Məhkəmə qərarları › İş №2(103)-1718/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1718/2025

03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1718/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“aliment”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2255/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı saxlanılmasına görə Cavabdeh boşanma barədə mediasiya təklifinin göndərildiyi xx.xx.2023-cü il tarixindən hesablanmaqla hər ay razılaşdırılmış pul məbləğində - 2500 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş, nikah 312 №li aktla qeydiyyata alınmışdır. Birgə nikah dövründə iddiaçı və Cavabdeh tərəfindən müxtəlif əmlaklar əldə edilmiş, həmin əmlaklar ümumi mülkiyyətdə olmuş və birgə istifadə olunmuşdur. Son bir il ərzində iddiaçı və Cavabdeh arasında münasibətlər kəskin pisləşmiş, boşanma həddinə çatmış, tərəflərin ayrılması ilə bağlı müzakirələr getmişdir. Ailədaxili müzakirələr zamanı tərəflərin boşanması qərara alınmış, ümumi birgə mülkiyyətdə olan əmlaklarının bölünməsi ilə bağlı mübahisələr yaranmışdır. Bundan narahat olan Cavabdeh ümumi birgə mülkiyyətdə olan əmlaklarını iddiaçıdan xəbərsiz özgəninkiləşdirmiş, iddiaçını əmlaksızlaşdırmağa çalışmışdır. Hal-hazırda tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi üzrə məhkəmə mübahisələri davam etməkdədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Tərəflər arasında həm boşanma, həm də əmlak bölgüsü ilə bağlı mübahisələr davam edən zaman dəfələrlə danışıqlar aparılmış, cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçıya davamlı təzyiqlər olmuşdur. Tərəflər ayrılmaq ərəfəsində olduqları zaman cavabdeh iddiaçının saxlanılması üçün hər ay 2500 manat aliment ödəyəcəyini bildirmiş, bu məsələnin digər mübahisələrə aidiyyətini olmadığını bildirmişdir. Bununla belə, cavabdeh bu sözünü tutmamış, digər məsələlərdə olduğu kimi alimetlə bağlı da iddiaçını aldatmışdır. Qeyd olunmalıdır ki, iddiaçı 30 il ərzində cavabdehin həyat yoldaşı kimi onun və ailəsinin qulluğunda durmuş, onlara baxmış, ailə təsərrüfatlarına nəzarət etmiş və qorumuşdur. Bu səbəbdən, bu illər ərzində əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, özü üçün karyera qurmaq və qazanc mənbəyi təmin etmək imkanından məhrum olmuşdur. Bu səbəbdən, iddiaçının maddi təminatının təmin edilməsi və saxlanılması üçün cavabdeh tərəfindən ona aliment ödənilməlidir.

2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2255/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 85, 86; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Nəzifə Paşa qızı ilə Cavabdeh 27 sentyabr 1992-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(009)-199/2024 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən özünün saxlanılması üçün alimentin məhkəmə qətnaməsi əsasında alınaraq iddiaçıya ödənilməsini tələb edir. Hazırda iddiaçı qanunvericilikdə müəyyən edilən və ona şamil edilə bilən halların olmasını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - iş materiallarına əlavə edilmiş Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ seriyalı, 290164 nömrəli nikah haqqında şəhadətnamənn surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 27 sentyabr 1992-ci il tarixdə nikah bağlanmış və həmin nikah 362 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına "Yaqubova” soyadı verilmişdir; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(009)-199/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 sentyabr 1992-ci il tarixdə Yevlax şəhər VVAQ şöbəsində bağlanmış və 362 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2255/2024 nömrəli Qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2.1, 85.1; Mülki-Prosessual Məcəlləsinin 218.1, 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) ilə xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş, nikah 312 №- li aktla qeydiyyata alınmışdır. Birgə nikah dövründə iddiaçı və Cavabdeh tərəfindən müxtəlif əmlaklar əldə edilmiş, həmin əmlaklar ümumi mülkiyyətdə olmuş və birgə istifadə olunmuşdur. Son bir il ərzində İddiaçı və Cavabdeh arasında münasibətlər kəskin pisləşmiş, boşanma həddinə çatmış, tərəflərin ayrılması ilə bağlı müzakirələr getmişdir. Ailədaxili müzakirələr zamanı tərəflərin boşanması qərara alınmış, ümumi birgə mülkiyyətdə olan əmlaklarının bölünməsi ilə bağlı mübahisələr yaranmışdır. Bundan narahat olan Cavabdeh ümumi birgə mülkiyyətdə olan əmlaklarını iddiaçıdan xəbərsiz özgəninkiləşdirmiş, iddiaçını əmlaksızlaşdırmağa çalışmışdır. Hal-hazırda tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi üzrə məhkəmə mübahisələri davam etməkdədir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Tərəflər arasında həm boşanma, həm də əmlak bölgüsü ilə bağlı mübahisələr davam edən zaman dəfələrlə danışıqlar aparılmış, cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçıya davamlı təzyiqlər olmuşdur.Tərəflər ayrılmaq ərəfəsində olduqları zaman cavabdeh iddiaçının saxlanılması üçün hər ay 2500 manat aliment ödəyəcəyini bildirmiş, bu məsələnin digər mübahisələrə aidiyyətini olmadığını bildirmişdir. Bununla belə, cavabdeh bu sözünü tutmamış, digər məsələlərdə olduğu kimi alimentlə bağlı da iddiaçını aldatmışdır. Qeyd olunmalıdır ki, iddiaçı 30 il ərzində cavabdehin həyat yoldaşı kimi onun və ailəsinin qulluğunda durmuş, onlara baxmış, ailə təsərrüfatlarına nəzarət etmiş və qorumuşdur. Bu səbəbdən, bu illər ərzində əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, özü üçün karyera qurmaq və qazanc mənbəyi təmin etmək imkanından məhrum olmuşdur.Bu səbəbdən, iddiaçının maddi təminatının təmin edilməsi və saxlanılması üçün cavabdeh tərəfindən ona aliment ödənilməlidir. Məsələ ilə bağlı Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Buna baxmayaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(009)-2255/2024 nömrəli Qətnaməsi ilə iddia təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin bu qərarı əsassız və qanunsuz hesab edilərək ləğv edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi qanunvericiliyin bu normalarını hərtərəfli araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Bundan əlavə, tərəfindən məhkəməyə bildirilmişdir ki, cavabdeh onun - yəni iddiaçının saxlanılması üçün hər ay 2500 manat aliment ödəyəcəyi vədini vermişdir. Bu vəd cavabdehin iddiaçının hazırkı maddi vəziyyətini və ona maliyyə dəstəyinin zəruri olduğunu qəbul etdiyini birbaşa təsdiq edir. Cavabdeh tərəfindən verilən bu vəd, onun iddiaçıya qarşı saxlanılma öhdəliyini könüllü şəkildə qəbul etdiyini nümayiş etdirir və aliment tələbini daha əsaslı edir. Məhkəmə bu məsələyə münasibət bildirməmiş və araşdırmamışdır. İddiaçı 30 il ərzində cavabdehin həyat yoldaşı olaraq onun və ailəsinin qayğısına qalmış, ailə təsərrüfatını idarə etmiş, eyni zamanda ailənin rifahı və məişət şəraitinin yaxşılaşdırılması üçün çalışmışdır. Bu uzunmüddətli dövrdə iddiaçı ailədaxili öhdəlikləri yerinə yetirmək üçün bütün vaxtını və gücünü sərf edərək əmək fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum olmuşdur. İddiaçı cavabdehin və ailəsinin ehtiyaclarını təmin etməklə öz şəxsi peşəkar inkişafını kənara qoymuş, bu səbəbdən müstəqil qazanc əldə etmək üçün zəruri olan bilik, bacarıq və təcrübə imkanını itirmişdir. Bu vəziyyət iddiaçının hazırkı əmək qabiliyyətinin və maddi təminatının məhdud olmasına gətirib çıxarmışdır. Uzun müddət ailə təsərrüfatına tam məsuliyyət daşıması onun əmək bazarına çıxmaqda çətinlik çəkməsinə səbəb olmuş, nəticədə o, maddi ehtiyac içərisində qalmışdır. Odur ki, məhkəmənin iddiaçının hazırkı vəziyyətini yetərincə araşdırmaması, onun maddi imkanları, əmək qabiliyyəti və ehtiyacları barədə hərtərəfli təhlil aparmaması iddiaçının hüquqlarının pozuntusuna və əsassız qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Bakı Şəhəri Səbail Rayon məhkəməsi də mövcud məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir. Hesab edir ki, analoji qaydada normanın tətbiqi ilə məhkəmənin mövqeyi qanuna zidd hesab olunmalıdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

5. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). 85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 119.1, 216, 217, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəm kollegiyası hesab edir ki, məhkəmə sadaladığı hallar üzrə əsaslı nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, əmək qabiliyyəti və maddi təminatı məhduddur. Qanunvericiliyin tələbinə əsasən, nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin, iddiaçı tərəfindən bu halları sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi üçün əsaslar müəyyən edilmir.

10. Apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2255/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar