Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1764/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1764/2025 (Açar sözlər: əlavə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil2 Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əlavə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1065/2024 nömrəli 22 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 81 nömrəli Əmək Müqaviləsinə əsasən, sonuncu 3 aylıq sınaq müddəti ilə mühafizəçi vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 750 manat olmuş, müqaviləyə edilmiş sonrakı dəyişikliklərlə əmək haqqı xx.xx.2018-ci ildən 855 manat, xx.xx.2019-cu ildən 900 manat, xx.xx.2022-ci ildən 1.100 manat müəyyən olunmuşdur.
2. Müqavilənin 4.16-cı bəndinə əsasən, iş vaxtı gündə 12 saat, həftə ərzində isə 40 saatdan çox olmamaqla müəyyən olunmuşdur.
3. İşəgötürənin müəyyən daxili qaydaya əsasən, iddiaçı 1 ay ərzində hər növbə 12 saat olmaqla 6 gün gündüz, 6 gün gecə növbəsində işləmişdir.
4. “İşçinin içdən azad edilməsi barədə” xx.xx.2023-cü il tarixli 000000004/A nömrəli əmri ilə iddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsi ilə müəyyən olunmuş iş saatlarından əlavə saatlarda çalışdığına görə 29524 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə onun arasında 04 aprel 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsinə əsasən mühafizəçi vəzifəsinə təyin olunmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 900 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 4.16-cı bəndində qeyd olunmuşdur ki, işçi gündə 12 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Lakin işəgötürən əmək müqaviləsinin tələblərini kobud şəkildə pozaraq onu müqavilə ilə müəyyən olunmuş iş saatlarından çox işə cəlb etmişdir. Belə ki, 12 saatlı iş günü olmaqla ay ərzində ümumi 22 gün çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, ay ərzində ümumilikdə 264 saat çalışmışdır. Bununla bağlı iddiaçı cavabdehə iradını bildirən zaman cavabdeh artıq iş saatlarında çalışdığına görə əlavə əməkhaqqı ilə təmin olunacağına söz vermişdir. Bir müddət cavabdehin sözünə inanaraq artıq iş saatlarında çalışsa da, sonradan cavabdehin onu aldadaraq istismar etməsinə əmin olmuşdur. Buna əsasən o, ərizə ilə işəgötürənə müraciət edərək, öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 004 saylı əmri ilə aralarında olan əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra o, artıq iş saatlarında çalışdırılması ilə bağlı X2 müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə görə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə iş saatlarında çalışdığına görə ona ödənilməli olan əmək haqqının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddiaya iddia müddətinin tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1065/2024 nömrəli 22 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia rədd edilmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, cavabdeh "xxxx" MMC-nin işçisi olmuşdur. O, cavabdeh təşkilatda 2017-ci ilin sentyabrından 2023-cü ilin may ayına qədər mühafizəçi işləmiş, binanın müşahidə kameralarına nəzarət, giriş-çıxışa nəzarət, gələn maşınların qeydiyyatına nəzarət etmişdir. Orada bir neçə jurnal var idi. Məsələn görülən işlərlə bağlı təlimat jurnalı, eyni zamanda, binaya giriş-çıxışla bağlı maşınların qeydiyyatı jurnalı, postun təhviltəslim jurnalı var idi. Təhvil-təslim jurnalına əsasən postlar təhvil-təslim edilirdi. İş vaxtları üç gün səhər, iki gün ev və iki gün gecə və bəzən üç gün gecə, iki gün səhər gün ev olurdu. Bir gün səhər az, bir gün gecə çox işləmişlər. Anar Nəcəfov da bu qrafiklə işləmişdir. O, işdən öz istəyi ilə çıxmış və öz ixtisasına görə iş tapmışdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də işləyir. İddiaçı ilə bir yerdə işləmişdir. O, postlarda jurnal görməmişdir. İşçilərin giriş-çıxış kartı olmuşdur. Vüqar Məstiyevin təsdiq etdiyi cədvələ əsasən iş saatları müəyyən olunurdu. Sənəd yazılı olmalıdır. İş materiallarındakı cədvəl kimi cədvəl görməmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, İddiaçı işçiləri olmuşdur. İşçilərinin özlərinin giriş-çıxış kartı var. Həmin məlumatlar sistemə düşür. Əgər iddiaçıya qarşı haqsızlıq olunurdusa niyə 5 il 5 ay işləmişdir. Kitab nəqliyyat vasitələri və açarlarla bağlıdır. O, belə bir kitab görməmiş, həmin imza da ona məxsus deyildir. Tabel cədvəli onun tərəfindən tərtib və təsdiq olunur.Həmin cəvdəl mühasibatlığa göndərilir. Ona uyğun da maaşlar verilir.
12. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə əlavə əmək haqqının ödənilməsi tələbinə 1 illik iddia müddəti tətbiq olunmalıdır. Belə ki, iddiaçı cavabdeh təşkilatda 04 aprel 2018-ci il tarixdən faktiki işlədiyi dövrdə real olaraq hüququnun pozulduğunu bildiyi halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür.
13. Eyni zamanda məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4736 saylı, 09 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 aprel 2018-ci il tarixli, 81 saylı Əmək müqaviləsinə əsasən iddiaçının 04 aprel 2018-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək, eyni zamanda 07 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək işlədiyi dövr ərzində həmin Cəmiyyət tərəfindən iddiaçıya, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı məbləği və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla hesablanmış və ödənildiyi müəyyən edilmişdir. Qeyd edilmişdir ki, iş materiallarında olan tabel uçot vərəqələri, əmək haqqı hesablanmasına dair cədvəllər və s. sənədlərə əsasən İddiaçı "xxxx" MMC-də 01 sentyabr 2016-cı ildən 01 iyul 2020-ci ilədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının “əlavə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ötürülməklə verildiyindən, həmçinin iddiçının əlavə işə cəlb edilməsi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1,2 və 3-cü hissəsi, 3-cü maddəsinin 3, 4-1-ci hissəsi, 83-cü maddəsinin 1 və 2-ci hissəsi, 154-cü maddəsinin 1-ci hissəsi, 157-ci maddəsinin 3-cü hissəsi, 155-ci maddəsinin 1-ci hissəsi, 165, 166, 175-ci maddəsinin 5-ci hissəsi, 288, 292, 294, 296-cı maddəsinin 4 və 5-ci hissəsi, Mülki Məcəllənin 372.1, 375.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh məhkəmədə öz etirazını sübut etmək üçün şahidlər gətirmişdir. Bu şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməzdi. Belə ki, bu şahidlər hələ də cavabdehin işçiləridir və ondan aslı vəziyyətdədirlər. Məhkəmə bu məsələyə hüquqi münasibət bildirməkdən yayınmışdır. Cavabdeh işçilər ilə bağlanmış müqavilələrdə yalnışlığa yol verildiyini və məvacibin artıq göstərildiyini qeyd edir. Məhkəmə isə buna münasibət bildirmir. Sualllar yaranır ki, cavabdeh necə ola bilər ki, məhz iddiaçının işinə uyğun işlərdə çalışanlar ilə bağlanan müqavilərdə səhv edir. Necə ola bilər ki, bütün müqavilələrdə eyni səhv var. Necə ola bilər ki, məhz məvacib hissəsində elə kobud səhvə yol verilib. Necə ola bilər ki, bütün dövürlərdə eyni səhv təkrarlanıb. Cavabdeh bu suallara cavab verə bilmədiyi halda məhkəmə bu hissəyə münasibət bildirməkdən yayınıb. Cavabdehin məhkəməyə düzgün olmayan informasiyalar veridyini sübut edən, iddiaçının iddiasını tam sübut edən hal təqdim edilmiş və materiallara əlavə edilən jurnallardan çıxarışlardır. Bu çıxarışlar iddiaçının hansı dövrlərdə işlədiyini, hansı saatlarda işlərdə olduğunu tam sübut edir. Cavabdehin özünün təqdim etdiyi sübutlar belə biri birini təkzib edir və idiaçının haqlı olduğunu göstərir. Cavabdeh belə bir kitabçaların mövcud olmadığını qeyd edir. Halbuki, kitabçada olan qeydlər, imzalar, adlar onların həqiqiliyini təsdiq edir. Məhkəmə bu hissələrə münasibət bildirməmişdir. Halbuki, məhkəmə proseslərində imzaların həqiqiliyinə dair müzakirələr aparılmış, imza nümunaləri ilə birlikdə ekspertiza olunması müzakirə edilmişdir. Lakin, məhkəmə heç bir əsas olmadan belə bir eskpertiza təyin etməmiş, yalnız mühasibatlıq ekspertizası təyin etmək ilə kifayətlənmişdir. İddia müddəti ötürülməmişdir. Belə ki, o bütün bu dövrlərdə cavabdehin işçisi olmuşdur. Onun cavabdə qarşı iddia qaldırmağı işdən çıxarılmağı demək idi. Belə olan təqdirdə iddianın qaldırılması qeyri-mümkündür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
26. Maddə 95.1. İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
27. Maddə 97, 1-ci hissə. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.
28. Maddə 135, 2-ci hissə. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
29. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
30. Maddə 166, 1-ci hissə. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
31. Maddə 166, 2-ci hissə. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.
32. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
33. Maddə 296, 2-ci hissə. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
34. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
35. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
41. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir.
48. İddiaçı hazırda onunla əmək müqaviləsi bağlanıldığı gündən, yəni xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək artıq saatlara və gecə növbəsində işlədiyi saatlara görə əlavə haqqın ona ödənilməməsini idda edir.
49. Lakin cavabdeh tərəfindən mübahisə üzrə iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən və qanununla müəyyən edilmiş imperativ qaydaya uyğun olaraq tələbə iddia müddətinin tətbiq edilməsi kontekstində hüquqi qiymət verilməlidir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi üçün əsasdır.
50. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi də fərdi əmək mübahisələrinin həllində iddia müddətləri bağlı qaydanı tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, yuxarıda da şərh edildiyi kimi, hazırki işdə də cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
51. Kollegiya qeyd edir ki, iddiaçı işdən çıxdığı tarixdən əvvəlki bir ilə qədər olan dövr üzrə iddia müddətini ötürmüşdür. Ona görə də prosessual qənaət prinsipi baxımından həmin dövr üçün hər hansı araşdırma aparılmadan həmin hissələrdə iddia tələbi rədd edilməlidir.
52. Son bir il üzrə iddia tələbinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddiaçı tələbini təsdiq edən halları sübuta yetirə bilməmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara, yəni hansı tarixlərdə və hansı müddətdə əlavə işlərə cəlb olunmasına dair hər hansı konkret məlumat təqdim edə bilmir, tələbini ümumi sözlərlə əsaslandırır. Belə ki, birinci instansiya məhkəməsində təqdim edilmiş qeydiyyat kitabları və cədvəllərinin mötəbərliyi sübuta yetirilməmişdir, həmin sənədlər yalnız kserosurət olmaqla ekspertiza tədqiqatının predmeti, nəticə etibarı ilə də iddiaçının tələbini əsaslandıran sübut kimi qiymətləndirilə bilməz.
53. Cavabdeh isə iddiaçının dəlillərini qəbul etmir və bildirir ki, iddiaçıya əmək haqqı əmək qanunvericiliyinə uyğun şəkildə ödənilmiş, iddiaçının bununla bağlı heç vaxt heç bir etirazı olmamışdır.
54. Məhkəmə araşdırması zamanı iddiaçı iş vaxtından artıq saatlarda işə cəlb edilməsini (12 saatlı iş günü olmaqla ay ərzində ümumi 22 gün, ay ərzində ümumilikdə 264 saat çalışmışdır) iddia etsə də, bu dəlilini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
55. Nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
56. Buna baxmayaraq məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya ödənilən əmək haqqı əmək müqaviləsində (sonradan əmək müqaviləsinə əmək haqqının artırılması barədə edilmiş dəyişiklikdə də) göstərilən həcmdə verilmiş, onun gecə vaxtı işlədiyi saatlara görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmiş faiz nisbətində əlavə edilməklə ödənilməmişdir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, iddiaçının əmək haqqı (pul) tələbinə Əmək Məcəlləsində nəzərədə tutulmuş iddia müddəti tətbiq edilməklə mühaisə həll edilməlidir, yəni yalnız son bir il üçün gecə vaxtına görə əlavə əmək haqqı hesablanıb tutulmalıdır.
57. Belə ki, iddiaçı ilə əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmək müqaviləsində göstərilən iş saatlarından artıq işləmiş, lakin ona buna görə əlavə əmək haqqı verilməmiş, bu barədə işəgötürənə iradını bildirmişdir.
58. Göründüyü kimi, iddiaçı əmək hüququnun pozulduğunu əvvəlcədən bildiyi halda vaxtında məhkəməyə müraciət etməmiş, mübahisə ilə bağlı yalnız 2023-cü ilin oktyabr ayında (xx.xx.2023-cü il tarixdə tərəflərə ilkin mediasiya sessiyaası ilə bağlı bildiriş göndərilmişdir) mediasiyaya müraciət etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Bu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddəti nəzərə alınmaqla, iddiaçının bir il əvvəlki dövrə görə, yəni 2022-ci ilin sentyabr ayının 15-dən başalayaraq əmək müqaviləsinə xitam verildiyi günədək iddiaçıya gecə vaxtı işlədiyi iş saatlarına görə ödənilməmiş əmək haqqı qanunla müyyən edilmiş əlavələr nəzərə alınmaqla hesablanmalıdır.
59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməlidir.
60. Azərbaycan Respublmkası ƏƏSMN-nin 9-1 nömrəli, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” İzahatın 4-cü bəndində çöxnövbəli iş rejiminin anlayışında göstərilmişdir ki, çöxnövbəli iş rejimi dedikdə mülkiyyət və təşkilatihüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti AR ƏM-nin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmaqla) 8 saatdan çox olmayan iş rejimi başa düşülür.
61. İzahatın 6-cı bəndinə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir.
62. İzahatın 7-ci bəndinə görə isə gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır.
63. Göründüyü kimi, çoxnövbəli iş rejimində hər növbə 8 saatdan artıq ola bilməz, iddiaçı isə hər biri 12 saat olmaqla iki növbəli iş rejimində işləmişdir. Belə olan halda iddiaçının gecə növbəsində işlədiyi müddətin gecə vaxtına (saat 22-dən 06-dək) düşən hissəsinə 20% əlavə haqq müəyyən edilib tutulmalıdır.
64. Cavabdeh tərəfindən təqdim olunmuş növbəlilik cədvəllərindən görünür ki, iddiaçı ay ərzində cəmi 12 gün olmaqla, 6 gün gündüz, 6 gün gecə işləmişdir.
65. İddiaçının 2022-ci il sentyabr-noyabr aylarında əmək haqqı 980 manat olub, sentaybr ayında (ayın 15-30 tarixləri arası) 3 dəfə, oktyabr ayında 6 dəfə, noyabr ayında isə 4 dəfə gecə növbəsində olub.
66. Gecə növbəsi 12 saat olsa da, onun 8 saatı (saat 22-dən 06-dək) gecə vaxtı hesab olunur. Ona görə də hər gecə növbəsinin 8 saatına 20 % əlavə hesablanmalıdır.
67. İddiaçının aylıq iş vaxtı 12 gün, hər iş günü 12 saat, bunlardan 6 gün gündüz, 6 gün gecə növbəsi olub. Beləliklə, iddiaçının aylıq iş saatı 144 saat təşkil edib.
68. İddiaçının həmin dövrdə aylıq əmək haqqı 980 manat, bir günlük əmək haqqı 81,66 manat, bir saatlıq əmək haqqı isə 6,80 manat təşkil edib. Odur ki, həmin dövr üçün iddiaçının gecə növbəsində işədiyi 12 saatın gecə vaxtına düşən 8 saatına (saat 22-dən 06-dək) 20 faiz (1,36 manat) həddində əlavə haqq müəyyən edilməlidir.
69. İddiaçının 2022-ci ilin sentyabr ayında 3 dəfə gecə növbəsində olması nəzərə alındıqda, həmin ay üçün gecə vaxtının müddəti 24 saat (8 saat x 3 növbə) olduğu müəyyən olunur. Ona görə də iddiaçıya həmin ay üçün gecə vaxtına görə 32,64 (1,36x24) manat əlavə haqq odənilməlidir.
70. 2022-ci ilin oktyabr ayında iddiaçı 6 dəfə gecə növbəsində olduğuna görə, həmin ay üçün gecə vaxtının müddəti 48 saat (8 saat x 6 növbə) olduğu müəyyən olunur. Ona görə də iddiaçıya həmin ay üçün gecə vaxtına görə 65,28 (1,36x48) manat əlavə haqq odənilməlidir.
71. 2022-ci ilin noyabr ayında iddiaçı 4 dəfə gecə növbəsində olduğuna görə, həmin ay üçün gecə vaxtının müddəti 32 saat (8 saat x 4 növbə) olduğu müəyyən olunur. İddiaçıya həmin ay üçün gecə vaxtına görə 43,52 (1,36x32) manat əlavə haqq odənilməlidir.
72. Beləliklə, 2022-ci ilin sentyabr-noyabr ayları üzrə idiaçıya ödənilməli olan əlavə haqqın məbləği 141,44 manat təşkil edir.
73. İddiaçı 2022-ci ilin dekabr ayında 6 dəfə, 2023-cü ilin yanvar ayında 2 dəfə, həmin ilin fevral-iyul aylarında hər ay 6 dəfə və avqust-sentyabr aylarında 3 dəfə gecə növbəsində olub.
74. İddiaçının həmin dövrdə aylıq əmək haqqı 1100 manat, bir günlük əmək haqqı 91,66 manat, bir saatlıq əmək haqqı 7,63 manat, həmin vəsaitin 20% isə 1,52 manat təşkil edib.
75. Göstərilən dövr üçün gecə vaxtına görə 20% əlavə haqq yuxarıda göstərilən qaydada aşağıdakı məbləğlərdə müəyyən olunur: o 2023-cü ilin yanvar ayında 2 dəfə gecə növbəsinə görə 24,44 manat (1,52 manat x 16 saat); o 2023-cü ilin avqust və sentyabr aylarında 3 dəfə gecə növbəsinə görə 1 ay üçün 36,66 manat (1,52 manat x 24 saat), 2 ay üçün 73,33 manat; 2022-ci ilin dekabr və 2023-cü ilin fevral-iyul aylarında 6 dəfə gecə növbəsinə görə 1 ay üçün 73,33 manat (1,52 x 48 saat), 7 ay üçün 513,33 manat.
76. Göründüyü kimi, 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar-sentyabr ayları üzrə idiaçıya ödənilməli olan əlavə haqqın məbləği 611,1 manat təşkil edir.
77. Beləliklə, son 1 il üçün iddiaçıya gecə növbəsində (saat 22-dən 06-dək) işləməsinə görə ödənilməli əlavə haqqın məbləği 752,54 manat müəyyən olunur.
78. Odur ki, hazırda cavabdehdən gecə növbəsində işə cəlb olunarkən düzgün hesablanmayan əmək haqqının əvəzi olaraq 1828,8 manat tutularaq iddiaçıya ödənilməlidir.
79. Əmək müqaviləsində və ona edilmiş dəyişikliklərdə müəyən olunan əmək haqqının həmçinin 20% əlavəni də nəzərdə tutması barədə cavabdehin dəlilləri və bununla bağlı məhkəməyə təqdim olunmuş əmək haqqının hesablanması ilə bağlı hesabtlardakı göstərilənlər əsassızdır. Belə ki, əmək müqaviləsi və ona dəyişikliklikdə gecə növbəsində işləməyə görə 20% əlavənin ödənilməsi barədə hər hansı qeyd yoxdur, göstrilən məbləğlər isə (750 və sonrakı artımlar) sırf əmək haqqını ehtiva etmişdir.
80. Halbuki, Əmək Məcəlləsinin 166-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.
81. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsinin verilməsinə görə 60 manat mediasiya xərci (50 manat İMX və 10 manat poçt xərci) və 179 manat dövlət rüsumu ödəmişdir.
82. Hazırda iddia tələbi 29524 manat təşkil etdiyi halda, iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq, 60 manat mediasiya xərci və iddia tələbinin 3%-i, yəni 11 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsinə görə isə 5,40 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
83. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1065/2024 nömrəli iş üzrə 22 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əlavə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq - 752,54 manat tutularaq İddiaçı ödənilsin. 60 manat mediasiya xərci və 11 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5,40 manat tutularaq dövlət bücəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.