Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1771/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1463/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Azad İstehlakçılar” İctimai Birliyinə qarşı “sığorta və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 31.471 manat və İddiaçı2 xeyrinə 13.000 manat məbləğində pulun tutulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq “Azad İstehlakçılar” İctimai Birliyinin üçüncü şəxs kimi məhkəmə icraatında iştirakına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1463/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus daşınmaz əmlakda xx.xx.2018-ci il tarixdə yanğın hadisəsi baş vermiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16323 saylı tikinti-texniki rəyinə əsasən İddiaçı1 tikinti üzrə 139379 manat məbləğində zərər dəymişdir. Daha sonra əmlak üzrə ekspert tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, maddi ziyanın məbləği 95500 manat müəyyən edilmiş, İddiaçı1 həmin məbləğin ödənilməsi təklif olunmuş, o da bununla razılaşmış, həmin məbləğdən sığorta haqqı çıxılaraq 94.908 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. İddiaçı həmin vaxt bu məbləğlə razı olaraq müstəqil ekspertə müraciət etməmişdir. Həmin məbləğ də artıq ödəndiyindən, hesab edlir ki, öhdəlik artıq lazımınca icra olunmuşdur. Eyni zamanda şikayətinin digər dəlili kimi qeyd olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi restoran olduğu üçün, hesab edilir ki, hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılmalı oduğu halda, ümumi məhkəmədə baxılaraq prosessual normalar pozulmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi N.Sadıxova apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı sığorta hadisəsi baş verən zaman sığorta şirkəti ilə razılaşaraq müstəqil ekspert cəlb etməmiş, sığorta hadisəsindən sonra onların təklif etdiyi 94.908,51 manat məbləğində sığorta ödənişi İddiaçı1 ödənilib və İddiaçı1 həmin məbləğə razı olaraq sığorta aktını imzalamış, həmçinin bununla bağlı sığorta şirkətinə tələbi olmayacağını bildirmişdir. Həmçinin hazırkı işdə İddiaçı1 məxsus qeyriyaşayış sahəsi restoran olduğunu və iddiaçının da həmin sahəni icarəyə verdiyindən hesab edir ki, hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılmalı oduğu halda, ümumi məhkəmədə baxılaraq prosessual normalar pozulmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, xx.xx.2018-ci il tarixdə fiziki şəxs İddiaçı1 məxsus daşınmaz əmlak 181500 manat məbləğində sığortalanmış, xx.xx.2018-ci il tarixdə sözügedən daşınmaz əmlakda yanğın hadisəsi baş vermiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16323 saylı tikinti-texniki rəyinə əsasən maddi zərər 139379 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində müəyyən etməli olduğu halda, 99 gündən sonra, xx.xx.2018-ci il tarixdə İ.Zeynalov tərəfindən hesablanılmış, bundan 19 gün sonra sığortalının ağır maddi vəziyyətindən istifadə edərək ona 3704/CFİ134/2018 saylı sığorta aktının yalnız ikinci vərəqini göstərərək imza etdirmişdir. Hesab edir ki, dəymiş ziyanın məbləği 139379 manat müəyyən edildiyindən, cavabdeh tərəfindən isə 94.908,51 manat məbləğində sığorta ödənişi edildiyindən, beləliklə də iddiaçı qarşısında öhdəliyini tam yerinə yetirmədiyindən apellyasiya şikayəti əsassızdır. Həmçinin, apellyasiya şikayətinin hazırkı işə Bakı Kommersiya Məhkəməsinə baxılması barədə dəlili üzrə qeyd etdi ki, Azərbaycan Resbuplikası Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir sahibkarlıq fəaliyyəti sayılmır, ona görə də cavabdehin şikayətinin bu dəlili də aşkar əsassız olmaqla uydurmadır. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Daşınmaz əmlakın dövlət reyestrinin MA seriyalı, oo64276 saylı çıxarışının surətinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh ASC tərəfindən İddiaçı1 mülkiyyətində olan həmin ünvanında yerləşən daşınmaz əmlaka xx.xx.2018-ci il tarixli BA 869482 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası” Şəhadətnaməsinin surətinə əsasən 181500 manat məbləğində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək sığorta təminatı verilmiş, 300 manat azadolma məbləği müəyyən olunmuşdur. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarının surətinə əsasən xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Nanəli restoranında yanğın baş vermiş, nəticədə qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinin 219,6 kv.m, birinci mərtəbəsinin isə 44,2 kv.m. olan hissəsi yanğının təsirinə məruz qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 16323 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən yanğın nəticəsində tikinti üzrə dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 139379 manat məbləğində müəyyən edilmiş, baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. X1 tərəfindən hazırlanmış hesabata görə yanğın nəticəsində iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dəymiş ziyanın məbləği 95000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən xx.xx.2018-ci il tarixli, 3704/CFİ-134/2018 saylı sığorta aktına və xx.xx.2018-ci il tarixli hesab üzrə çıxarışa əsasən əmlakın yanğın sığorta hadisəsinə görə iddiaçıya 300 manat azadolma məbləği və 291,49 manat əlavə sığorta haqqı çıxılaraq 94908,51 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı1 xx.xx.2020-cı il tarixli tələbin güzəşti barədə müqaviləyə əsasən qeyd olunan ünvanında yerləşən daşınmaz əmlakına dəymiş ziyana görə sığorta öhdəliyi daşıyan Cavabdeh ASC-yə qarşı malik olduğu hüquq və tələblərini qismən, yəni 13000 manat həddində İddiaçı2 güzəşt etmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh şikayətində rayon məhkəməsinin qətnaməsinin əsassızlığına dair iki dəlil göstərmişdir: - rayon məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyətinin pozulması, - iddiaçının sığorta ödənişinin müəyyən hissəsini (94.908 manat) qəbul etməsini, ödənilməmiş qalan (44.471 manat) məbləğdən imtina etməsi və siğorta şirkətinin öhdəliyinin tam icra olunmuş hesab edilməsi. Məhkəmə Kollegiyası ilkin olaraq cavabdehin apellyasiya şikayətinin məhkəmə aidiyyəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mübahisələrin kommersiya məhkəmlərinə aidiyyəti MPM-nin 26-cı maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki mühakimə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1.). Cavabdeh məhkəmə aidiyyəti ilə bağlı dəlilini iddiaçının həmin qeyri-yaşayış sahəsini icarəyə verməsi ilə əsaslandırmışdır. Azərbaycan Resbuplikası Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir sahibkarlıq fəaliyyəti sayılmır. Belə olan halda müəyyən olunur ki, cavabdehin həmin dəlili əsassızdır, rayon məhkəməsi hazırkı mübahisəyə məhkəmə aidiyyətinə uyğun olaraq baxmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi sığortalının ona ödənilən 94.908 manat məbləğinə razı olaraq həmin ödənişi qəbul etdiyi üçün qalan məbləğə tələbindən imtina kimi və demək ki, onların da öhdəliklərinin tam icrası kimi qəbul edildiyindən, iddiaçı tərəfin hazırkı iddia tələbinin əsassız olması barədə dəlili ilə razılaşmır və bununla bağlı aşağıdakları qeyd edir. İddiaçı1 mülkiyyətində olan əmlak cavabdeh tərəfindən 181500 manat məbləğində sığortalanmış, sığorta təminatının qüvvədə olduğu zaman sığorta hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018ci il tarixli 16323 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə yanğın nəticəsində tikinti üzrə dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 139379 manat məbləğində müəyyən edilmişdir ki, həmin məbləğ mübahisləndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, dəymiş zərər 139379 manat məbləğində qiymətləndirildiyi halda, İddiaçı1 cavabdeh sığorta şirkəti tərəfindən ona ödənilmiş 94.908,51 manat məbləği qəbul edərək, ona çatası qalan məbləğdən düşünülmüş və iradəvi şəkildə imtina etməsi hər hansı ağlabatan mühakimədən uzaq olmaqla, inandırıcı və məntiqli görünmür, bu səbəbdən də iddiaçının qeyd olunan hərəkəti onun mübahisəsiz olan həmin tələbindən imtinası, müvafiq olaraq da cavadehin həmin öhdəliyinin tam icrası kimi qiymətlədirilə və qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 3.1 və 3.1.2-ci maddələrinə əsasən qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmçinin, həmin qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1463/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1771/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1771/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver