Məhkəmə qərarları › İş №2(103)-1770/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1770/2020

10.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1770/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi X1, nümayəndəsi (atası) X2 iştrakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh ilə nikahlarından iki övladları anadan olmuşdur. xx xxxxxxx 2008-ci il təvəllüdlü X8 və xx xxxxxxx 2009- cu il təvəllüdlü X9. Bir müddət yaşadıqdan sonra Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Faktiki olaraq uşaqlar onun himayəsindədir. Nikahın pozulmasına dair məhkəmə qətnaməsi ilə uşaqlar onun himayəsinə verilmişdir. Hal-hazırda uşaqların təlim-tərbiyəsi, saxlanması ilə o məşğul olur. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqlarına heç bir maddi və mənəvi köməklik göstərmir. Buna görə də birgə nikahlarından doğulmuş xx xxxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından xx xxxxxxx 2008-ci il tarixdə doğulmuş X3 və xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx xxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə işə baxarkən onun işləyib-işləmədiyini və necə dolandığını araşdırmamışdır. Qət edilmiş aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Hazırda onkoloji xəstəlikdən əziyyət çəkir, daimi işi yoxdur, himayəsində ikinci nikahdan olan zehni və nitqi inkişafdan geri qalan azyaşlı uşağı var. Hazırda heç bir yerdə işləmir. İkinci nikahdan olan uşağının psixoloji problemləri var. Uşağın müalicəsi üçün köməyə ehtiyacı var.Uşaqlarını tələb etmiş, lakin aldadaraq ondan ərizə alınmış və hazırda uşaqlarını ondan qaçırmışlar. Onunla ünsiyyət saxlamasına mane olurlar. Məhkəmə işə baxarkən onun işləyib-işləmədiyini araşdırmamışdır. İddiaçı kifayət qədər maddi imkana sahibdir və hazırda işləyir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, hal-hazırda cavabdeh nikaha daxil olmuş və həmin nikahdan da bir uşağı var. Cavabdeh də onkoloji xəstədir. O, Türküiyədə qalır və müayinə olunur. Cavabdehə aliment borcuna görə gediş-gəlişə qadağa qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (atası) X7 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, iddiaçının maddi imkanı yaxşıdır. Onun mənzilləri, ekskavator maşınları var. Qızı onkoloji xəstədir. Azərbaycanda müalicə edə bilmədiklərinə görə məcbur olaraq Türkiyəyə göndərmişlər. Azyaşlı uşağı var. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh İddiaçı və Nümayəndə qarşı uşaqların himayəyə verilməsi və aliment tələbinə dair iddiası rədd edilmişdir. AZ-İ seriyalı 186918 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü il qeydiyyat aparılmışdır. Mübahisə ilə bağlı dəyərləndirmə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh hər uşağa görə 60 manat, cəmi 120 manat məbləğində sabit pul tutulmalıdır. Belə ki, alimentin məbləği müəyyənləşdirilən zaman uşağın mənafeyi əsas götürülməklə tərəflərin ailə və maddi vəziyyəti də nəzərə alınmalıdır. Təqdim edilmiş tibbi sənədlərdən görünür ki, cavabdeh xəstədir (onkoloji) və himayəsində başqa azyaşlı uşağı var. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaqların yaşamaq üçün atanın yanında saxlanması məsələsi həll edilərkən məhz bu halın (uşaqların atanın yanında qalması halının) uşaqların mənafeyinə daha uyğun olması əsas götürülmüşdür. Uşaqların maddi tələbatının ödənilməsi də onların mənafeyinə xidmət edən hallardandır. Uşaqları yaşamaq üçün yanında saxlanmış ata onların maddi mənafeyinin təmin olunmasına çalışmalıdır. Ona görə məhkəmə kollgiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə tutulmalı olan alimentin məbləği 60 manat, cəmi 120 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, alimentlə bağlı qəbul edilmiş qərar formal əsaslarla deyil, tərəflərin maddi və ailə vəziyyəti, öhdədə olan uşaqların mənafeyi nəzərə alınmaqla çıxarılmalıdır. Cavabdehdən 200 manat məbləğində alimentin ödənilməsinin tələb edilməsi onun özünü ağır maddi vəziyyətə salır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh X3 və X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə ödənilməli olan alimentin məbləği 60 manat, cəmi 120 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar