Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1763/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(002)-2921/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə (bundan sonra, cavabdeh) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 8İ-6685 və 8İ-6686 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onunla X4 arasında 11 dekabr 2020-ci il tarixdə 3M-390 və 3M-391 reyestr saylı kredit müqavilələri bağlanmışdır. Qeyd edilən borc müqavilələrində onun X2 50000 manat borc almağı qeyd edilmişdir. 3M-390 və 3M-391 reyestr saylı kredit müqavilələrinin 1-ci bəndinə əsasən, “Borc verən” “Borc alana” 50000 manat məbləğində pulu 3 (üç) ay müddətinə tam şəkildə depozit hesabı vasitəsilə qaytarması şərti ilə borc verir.Qeyd olunan müqavilələrin 3 -cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Lakin o, X3 20000 manata yaxın pul qaytarılmasına baxmayaraq,ödədiyi məbləğlər ümümi borc məbləğindən çıxılmamışdır. Bununlada “Borc verən” tərəfindən müqavilələrin 3-cü bəndinin şərtləri kobudcasında pozulmuşdur. Belə ki, ödədiyi məbləğlər faizə çıxılıbsa,bu müqavilənin şərtlərinin pozulması deməkdir və kredit müqaviləsi ləğv olunmalıdır. Belə ki təqdim edilmiş sübutlardan müəyyən olunur ki, “borc verən” ə ödədiyi məbləğlər icra qeydlərində nəzərə alınmamış və bu 31.08.2021-ci il tarixdə verilmiş icra qeydlərinin qanunsuz və əsassız olmasını sübut edir. 04.04.2021-ci il tarixdə ödənilmiş 172 manat, 10.04.2021-ci il tarixdə ödənilmiş 150 manat, 01.05.2021-ci il tarixdə ödənilmiş 100 manat, 07.05.2021-ci il tarixdə ödənilmiş 300 manat, 10.06.2021-ci il tarixdə ödənilmiş 200 manat məbləğində pul vəsaitləri icra qeydlərində nəzərə alınmamaqla onun qanunla qorunan hüquqlarım kobudcasına pozulmuşdur. Qeyd etmışdır ki, icra qeydini rəsmi qaydada almamış və barəsındə icra qeydinin verilməsini bu günlərdə Qaradağ rayon icra və probasiya şöbəsinə dəvət edilərkən bilmiş və icra qeydindən şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti buraxmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(002)- 2921/2021 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) iddia təmin olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı icra qeydlərinin verilməsinə əsas olmuş 11 dekabr 2020ci il tarixli 3M-390 və 3M-391 reyestr saylı kredit müqavilələri üzrə borc verən (tələbkar) X4 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, borc müqavilələrinin tərəfi olmuş (borc verən) şəxsin icraata cəlb olunmaması, icra qeydlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsindəki icraatdan məlumatlı olmuş, lakin üzrlü səbəblərdən məhkəmədə iştirak edə bilməmiş, sübutları tam təqdim edə bilməmişlər. Bu səbəbdən də hazırki mərhələdə bəzi sübutları, yəni borcluya göndərilmiş bildirişi təqdim etmək istəyir. Bununla yanaşı, bildirir ki, borc müqavilələri üzrə tələbkar (borc verən) X4 müstəqil qaydada məhkəməyə müraciət edərək, borcunu tələb etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə X4 arasında 11 dekabr 2020-ci il tarixli Kredit müqavilələrinə əsasən X4 tərəfindən İddiaçı 3 ay müddətində qaytarlmaq şərti ilə 24000 manat və 26000 manat (ümumilikdə 50000 manat) məbləğində pul vəsaitlərinin borc verilməsi, borcun qaytarılması müddəti bitdikdən sonra Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən mübahisələndirilən icra qeydlərinin verilməsi işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan qəbzlərdən görünür ki, X1 hesabına 04.04.2021-ci il tarixdə 172 manat,10.04.2021-ci il tarixdə 150 manat, 01.05.2021-ci il tarixdə 100 manat, 07.05.2021-ci il tarixdə 300 manat,10.06.2021-ci il tarixdə 200 manat məbləğndə pul vəsaitləri köcürülmüşdür. İddiaçı hazırki tələbində icra qeydlərini mübahisələndirərək, onların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsini göstərmişdir (iddia tələbinin əsası yuxarıda qeyd edilmişdir). Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 8İ- 6685 və 8İ-6686 reyestr nömrəli icra qeydləri verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinin və həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olması ilə bağlı tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan (i/v-28) Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 8İ-6685 və 8İ-6686 reyestr nömrəli icra qeydlərinin aparılmasına əsas olan sənədlərin surəti 25.11.2021-ci il tarixli 2881 saylı məktubla Qaradağ rayon məhkəməsinə təqdim olunmuşdur. Məktubdan müəyyən olunur həmin sənədlər - kredit sazişi (2 ədəd), kreditləşmə və xidmət şərtlərinə dair ərizələr (iki ədəd), mədaxil orderləri - (2 ədəd) olmuşdur. Göründüyü kimi, təqdim edilmiş sənədlər arasında tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsinə dair sübutlar mövcud deyildir. Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən icra qeydləri aparılarkən qanunvericiliyin tələbləri pozularaq, əsaslandığı sənədlər arasında tələbkar tərəfindən cavabdehə icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildirişin göndərməli olması halını və eyni zamanda borcun mübahisəsizliyi halının şübhə yaratması vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdə olan kredit sazişlərindən görünür ki, hər iki müqavilə üzrə borcun qaytarılmasının son tarixi 11 mart 2021-ci il tarixi kimi müəyyən olunmuşdur. İddiaçı istər iddia tələbində, istərsə də apellyasiya şikayətində borc müqavilələrini və həmin borc müqavilələrinə əsasən müvafiq pul vəsaitlərini (ümumilikdə 50000 manat) almasını mübahisələndirməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Həmin Təlimata əsasən bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Həmin Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır Həmin Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli 156 №-li Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 2-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim edilir. Həmin Siyahının 2-ci bəndinə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydi almaq əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixli və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, notarius icra qeydini verməmişdən əvvəl müəyyən halların mövcudluğu yoxlamalıdır ki, onlardan da biri tələbkar tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsidir. bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsindən məlumatlı olmuş, icra qeydinin verilməsi ilə bağlı məhkəməyə sənədlər göndərmiş, lakin orada tələbkar tərəfindən borcluya müvafiq bildirişin göndərilməsi ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Cavabdehin nümayəndəsi qeyd edilən sənədi apellyasiya instansiyasına təqdim etmək istəsə də, nəzərə almamışdır ki, apellyasiya icraatı zamanı yeni sübutların qəbulu müəyyən hallarda mümkündür. Belə ki, MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində olan icraatdan kifayət qədər məlumatlı olmuş, məhkəmə iclası bir-neçə dəfə təxirə salınmış, hər dəfə məhkəməyə məktub ünvanlayaraq nümayəndəsi qismində Nümayəndə iştirak edəcəyi qeyd olunmuş, lakin sonuncu hər hansı üzrlü səbəblər göstərmədən iştirak etməmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim olunmuş (eyni zamanda cavabdeh digər sübutları da təqdim etmək imkanında olumuşdur). Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh tələbin icra qeydinin mübahisələndirilməsi ilə bağlı olduğunu bilirdi və əgər həqiqətən müvafiq bildiriş vardısa, o zaman onu da digər sənədlərlə birlikdə təqdim etməməsi sadə məntiqə sığmır. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Göründüyü kimi, qanunverici apellyasiya instansiyasına yeni sübutların təqdim olunmasına məhdudiyyətlər nəzərdə tutulmuşdur. Cavabdeh tərəf isə qeyd edilən sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Belə olan halda, həmin sübutun apellyasiya icraatı zamanı qəbul edilməsi prosessual hüquq normalarının tələblərinə ziddir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, borc müqavilələri üzrə tələbkar (borc verən) X4 müstəqil qaydada məhkəməyə müraciət edərək, borcunu tələb etmiş və məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddiası təmin olunmuşdur. Göründüyü kimi, tələbkar mübahisənin məhz məhkəmə müstəvisi çərçivəsində həll olunmasında maraqlıdır. Hazırki iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına baxmayaraq, icra qeydlərinin ləğv olunmasına da hər hansı münasibət bildirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onu əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(002)-2921/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(002)-2921/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1763/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1763/2022
09.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver