Məhkəmə qərarları › İş №2(103)-1777/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1777/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1777/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(006)-3250/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş mənəvi ziyana görə 1.000.000 manat (bir milyon) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında həyat yoldaşı, oğlu və ailəsi ilə birlikdə yaşayır. 03 iyul 2018-ci il tarixdə, saat 21 radələrində Astara Gömrük İdarəsinin skanlaşdırma şöbəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya gedərkən idarə etdiyi “Mercedes-Benz” markalı, 99DM054/99ZA371 dövlət qeydiyyat nişanlı yük avtomobili stasionar rentgen qurğusunda yoxlamadan keçirilərkən avtomobilin yük yerində olan sodium bikarbonat yükünün içərisindən 25 ədəd polietilen torbalara qablaşdırılmış, ümumi xalis çəkisi 256 kiloqram, 365 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilmişdir. Fakta görə cinayət işi başlanılaraq, 05 iyul 2018-ci il tarixdə, saat 22-də Astara Gömrük İdarəsinin GHQMŞ Təhqiqat Bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X7 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 06 iyul 2018-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1. və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək barəsində Yasamal rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı barəsində bir ildən artıq davam edən ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmü ilə ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2., 234.4.1. və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəyə minmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli Qərarından kassasiya protesti verilməmişdir. İbtidai istintaq dövründə onun təqsirini təsdiq edən sübutların mövcud olmadığına baxmayaraq müstəntiq onu narkotik maddələrin Azərbaycan Respublikasının gömrük orqanlarının nəzarətindən yayınmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması kimi ağır və aşağılayıcı cinayət əməllərinin törədilməsində ittiham etdi. Hökmlə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək, əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası almaq, azadlıqdan məhrum edildiyi vaxtı iş stajına daxil etdirmək hüquqları ona izah olunmuşdur. Dövlət orqanlarının yol verdikləri səhv qanunsuz olaraq tutulmağı, nəticədə özünə və ailəsinə maddi və mənəvi zərər vurulması ilə nəticələnmişdir. Dövlət orqanının səhvi nəticəsində vurulmuş mənəvi zərər isə aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsi tərəfindən tutulduqdan və barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi 06 iyul 2018-ci il tarixdən, barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 avqust 2015-ci il tarixə qədər ailə üzvlərindən uzaq qalmış, ailəsi həbsdə olduğu müddətdə çox böyük sıxıntılarla üzləşmiş, yarı ac, yarı tox dolanmışlar. Oğlu Şəhriyar ailənin dolanışığının təmin edilməsi üçün qohumlardan borc götürmüşdür. Həbsdə olarkən himayəsində olan həyat yoldaşı və oğlunun ailəsi maddi- mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dövlət orqanının səhvi nəticəsində yapışdırılmış narkotacir damğası ilə yaşamaq məcburiyyətində qalmışlar. Onun həbsdə olmağı ailəsinin maddi olaraq çətinliklərlə üz-üzə qoymuş, ailə üzvləri dolanışığı təmin etmək üçün qohum-əqrəba, dost-tanışlardan utanaraq borc götürmək məcburiyyətində qalmışlar. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə və mənliyinə elə bir zərbə vurmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışırlar. Həyatın istənilən sferasında bu damğanı hiss edir. Bu da onu çox ağrıdır və mənəvi sarsıntılar keçirməyinə səbəb olur. Hər dəfə oğlu və yaxınları İstintaq Təcridxanasında onunla görüşə gələndə görüşlərdən sonra günlərlə özünə gələ bilmirdi. Saxlanılmağı bağlı mətbuat və televiziyada, sosial şəbəkələrdə yayılan ttihamedici görüntülər onu sözün əsl mənasında bütün ölkədə belə demək mümkündürsə məşhur etmiş, təmiz adını kirləmişdi. Həbsdən azad olunduqdan sonra uzun müddət müxtəlif xəstəxanalarda sağlamlığının bərpası üçün müalicə olunmuş.Həbsdə olduğu müddətdə ürəyində kəskin problemlər yaranmışdır.Sonradan ürəyində kardioanjio əməliyyatı aparılmışdır. Bəraət aldıqdan sonra yenidən icarə qaydasında idarə etdiyi avtomobili götürüb işləmək istəmiş. Şirkət həmin avtomobili ona verməkdən imtina etmiş, bu hadisə psixoloji baxımdan onu çox sarsıtmışdır. Məhkəmənin bəraət hökmünə inanmamışdılar. Bu gün belə gömrük əməkdaşını gördükdə ona qarşı yol verilmiş haqsızlıqlar, zülmlər gözünün qarşısında canlanır, uzun müddət bu ruh halından çıxa bilmir.Bütün bunların əsasında maddi və mənəvi zərər çəkib. Hüquqlarının kobud şəkildə pozulması, keçirdiyi mənəvi sarsıntılar nəticəsində kardioloji problemlərlə qarşı-qarşıya qalmış və cərrahiyyə əməliyyatına məruz qalmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(006)-3250/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(006)-3250/2021 saylı qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv edilərək, iddianın tam edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddiaçının qanunsuz olaraq tutulmasının, ailəsinin nüfuzuna xələl gəlməsinin, onun sağalmaz xəstəliklərə düçar olmasının mənəvi zərərinin əvəzi olaraq 1500 (bir min beş yüz) manat həddində məbləğ müəyyən etmişdir. Lakin məhkəmə niyə məhz həmin məbləği təyin etməyini əsaslandırmamışdır. Nə üçün 50.000 yox, 100.000 yox, 1.000.000 yox məhz 1.500 manat? İddiaçı bu gün belə cəmiyyət içində ona qarşı edilmiş haqsızlığa görə izdirab keçirir və səhhəti demək olar ki yararsız haldadır. İddiaçının davamlı mənəvi sarsıntı, əzab və iztirab çəkməyini, məhkəmə təcrübəsini nəzərə almalı idi. Məhkəmə qətnaməsi pozulmuş hüquqların ədalətli bərpa olunmasına xidmət etməlidir. Məhkəmənin qət etdiyi məbləğ ilə iddiaçı xəstəxana məsrəflərini, əməliyyat ödənişlərini edə bilməz. Xəstəliyi ilə bağlı bir qisim sənədlərin surəti məhkəməyə təqdim edilmiş, qalanı isə məhkəmə zamanı təqdim ediləcədir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Nəsimi rayon Məhkəməsi qətnaməsində heç bir əsaslandırma aparmadan iddiaçıya qeyri-mütənasib, az kompensasiya təyin etmiş, işi pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələndirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Republikası Mülki Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 13.11.2019-cu il tarixli, 1(99)-383/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittaham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. İş materiallarına əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)- 93/2020 saylı, 10.02.2020-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş və Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 13.11.2019-cu il tarixli, 1(99)-383/2019 saylı hökmü dəyişirilmədən saxlanılmışdır. Qeyd olunan hökm və qərardan görünür ki, İddiaçı əməlində ona elan olunmuş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin hökmü və Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı ilə ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Kollegiya hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi zərərlə” bağlı təcrübəsi göstərir ki, mənəvi zərərin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri-inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Kollegiya hesab edir ki, məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, mənəvai zərərin məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçının 05 iyul 2018-ci il tarixdən 16.11.2018-ci il tarixinədək, yəni 4 ay 11 gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirdiyi nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin 4000 manat müəyyən edilməsi ədalətli olmaqla yanaşı ağlabatan hesab oluna bilər. Buna görə də, kollegiya hesab edir ki, qətnamə mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli, mənəvi zərərin məbləği 4000 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(006)-3250/2021 saylı qətnaməsi mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin, mənəvi zərər 4000 (dörd min) manat məbləğində müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar