Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1774/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(004)-507/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qərardaddan iddiaçı X2 vəkili (nümayəndəsi) Vəkil1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəmə hazırlıq iclasları keçirilmiş, xx.xx.2024-cü il tarixdə mülki iş məhkəmə baxışına verilmiş, məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə xx.xx.2025-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə üzrə tələb 164 manat hissədə artırılmışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə “iddia tələbinin həcminin artırılması barədə” ərizənin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddia tələbinin artırılması yalnız məhkəmə hazırlıq mərhələsində mümkündür. Hazırki ərizə isə baxış mərhələsində məhkəməyə təqdim edilmişdir. Tələbin həcminin artırılması barədə əsasların məhkəmə baxış mərhələsində yaranmasına dair əsaslar müəyyən edilmir. Belə ki, ərizə üzrə tələbin artan hissəsi iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfə məlum olmuşdur. Sözügedən məbləğin yaranma əsası mübahisə predmeti olan avtomobilin xərcləri üzrə qüsur aktı tərtib edilərkən yaranmış xərclə (xidmət haqqı) bağlıdır. Bu səbəbdən, ərizə geri qaytarılmalıdır. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili (nümayəndəsi) “iddia tələbinin həcminin artırılması barədə” ərizəni xx.xx.2024-cü il tarixdə keçirilməli olan hazırlıq iclasında təqdim etmək niyyətində olmuşdur. Lakin həmin gün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Belə ki, saat 15:30-da Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə baxılan başqa məhkəmə iclasında da iştirak etməli idi. Yasamal Rayon Məhkəməsinin hakimləri xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının mərhum X3 ildönümü ilə əlaqədar iclasda olduqlarından, Yasamal Rayon Məhkəməsində saat 16 radələrində heç bir iclas keçirilməmişdir. Məhkəmə iclaslarına gələn şəxslər gözləmək məcburiyyətində qalmışlar. Sözügedən iclas başa çatandan sonra ilk iclasa hakim Rəşad Cavadzadə dəvət etmiş, hakim Fariz Əlizadənin sədrliyi ilə də digər məhkəmə prosesinin olması səbəbi ilə məhkəmə iclasının təxirə salınması barədə Vəkil1 müraciəti təmin edilməmişdir. Bu səbəbdən Vəkil1 hazırki iş üzrə ərizəni vaxtında təqdim edə bilməmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və şikayətin, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Rayon Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tələbin həcminin artırılması barədə əsasların məhkəmə baxış mərhələsində yaranmasına dair əsaslar müəyyən edilmir. Belə ki, ərizə üzrə tələbin artan hissəsi iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfə məlum olmuşdur. Sözügedən məbləğin yaranma əsası mübahisə predmeti olan avtomobilin xərcləri üzrə qüsur aktı tərtib edilərkən yaranmış xərclə (xidmət haqqı) bağlıdır. Məhkəmə həmçinin hesab edir ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı tərəfin tələbin həcminin artırılması ilə bağlı kifayət qədər vaxtı və imkanı olmuşdur. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “iddia tələbinin həcminin artırılması barədə” ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Rayon Məhkəməsinin qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Şikayətin dəlilləri əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 vəkili (nümayəndəsi) Vəkil1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1774/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1774/2025
21.02.2025 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver