Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1737/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, X2 və cavabdehin nümayəndəsi Məcidov Elbəyi, Bayram oğlunun iştirakları ilə, X1 Cavabdeh ASC-nə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: X2 Cavabdeh ASC-nə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 ilə “xxxx” İKB arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-G1-1-0- 517 saylı kredit müqaviləsi üzrə bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 4-g1-1-0-517-15 saylı kredit müqaviləsinə əsasən “xxxx” İKB (indiki adı Cavabdeh) ASC-dən kredit götürmüşdür. Bankla onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi banka mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil ipoteka edilmişdir. Həmin mənzili zavodda işləyərkən ailə üzvlərinin sayı nəzərə alınmaqla order əsasında almışdır. Sonradan isə mənzil dövlət tərəfindən ona bağlanmışdır. Bankla arasında ipoteka müqaviləsi bağlanarkən mənzilin ipoteka edilməsinə mənzilə istifadə hüququ olan bütün yetkinlik yaşına çatmış ailə üzvləri notariat qaydada razılıq ərizəsi vermişlər. xx.xx.1979- cu il təvəllüdlü X6 da mənzilin banka ipoteka edilməsinə razı olduğunu bildirən notariat qaydasında təsdiqlənən ərizə vermişdir. X6 1998-ci ildən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, davamlı halliisinator paranoid sindromu” diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkir. 1998-ci ildən poliklinikada qeydiyyatda olmaqla mütəmadi müalicə alır. O, açıq-aşkar hərəkətlərinin mənasını dərk etmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir. O, bu vəziyyətdə yaşadığı mənzilin ipoteka edilməsinə razılıq vermişdir. O, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 179 №li sərəncamı ilə fəaliyyət qabiliyyətsiz oğluna qəyyum təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Akif iddiaçının adından bankdan dollar deyil, manatla kredit götürmüşdür. Ödənişlər edilmişdir, lakin devalvasiya ilə əlaqədar iddiaçı dəfələrlə artıq ödənişlər etməyə məcbur edilmişdir. Aşağı qiymətlə dəyərləndirilib bankda ipoteka edilən mənzili zavodda işləyorkən ailə üzvlərimin sayı nəzərə alınmaqla order əsasında almışdır. Sonradan isə mənzil dövlət tərəfindən iddiaçıya bağışlanılmışdır. Bankla aralarında ipoteka müqaviləsi bağlanarkən mənzilin ipoteka edilməsinə mənzilə istifadə hüququ olan bütün yetkinlik yaşına çatmış ailə üzvləri, həmçinin 1998-ci ildən «şizofreniya paranoid forma, fasiləsiz gedişli, davamlı hallüsinator paranoid sindromu» diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkən xx.xx.1979-ci il təvəllüdlü oğlu X11 da mənzilin banka ipoteka edilməsinə razı olduğunu bildirən notariat qaydasında təsdiqlənən ərizə vermişdir. Oğlu məhkəmənin qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı tərəfindən iddiaçının qəyyumluğuna verilmişdir. Oğlu mənzilin banka ipoteka edilməsinə razı olduğunu bildirən notariat qaydasında təsdiqlənən ərizə verərkən anlaqsız olmuş, nəyə imza etdiyini bilməmiş, qardaşının təkidi ilə ərizəni imzalamışdır. Nəticədə evsiz qalmışdır. Oğlu Anar razılıq verərkən qəyyumu iddiaçı olmamışdır. İddiaçı ilə «xxxx» İKB ASC-i arasında bağlanmış xx.xx.2915-ci il tarixli, 4-Gİ 1-0-517 saylı kredit müqaviləsi üzrə bağlanmış ipoteka müqaviləsi ləğv edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Məcidov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarında olan “X7 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, № Y-97 saylı hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, X5 məxsus olan ünvan 2 ünvanın ilkin satış qiyməti 80000 manat təşkil edir, Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7 maddəsinə əsasən ipoteka saxlayan “xxxx” ASC əmlakı 51000 manata aldı. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1160/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş və ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 23A/8 ünvanında yerləşən 50 saylı mənzilin ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X8 ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi xitam olunmuş, X3 “xxxx” İKB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 26195, 76 ABŞ dolları, faiz borcu üzrə 10262,89 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, cəmi 36457,65 ABŞ dolları məbləğində borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutma ipoteka ilə yüklü edilmiş X5 məxsus Sumqayit şəhəri, 9-cu mikrorayonda yerləşən 4 otaqlı, 88,3 kv.m ümumi 59,8 kv.m yaşayış 28,5 kv.m yardım sahədən ibarət 23A/8 saylı evin 50 nömrəli mənzilə yönəldilmiş, mənzil açıq hərracda satılmış, əldə edilmiş pul vəsaiti hesabına X4 “xxxx” İKB ASCyə olan borcu ödənilmiş, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya işin hallarına, tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixli, 4-g1-1-0-517- 15 saylı kredit müqaviləsinə əsasən iddiaçı “xxxx” İKB (indiki adı Cavabdeh) ASC-dən kredit götürmüşdür. Bankla onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi banka mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 50 saylı mənzil ipoteka qoyulmuşdur. Qeyd edilənlərə əsasən, kollegiya toplanmış sübutlara apellyasiya şikayətinin dəlilləri ilə birlikdə qiymət verərək, tərəflərin izahatlarını dinləyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, X1 Cavabdeh ASC-nə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətində mübahisələndirdiyi müqavilənin etibarsızlığını onun bağlanması zamanı oğlunun anlaqsız vəziyyətdə olması ilə əlaqələndirsə də, şəxsin müqavilənin bağlanması zamanı anlaqsız olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 179 saylı sərəncamı ilə fəaliyyət qabiliyyətsiz oğluna qəyyum təyin edilmişdir. İş materiallarından görünür ki, mübahisələndirilən 4-G1-1-0-517-15 saylı kredit müqaviləsi isə xx.xx.2015-ci il tarixində bağlanmışdır. Bu hal onu deməyə əsas verir ki, müqavilənin bağlandığı tarixdə iddiaçı həmin vaxtı oğlunun qəyyumu təyin edilmədiyindən X9 anlaqsız olması sübut edilmir. Belə olan halda, həmin şəxsin anlaqsız olmasına dair iddia tələbinin və apellyasiya şikayətinin dəlili müqavilənin ləğv edilməsinin əsası kimi çıxış edə bilməz. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, X2 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi tərəflərin sərbəst iradə ifadəsi ilə bağlandığından iddia tələbi və apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı əqdin etibarsızlığına səbəb olan halların mövcudluğuna dair sübutları məhkəməyə təqdim etmədiyindən, müqavilənin bağlanmasından 4 il sonra oğlunun qəyyumu təyin edildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1737/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1737/2021
05.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver