Məhkəmə qərarları › İş №2(103)-1717/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1717/2023

03.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1717/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqının ödənilməsi barədə" iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: 10 nəfər iddiaçı iddia edir ki, cavabdeh ilə aralarında olan razılaşmaya əsasən 2016-cı ilədən etibarən Gəncə şəhərinin su və kanalizasiya sisteminin bərpası işlərinə cəlb olunublar, müəyyən işlər görüblər, lakin cavabdeh onların əmək haqqını ödəməyib. İddiaçılardan yalnız 1 nəfər - İddiaçı2 cavabehlə əmək münasibəti olub, digər iddiaçılar ilə əmək müqaviləsi bağlanmayıb. Cavabdehin verdiyi, əmək haqqı borcu barədə arayışa (cidl 1, iş v. 196) görə əmək haqqı borcu aşağıdakı kimidir: 1) İddiaçı6 (maşinist) - 2.000 manat; 2) İddiaçı10 (sürücü) - 4.000 manat; 3) İddiaçı2 (layihə rəhbəri) - 45.104 manat; 4) İddiaçı1 (tikinti üzrə konsultant) - 37.460 manat; 5) İddiaçı3 (maşinist) - 9.494 manat; 6) İddiaçı7 (sürücü) – 2.726 manat; 7) İddiaçı9 (maşinist) – 8.848 manat; 8) İddiaçı8 (maşinist) - 10.792 manat; 9) İddiaçı5 (maşinist) - 11.278 manat; 10) İddiaçı4 (maşinist) - 12.778 manat. Bu məbləğin cəmi 144.480 manat təşkil edir. İddia ərizəsində 4.000 manat az – 140.480 manat tələb olunub. İddiaçılardan biri - İddiaçı2 apellyasiya icraatı zamanı ərizə verərək (cild 2, iş v. 227) bildirib ki, 4.000 manat səhv olaraq artıq göstərilib, ona ödənilməli olan məbləğ 45.104 manat deyil, 41.104 manatdır. Bu hesabla ümumi əmək haqqı borcu 140.480 manat təşkil edir. Tələb və onun həlli: İddia ərizəsində 10 nəfər iddiaçıya olan ümumi əmək haqqı borcu kimi 140.480 manat tələb olunub. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, 140.480 manat cavabdehdən iddiaçıların xeyrinə tutulsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Bundan əvvəl işə 2 dəfə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nərimanov RM-nin qətnaməsi ləğv olunub, iddia qismən təmin olunub, 2.298,71 manat pulun cavabdehdən İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissəsinin isə rədd olunması qət olunub. Bu qətnamə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə qismən – iddianın təmin olunmamış hissəsində ləğv edilib və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Nərimanov RM-nin qətnaməsi apellyasiya qaydasında baxılan hissədə ləğv edilib və həmin hissədə iddia təmin olunub. Bu qətnamə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib. Məhkəmə iclasında iştirak cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsinin qətnaməsi kassasiya instansiya məhkəməsinin qərarı ilə yeni apellyasiya baxışına göndərilən hissədə yoxlanılır. Yoxlanılan hissə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Əmək - insanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai cəhətdən faydalı fəaliyyətidir. Bu baxımdan “əmək” anlayışı yalnız əmək hüququna deyil, həm də mülki hüquqa aiddir. Belə ki, mülki-hüquqi müqavlələrin (podrat, tapşırıq və s.) əsasında müqavilə tərəfinin əməyi dayanır. Əgər əmək sərf olunubsa, onun haqqı ödənilməlidir. Əmək müqaviləsinin olmaması əks tərəfi (xeyrinə əmək sərf edilmiş tərəfi) əməyin haqqını ödəmək vəzifəsindən azad etmir. Mülki Məcəllənin 529.1-ci maddəsinə görə, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdehin verdiyi, əmək haqqı barədə arayış (cild 1, iş v. 196) həmin maddənin məqsədi baxımından kreditorun (cavabdehin) icranı qəbul etdiyini təsdiq edən sənəd sayılır. Yəni iddiaçılar cavabdehin xeyrinə əmək sərf ediblər, cavabdeh həmin əməyi (icranı) qəbul edib və bu əməyi (icranı) arayışda göstərilən məbləğdə qiymətləndirib. Mülki Məcəllənin 529.2-ci maddəsinə görə, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Odur ki, cavabdeh sübut etməlidir ki, iddiaçılar onun xeyrinə həmin arayışda göstərilən məbləğdə (qiymətdə) əmək sərf etməyiblər. Lakin cavabdeh bu barədə sübut təqdim etməyib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/793-5/795 nömrəli ekspert rəyinə görə, həmin sənəddə (əmək haqqı borcu barədə arayışda) çap mətni və sənəddə olan əlyazma mətni, imzalar, möhür əksi ayrı-ayrı vaxtlarda icra olunmuşdur (cild 2, iş v. 6). Lakin sənəddəki müxtəlif elementlərin icra tarixinin fərqli olması həmin sənədin saxta olduğunu təsdiq etmir. Sənəddəki möhür və imzalar cavabdehə aiddir, sənədin mətninin (çap mətni və əlyazma mətninin) möhür və imzaların icrasından sonra icra edildiyi müəyyən olunmur, ona görə sənəd həqiqi sayılır. Tərəflərin münasibəti podrat münasibəti kimi qiymətləndirilməlidir. Belə ki, işdə olan sübutlar həmin münasibətin başqa münasibət adlandırmağa imkan vermir. Ona görə də məhkəmə Mülki Məcəllənin 752-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçıların sərəf etdiyi əməyin (gördükləri işin) haqqı cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib (cild 2, iş v. 37). İddia müddətinin keçdiyini cavabdeh sübut etməlidir. Bunun üçün isə o, əməyə görə haqqın ödənilməli olduğu vaxtı bildirməli və bu vaxtın öhdəliyin icrası vaxtı olduğunu sübut etməlidir. Lakin cavabdeh bunu bildirməyib və sübut etməyib. Ona görə də iddia müddəti keçməyib. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilməli, iddia apellyasiya qaydasında yoxlanılan hissədə təmin edilməli, cavabehdən iddiaçıların xeyrinə əmək haqqı barədə arayışda (cild 1, iş v. 196) göstərilən məbləğdə pul tutulmalıdır. Bu arayışda iddiaçılardan birinə - İddiaçı2 olan əmək haqqı borcu 45.104 manat göstərilib. Həmin şəxs apellyasiya icraatı zamanı ərizə verərək (cild 2, iş v. 227) bildirib ki, 4.000 manatı səhv olaraq artıq göstərilib, ona ödənilməli olan məbləğ 41.104 manatdır (45.104 manat - 4.000 manat = 41.104 manat). Bundan başqa, həmin 41.104 manatın 2.298,71 manatının cavabdehdən İddiaçı2 xeyrinə tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə var. Bu qətnamə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilib, qətnamə həmin hissədə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılıb. Bu hesabla İddiaçı2 ödənilməli olan məbləğ 38.805,29 manat təşkil edir (41.104 manat - 2.298,71 manat = 38.805,29 manat). Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh "xxxx"MMC-dən iddiaçıların xeyrinə aşağıda göstərilən məbləğdə pul tutulsun: 1) İddiaçı6 xeyrinə 2.000 manat; 2) İddiaçı10 xeyrinə 4.000 manat; 3) İddiaçı2 Zülfü oğlunun xeyrinə 38.805,29 manat; 4) İddiaçı1 xeyrinə 37.460 manat; 5) İddiaçı3 Füzuli oğlunun 9.494 manat; 6) İddiaçı7 xeyrinə 2.726 manat; 7) İddiaçı9 xeyrinə 8.848 manat; 8) İddiaçı8 xeyrinə 10.792 manat; 9) İddiaçı5 xeyrinə 11.278 manat; 10) İddiaçı4 xeyrinə 12.778 manat. Ekspertiza xərci olan 61,52 manat cavabdeh "xxxx"MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar