Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1733/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3391/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 1830 (min səkkiz yüz otuz) manat məbləğində vurulmuş maddi ziyan, 2000 (iki min) manat mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şrkətində Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış “DAEWOO” BS090 markalı **-JA-*** dövlət qeydiyyat nişanlı 113 saylı marşrut avtobusu xx xxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Nizami rayonu, Əlif Həciyev ilə Tofiq Abbasov küçələrinin kəsişməsində və ona məxsus olan “Toyota Prado” markalı **-DG-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətində sığortalanmış “DAEWOO” BS090 markalı **-JA-*** dövlət qeydiyyat nişanlı 113 saylı marşrut avtobusun sürücüsü X2 yolun kənarında hərəkətsiz dayanan, “Toyota Prado” markalı **-DG-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq hadisə yerindən yayınmışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli ******* nömrəli TP seriyalı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli olması müəyyən edilmişdir. Avtomobillərin toqquşması nəticəsində mülkiyyətində olan ** DG *** dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilinin qabaq sol qanaq, sol qanad altı, qanadın spoleri, bamperin radarları, bamper, hərəkətedici alt hissələri və digər hissələri zədələnmişdir. xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisədən sonra 2 aydan çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə hadisə nəticəsində avtomobilinə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı razılaşma əldə olunmamışdır. Belə ki,dəymişzərərin sözügedən sığorta şirkəti tərəfindən keçirilən qiymətləndirmənin rəyi ilə ödəniləcək şifahi qaydada 590 manat, daha sonra rəsmi olaraq cəmi 410 manat təşkil edəcəyini sığorta tərəfindən bildirilmişdir. Həmin məbləğin avtomobilə dəyən qüsurların aradan qaldırılması üçün kifayət etmədiyi məlum olduğu üçün tərəfindən avtomobilinin öz vəsaiti hesabına bütün lazımi təmir-bərpa işlərinin həyata keçirilməsi qərara alınmışdır. Nəticədə ** DG *** dövlət qeydiyyat nişanlı “Toyata Prado” markalı avtomobilin təmirbərpa işlərinin görülməsi və mövcud olan nöqsanların aradan qaldırılması, nəqliyyat vasitəsinin əvvəlki texniki və vizual vəziyyətinə qaytarılması üçün “X7” tərəfindən ona təqdim etdiyi qüsur aktına əsasən müvafiq işlər öz əksini tapmışdır. Həmin akta əsasən dəyişdirilən ehtiyat hissələri-dəyəri, ön buferin salazkası, iki ədəd 130 manat, ön sol qanad altı, 145 manat, penoplast 65 manat, radar iki ədəd 375 manat, stupisa 175 manat, on sol qanadın spoleri 275 manat, knopkalar 25 manat, görülən işlərin siyahısı dəmirçi işi 150 manat, rəngsaz işi 300 manat, armatur işi 150 manat, çilingər işi 40 manat, ümumilikdə həmin maşını əvvəlki texniki və vizual vəziyyətinə qaytarılması üçün cəmi 1.830 manat məbləğində pul vəsaiti tələb olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3391/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 1420 (min dörd yüz iyirmi) manat məbləğində vurulmuş maddi ziyan və 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia təmin olunmamalıdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda vətəndaş İddiaçı idarə eldiyi “Toyota Prado” markalı, ** DG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə vətəndaş X1 idarə etdiyi “Daewoo BSC'90” markalı, ** JA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşmuş və nəticədə “Toyota Prado’' markalı, ** DG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hadisə nəticəsində müəyyən olunmuşdur ki. X1 idarə etdiyi “Daewoo BS090” markalı. ** JA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsisinin mülki məsuliyyəti Dövlət Sığorta Kommersiya Şirkətində PDS ********** saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2019-cu il tarixdə sığorta olunmuşdur. Şirkətin ekspertləri tərəfindən zədələnmiş “Toyota Prado” markalı, ** DG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və 410 (dörd yüz on) manat zərər məbləği hesablanmışdır. İş materiallarına əlavə olunmuş X6 xx xxxx 2020-ci il tarixli aktına əsasən zədələnmiş “Toyota Prado” markalı, ** DG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təmirinə 1830 manat nəzərdə tutulur. Lakin avtomaşın təmir olunsa da ödəniş qəbzi ərizəyə əlavə edilməmişdir. Hesab edilir ki, avtomaşına 1420 manat ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar yoxdur və Məhkəmə işə qanunla tələb olunan prosessual hərəkətləri etmədən əsassız olaraq iddiaçının tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh tərəf qeyd edilən hissədə mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3391/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, “X8” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixi “qüsur aktından” görünür ki, “Toyota Prador” markalı 90DG860 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin görülməsi üçün hesablanmış yekun məbləğ 1830 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli hesabdan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 410.00 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli TP 3540601seriyalı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmin Məcəllənin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şrkətində Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış “DAEWOO” BS090 markalı **-JA- *** dövlət qeydiyyat nişanlı 113 saylı marşrut avtobusu xx xxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Nizami rayonu, Əlif Həciyev ilə Tofiq Abbasov küçələrinin kəsişməsində və ona məxsus olan “Toyota Prado” markalı **-DG-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobillərin toqquşması nəticəsində mülkiyyətində olan ** DG *** dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilinin qabaq sol qanaq, sol qanad altı, qanadın spoleri, bamperin radarları, bamper, hərəkətedici alt hissələri və digər hissələri zədələnmişdir. Ümumilikdə həmin maşını əvvəlki texniki və vizual vəziyyətinə qaytarılması üçün cəmi 1.830 manat məbləğində pul vəsaiti tələb olunur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 410 manat məbləğində vəsait ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 1420 (min dörd yüz iyirmi) manat məbləğində vurulmuş maddi ziyan və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdeh tərəf qeyd etdiklərini təsdiq edəcək hər hansı sübut təqdim edəb bilməməklə yanaşı, iş materialları ilə cavabdehin apelyasiya şikayətində qeyd etdiyi hallar təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3391/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3391/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1733/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1733/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver