Məhkəmə qərarları › İş №2(103)-1721/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1721/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1721/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil Ehtiram oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(004)-5128/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qardaşı X3 “İnstagram” sosial şəbəkəsi üzrə qeydiyyata alınmış, ona məxsus olan “kenan_zeynal__”adlı hesab vasitəsilə eyni platformada qeydə alınmış, ictimaiyyətə açıq “Patrul.az” adlı səhifədə 2 iyun 2024-cü il tarixində “X13” MMC barəsində paylaşılan videonun altına onun (idiaçının) şərəf və ləyaqətinə müxtəlif formada nalayiq ifadələr ünvanladığını iddia edir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, İddiaçı isə "X13" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünasıdır. İş materiallarında olan çıxarışa (şəkil) əsasən Cavabdeh tərəfindən yazılması iddia olunan müvafiq rəy (komment) əlavə edilmişdir. İş materiallarında olan mübahisə predmeti üzrə müvafiq yazışmaları, video görüntüləri özündə əks etdirən CD disk əlavə edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya göndərərək “İnstagram” sosial şəbəkəsində “Patrul.az” adlı səhifədə 2 iyun 2024-cü il tarixində “X13” MMC barəsində paylaşılan videonun altına onun (iddiaçının) şərəf və ləyaqətinə müxtəlif formada nalayiq ifadələrə görə ondan həmin ifadələrin yazıldığı “İnstagram” səhifəsi və öz şəxsi “İnstagram” səhifəsi vasitəsi ilə üzr istənməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən xəbərdarlığı aldığı tarixdən 3 gün müddətində silinməsi və mənəvi ziyana görə 6666 manat ödənilməsini təklif etmiş, əks təqdirdə bu və əlavə ziyan və xərclərin məhkəmə vasitəsi ilə tələb olunacağını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşı X6 “İnstagram” sosial şəbəkəsi üzrə qeydiyyata alınmış, ona məxsus olan “kenan_zeynal__” adlı hesab vasitəsilə eyni platformada qeydə alınmış, ictimaiyyətə açıq “Patrul.az” adlı səhifədə 2 iyun 2024-cü il tarixində “X13” MMC barəsində paylaşılan videonun altına iddiaçının şərəf və ləyaqətinə müxtəlif formada nalayiq ifadələr ünvanlanmışdır. Belə ki, cavabdeh “Sen kimi ne ile iddiham edirsen ae caqqal? Sağda solda ulayirsan bas qosmuram sene. Babanın adını yazanda balaca heriflerle yazarsan menim yox. Calis basından boyuk poxlar yemeyesen, 38 ölculu ayağımı sene yeriderem. Bilirsen deyirem ve edirem!” kimi şəxsiyyəti aşağılayan təhqiredici ifadələr səsləndirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın təmin olunmamasını xahiş etmiş, izahatında göstərmişdir ki, ilkin olaraq təqdim edilən profil və onun öz profilinin adı eyniyyət təşkil etmir, bir hərf fərqi ilə fərqlənir. Bundan əlavə, cavabdeh 1.90 boyundadır və ağlabatan olaraq 38 ölçü ayaqqabı geyinmir. Güman edir ki, həmin rəy qadın tərəfindən yazılmışdır, iddia tələbi qərəzlidir və bu hadisələr onun işgüzar nüfuzunu ləkələmək üçün törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(004)- 5128/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh eyni sahədə fəaliyyət göstərən, rəqib olan iki şirkətin nümayəndələridir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, İddiaçı isə "X13" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünasıdır. Tərəflər arasında daha öncə də məhkəmə mübahisələri olmuşdur. İddiaçı Cavabdeh qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların təkzib olunması, üzr istənilməsi, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İnstagram” sosial şəbəkəsində “Patrul.az” səhifəsində iddiaçının ünvanına şərəf və ləyaqətini ləkələyən ifadələr yazılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə iddiaçının ünvanına yazılmış şərəf və ləyaqətini ləkələyən ifadələrin “kenan_zeynal ” adlı istifadəçi tərəfindən yazıldığı görünür. Daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video yazıda həmin ifadələrin “kanan_zeynal ” adlı istifadəçi tərəfindən yazıldığı görünür. İddiaçı tərəfindən həmçinin məhkəməyə "X13" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və “kenan_zeynal ” adlı istifadəçi arasında olmuş yazışmalar (smslər) təqdim edilmişdir. Cavabdeh məhkəmə baxış iclasında iştirak edərək ifadəsində bildirmişdir ki, iddia tələbini qəbul etmir, ilkin olaraq təqdim edilən profil və onun öz profilinin adı eyniyyət təşkil etmir, bir hərf fərqi ilə fərqlənir. Bundan əlavə, cavabdeh 1.90 boyundadır və ağlabatan olaraq 38 ölçü ayaqqabı geyinmir. Güman edir ki, həmin rəy qadın tərəfindən yazılmışdır, iddia tələbi qərəzlidir və bu hadisələr onun işgüzar nüfuzunu ləkələmək üçün törədilmişdir. İlkin dispozitiv şərt, yəni cavabdehin təqsirinin olması hazırki mülki iş üzrə öz təsdiqini tapmır. İlkin olaraq “kenan_zeynal ” hesabının cavabdehə məxsus olması, daha sonra isə rəyin birbaşa cavabdeh tərəfindən yazılması sübuta yetirilməlidir. Belə ki, təqdim edilmiş fotoşəkildə görünən “kenan_zeynal ” adlı istifadəçi və təqdim edilmiş video yazıda əks olunan “kanan_zeynal ” adlı istifadəçinin eyni şəxs olması ehtimal olunur. Videoyazıya əsasən məlum olur ki, hər iki hesab eyni fotoşəkilləri paylaşmışdır, eyni məlumatlar əks olunmuşdur. Yeganə fərq hərf (e-a) fərqidir. İnstagram sosial şəbəkəsində eyni, oxşar ad soyada sahib mövcud olan başqa hesablar yoxdur. Təqdim edilmiş çıxarışdan müəyyən olunur ki, rəy yazmış hesabın adı “kanan_zeynal ” olsa da, daha öncə həmin hesabı (adı) işarələmiş şəxs tərəfindən “kenan_zeynal ” yazılmışdır. Güman olunur ki, sosial şəbəkə hesabında profil adının dəyişdirilməsi həyata keçirilmişdir. Lakin, cavabdehin məhkəmə iclasında bildirdiyi kimi, habelə elektron məhkəmə sistemindən də göründüyü kimi və məhkəmə iclasında da müşahidə olunmuşdur ki, cavabdeh olduqca ucaboy şəxsdir və onun həqiqətən də 38 ölçülü ayaqqabı geyinməsi və yaxud 38 ölçü geyinmədiyi halda öz ifadəsində (rəydə) bilərək, öncədən düşünərək daha kiçik ölçü qeyd etməsi ağlabatan deyildir. Məhkəmə qeyd etmişdir ki, delikt əməlini törətmiş şəxsin üzərinə məhkəmə öhdəlik qoya bilər. Yəni, hazırki mübahisə üzrə iddia olunan delikti törətmiş şəxs öz-özlüyündə instagram sosial şəbəkəsi və ya instagram profili deyildir. Delikti iddia olunan fiziki şəxs kimi cavabdeh etmiş ola bilərdi ki, sözügedən rəyin məhz cavabdeh tərəfindən şəxsən yazılması sübuta yetirilmir. Ehtimal oluna bilər ki, həmin rəy cavabdehin profili vasitəsilə üçüncü şəxs tərəfindən yazılmışdır. Lakin, bu xüsusat üçün də cavabdeh öhdəlik daşıya bilməz. Belə ki, şəxsin sosial şəbəkə profili vasitəsilə üçüncü şəxs(lər)in delikt törətməsi (təhqir etmə və s.), profilin üçüncü şəxslərin istifadəsinə verilməsi və neqativ nəticələrə görə profil sahibinin məsuliyyət daşımasının qanuni əsası yoxdur. Profil fiziki şəxs (cavabdeh) və sosial şəbəkə (instagram) arasındakı hüquq münasibətlərinə əsaslanır. Profil sahibi (cavabdeh) ilə digər şəxslər (faktiki istifadə edən şəxslər) arasındakı hüquq münasibətləri isə fərqlidir. Məhkəmə nəzərə alır ki, iddia ərizəsinə əlavə edilmiş mübahisə predmeti üzrə sözügedən fotoşəkillərin saxtalaşdırılması ehtimalı vardır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə əsasən müasir texniki vasitələrdən istifadə edilməklə yazışmalar barədə təqdim edilmiş fotoşəkillərin tamamilə əks istiqamətdə təhrif edilməsinin mümkünlüyü ehtimalı öz əksini tapır. Məhkəmə qeyd etmişdir ki, ağlabatan əsaslarla hazırki mübahisə üzrə məhkəmə faktiki vəziyyətin ehtimal olunan istiqamətlərini görür. Lakin, hakim qanundan asılıdır və yalnız qanun çərçivəsində mübahisəni həll etməklə qanunçuluq prinsipinin tətbiqini təmin etməlidir. Qanunvericilik (normativ) sistemindəki boşluqların aradan qaldırılması, münasibətlərin inkişaf tempinə uyğun olaraq təkminləşdirilməsi hüququ (funksiya) isə qanunverici hakimiyyətə məxsusdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, "X13" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və “kenan_zeynal” adlı istifadəçi arasında olan yazışmalardan mülki iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilmir. Həmin yazışmalarda etiraf əhəmiyyəti kəsb edən nüanslara toxunulmamışdır. Hüquqi dövlət və vətəndaş cəmiyyəti nöqteyi-nəzərindən kütləvi informasiya vasitələrində vulqar ifadələrdən, söyüş ritorikasından istifadə edilməsi milli, mənəvi, hüquqi dəyərlər nəzərə alınmaqla yol verilməzdir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(004)- 5128/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5128/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi əsassız qərar qəbul etmişdir və ləğv edilməlidir. İddiaçı tərəfindən məhkəməyə "X13" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və “kenan_zeynal ” adlı istifadəçi arasında olmuş yazışmalar (smslər) təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, baxış iclasında cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə əsasən müasir texniki vasitələrdən istifadə edilməklə yazışmalar barədə təqdim edilmiş fotoşəkillərin tamamilə əks istiqamətdə təhrif edilməsinin mümkünlüyü ehtimalı öz əksini tapır. Qeyd edilən fotoşəkillər cavabdeh tərəfindən birbaşa olaraq hakimə təqdim edilmişdir, lakin sübutlar müvafiq olaraq elektron məhkəmə kabinetinə yerləşdirilməmiş və buna görə də sübutlar hüquqi prosedura uyğun şəkildə rəsmiləşdirilməmişdir. Eyni zamanda İddiaçı cavabdeh tərəfindən məhkəməyə təqdim olunan həmin sübutlarla tanış olmaq üçün heç bir şərait yaradılmamışdır. Bu, iddiaçının hüquqlarının pozulmasına və onun müvafiq sübutları öyrənməsinə, habelə öz müdafiəsini hazırlamasına mane olmuşdur. Habelə iddiaçı tərəfindən təqdim edilən instagram platforması üzrə yazışmalarla bağlı şahid qismində "X13" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun iclasa çağırılmasını tələb etsə də, hakim tərəfindən bu tələbə əhəmiyyət verilməyərək təmin edilməmişdir. Qeyd edir ki, həmin şərh yazılan gün çalışdığı şirkətin direktoru X1 Kənan Famil oğlunu sosial şəbəkədə şərhlərdə bir-birilərinə qarşı təhqirə yol verməməyə çağırmışdır. Rəşad Qasımova isə Cavabdeh cavabında onun rəhbərlik etdiyi şirkətin İddiaçı tərəfindən balaca hərflərlə yazıldığı üçün, onu təhqir etdiyini etiraf etmişdir. X9 Zeynalovun instagram sosial platformasında olan yazışmanı məhkəməyə sübut kimi təqdim etsə də, hakim buna heç bir əhəmiyyət verməmişdir. Cavabdeh məhkəmə baxış iclasında iştirak edərək məhkəmə çıxışları zamanı ifadəsində bildirmişdir ki, iddia tələbini qəbul etmir, ilkin olaraq təqdim edilən profil və onun öz profilinin adı eyniyyət təşkil etmir. Bu mərhələdə, hakim müvafiq olaraq sosial şəbəkə platformasına və texniki ekspertizaya sorğu göndərməli, həmin məlumatları toplamalı və iddia olunan profilin aidiyyətini düzgün şəkildə müəyyən etməlidir. Bu, məhkəmənin hər iki tərəfin hüquqlarını qoruyaraq, ədalətli qərar qəbul etməsini təmin edərdi. Lakin məhkəmə heç bir araşdırma və ya ekspertiza tələb etmədən cavabdehin verdiyi ifadə əsasında iddia tələbini rədd etmişdir. İddiaçı tərəfindən “Patrul.az” səhifəsinin altına Cavabdeh məxsus profildən təhqir yazıldığını təsdiq edən video görüntü (həmin yazılan şərhə daxil olduqda, şərhi yazan profil istifadəçisinə baxdıqda Cavabdeh aid olduğu) məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə bununla bağlı öz mövqeyi kimi qeyd etmişdir ki, ehtimal oluna bilər ki, həmin rəy cavabdehin profili vasitəsilə üçüncü şəxs tərəfindən yazılmışdır. Sadəcə ehtimala əsaslanaraq bu dəlil məhkəmə tərəfindən araşdırılmamış və yalnız şübhə əsasında qərar çıxarılmışdır. Bununla yanaşı hakim məhkəmə iclası başladığı andan bu iclası təcili yekunlaşdırmalı olduğunu qeyd etmişdir, buna görə də məhkəmə araşdırılması düzgün aparılmamışdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materiallarını və faktlarını tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslı deyildir. Bütün qeyd edilən diqqətəlayiq hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, məhkəmə öz qətnaməsini mötəbər, təkzibedilməz halları nəzərə almadan və əsaslandıra bilmədən qəbul etmişdir. Belə ki, cavabdeh məhkəmə baxış iclasında iştirak edərək ifadəsində bildirmişdir ki, cavabdeh 190 sm boyundadır və ağlabatan olaraq 38 ölçü ayaqqabı geyinmir. Güman edir ki, həmin rəy qadın tərəfindən yazılmışdır. Məhkəmə isə qeyd etmişdir ki, məhkəmə iclasında da müşahidə olunmuşdur ki, cavabdeh olduqca ucaboy şəxsdir və onun həqiqətən də 38 ölçülü ayaqqabı geyinməsi və yaxud 38 ölçü geyinmədiyi halda öz ifadəsində (rəydə) bilərək, öncədən düşünərək daha kiçik ölçü qeyd etməsi ağlabatan deyildir. Burada məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hakim sadəcə məhkəmədə müşahidə etdiyi vizual görünüşlə necə müəyyən edə bilər ki, həmin şəxs 190 sm boyundadır. Məhkəmə burada heç bir sübuta əsaslanmayaraq şəxsin 190 sm olduğunu müəyyənləşdirən heç bir dəlil tələb etmədən cavabdehin mövqeyi ilə razılaşmışdır. Məhkəmə burada yalnız cavabdehin düzgün olmayan izahatına əsaslanaraq yekun qərara gəlmişdir. Məhkəmə işin halları üzrə araşdırma apararkən sübutlara, qanunlara, faktlara diqqət etməli idi. Ona görə də Bakı ṣəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5128/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, izahatında göstərmişdir ki, o, hər iki tərəfi çox gözəl tanıyır, 4 ilə yaxındır ki, şirkətlər arasında əmtəə nişanı üstündə müharibə gedir. Hətta iş o həddə çatıb ki, 147 və 148-ci maddələrlə cinayət işinin açıldığı məqamlar var. O, hakim tərəfin vizual görünüşünə görə qətnaməni əsaslandırmasını görməmiş, bu cür anatomik ekspert kimi çıxış edilərək qətnamə əsaslandırılması onda təəssüf hissi doğurur. Şəxsin öz istifadəçi profili ilə kiminsə şəxsiyyətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatlar paylaşması və bundan sonra məhkəməyə verildiyini bilən kimi dərhal həmin profili dəyişməsi çox asandır. Məhkəmə yerindəcə həmin səhifəyə girişi yoxlaya bilərdi, bütün məhkəmələr internet avadanlıqları, komputerlə təchiz olunub, giriş mümkün idi. Həmin vaxt qeyd etdikləri profil mövcud idi. “Kənan Zeynal” və “Kanan Zeynal” adları arasındakı fərqdən iddianın əsassızlığı kimi imtina edilməsi də onlarda təəssüf doğurur. Həmçinin “Kənan Zeynal” adı eyni profil şəkli ilə müşayiət olunur, bundan başqa keçən il onların müştərilərdən birini kompaniya olaraq onlara qarşı qıcıqlandırıb onları ofisə göndərmişdilər. Həmin müştərinin iyun ayında onlara söylədiklərinin “Patrul.az” səhifəsində videosunun verilməsinə haqlı olaraq mövqelərini bildirmişlər. Belə ki, Əli bəy həmin yazıların "xxxx" MMC-nin direktoru Kənan bəy tərəfindən təşkil olunan şou olduğunu bildirib, ardınca ora birbaşa gələn şərhdə açıq təhqir olunub. Bunun ardınca şirkətin direktoru Kənan bəyin instagram səhifəsindən yazmağa başlamışdır. Yazıb ki, həmin kommentariyanı oxuyan analar, bacılar, övladlar var, yaxşı olardı ki, bu kimi ifadələrə yer verilməsin. Profilin adın göy xətlə görsənməsi o deməkdir ki, şəxsiyyət verifikasiya edilib. Profil şəklinin eyniliyi də istifadəçilərin eyni şəxs olmasını təsdiq edir. Yəni bir hərf fərqinin olması, şəxsin cavabdeh olmaması ehtimalını gücləndirmir. Əksinə məhkəmə burda ən azından tərəflərə barışıq təklif edə bilərdi, şirkətlər arasında münaqişə var, bir-birilərinə nifrət edirlər, bəlkə yazı emosionallıqdan irəli gələrək yazılmışdır. Məhkəmənin sadəcə burda profilin eyni şəxsə məxsus olmaması arqumentinə gəlməsi və cavabdehin “boyum 1.90 sm-dir, mən 38 nömrə ayaqqabı geyinmirəm” deyilməsi belə öz növbəsində iddianın etirafıdır. Cavabdeh utanmadan işlətdiyi təhqiramiz ifadəni boyu ilə ayaqqabısının ölçüsü ilə inkar edir. Nə üçün həmin profildən yazılan şərhə “Sənan Zeynalov” reaksiya verir? Çünki cavabdehin qardaşıdır. Bundan başqa Cavabdeh etiraz arqumentini məhkəmə elə bəzəyib əsaslandırma aparmışdır ki, elə bil Cavabdeh vəkillə təmsil edilir. Məhkəmə qeyd edir ki, mümkündür ki, profil eyni şəxsin olsun, lakin yazının eyni şəxs tərəfindən yazıldığı təsdiq edilmir. Ola bilsin ki, profil üçüncü şəxsin əlinə keçsin. Profildə onların bütün şəxsi məlumatları əks olunur, ola bilməz ki, o başqa şəxsin əlinə keçsin. Şəxsin məsuliyyətdən yayınmaq üçün bu formada davranması və məhkəmənin buna istinad etməsi təəssüf doğurur. Məhkəmənin bu məsələyə belə laqeyd yanaşması və əsaslandırmaqda acizlik göstərməsi onları təəssüfləndirir. Məhkəmənin arqumentlərindən biri də odur ki, təqdim olunan yazı saxta və fotoşop ola bilər, müasir avandanlıqlarla düzəldilmiş ola bilər. Bunu ekspertiza müəyyən etməlidir. Bu məsələni aydınlaşdırmaq üçün məhkəmə mütəxəssis cəlb edə bilərdi. Telefonun axtarış yerində “kenan_zeynal” da yazanda “kanan_zeynal” profili çıxır, “kanan_zeynal” da yazsaq yenə bu profil çıxır. Mavi rəngli işarə verifikasiya işarəsidir, bu işarə qeydiyyatdan şəxsiyyət vəsiqəsi ilə keçəndə verilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsində iddiaçı onun Rəşad Qasımovla olan yazışmasını məhkəməyə gətirmişdi ki, guya həmin yazışmada hansısa etiraflar var. Məhkəmə iclasına sədrlik edən həmin yazışmaya nəzər salıb bildirmişdir ki, burda iddiaçıdan söhbət getmir yaxud onun barəsində danışılmır. O, Rəşad Qasımovla real həyatda görüşüb ümumiyyətlə hansısa mövzu barəsində söhbət belə etməmişdir. O, sübut qismində gətirilən yazışmaların mötəbərliyi barəsində də fikir bildirməyib qeyd etmişdir ki, bəli o, ümumi məsələ barəsində söhbət aparmışdır. Zalda xahiş etmişdir ki, orda İddiaçı barəsində hansı söhbət aparıldığını göstərin, məlum oldu ki, heç bir söhbət aparılmayıb. İndi hansısa səbəbdən iddiaçı tərəf Rəşad Qasımovun dindirilməsini istəyir. Bildirir ki, X12 Quluzadənin işlədiyi şirkətin rəhbəridir. Həmin şirkətlə də onun şirkəti arasında artıq 4 ilə yaxındır ki, kəskin şəkildə və düşmənçilik həddində ədavət vardır. İşçilər arasında və rəhbərlik arasında belə sataşmalar var. Bu gün onun işçiləri də fərdi qaydada şikayətlər edirlər. Onlar buna səbəb olurlar ki, onun işçiləri sıxılsın və ona müraciət etsinlər. Bu isə onun hüquqi müstəvidə geri addım atmasına səbəb olsun. O, birinci instansiya məhkəməsində elektrondan çəkilmiş məlumatları şəkil formasında gətirib məhkəmə sədrinin önünə qoyub demişdir ki, görürsünüz ki, biz burda İddiaçı ilə çox xoş münasibətdəyik, ancaq burdakı ekran görüntülərində isə biz söyüşürük və üçüncüdə onu təhqir edir və o da əks reaksiya verir. O, tələb etmişdir ki, ekspertiza təyin edilsin, məlumatlar ekspertə verilsin, hakim bildirdi ki, edə bilməyəcək, çünki bunun üçün ölkədə ekspert yoxdur. Həmçinin, bildirdi ki, tələb edilən 6.666 manat onun avtomobilinin nömrəsinə və telefon nömrəsinə uyğun gəlir, burdan görünür ki, iddiaçının mövqeyi qərəzlidr. Qeyd edilən ölçülər ona məxsus deyildir, bir qadına məxsusdur, burda da ona qarşı bir sataşma var. Mötəbər sənədlər istənildi və həmin sənədlər də təqdim edilmədi. Məhkəmə bununla da yekunlaşdı. Bu gün apellyasiya məhkəməsində şikayət olunan tərəf olaraq ona maraqlıdır ki, hansı sənədlər və sübutlar məhkəməyə təqdim ediləcək. Rəşad Qasımovun şahid qismində dindirilməsinə onun heç bir etirazı yoxdur. İnstagram sosial şəbəkəsində onun istifadəçi adı “Kanan Zeynal” olaraq gedir. Səhifəsi 4 ildən çoxdur ki, istifadəsindədir. Səhifəsini kiber hücumlardan qorunmaya almışdır. İlkin paylaşımdan görünür ki, 4 ildən çoxdur o, səhifəni istifadə edir. Həmin istifadəçi profilinə, yəni “Kanan Zeynal” profilinə ancaq o, daxil ola bilir. Birinci instansiya məhkəməsində istifadəçi profilinin 4 ildir onun istifadəsində olmasına dair heç bir sübut təqdim etməmişdir. Lakin buna dair sübut təqdim etməsi mümkündür. Məhkəmə iclasında ona göstərilən şəkildəki istifadəçi profilinə qoyulan şəkil ona məxsusdur. Səhifə “e” hərfi ilə yazılıb, “a” ilə olsaydı onun profili olardı. Nə üçün profilə onun şəklinin qoyulmasını bilmir. O, profili dəyişə bilər. O, iddiaçı tərəfi tanıdığı üçün onun adından və şəklindən istifadə edilməklə belə təhqir yazıldığını qəti araşdırmamışdır. Bu heç ona maraqlı belə olmayıb. Bütün ölkə onun iddiaçının çalışdığı şirkətlə ədavəti olmasını bilir. Heç kim onun qarşı tərəflə münasibətlərini pisləşdirmək üçün belə təhqir yazmaz. Çünki onların münasibəti onsuz da pisdir. Bu onların tərəfindən ona münasibətdə edilmiş hərəkətdir. Belə oxşar hallar isə çox olmuşdur. Oxşar hallara nümunə kimi qarşı tərəf kiməsə “qaz” deyib, sonra da o da qarşı tərəfə “ördək” deyib, yəni belə şeylər çox olub. Bu gün o, şikayət edilən tərəfdir, sübutetmə yükü qarşı tərəfin üzərindədir. Qarşı tərəf əziyyət çəkib hüquq-mühafizə orqanlarına müraciət edib, əldə etdikləri dəlilləri gətirib məhkəmənin önünə qoysunlar. O, Göyçay Rayon Məhkəməsinə hazırki məhkəmə iclaslarından əvvəl müraciət edib bildirmişdir ki, İddiaçı öz rəsmi səhifəsində onu və onun şirkətini “nişan oğrusu” adlandırmışdır. Həmin şikayətdən bir ay sonra bu şikayət ortaya çıxdı. Onun adına bir səhifə vardır. “kanan_zeynal_” adı ilə instagramda axtarış verəndə Kenan Zeynal səhifəsinin çıxmasından məlumatı yoxdur. “kenan_zeynal_” adlı səhifə yoxdur. Ona aid olan səhifə “kanan_zeynal_”dır. Səhifədə istənilən formada dəyişiklik edilməsi mümkündür. Sənan Zeynalov adında onun qardaşı vardır. Qardaşı onun şirkətində icraçı direktor vəzifəsində işləyir. Qardaşının yazışmalarda hansısa iştirakının olub-olmamasından o xəbərsizdir. R.Qasımov ilə yazışmaları doğrudur. Həmin yazıda yazılanlar da doğrudur. O, iddiaçının onun və şirkətinin adını kiçik hərflərlə yazması və kollektivinə “nişan oğrusu” deməsinə görə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. R.Qasımov ona gecə yazaraq bu müharibə nə vaxt qurtaracaq demiş, o da heç vaxt deyə cavab vermişdir. Bu yazı ona aiddir. Bu tərz dedikdə ümumilikdə dava-dalaşı nəzərdə tutur. O, həmin gün əsəbi olmuş, məsələ çox böyümüşdü. Sənan Zeynalov onun qardaşdır. Sənan Zeynalov bu məsələlərdən sonra iddiaçıya heç nə yazmayıb. O, İddiaçı heç tanımamışdır. Açığı tanımaq marağında da deyil. Onlar rəhbərlik səviyyəsində söhbət edirlər. Onunla indiyə kimi heç bir yazışması olmayıb, iki dəfə görmüşdür. Vəkillə söhbət edəndə Əli onların yanında dayanıb. Onun sözü olanda Rəşad Qasımova demişdir. Həmin şirkətdə münasibətdə olduğu və söhbət etdiyi yeganə insan Rəşad Qasımovdur. İddiaçı ilə ünsiyyətdə deyildir. Onun profilində hərflə bağlı ümumilikdə heç bir dəyişiklik olmayıb, onlar keçən məhkəmə iclasında necə ekran görüntülərini çəkib yükləmişdilərsə onun tərsini o da vermişdir. İndiki komputerlərlə bu çox asandır. İstənilən yazıya istənilən adamın adını qoymaq olar. Ola bilər onun profil adı sosial şəbəkədə “sürücü” olsun ancaq profil sahibi olaraq adı Cavabdehdur. Profil adı “_kanan.zeynal_”dır. Ad və soyadı isə azərbaycan dilindədir. Şəxsiyyət vəsiqəsinin məlumatlarını profili yaradarkən daxil edir, profil adı dəyişmir. Yazışmalarda da həmin ad görünür, mesajlar profil adından gəlir. Xitab edəndə də “@” işarəsi düşür, profil adı gəlir. 2022-ci ildə profili açılıb və ilk şəkil yüklənib. Rəşad Qasımovla aparılan danışıq onun tərəfindən aparılmışdır. İddiaçı onun adını, soyadını balaca hərflərlə yazdığı, şirkətinə “nişan oğrusu” dediyinə görə onu məhkəməyə vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı yazısını yazmışdı. 24 mart 2022-ci il tarixi onun səhifəsinin ilkin açılan vaxt etdiyi paylaşımıdır. R.Qasımov onunla yazışanda dedi ki, gəl ağsaqqal olaq, bunlar boş şeylərdir, unudaq. Hansı sülhə gəlmək istəyən insan Özbəkistandan durub məhkəməyə gələr. Mən burdakı qərəzi deyirəm. Qanun bir tərəfdə, bəzi mental məsələlər də var. Ümumiyyətlə o, kimisə bu cür təhqir etsə belə, bu məsələlərin məhkəmədə həll olunmasını düzgün qəbul etmir. O, keçən ilin avqust ayından ümumiyyətlə əvvəlki fəaliyyəti məşğul deyil. Avtomobil sektorundadır. O, hər şeyə razıdır. Olmayan bir şeyə görə kimdənsə üzr istəməyəcəkdir. Həmin hərəkəti etsəydi belə, iddiaçıdan üzr istəməyəcəkdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 ifadəsində göstərmişdir ki, cavabdehlə aralarında xoşagəlməyən hallar yaşanır. Cavabdehlə şəxsi düşmənçiliyi yoxdur. Rəhbərlik etdiyi “X13” Şirkəti ilə Cavabdeh rəhbərlik etdiyi "xxxx" Şirkəti arasında bu gün rəqabətdən doğan xoşagəlməz hadisələr baş verir. Vəziyyət elə yerə gəlib çatıb ki, bir-biriləri haqqında təhqiramiz, xoşagəlməyən, bir-birilərinin ailələrinə sirayət edən hallar yaşanır. O, bunların sosial platformalarda baş verməsini normal qarşılamır. Düşünür ki, buna “dur” deməyin vaxtıdır. Cavabdehla da aralarında danışıqlar olub. O, Cavabdeh aralarındakı rəqabətin heç bir formada onlara, ailələrinə təhqirə yol verəcək həddə çatmamasını, buna şərait yaradılmamasını demişdir. Cavabdeh onun bu fikri ilə razılaşsa da, bu ədavət, bu kinin nədən formalaşmasını bilmir. Əli haqqında Cavabdeh bunları etməsinin ən təsirli tərəfi də odur ki, onların hər ikisi eyni rayondandırlar, yaxın qonşu kimi bir-birilərini, bir-birilərinin valideynlərini, yaxınlarını tanıyan insanlardırlar. Ancaq Cavabdeh tərəfindən qərəz o qədər böyüyüb ki, o, açıq şəkildə sosial platformalarda təhqirlər edir. O, bunun tərəfdarı deyil, dəfələrlə Cavabdeh hər ikisinin şirkət rəhbəri olmalarını demişdir. Aralarında mülki mübahisələr var ki, bunları məhkəmə orqanları bir şəkildə nə vaxtsa dayandıracaqdır. Təxminən iyun ayının 3-də əməkdaşı Əlinin gecə vaxtı narahat şəkildə ona zəng etməsi onu da çox narahat etmişdir. Cavabdeh tərəfindən Əliyə qarşı sosial platformada edilmiş təhqir onun da diqqətini çox çəkmiş, o, bu statusu təəssüf hissi ilə oxuduqdan sonra Kənana yazaraq bu məsələni müzakirə etmiş, xahiş etmişdir ki, bu məsələni dayandırsın. Hər iki tərəf də hörmətli ailələri təmsil edirlər. O, heç vaxt istəməzdi ki, aralarındakı rəqabət artıq şəxsi qisimdə, təhqiramiz formada sosial platformada yer alsın. Hər iki tərəf də geniş izləyicisi olan, tanınmış şəxslərdir. Əslində diqqətini çəkən tərəf odur ki, Kənanın Əlini təhqir etməsinə şərait yaradan halın şirkətinin adının kiçik hərflərlə yazılması olmasını bildirməsidir. Lakin o, inanır ki, burda orfoqrafik səhv olub. O, Cavabdeh bunun səhv ola bilməsini demişdir. Tam xatırlamır, bəlkə də, demişdir ki, bununla bağlı üzrxahlıq lazımdırsa edə bilər. Yetər ki, bu məsələ geniş vüsət almasın. Cavabdeh ona ayrıca hörmətinin olmasını, lakin bu onun həmin adama qarşı olan fikri olmasını, bu hal heç vaxt onu fikrindən daşındırmayacağını və o, bu şəkildə də davam edəcəyini demişdir. O, Cavabdeh işinə qarışa bilməz, tövsiyəsi ondan ibarətdir ki, bu yaxşı bir hərəkət deyil. Sözügedən şərh yazıldıqdan sonra o, Cavabdehla bu barədə şəxsi instagram səhifəsindən danışmış, həmin yazışmanı telefonunda da göstərə bilər. Həmin yazışma məhkəməyə də təqdim olunub. Həmin vaxt yazıda Cavabdeh etiraf edir ki, o, hərəkəti ona görə edib ki, onun şirkətinin adı kiçik hərflərlə yazılıb. O, yazını bir daha telefonundan məhkəməyə də, göstərir. Cavabdeh ona cavabı bir az uzun olmuş, yazdığı mesajda şəxsinə hörməti olduğunu, Əlinin onun adını kiçik hərflərlə yazmasının dəfələrlə şahidi olduğunu qeyd etmişdir. Cavabdeh qeyd etmişdir ki, Əlinin hərəkətləri onu incitməz, şirkət adının kiçik hərflərlə yazılması onun kollektivinə qarşı təhqirdir, bu heç vaxt bağışlanmaz və qəbul edilməzdir. Onun bu tərz reaksiya verməsinin yeganə səbəbi budur. O, heç bir çıxışında və ya yazısında kimsəyə “sən” deyə müraciət etməmişdir. Bu cür hərəkətlər etmək ona yaraşmaz. Aralarındakı dialoq bir az uzun olmuş, gözləmişdir ki, Cavabdeh ən azından aralarındakı məsələlər təhqirsiz və şəxslərinə yönəlmədən davam edəcəkdir. Lakin görür ki, Cavabdeh sonsuz qərəzi heç cür özü tərəfindən dayandırıla bilmir. Xatırlayır ki, yazıda ayaqqabı məsələsi var idi. Profilə diqqət edərkən yazanın Cavabdeh olmasına əmin olmuşdur. Profilə daxil olub mesajı Cavabdeh həmin profildən yazmışdır. Cavabdeh profilini dəyişməsini hiss etməmişdir. Onunla danışanın Cavabdeh olmasına əmin olmuş, belə ki, yazı onun üslubu, onun tərzi idi. Hesab edir ki, Kənan bunu təkzib etmir. Xatırladığı qədərilə yazışma həmin şərh yazılan günün gecəsində aparılmışdı. O, elə gecə vaxtı bunu Cavabdeh bildirməyi özünə borc bilmişdir. O, şərhdə yazılanın şahidi olmuş, çünki Cavabdeh Əlinin babasının adını çəkməklə konkret olaraq bildirir ki, söhbət kimdən gedir. Aralarındakı yazışmanı Cavabdeh da etiraf edir. O, Cavabdehla aralarında keçən yazışmaya diqqət çəkmək istəyir. “Burda olan hər bir kişi və ya qadın, bir ailə başçısı, ana və ya bacıdır. Onların övladları və ya valideynləri olsun, haqlarında yazılan təhqir dolu rəyləri görməməlidirlər, məncə. Düzgün anlayışınız üçün öncədən sizə təşəkkür edirəm.” Cavabdeh isə ona cavab verir: “Gecəniz xeyir, heç bir üzvünüzə yox, məhz sizin özünüzə qarşı məndə məhəbbət var. Mən heç vaxt hislərimdə və əməlimdə yalan danışmıram. Əli bəyin mənim adımı kiçik hərflərlə yazmağının dəfələrlə şahidi olmuşam, keçmişəm. Onun hərəkətləri də məni incitməz. Şirkətimin adının balaca hərflərlə yazılması kollektivimə qarşı böyük təhqirdir. Bu heç cür bağışlanmaz və qəbul edilməz. Mənim bu tərs reaksiya verməyimin yeganə səbəbi budur.” Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun xx.xx.1999-cu il tarixli qərarı: Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqiqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarı: “İnsan hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X4 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia ərizəsi qismən təmin edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. İnsan ləyaqəti qorunur və ona hörmət edilir, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. (Azərbaycan Respublikasının Konstitusiyası maddə 12, 24 və 26.) Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquq ədəbiyyatında mülki hüquq münasibətlərinin iki növü fərqləndirilir: əmlak hüquq münasibətləri; şəxsi qeyri-əmlak hüquq münasibətləri. Şəxsi qeyri-əmlak münasibətlərinə əmlak münasibətləri ilə bağlı olmayan şəxsi qeyri-əmlak münasibətləri aiddir. Əmlak münasibətləri ilə bağlı olmayan münasibətlərin obyektini əmlak dəyəri olmayan şəxsi qeyri-maddi nemətlər (məsələn: hər bir şəxsin şəxsi həyatı, sağlamlığı, şərəfi, ləyaqəti, işgüzar nüfuzu və sair) təşkil edir. Bu münasibətləri tənzimləyən mülki hüquq normalarının məcmusuna şəxsi qeyri-əmlak hüququ deyilir. Şərəf dedikdə-şəxsə (şəxsiyyətə) verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti özündə ifadə edir. Ləyaqət isə şərəflə sıx surətdə bağlı olan bir kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Başqa sözlə ləyaqət dedikdə-şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, işgüzar və digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Şərəf və ləyaqət şəxsiyyəti xarakterizə edən nemətlərdir. Buna görə də həmin nemətlər böyük ictimai əhəmiyyətə malik olmaqla Konstitusiya ilə qorunur və Konstitusiyanın 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə - hüquq sahibinin (hüquq daşıyıcısına) öz pozulmuş şərəf və ləyaqətini bərpa etmək üçün hüquqqoruyucu tədbirlərdən istifadə etməsi başa düşülür. Burada müdafiə hüququnun subyekti rolunda ilk növbədə şərəf və ləyaqəti pozulmuş hüquq sahibi çıxış edir. Nəzərə alınmalıdır ki, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərə baxılarkən, üç hal məcmu şəkildə aydınlaşdırılmalıdır: birincisi, şəxs barədə məlumatlar yayılmışdırmı; ikincisi, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi; üçüncüsü, yayılmış məlumatlar həqiqətə uyğundurmu. Şəxs barəsində məlumatların yayılması dedikdə - həmin məlumatların üçüncü şəxslərin nəzərinə çatdırılması və ya həmin şəxslərə bildirilməsi başa düşülür. Yəni, şəxsin şərəf və ləyaqətini pozan məlumatların bir neçə şəxsə və ya çoxsaylı şəxslərə (qeyrimüəyyən sayda şəxslərə) bildirilməsi yayılma hesab olunur. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar müxtəlif üsullarla (vasitələrlə): məsələn, kütləvi informasiya vasitələrində; vəzifəli şəxslərə ünvanlanmış ərizələrdə, şikayətlərdə; sosial şəbəkələrdə və sair yayıla bilər. Ləkələyici məlumatlar dedikdə - ayrı-ayrı şəxslər tərəfindən qüvvədə olan qanunverciliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır və onları nüfuzdan salır. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə - ilk növbədə mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 23-cü maddəsi-yayılmış məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasından çıxış edir. Zərərçəkən şəxs (yəni, yayılmış məlumatların həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi, bilavasitə həmin məlumatları yayan şəxsin (cavabdehin) öhdəsinə düşür) məlumatın həqiqətə uyğun olmadığını sübuta yetirməyə borclu deyildir. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı “İnstagram” sosial şəbəkəsində “Patrul.az” adlı səhifədə 2 iyun 2024-cü il tarixində “X13” MMC barəsində paylaşılan videonun altında cavabdehə məxsus “kenan_zeynal_” adlı profildən cavabdeh tərəfindən yazılan və 8 dəfə bəyənilən “Sen kimi ne ile iddiham edirsen ae caqqal? Sagda solda ulayırsan baş qoşmuram sene. Babanin adini yazanda balaca heriflerlə yazarsan menim yox. Calis başindan boyuk poxlar yemeyesen, 38 olculu ayağimi sene yeriderem. Bilirsen deyerem ve edirem!” ifadələrin onun şərəf və ləyaqətini ləkələyən ifadələr olduğundan həmin ifadələrin yazıldığı “İnstagram” səhifəsi və öz şəxsi “İnstagram” səhifəsi vasitəsi ilə üzr istənməsi, həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi ziyana görə cavabdehdən 6666 manatın, ödənilmiş dövlət rüsumuna görə 86,66 manatın onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh etirazında “kenan_zeynal_” adlı profilin ona məxsus olmadığını, yazıların onun tərəfindən yazılmadığını, ona məxsus istifadəçi profilin “kanan_zeynal_” olduğunu bildirir. İddiaçının apellyasiya şikayətinin dəlillərinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflərin təmsil etdikləri şirkətlər arasında olan qeyri-sağlam rəqabətin nəticəsi onların bəzi əməkdaşları arasındakı münasibətlərə də təsir etmişdir. Cavabdeh “İnstagram” sosial şəbəkəsində “Patrul.az” adlı səhifədə “kenan_zeynal_” adlı profilin ona məxsus olmadığını bildirsə də, məhkəmə kollegiyasının iclasında tərəflərin və şahidin istifadəsində olan mobil telefonlar vasitəsi ilə həmin profilə daxil olub baxış keçirilərkən, “kenan_zeynal_” və “kanan_zeynal_” adlı profilin eyni profil olması, hər iki adın qarşısında cavabdehə məxsus fotoşəklin qoyulması müəyyən olmuşdur. Daha sonra məhkəmə kollegiyasının iclasında cavabdeh verdiyi izahatında çox asanlıqla profil adında dəyişiklik etməyi bacarmasını, şahid R.S.Qasımovun ifadəsini təsdiq edərək onunla öz platformasında yazışmasını, şahidin ifadəsində qeyd etdiyi yazının onun tərəfindən yazılmasını bildirmişdir. Mülki işdə olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan yazışmalardan müəyyən olunur ki, “İnstagram” sosial şəbəkəsində “Patrul.az” adlı səhifədə kenan_zeynal profilində aşağıdakı mətn yazılmış və 8 dəfə bəyənilmişdir: @aliquluzade00001 Sen kimi ne ile iddiham edirsen ae caqqal? Sagda solda ulayırsan baş qoşmuram sene. Babanin adini yazanda balaca heriflerlə yazarsan menim yox. Calis başindan boyuk poxlar yemeyesen, 38 olculu ayağimi sene yeriderem. Bilirsen deyerem ve edirem! “kenan_zeynal_” profilinə R.S.Qasımov (şahid) tərəfindən aşağıdakı mətn yazılmışdır: “Kənan bəy salam axshamınız xeyir. Gece vaxt sizi narahat etdiyim ücün uzr istəyirəm. Məncə bu münasibətlər hec də yaxşı yerə aparmır bizi. Hesab edirəm buna bir böyüklük edib dur deməyin zamanı gelib artıq. Nece deyerler ziyanın yarısından da qayıtmaqda bir xeyir var. Mən özünüz bilirsiniz ki, heç vaxt duşmençilik tərəfdarı olmamışam və rəqabətdən də eyni zamanda qorxub çekinən insan da deyiləm. Bizim sizinlə olan mulki mubahisələrimiz zatən qanunvericilk çərçivəsində öz huquqi həllərini tapmaqdadır. Və məhkəmə qərarlarına da hər halda mənimlə razi olarsınız ki, hörmət edib icra etmək hər birimizin bir vətəndaş borcudur. Burda hər iki ailədən olan ailə uzvlərimizin bir birinə olan qərəzi və təhqirlərlə dolu ifadələri hec bir halda xoş təəssürat bağışlamır və hara aparacağını da özünüz yaxsı bilirsiniz. Artıq dərəcədə sizdən xahish edirəm mubahisə zamanı rəylərdə təhqirlərə yol verməyərək etik çərçivədə davrana bir birimizə qarşı. Burda olan her bir kişi və ya xanım olsun bir aile başçısı ana ve ya bacıdır. Onların övladları və ya valideynləri olsun haqqlarında yazılan təhqir dolu rəyləri görmməməlidirlər məncə. Düzgün anlayışınız üçün öncədən sizə təşəkkürümü bildirirəm. “kenan_zeynal_” profilində yazılan mətn: Gecəniz xeyir, heç bir üzvünüzə yox sırf sizə qarşı məndə məhəbbət var və mən heç vaxt hisslərimdə nə də əməlimdə yalan danışmıram. Əli bəyin mənim adımı kiçik həriflərlə yazmağının dəfələrlə sahidi olmuşam və keçmişəm, onun hərəkətləri də məni inçitməz, şirkət adının balaca yazılması kollektivə qarşı böyük təhqirdir bu heç cür bağışlanılmaz və qəbul edilməz. Mənim bu tərz reaksiya verməyimin yeganə səbibi budur. Mən heç bir çıxışımda heç bir yazımda kimsəyə Sən deyə muraciət etməmişəm və oxsar hərəkətlər etmək mənə yaraşmaz. dr.senan.zeynal profilindən patrul.az “@gasimov.rashad ünvanlanan mətndə yazılır: Siz danışığınızı, hərəkətini, yerinizi bilən və gözləyən birisiniz bu səbəbdən də sirf sizə qarsi reğbətim var. Çaqqalınızın yazdığı kommenti oxudum və sizin ona qulaq burması verməməyiniz məni üzdü. Sirket adı, adam adı kiçik həriflərlə yazılmaz bu ən kiçik etik mədəniyyətdir. Bele bir sey təkrarlansa qardasımdan öncə mən ayağımı işe salacam mende 37 ölcüdur. Sizə qarşi az da olsa sevgimin oldugunu bildirir, xoşbəxt olmanızı arzu edirəm.” Göründüyü kimi cavabdehin tərəfindən yazılması etiraf olunan yazının məzmunundan da müəyyən olunur ki, iddiaçıya ünvanlanan təhqir xarakterli yazılar məhz cavabdeh tərəfindən yazılmış və bu faktın müəyyən edilməsi üçün xüsusi biliyə ehtiyac yoxdur. Ona görə də kollegiya iş üzrə ekspertiza təyin edilməsinə zərurət görmür. Bundan başqa özünə aid olmayan profilin qarşısında fotoşəklinin qoyulmasına, bir hərf fərqi ilə profil yaradılaraq tanıdığı şəxslərə təhqir edici, alçaldıcı sözlərlə yazılar göndərilməsinə etiraz etməmək, hər hansı bir reaksiya verməməklə, rəqabətdə olduğu şirkətin rəhbəri ilə apardığı danışıqlarda isə iddiaçıya ünvanlanan yazının müəllifi olmasını inkar etməməklə cavabdeh faktiki olaraq “kenan_zeynal_” və “kanan_zeynal_” profilinin eyni profil olmaqla ona məxsus olmasını təsdiq edir. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal, yəni cavabdehin özünə məxsus profildən yazdığı və 8 dəfə bəyənilməklə yaydığı “Sen kimi ne ile iddiham edirsen ae caqqal? Sagda solda ulayırsan baş qoşmuram sene. Babanin adini yazanda balaca heriflerlə yazarsan menim yox. Calis başindan boyuk poxlar yemeyesen, 38 olculu ayağimi sene yeriderem. Bilirsen deyerem ve edirem!” məzmunda ifadlər iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar olması öz təsdiqini tapdığından iddiaçının cavabdeh tərəfindən “Sen kimi ne ile iddiham edirsen ae caqqal? Sagda solda ulayırsan baş qoşmuram sene. Babanin adini yazanda balaca heriflerlə yazarsan menim yox. Calis başindan boyuk poxlar yemeyesen, 38 olculu ayağimi sene yeriderem. Bilirsen deyerem ve edirem!” ifadələrinin yazıldığı “İnstagram” səhifəsi və öz şəxsi “İnstagram” səhifəsi vasitəsi ilə üzr istənməsi, həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Belə ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsin şəxsiyyətinin, ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Kollegiya iddiaçının cavabdehdən mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. (Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarı) Mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq mülki qanunvericiliyin əsas vəzifələrindəndir. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. (MM maddə 1.2 və 17.1.) Kollegiya qeyd edir ki, yayılmış yazıda cavabdeh tərəfindən iddiaçının ünvanına işlədilən təhqir xarakterli ifadələrin iddiaçının mənəvi sarsıntı, istirab, əsəb hissələri keçirməsini istisna etmədiyindən, şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində hər bir halda şəxsə zərər vurulduğundan, buraya həm əmlak (maddi) zərərinin vurulması, həm də qeyri-əmlak (mənəvi) zərərinin vurulması aid olduğundan iddiaçının cavabdehdən mənəvi ziyan tələbi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şəxs şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əmlak (maddi) zərəri vurulduqda zərərin əvəzini ödəmə üsulu, mənəvi (qeyri-əmlak) zərər vurulduqda isə mənəvi zərərin kompensasiyası üsulu tətbiq edilir. Şərəf və ləyaqətə zərər vurulmasına görə, mülki qanunvericilik delikt məsuliyyətini nəzərdə tutur. Bu məsuliyyətin mahiyyəti ondan ibarətdir ki, mülki hüquq pozuntusu (dilikt) nəticəsində şəxsiyyətə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsi bir qayda olaraq pul kompensasiya şəkilində müəyyən edilir. Mənəvi zərərin kompensiyası şərəf və ləyaqətin pozulması zamanı onların müdafiə olunması üçün istifadə olunan ümumi mülki-hüquqi sanksiyadır, yəni ümumi xarakterli mülki-hüquqi müdafiə üsuludur. Mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmaqla, şəxsin məruz qaldığı sarsıntı və iztirablara mütənasib olmalıdır. Mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. Hazırkı işdə iddiaçı, cavabdehdən ona dəymiş mənəvi zərərə görə 6666 manat kompensasiya tələb etsə də, Məhkəmə kolegiyası mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 500 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbini bu hissədə təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(004)- 5128/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “Sen kimi ne ile iddiham edirsen ae caqqal? Sagda solda ulayırsan baş qoşmuram sene. Babanin adini yazanda balaca heriflerlə yazarsan menim yox. Calis başindan boyuk poxlar yemeyesen, 38 olculu ayağimi sene yeriderem. Bilirsen deyerem ve edirem!” ifadələrinin yazdığı “İnstagram” səhifəsində və öz şəxsi “İnstagram” səhifəsində İddiaçı üzr istəməsi, həmin ifadələri təkzib etməsi, bu ifadələri “Patrul.az” səhifəsindən silməsi vəzifəsi həvalə edilsin. Cavabdeh mənəvi ziyana görə 500 manat, dövlət rüsumuna görə 86,66 manat olmaqla cəmi 586,66 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar