Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1734/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Eyvazov Rafael Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Siğorta Kommersı̇ ya Şı̇ rkətı̇ nə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-1094/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçı X1 xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Saatlı rayonunun SHXÇX-nin 2005-ci ildə hərbi xidmətə çağırılmışdır. O, N saylı hərbi hissədə hərbi xidmət vəzifəsini icra edərkən xx.xx.2006-cı il tarixdə hərbi avtomobilin qəzası nəticəsində travma almışdır. Bununla bağlı 2482 nömrəli xəstəlik şəhadətnaməsini iddia ərizəsinə əlavə etmişdir. Diaqnoz: TH12 fəqərəsinin kompression qapalı sınığından (xx.xx.2006) sonrakı vəziyyət, sağ budun çıxığının yerinə salınması və bel nahiyyəsinin yarasının birincili cərrahi işlənməsi (xx.xx.2006) əməliyyatından sonrakı vəziyyət. Bildirir ki, ona MN-nin Mərkəzi Həkim Komissiyası 2482 nömrəli xx.xx.2006-cı il tarixdə protokola əsasən qərar vermişdir. Qərarda yuxarıda qeyd etdiyi xəstəliklər “Hərbi Travma Hərbi Xidmət Vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən almışdır. Azərbaycan Respublikası Əmək və ƏƏSMN-nin xx.xx.2018-ci il tarixə əsasən 2-ci qrup əlillik dərəcəsi almışdır. İddiaçı hərbi xidmət dövründə xəstələnməyi və 2-ci qrup əlil olmağı ilə əlaqədar olmağı ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin alınması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin ona müsbət cavab verilməmişdir. Bununla bağlı Binəqədi rayon məhkəməsi müraciətinə cavab olaraq bildirilir ki, cavabdehin hüquqi ünvanı ünvan 1 olduğu üçün Nəsimi rayon Məhkəməsinə müraciət etməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1094/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1094/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X2 əlillik istefaya buraxıldığı gündən 3 il müddətində deyil, 12 il sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir”. İş materiallarında olan №038174 saylı əlillik vəsiqədən görünür ki, İddiaçı birinci dərəcəli əlildir. İş materiallarında olan sığorta olunmuş hərbi qulluqçunun xidmət dövrü haqqında xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı hərbi xidmət zamanı atıcı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, TH12 fəqərəsinin kompression qapalı sınığından (xx.xx.2006) sonrakı vəziyyət: sağ budun çıxının yerinə salınması və bel nahiyyəsinin yarasının birincili cərrahi işlənməsi (xx.xx.2006) əməliyyatından sonrakı vəziyyət. Hərbi Travma. Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi nisbətində verilir. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona 2-ci qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. Apellyasiya şikayətində irəli sürülən dəlil onunla bağlıdır ki, sığorta ödənişinin ödənilməsi üçün sığorta olunana hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar Qanunda 3 il müddətində əlillik təyin olunması tələb olunur. Lakin hazırki iş üzrə iddiaçı əlillik dərəcəsini 12 il sonra almışdır. Kollegiya qeyd edir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. Apellyasiya şikayətinin bu dəlilli əsassızdır, belə ki, iş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 2-ci qrup əlillik təyin olunmasına Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması səbəb olmuşdur. Bu baxımdan apellyasiya şikayətinin həmin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Siğorta Kommersı̇ ya Şı̇ rkətı̇ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-1094/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1734/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1734/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver