Məhkəmə qərarları › İş №2(103)-1768/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1768/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1768/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 BOKT ASC, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.10.2015 tarixli və 26.10.2015 tarixli ipoteka müqavilələrinə əlavə sazişlərin qismən - daşınmaz əmlakların İddiaçı məxsus hissələrinin ipoteka ilə yüklü edilməsi hissələrində ləğv edilməsi, X1 və İddiaçı ümumi birgə mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən 91,9 kv.m yaşayış, 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzilin, Qəbələ rayonu Hacallı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən 10 girişli 196.8 kv.m ümumi, 196.8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində 0.02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 105.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olan hissələrinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-46/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.10.2015-ci il tarixdə "xxxx" ASC ilə iddiaçının əri X2 arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı olaraq 10.12.2013-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş müxtəlif tarixli əlavə razılaşmalarla X2 və İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsndəki 27 saylı evin 10-cu mənzili, Qəbələ rayonu, Hacallı kəndində yerləşən qeyri-yaşayış binası (yanacaq doldurma məntəqəsi) və Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 59.76 kv.m tikintialtı sahədən ibarət qeyri-yaşayış binası (mağaza) qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Adı çəkilən daşınmaz əmlakların ümumi birgə mülkiyyət olması Qəbələ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə də müəyyən olunmuşdur. Əmlakların ümumi birgə mülkiyyətində olması banka məlum olsa da, bank təkcə Mehdi Heydərovla ipoteka müqaviləsi imzalamaqla əmlakları bütünlüklə ipoteka ilə yüklü etmişdir. Halbuki, bank ipoteka qoyan kimi həm də İddiaçı cəlb elməli idi. Bank qanunun tələblərini pozaraq iddiaçı ilə ipoteka müqaviləsi bağlamadan, həmin müqaviləni dövlət qeydiyyatına almadan onun mülkiyyətində olan əmlakları ipoteka ilə yüklü etmişdir. Göstərilən səbəbdən də hesab edir ki, iopteka müqavilələrinə əlavə sazişlər qismən - daşınmaz əmlakların iddiaçıya məxsus hissələrinin ipoteka ilə yüklü edilməsi hissələrində ləğv edilməli, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların iddiaçının mülkiyyətində olan hissələri yüklülükdən azad edilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən mübahisələndirilən ipoteka müqaviləsinin bağlanmasına onun razılığının alınmamasını nəzərə almamış, eləcə də bu faktın aydınlaşdırılması məqsədilə xətşünaslıq ekspertizası təyin etməmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, 23.10.2015-ci il tarixdə "xxxx" ASC ilə X2 arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı olaraq 10.12.2013-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə sonradan edilmiş müxtəlif tarixli əlavə razılaşmalar imzalanmışdır. Belə ki, ipoteka müqaviləsi və həmin müqaviləyə əsasən bağlanmış müxtəlif tarixli əlavə razılaşmalara görə X2 və İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 saylı evin 10-cu mənzili, Qəbələ rayonu, Hacallı kəndində yerləşən qeyriyaşayış binası (yanacaq doldurma məntəqəsi) və Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 59.76 kv.m tikintialtı sahədən ibarət olan qeyri-yaşayış binası (mağaza) qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, bank kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia təmin olunaraq borcun tutulması və tutmanın 10.12.2013-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş müxtəlif tarixli əlavə razılaşmalara əsasən ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, həmin əmalakların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına X1 "xxxx" ASC-yə olan borcunun ödənilməsi və s. qət edilmişdir. Hazırkı işdə iddiaçı olan İddiaçı həmin işdə cavabdeh kimi işdə iştirak etmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra İddiaçı hazırkı iddianı qaldırmışdır. Onun tələbi "xxxx" ASC ilə X2 arasında bağlanmış 10.12.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən tərtib edilmiş 24.10.2015-ci il və 26.10.2015-ci il tarixli əlavə razılaşmaların ona aid hissədə ləğv edilməsi, mübahisəli əmlakların ona məxsus olan ½ hissələrin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasından ibarətdir. İddiaçının fikrincə, ipoteka predmeti olan daşınmaz əmlaklar X2 ilə birgə nikah dövründə əldə edilməklə ümumi birgə mülkiyyət olduğundan Bank ½ hissənin mülkiyyətçisi kimi onunla ayrıca ipoteka müqaviləsi bağalamalı idi. Lakin Bank onunla ayrıca ipoteka müqaviləsi bağlamadığından M.Heydərovla bağlanmış ipoteka müqaviləsi və əlavə razılaşmalar onun razılığı olmadan bağlanmış müqavilələr kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni maddi hüquq norması kimi Mülki Məcəllənin 269, 270, 385, 421, 422, 425, 442, 560-cı maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə tətbiq edərək bu qənaətə gəlmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən müqavilənin ləğv edilməsinə səbəb ola biləcək əsaslar kimi qiymətləndirilə bilməz və bu baxımdan hazırkı işdə iddianın təmin olunması üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bu Məcəllənin 442-ci maddəsinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi mülki qanunvericiliyin normalarına istinad edərək hesab etmişdir ki, müqavilənin ləğv edilməsi üç halda mümkündür. Bunlardan, birincisi, Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. İkinci hal, Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Bu maddəyə görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmənin qənaətinə görə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı, mübahisə predmeti olan ipoteka müqaviləsi və müqaviləyə əlavə edilmiş razılaşmalar bağlanarkən, yəni ona birgə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlak bankın xeyrinə yüklü edilərkən, razılığının alınmadığına istinad etsə də, işdə olan sənədlərə əsasən razılıq ərizələrinin mövcudluğu, həmçinin "xxxx" ASC-nin X2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə baxılan zaman onun cavabdeh qismində cəlb edildiyi və bu işə baxılarkən məhkəməyə sözügedən halları iddiaya etiraz olaraq bildirmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən müqavilənin ləğv edilməsinə səbəb ola biləcək əsaslar kimi qiymətləndirilə bilməz. İşin hallarını və qeyd olunan maddələrin tələblərini nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə öz hüquqlarından sui-istifadə etmişdir. Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızıdr. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsaslanaraq iddianı rədd etmişdir. Qətnamədən narazı qalan iddiaçının apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən mübahisələndirilən ipoteka müqaviləsinin və əlavə razılaşmaların bağlanmasına onun razılığının olmadığının nəzərə alınmaması, eləcə də bu faktın aydınlaşdırılması məqsədilə xətşünaslıq ekspertizası təyin edilməməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu dəlillər həm də iddia tələbində irəli sürüldüyündən birinci instansiya məhkəməsində işə baxılarkən həmin dəlillər üzrə ətraflı araşdırma aparılmış və onlara uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla müfəssəl hüquqi qiymət verilmişdir. Qeyd olunan dəlillərə birinci instansiya məhkəməsi tərəfindən verilən qiymət məhkəmə kollegiyasınə qane edir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, bundan əvvəl Bankın iddiası üzrə baxılan işdə İddiaçı cavabdeh qismində işdə iştirak etməyə cəlb olunmuş və ipoteka müqaviləsinin və ona əlavə razılaşmaların qanuniliyi ilə bağlı öz fikirilərini bildirmək imkanına malik olmuşdur. Hazırkı işdə mübahisələndirilən ipoteka müqaviləsinin və əlavə razılaşmaların qanuniliyi həmin işdə yoxlanılmış və hər hansı pozuntu müəyyən edilmədiyindən tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı işdə iştirak edən şəxs kimi həmin işdə ipoteka müqaviləsini mübahisələndirmək üçün kifayət qədər geniş imkanlara malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə kollegiyası məhz bu prinsipi əsas götürərək hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə ipoteka müqaviləsinin və ona əlavə razılaşmaların qanuniliyinə faktiki olaraq hüquqi qiymət verilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində mübahisələndirdiyi əqdlərin ləğvi üçün əsas kimi ipoteka müqaviləsi və ona əlavələrin onun razılığı olmadan bağlandığını göstərsə də, iddia ərizəsində bu cür əsas kimi ½ hissənin mülkiyyətçisi kimi onunla ayrıca ipoteka müqaviləsinin bağlanmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsi ilə də tənzimlənir. Həmin maddəyə müvafiq olaraq, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Mülki Məcəllə ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.4-cü maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, hazırkı işdə mübahisələndirilən ipoteka müqaviləsi və əlavə razılaşmalar bağlanarkən ½ hissənin mülkiyyətçisi kimi iddiaçının qanunla müəyyən olunmuş qaydada razılığı alınmışdır. Digər tərəfdən, qanunun mənasına görə belə bir razılığın olmaması (alınmaması) müqavilənin ləğvi yox, onun etibarsızlığı üçün əsas ola bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu zaman onunla ayrıca ipoteka müqaviləsinə bağlanmasına ehtiyac yoxdur və bu, qanunvericilkdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq iş üzrə ekspertiza təyin olunmasına da lüzum görmədi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilənin onun razılığı olmadan bağlandığını bildirsə də, razılıq ərizələrindəki imzaları konkret olaraq mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar