaçının mərzum ərinin imzası ilə təsdiq olunmuş əslini məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, həm də Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir (Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu 13 iyun 2008-ci il tarixli Qərarında da qeyd etmişdir ki, MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və s. sənəd və materiallardır. Bu mənada qeyd olunmalıdır ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin, mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, mülki işə əlavə edilmiş yuxarıda göstərilən yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir. Beləliklə, istər qanunverciliyin tələblərinə, istərsə də Konstitusiya Məhkəməsinin Plenumunun çoxsaylı qərarlarındakı hüquqi mövqeyinə görə - yazılı sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin əlavə olunmaması həmin sənədin sübut kimi qəbul edilməsini istisna etməklə, iddia tələbinin əsasını təşkil edə bilməz. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Bununla yanaşı, qeyd edilməlidir ki, sığorta ödənişinin verilməsindən imtinanı nəzərdə tutan Qaydaların 18.1, 18.2-ci maddələrinin, həmçinin Qaydaların 4.3-cü və digər normalarının müqayisəli təhlili onu deməyə əsas verir ki, Qaydaların 4.3-cü bəndində (eləcə də sığota şəhadətnaməsinin 1-ci səhifəsində sadalanan hallar) göstərilən əsasların mövcudluğu özü-özlüyündə sığorta ödənişinin verilməsindən imtinaya birmənalı əsasdır (həmin halların mövcudluğu ümumiyyətlə sığorta müqaviləsinin etibarsızlığına əsasdır). Lakin, sığortaçının özünün müəyyənləşdirdiyi xəstəliklər sıyahısında (sığorta müqaviləsinin 5-ci səhifəsi) göstərilən hər hansı halın mövcudluğu özü-özlüyündə sığorta müqaviləsinin etibarsızlığına, dolayısı ilə sığorta ödənişinin verilməsindən imtinaya əsas ola bilməz. Qaydaların 18.1 və 18.1.3-cü bəndlərinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir Qaydaların 18.2-ci bəndinə əsasən bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Cavabdeh isə müvafiq məlumatların verilməməsində iddiaçının mərhum ərinin təqsirinin olmasını bilidrsə də, bu hal işdə olan sübutlarla tam təkzib olunur. Eyni zamanda işdə olan ölüm haqqında şəhadətnamədən də göründüyü kimi, ölümün səbəbi böyrəklə bağlı xəstəlikdən deyil, “dəqiqləşdirilməmiş koma. Beyin ödemi” ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, həmçinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq, qeyd edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, kredit müqaviləsindən və əlavə kimi razılaşdırılmış ödəniş cədvəlindən görünür ki, iddiaçının əri vəfat edən anda kreditin qalıq məbləği 52272,66 manat təşkil etmişdir. Həyat sığortası şəhadətnaməsinin “Sığorta məbləği” hissəsində qeyd edimişdir ki, sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 53000 manat təşkil edir. Növbəti aylar üçün ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cəlvəlinə uyğun olaraq müəyyən edilir. Görünüdüyü kimi, kimi birinci instansiya məhkəməsi ödənilməli olan sığorta məbəlğini sığorta hadisəsi baş verdiyi anda ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cəlvəlinə uyğun olaraq 52272,66 manat həddində müəyyən etməkdə də haqlı olmuşdur. Cavabdeh isə etirazının (həmçinin apellyasiya şikayətinin dəlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, birinci instansiya məhkəmənin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «həyat sığortası məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Məhkəməsinin 01 oktyabr 2021ci il tarixli, 2(006)-5714/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)- 5714/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1717/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1717/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver