Məhkəmə qərarları › İş №2(103)-1732/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1732/2022

01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1732/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6529/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1.500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-484/2021 saylı, 27 aprel 2021-ci il tarixli hökmünə əsasən X11 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il, 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, hökm 22 iyul 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşin əsas halları ondan ibarətdir ki, X17 18.09.2019-cu il tarixdə saat 10:30 radələrində “BC” kateqoriyalı AC №243661 nömrəli vəsiqə ilə təsdiq olunmuş sürücülük hüququ və 007343 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi, hüquqi şəxs "xxxx" ASC-yə məxsus “UAZ-315302” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayon ərazisində yerləşən yarımstansiyaların mühafizə dövrlərinin yoxlanılması məqsədilə ezam olunduqları vaxtı Quba-Söhüb yolunun 70-ci km-də Quba rayonu Söhüb kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratması, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək döngəli torpaq yolda idarəetməni itirdiyindən avtomobil yoldan çıxıb 50 metr hündürlükdən yoxuşa aşmış, nəticədə avtomobilin arxa sağ oturacağında olan sərnişin X6 və X7 həyat üçün təhlükəli olan ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölmələrinə, avtomobilin arxa sol oluracağında əyləşmiş sərnişin X3, həmçinin sürücü X1 ağır zərər vuran xəsarətlər almalarına və “UAZ-315302” markalı avtomobilin zədələnməsı ilə "xxxx" ASC-yə 4.692,76 (dörd min altı yüz doxsan iki manat yetmiş altı qəpik) manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Vəfat edən şəxslərdən X12 onun həyat yoldaşı olmuş, 16 iyun 2016-cı ildə onlar rəsmi ailə həyatı qurmaqla evlənmiş, 14.05.2017-ci ildə Nuray adlı bir qızları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs İlkin Rəsulovun təqsiri - yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, İlkin Rəsulov hadisəni törədərkən "xxxx" ASC-nin X16 sürücü işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ‘‘UAZ315302” markalı, ** JX *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-nin mülkiyyətində olmuşdur. Göründüyü kimi onun ərinin vəfatı "xxxx" ASC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Qeyd olunanlar qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi zərər dəymiş, həyat yoldaşını gənc yaşlarında itirmək bir yana, atasız övlad böyütməyinin iztirabını hələ də çəkir. Onun çəkdiyi bu iztirabı yalnız bir atasız övlad böyüdən ana hiss edə bilər. Bu günədək həyat yoldaşının faciəvi itkisinin iztirabını çəkir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6529/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X10 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mənəvi zərər müəyyən edərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 10.000 (on min manat) məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6529/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etdi. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6529/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fərid Abdullayevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllnin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri “ASAN ximmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.06.2016-cı il tarixli, AZ-İİ seriyalı, 116774 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 və X13 04.06.2016-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1376 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada Rüstəmova soyadı verilmişdir.(İ.vər 10) İş materiallarında olan, Sumqayıt şəhəri “ASAN xismət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.07.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 986811 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 14 may 2017cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X12, anası İddiaçıdır.(İ.vər 12) İş materiallarında olan, Sumqayıt şəhəri “ASAN xismət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.09.2019-cu il tarixli, AZ-İİ seriyalı, 042096 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 18.09.2019-cu il tarixdə başın əzilmiş yarası səbəbindən ölmüşdür.(İ.vər 11) İş materiallarında olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-484 saylı, 27 aprel 2021-ci il tarixli hökmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X11 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, X14 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, X11 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun X8 alınaraq dövlət büdcəsinə keçirilməsi, X9 tərəfindən qaldırılmış mülki iddianın təqsirləndirilən şəxs X14 münasibətdə qismən təmin edilməsi, 13.216 (on üç min iki yüz on altı) manat məbləğində maddi zərərin və 1.000 (bir min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 14.216 (on dörd min iki yüz on altı) manat məbləğində pulun təqsirləndirilən şəxs X8 alınaraq zərərçəkmiş şəxs X5 ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması və zərərçəkmiş şəxs X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah edilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 03 oktyabr 2019-cu il tarixli, 34 nömrəli ekspert rəyindən görünür ki, mərhum X6 meyitinin xarici müayinəsi zamanı hər iki gözün ağlı qişasında qansızmalar, başın sağ alın-təpə nahiyəsində geniş əzilmişcırılmış-soyulmuş yarası, hər iki gözaltı nahiyənin qançırı, sağ qulaq seyvanında əzilmişcırılmış yara, sağ bazu oynağının çıxığı, bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində xarici müayinədə təsvir edilən yara sahəsində geniş qansızma, baş beyin toxumasına, beyin mədəciklərinə qansızma aşkar edilmişdir ki, bunlar da, həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 18 sentyabr 2019cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir.(İ.vər 19 - 27) Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində mənəvi zərərə məruz qalmasına görə 1.500.000 (bir miliyon beş yüz min) manat pul tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi 10.000 (on min) manat məbləğində pulu təmin etmişdir. Həmin məbləğin iddiaçının tam həcmdə sübut edə bilməməsini, amma cavabdeh "xxxx" ASC-nin əməkdaşı X11 qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və törətdiyi hadisə nəticəsində iddiaçının ailə başçısının (ərinin) ölməsi və nəticədə mənəvi zərərə məruz qalması iş materialları ilə təsdiq olunduğundan məhkəmə tələbi həmin hissədə ağlabatan və ədalətlilik baxımından təmin etmişdir ki, bu da səbəblə nəticə arasında məntiqi nəticənin təzahürü kimi dəyərləndirilməlidir. Göründüyü kimi, İddiaçı pul tələbini cavabdeh "xxxx" ASC-nin əməkdaşı X11 törətdiyi hadisə nəticəsində iddiaçının ailə başçısının (ərinin) ölməsinə görə ona mənəvi zərər vurulması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASCnin nümayəndəsi Fərid Abdullayevin apelyasiya şikayətində göstərdikləri qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fərid Abdullayevin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6529/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6529/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar