Məhkəmə qərarları › İş №2(103)-1741/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1741/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1741/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1741/2023 (Açar sözlər: mənəvi ziyan) Bakı şəhəri 13 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili X2, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli e-2(006)-3493/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 22 noyabr 2018-ci il tarixdə saat 05:50-də Cavabdeh ASC-nin Yevlax filialına məxsus yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz əziyyətdə olan «Toyota Corolla» minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə «20 Yanvar» dairəsi istiqamətindən metronun «Koroğlu» stansiyası istiqamətinə 70 km/saat sürətlə hərəkətdə olarkən Ziya Bünyadov prospekti 2061 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərinə riayət etməyib idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə hərəkət istiqaməti üzrə düzünə gedən piyada X7 ehtiyatsızlıqdan vuraraq, N.D.Əliyevə sol aşağı ətrafın, kəllə sümüklərinin kobud sınıqları və baş beyinin ağır zədələnməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə onun hadisə yerində ölməsinə səbəb olmuşdur.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-131/2019 saylı, xx.xx.2019cu il tarixli hökmü ilə X6 CM-nin 263.2 və 264-cü maddələrilə təqsirli bilinib məhkum olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 20.000 manat mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 1(005)-131/2019 saylı hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə təqsirli bilinərək onun üzərində qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 il 8 ay 4 gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. İşin əsas halları ondan ibarətdir ki, X6 idarə etdiyi Cavabdeh ASC-yə məxus olan **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X5 ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır. Belə ki, o, 22 noyabr 2018-ci il tarixdə saat 05:50–dəCavabdehASC-nin Yevlax filialına məxsus yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Corolla” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 Yanvar” dairəsi istiqamətindən metronun “Koroğlu” stansiyası istiqamətinə 70 km/saat sürətlə hərəkətdə olarkən Ziya Bünyadov prospekti 2061 saylı ünvanın qarşısında “Yol Hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə hərəkət istiqaməti üzrə düzünə gedən piyada X7 ehtiyyatsızlıqdan vuraraq, N.D.Əliyevə sol aşağı ətrafın, kəllə sümüklərinin kobud sınıqları və baş beynin ağır zədələnməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə hadisə yerində ölməsinə səbəb olmuş, bundan sonra o, “Yol Hərəkəti haqqında”Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini yəni, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini tərpətməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərməli, təcili tibbi yardım maşını çağırmalı, zərərçəkəni xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğunu bildiyi halda qanunun tələblərinə riayət etməməklə pozaraq, yol nəqliyyat hadisəsi törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmış, bundan başqa, “Toyota Corolla” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsindən mülkiyyətçisi Cavabdeh ASC-yə 5950 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Qəza nəticəsində vəfat edən şəxs X10 iddiaçının qardaşı idi və o, ona çox bağlı olmaqla onu çox istəyirdi. Nadir Əliyev ailə həyatı qurmadığından bacı kimi həmişə onun qulluğunda durmuşdur. Qardaşı məsuliyyətsiz şəxslərin qurbanı oldu və çox faciəvi surətdə vəfat etdi. Hökmdən də açıq aşkar görünür ki, məhkum olunmuş şəxs X6 Cavabdeh ASC-nin Yevlax filialının sürücüsü olmuş və baş vermiş cinayət hadisəsini də məhz Cavabdeh ASC-yə məxsus olan “Toyota Corolla” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətmişdir. Bundan başqa, hökmdə göstərilmişdir ki, AB seriyalı 871655 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Corolla” minik markalı, 66–AA-146 dövlət qeydiyyat nişanlı avtomobil CavabdehASC-nin Yevlax filialına məxsusdur. Həmçinin, minik avtomobili üçün yol vərəqəsindən görünür ki, Cavabdeh ASC-nin” Yevlax filialı tərəfindən “Toyota Corolla” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X4idarə etmək üçün verilmişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 1(105)-131/2019 saylı hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehin Respublikanın ən böyük banklarından biri olması, bankın maddi durumunun kifayət qədər yüksək olması və iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan mərhum qardaşının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun Cavabdeh ASCdən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, onun keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkəcəyik.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3493/2022 nömrəli 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia tələbi təmin edilmiş, vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pul və ödənilmiş 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096, 1097.1, 199.1, 1108.1, 1108.2, 1108.3-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya onunla əsaslandırılmışdır ki, qətnamənin qəbul edilməsinə əsas olmuş yeganə sübut - Nərimanov Rayon Məhkəməsinin 1(005)-131 saylı, xx.xx.2019-cu il tarixli hökmü məhkəmə baxışı zamanı cavabdehə təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdehin həmin hökmün məhkəməyə təqdim edilməsindən məlumatı olmamışdır. Bu fakt elektron məhkəmə sistemi vasitəsi ilə də öz təsdiqini tapır. Belə ki, müvafiq iş üzrə “sənədlər” bölməsinə nəzər yetirdikdə Nərimanov Rayon Məhkəməsinin 1(005)-131 sayılı, xx.xx.2019-cu il tarixli hökmünün xx.xx.2022-ci il tarixində, yəni qətnamənin qəbul edildiyi tarixlə eyni gundə elektron sistemə əlavə edildiyi məlum olur. Məhkəmə iclasında isə ümumiyyətlə sözügedən sübut tədqiq edilməmişdir. Nətica olaraq cavabdeh həmin hökmə dair öz etirazlarını, mülahizələrini və sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Məhkəmə qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi X3 xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vemişdir. Lakin həm iddiaçının iddia ərizəsindən, həm də, hökmlə müəyyən edilmiş işin hallarından məlum olur ki, yol nəqliyyat hadisəsi xx.xx.2018-ci il tarixində saat 05:50 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2061 sayılı ünvanın qarşısında baş vermişdir. Qeyd edilməlidir ki, Rəsul Atayev hadisə baş verərkən əmək müqaviləsi üzrə Kapital Bank ASC-nin Yevlax rayon filialının madiri vəzifəsində çalışmışdır. Omək müqaviləsi üzrə əməkdaşın iş saatları 09.00-dan 18:00-a dək müəyyən edilmişdir. Göründüyü kimi Rəsul Atayev hadisəni iş vaxtından kənar özünün asudə vaxtında törətmişdir. Hadisə onun əmək funksiyalarının icrası zamanı və ya işəgötürənin hər hansı tapşırıq, əmr və sərəncamının icrası zamanı baş verməmişdir. Həmçinin, iddiaçı qəza baş verərkən R.Atayevin Bankın xeyrinə hansı işi görməsinə dair heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə öz qətnaməsində qəzanın xidməti vəzifələrin icrası ilə əlaqədar baş verməsini əsaslandırmamışdır. X9 tərəfindən hansı işin, hansı “xidməti vəzifələrin” icra olunmasını müəyyən etmək mümkün olmur. Hadisə onun xidməti yerindən kənarda - Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyatov prospekti 2061 sayılı ünvanın qarşısında baş vermişdir. Qeyd edilməlidir ki, Əmək qanunvericiliyinin tələbinə əsasən işçi iş saatlarından sonra tam sərbəsdir və istirahət vaxtından özunun müəyyən etdiyi kimi sərbəst şəkildə istifadə edir. İşəgötürən həmin müddətdə işçinin hər hansı hərəkətinə görə cavabdehlik daşıya bilməz. Nərimanov Rayon Məhkəməsinin hökmündən məlum olur ki, Rasul Atayev tərəfindən İddiaçı vurulmuş maddi və mənəvi zərər ödənilmişdir. Belə ki, İddiaçı ifadəsində qeyd edir: “Rəsul Atayev tərəfindən qardaşının yas mərasiminə çəkilən bütün xərclər qarşılanmışdır. Həmçinin, təqsirləndirilən şəxsin atası və qardaşı onları hüzür mərasimində iştirak etmiş, onlara maddi və mənəvi dəstək olmuşdur. Bu səbəbdən onların Rasul Atayevdən heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışlar.” İşin bu halı sübut edir ki, iddiaçıya dəymiş maddi və mənəvi ziyan artıq ödənilib. Belə olan təqdirdə hər hansı maddi və mənəvi zərərdən söhbət gedə bilməz. Sonradan bu və ya başqa əsasla eyni ziyanın ikinci dəfə tələb edilməsi hüquqdan sui-istifadə kimi qiymətləndərilməlidir. Hal-hazırkı iddia artıq ödənilmiş, nəticələri aradan qaldırılmış ziyanla bağlıdır. İddiaçı ziyan ödənildikdən sonra hansı əsasla yenidən mənəvi sarsıntı keçirdiyini və mənəvi zərərə məruz qaldığını sübutlarla asaslandırmalıdır. Lakin məhkəmə işin həlli üçün əhəmiyyət daşıyan bu halı araşdırmamışdır. Bu isə qanuni olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İddianın təmin edilməsi Rəsul Atayevin eyni ziyan üçün ikinci dəfə mülki məsuliyyətə məruz qalmasına səbəb olur. İddia təmin ediləcəyi təqdirdə Bank reqres qaydada ödənilmiş məbləği R.Atayevdən tələb edəcək. Nəticə olaraq, R.Atayev eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilmiş olacaq. Məhkəmə tərəfindən araşdırılması vacib olan hallardan biri də iddaçı və onun vafat etmiş qardaşı arasında hadisədən əvvəl emosional yaxmlığı olub-olmaması, iddiaçının qardaşının ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçinib-keçirməməsinin müəyyən olunmasıdır. İddiaçı cinayət işi ilə əlaqədar keçirilmiş məhkəmə baxış zamanı son ifadəsində qeyd etmişdir ki, “qardaşı Nadir Əliyev əvvəllər məhkumluq həyatı yaşamışdır. Son vaxtlar o, tüfeyli həyat tərzi sürürmüş, gecələr içib küçələrdə qalırmış.” Məhz bu ifadə iddiaçı ilə vəfat etmiş şəxs arasında kifayət qədər emosional yaxınlığın olmadığnı sübut edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Həmçinin, qeyd etmişdur ki, iddianın təmin edilməsi Rəsul Atayevin eyni ziyan üçün ikinci dəfə mülki məsuliyyətə məruz qalmasına səbəb olur. İddia təmin ediləcəyi təqdirdə Bank reqres qaydada ödənilmiş məbləği R.Atayevdən tələb edəcək. Nəticə olaraq, R.Atayev eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilmiş olacaq. Məhkəmə tərəfindən araşdırılması vacib olan hallardan biri də iddaçı və onun vafat etmiş qardaşı arasında hadisədən əvvəl emosional yaxınlığı olub-olmaması, iddiaçının qardaşının ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçinib-keçirməməsinin müəyyən olunmasıdır. İddiaçı cinayət işi ilə əlaqədar keçirilmiş məhkəmə baxış zamanı son ifadəsində qeyd etmişdir ki, “qardaşı Nadir Əliyev əvvəllər məhkumluq həyatı yaşamışdır. Son vaxtlar o, tüfeyli həyat tərzi sürürmüş, gecələr içib küçələrdə qalırmış.” Məhz bu ifadə iddiaçı ilə vəfat etmiş şəxs arasında kifayət qədər emosional yaxınlığın olmadığnı sübut edir.

10. Apellyasiya baxışı zamanı cəlb ollunmuş üçüncü şəxs X6 izahat verərək bildirdi ki, yol nəqliyyat hadisəsi əmək funksiyalarının icrası zamanı baş verməmişdir. O, Bakı şəhərinə bacısının gözlənilən toy məclisi ilə bağlı gəlmiş və gecə saat 5 radələrində rayona qayıdırmış. Hadisə nəticəsində vəfat etmiş şəxsin hüzür mərasimini onlar yola vermişdir. Ölənin yaxın qohumlarına 10.000 manata yaxın pul ödəmişdir. Sonda apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.

13. Maddə Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

19. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

27. Belə ki, birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir.

28. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı X5 bacısıdır.

29. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 980311 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1381 № ilə qeyd edilmişdir.

30. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-131/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X6 22 noyabr 2018-ci il tarixdə saat 05:50də Cavabdeh ASC-nin Yevlax filialına məxsus yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz əziyyətdə olan «Toyota Corolla» minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə «20 Yanvar» dairəsi istiqamətindən metronun «Koroğlu» stansiyası istiqamətinə 70 km/saat sürətlə hərəkətdə olarkən Ziya Bünyadov prospekti 2061 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərinə riayət etməyib idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə hərəkət istiqaməti üzrə düzünə gedən piyada X7 ehtiyatsızlıqdan vuraraq, N.D.Əliyevə sol aşağı ətrafın, kəllə sümüklərinin kobud sınıqları və baş beyinin ağır zədələnməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə onun hadisə yerində ölməsinə səbəb olmuşdur.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.

32. Nərimanov Rayon Məhkəməsinin 1(005)-131/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, hazırki iş üzrə İddiaçı cinayət işi üzrə hüquqi şəxsin hüquqi varisi qismində ifadə veərəkən göstərmişdir ki, “... X10 xx.xx.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuşddur. Qardaşı heç vaxt evlənməmiş və övladı yoxdur. Nadir Əliyev əvvəllər məhkumluq həyatı yaşamışdır. Son vaxtlar mərhum tüfeyli həyat tərzi sürürmüş, gecələr içib küçələrdə qalırmış...”.

33. İddiaçının hökm üzrə verdiyi ifadəsindən və işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının mərhum qardaşı ilə hər hansı bir ünsiyyəti və ya bir bağlılığı olmamışdır. Belə olan halda hər hansı bir bağlılığı olmayan, tüfeyli həyat tərzi keçirən, günlərlə evə gəlməyən bir qardaşın ölməsinin iddiaçıya ağır mənəvi iztirab verməyi ağlabatan deyildir.

34. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin əməkdaşının törətdiyi hadisə nəticəsində qardaşının ölməsinin ona mənəvi sarsıntı keçirməsi və bu kimi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

37. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

38. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan hökmlə sübut olunur ki, iddiaçıya dəymiş maddi və mənəvi ziyan artıq ödənilib.

40. Belə ki, yuxarıda qeyd edilən hökmdən görünür ki, hazırki iş üzrə iddiaçı ifadəsində bildirmişdir ki, “...Rəsul Atayevin qohumları tərəfindən qardaşının yas mərasiminə çəkilən bütün xərclər qarşılanmışdır. Həmçinin, təqsirləndirilən şəxsin atası və qardaşı onların hüzür mərasimlərində iştirak etmiş, onlara maddi və mənəvi dəstək olmuşlar. Bu səbəbdən onların Rasul Atayevdən heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışlar...”

41. Kollegiya qeyd edir, hazırki iş üzrə iddianın təmin olunaraq Cavabdeh ASC-dən tutulacaq mənəvi ziyanın məbləği gələcəkdə Cavabdeh ASC tərəfindən iddia qaldırılaraq Rəsul Atayevdən tələb oluna bilər. Bu da özlüyündə Rəsul Atayev eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilmiş olacaqdır.

42. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mənəvi sarsıntı çəkməsi iş materialları və işin faktiki halları ilə təsdiq olunmadığından mənəvi ziyanla bağlı tələb təmin oluna bilməz.

43. Kollegiya, həmçinin, qeyd edir ki, yol nəqliyyat hadisəsi Rəsul Atayevin əmək funksiyalarının icrası zamanı baş verməsi ilə də bağlı iddiaçı tərəfindən mötəbər bir sübut təqdim olunmayıb və bu hal işin ümumi halları ilə təsdiq olunmur.

44. Beləliklə, göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.

45. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

46. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh ASC-nın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3493/2022 saylı iş üzrə 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. Apellyasiya şikayəti ilə bağlı cavabdeh tərəfindən ödənilmiş 75 (yetmiş beş) manat iddiaçıya aid edilsin və həmin məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar