Məhkəmə qərarları › İş №2(103)-1767/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1767/2023

02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1767/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alimentin azaldılması, aliment öhdəliyi olan şəxsin digər nikahdan olan uşaqlarına görə aliment ödəməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh 18 aprel 2009-cu il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmiş, nikahlarından xx.xx.2010-cu il tarixdə Turan, xx.xx.2015-ci il tarixdə Ayaz adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X11 ananın yanında qalması, uşaqların saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

3. İddiaçı ilə X13 30 mart 2020-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmiş, nikahlarından xx.xx.2020-ci il tarixdə Nurbahar, xx.xx.2022-ci il tarixdə Zəhra adını verdikləri uşaqları dünyaya gəlmişdir.

4. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin X7 xeyrinə tutulması qət edilmişdir.

5. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı "xxxx" QSC-də bölmə rəhbəri vəzifəsində çalışır və elektron məhkəmə sistemində göstərilən məlumata görə aylıq əmək haqqı 2500 manat təşkil edir.

7. Cavabdeh xx.xx.2019-cu il tarixindən "xxxx" MMC-də “müsahibə alanlar” vəzifəsində çalışmış və aylıq əmək haqqı 1560 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün cavabdehin xeyrinə ondan Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının qazancının ¼ hissəsi miqdarına azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə bağladığı xx.xx.2009-cu il tarixli nikah pozulmuş, nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X11 analarının yanında qalmaları müəyyən olunmuş, uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 27 iyun 2019-cu il tarixdən başlayaraq hər ay onun qazancının 1/3 hissəsi miqdarında alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Bundan sonra o, X12 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahından 26 sentyabr 2020-ci il tarixdə Nurbahar, 07 may 2022-ci il tarixdə Zəhra adını verdikləri uşaqları doğulmuşlar. Sonradan aralarında olan münasibətlər pozulduğundan X7 ərizəsi əsasında Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2020-ci il təvəllüdlü X5 və 07 may 2022-ci il təvəllüdlü X1 üçün 23 may 2022-ci il tarixdən başlayaraq ondan hər ay qazancının 1/3 hissəsi miqdarda alimentin X7 xeyrinə tutulması əmr edilmişdir. Hər iki məhkəmə aktı icraya yönəldilmişdir və əmək haqqından müvafiq tutulmalar aparılır. Məhkəmə aktları ayrı-ayrılıqda icra olunduğundan əmək haqqından artıq faktiki olaraq 2/3 hissə tutulur, bu hal isə onun maddi vəziyyətinə ciddi mənfi təsir göstərir. Halbuki, Cavabdeh kifayət qədər yüksək və stabil əmək haqqı alır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh ödədiyi alimentin məbləği azaldılmalı, qazancının ¼ hissəsi miqdarında müəyyənləşdirilməlidir.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əmək haqqı 2200 manatdır, hazırda ipoteka ödənişi vardır, talassemiya xəstəsidir, hər iki arvada aliment verir. Əvvəl gəliri çox olmuş, lakin cavabdeh onun iş yerinə böhtanlar yazdığı üçün bonuslarını da kəsmişlər. Həyat yığım sığortası aliment tutulduqdan sonra hesablanır. Hesab edir ki, qazancının 50 faizi özünə qalmalıdır. Cavabdeh özü də kifayət qədər maaş alır və alimenti şəxsi ehtiyacları üçün xərcləyir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh Feyzulla qızı iddianın əsassız olduğunu bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı 8-9 min manat maaş alır, hətta “Paşa Həyat” yığım sığortasına da qoşulmuşdur. İddiaçı hazırda ailəsi ilə birlikdədir, sadəcə ona ödənilən alimentin məbləğini azaltmaq üçün ikinci həyat yoldaşının ondan aliment tələb etdiyi görüntüsünü yaratmağa çalışır. İddiaçının talassemiya xəstəliyi yoxdur, bu da yalandır. Tək qadındır, övladlarına baxır, əziyyətlərini çəkir. Məqsədi uşaqlarına kifayət qədər yaxşı təhsil verməkdir. İddiaçının kifayət qədər maddi imkanı var, uşaqların isə 13 və 7 yaşları vardır. Onların gələcəkləri üçün hazırkı pul da azdır. İddiaçı ipotekaya götürdüyü evi kirayəyə vermişdir, ev özü özünü ödəyir. Alimenti bank vasitəsilə alır, alimenti şəxsi ehtiyacı üçün istifadə etməmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuş, birgə nikahdan olan iki uşağın saxlanılması üçün İddiaçı aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. Cavabdehin xeyrinə aliment tutulmasından sonra iddiaçının maddi vəziyyəti dəyişmişdir. Belə ki, iddiaçı yenidən digər şəxslə nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan olan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçıdan ayrı-ayrı nikahlardan olan cəmi 4 uşağın saxlanılması üçün aylıq qazancının 2/3 hissəsi miqdarında aliment tutulur. İddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdarı maddi vəziyyətinə uyğun olaraq uşağın mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. Belə ki, qanunvericiliyin tələbinə əsasən 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Hazırkı halda cavabdehdən 4 uşağa görə cəmi əmək haqqısı və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutula bilər. Cavabdehin iddiaçı ilə birgə nikahdan iki uşağı olduğundan, alimentin miqdarı cavabdehin aylıq qazancından dörd uşağa görə tutula biləcək ümumi aliment məbləğinin ½ hissəsi miqdarında, yəni əmək haqqısının ¼ (1/2/2 = 1/4) hissəsi məbləğində müəyyən edilməlidir.

14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci, Ailə Məcəlləsinin 76.1-ci, 78.1-ci, 112.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinad etmişdir.

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, onun maddi vəziyyətini və uşaqların mənafeyini, eləcə də iddiaçının yüksək qazanc əldə etdiyini nəzərə almadığı, iddiaçının gəliri ilə bağlı sübutları əldə etmədiyi, onun digər uşaqlarına görə aliment ödəməli olması ilə bağlı qətnaməni ona ödədiyi alimenti azltdırmaq üçün məqsədli şəkildə çıxartdırdığı arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası

16. Məhkəmə iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı onun işlədiyini və yüksək qazanc əldə etdiyini iddia etsə də, 18 yanvar 2023-cü il tarixində əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən çıxarılmışdır, hazırda işsizdir, kredit borcları vardır, uşaqlarını saxlamaqda çətinlik çəkir.

17. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu, cavabdehə ödədiyi alimentin məbləğinin yüksək olmasına ikinci həyat yoldaşı narazılıq etdiyindən bu iddianı qaldırdığını, işdən çıxmış olsa da, cavabdehin kosmetolq kimi fəaliyyət göstərdiyini, “İnstagram” səhifəsində çoxsaylı izləyicilərinin olduğunu, bunun da onun yüksək qazanc əldə etdiyinə dəlalət etdiyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 34 (İİİ və İV hissələr). Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

22. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

23. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Qanun

25. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Uşaq hüquqları haqqında” Konvensiya

27. Maddə 18 (1-ci bənd). İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun

28. Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

43. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında (§ 21-22); sabit pul məbləğində (§ 23). Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (§ 22), həmçinin sabit pul məbləğinin miqdarı isə məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir (§ 23).

44. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24).

45. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

46. Hazırki mübahisə üzrə iddiaçı iddia tələbini, birinci və ikinci nikahından olan uşaqları üçün ödədiyi alimentin ümumi məbləğinin qanunvericiliklə müəyyənləşdirilmiş həddən artıq olması, eləcə də Cavabdeh özünün yüksək qazanc əldə etdiyi arqumentləri ilə əsaslandırmışdır.

47. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndində tövsiyyə olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

48. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır”.

49. İşin hallarından görünür ki, Cavabdeh xeyrinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması müəyyənləşdirilərkən Cavabdeh "xxxx" MMC-də “müsahibə alanlar” vəzifəsində çalışmış (xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında) və həmin vaxt aylıq əmək haqqı 1325,14 manat təşkil etmişdir; yuxarıda qeyd olunduğu kimi, onun həmin MMC ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (§ 7) və hazırda o, rəsmi olaraq heç bir yerdə işləmir.

50. Onun “İnstagram” səhifəsində çoxsaylı izləyicilərinin olmasının yüksək qazanc əldə etdiyinə dəlalət etməsi barədə iddiaçının arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal təkbaşına cavabdehin yüksək qazanc əldə etdiyinin sübutu sayıla bilməz. Cavabdeh də bildirmişdir ki, həmin səhifə sadəcə reklam xarakterlidir, onun vasitəsilə kosmetoloq kimi xidmət göstərə biləcəyini reklam edir, lakin daimi olaraq müvafiq işlə məşğul ola bilmir.

51. İşin hallarından həmçinin aydın olur ki, İddiaçı ikinci həyat yoldaşı X6 boşanmamışdır.

52. İddiaçı ikinci həyat yoldaşı X7 ona qarşı qaldırdığı “aliment tutulması” tələbinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən də hazırkı iddia tələbi üzrə əsaslandığı halları irəli sürməklə Cavabdeh qarşısında aliment öhdəliyinin nəzərə alınmasını və Aynur Məmmədova üçün qazancının ¼ hissəsi miqdarında aliment müəyyənləşdirilməsini xahiş etmiş, lakin məhkəmə (hakim), “...qanunvericiliyin göstərilən müddəası (Ailə Məcəlləsinin 76.1.3-cü maddəsi) bir anadan doğulmuş uşaqlara görə müəyyən edilmiş alimentin məbləğidir və hazırkı mübahisəyə göstərilən qaydada yanaşılması iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnə bilər” əsaslandırması ilə həmin arqumenti əsassız hesab etmişdir.

53. Yuxarıda qeyd olunduğu kimi, həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır (§ 5).

54. Kollegiya hesab edir ki, iddiaçı, Cavabdeh qarşı yönəltdiyi tələbdə - hətta onun ikinci həyat yoldaşı Aynur Məmmədova ilə həqiqətən ayrı yaşadıqları və iddiaçıdan Aynur Məmmədovanın xeyrinə aliment tutulduğu (real olaraq) qəbul edilsə belə - haqlı hesab oluna bilməz; belə ki, birincisi, Cavabdeh maddi vəziyyətinin, alimentin 1/3 hissə miqdarında müəyyənləşdirildiyi dövrdən sonra onun iddia etdiyi kimi yaxşılaşdığı sübuta yetirilməmiş, əksinə Cavabdeh artıq işləmədiyi müəyyən olunmuşdur; digər tərəfdən, iddianın təmin olunması İddiaçı ikinci nikahından doğulan uşaqlarının mənafeyinin, onun Cavabdeh ilə nikahından doğulan uşaqların mənafeyindən üstün tutulması nəticəsini yaradar. Belə nəticə isə hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə uyğun sayıla bilməz.

55. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının, “cavabdehə ödədiyi alimentin məbləğinin yüksək olmasına ikinci həyat yoldaşı narazılıq etdiyindən bu iddianı qaldırdığını” bildirməsi, hazırda baxılan iddia ilə güdülən məqsədin Cavabdeh xeyrinə tutulan alimentin azaldılması olduğu qənaətini formalaşdırır; bu isə iddiaçının “hüquqdan sui-istifadə qadağası”nı pozduğunu göstərir. Nəzərə alınmalıdır ki, hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

56. “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında X15 Məhkəməsi qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5629/2022 saylı iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar