Məhkəmə qərarları › İş №2(103)-1779/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1779/2023

28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1779/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3140/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, İddiaçı iddias tələbinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)10748/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddia ərizəsində sadalanan əmlakların Cavabdeh alınaraq ona qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya idarəsi tərəfindən 06 oktyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Cavabdeh tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İcra sənədində göstərilən əmlakların götürülməsi üçün 30 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanına gedilmiş, icra zamanı icra vərəqəsində göstərilən əşyaların bəziləri götürülərək İddiaçı təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. 01 dekabr 2021-ci il tarixdə qalan əşyaların götürülməsi məqsədilə yenidən həmin ünvana gedilmiş və icra zamanı soyuducu, paltaryuyan maşın 5 kq, ətçəkən maşın, mikser, yataq otağı əşyaları: şifoner, taxt, 2 tumba güzgü və oturacaq stulu, künc divan kreslo, yazı stolu, bar servant, güzgü trümo bütün hissələr yerində olmaqla sökülmüş formada (mebellər) təhvil götürülməsi üçün İddiaçı təklif olunsa da, İddiaçı həmin əşyaların köhnə olmasını və evinə yaraşmayacağını bildirərək götürməkdən imtina etmişdir. Həmçinin aktı imzalamaqdan imtina edərək icra yerini tərk etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 15 dekabr 2021-ci il tarixli icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)-10748/2016 saylı icra sənədi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10748/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə alınıb iddiaçıya verilməsi qət edilmiş əmlaklardan ona verilməmiş 61 adda əmlakın ümumi dəyəri olan 17.960 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə 1 ədəd qızıl nişan üzüyü, 2 ədəd paxlava formasında qızıl üzük, yaşıl qaşlı qızıl üzük, qızıl sırğa, mirvari dəsti, qızıl tros qolbaqdan ibarət qızıl-zinət əşyaları, mətbəx mebeli, soyuducu, 5 kq paltaryuyan, ət çəkən maşın, mikser, şirə çəkən, gəbə, divar saatı, künc stul, stol, mətbəx suveniri, qoz-fındıq əzən cihaz, elektriklə işləyən çaydan-çaynik, gündəlik yemək üçün 6 dəst person, 6 ədəd kasalar, 1 bulud, qazan dəsti 2 cür biri güllü biri sadə gümüşü rəng, termos, çaydan, 2 şüşə çaynik, kompot qabı dəsti 6 ədəd, 2 ayrı-ayrı dəst şirə stəkanları, üç mərtəbəli şirniyyat qabı, kofe dəsti, çay dəsti dəmirdən 6 person, 12 person çərəz qabı, qaşıqçəngəl dəsti 6 person, 12 ədəd çay qaşığı, sini, şirniyyat qarışdırmaq üçün plastik qab, ələk, aşsüzən, keks bişirən qab, tək qazan qabları, bir taxta çemodanda qaşıq-çəngəl, bıçaq dəsti, meyvə qabları, qənd qabları 3 ədəd, əl dəsmalları 2 ədəd asılqanlı, çay dəsmalları, külqabılar 2 ədəd, çömçələr, qaşıqlar, güldan büllur 2 ədəd, tək tava, tək qazan, tək çaynik, karniz, 2 ədəd mətbəx pərdəsi, qablar, qonaq otağı əşyaları: karniz, pərdə, çilçıraq, saat, künc divan kreslo, yazı stolu, bar servant, televizor Vestel, güzgü ştrümo, servant üçün olan qablar Bohemia, su qazanı 6 dəst, meyvə qabı, çay dəsti 6 ədəd, kofe dəsti 6 ədəd lepkalı, yemək dəsti, Madonna servis 6 bokal, qədəhlər qoşulu, 2 ədəd büllur meyvə qabı, güldan, 2 ədəd konfet qabı, kompot qabı bokalları ilə 6 person, gümüşü meyvə qabları, qənd qabları, göy rəngdə şirniyyat qabı, çərəz qabı, sini 2 ədəd, kasa 6 ədəd, uşaq üçün yemək qabı, suvenir, koridor üçün xalçalar, stol üstü 6 nəfərlik, 6 ədəd şorba qabı, 6 ədəd yemək üçün, 6 ədəd salat üçün, 6 ədəd aş qabı, tort qabı, büllur tort qabı, 6 ədəd boşqab, yataq otağı əşyaları: şifoner, taxt, 2 tumba, güzgü və oturacaq stulu, çilçıraq, pərdə və karniz, taxt üçün döşəkağı, prostinya-8 ədəd tək adamlıq, 2 ədəd hamam xalatı, 12 ədəd əl-üz dəsmalı, 4 ədəd taxt örtüyü, 4 ədəd nazik örtük, 1 cüt tüklü taxt örtüyü, 2 ədəd ayrı taxt örtüyü, 1 ədəd yay taxt örtüyü, pərdə, qutuda ağ rəngli prostinya dəsti, qutuda örtük dəsti, 2 yorğan, 2 döşək, 2 ədəd örtük, süfrə 8 ədəd, qətvə 4 ədəd paketdə, 2 ədəd qətvənin Cavabdeh alınaraq ona qaytarılması qət edilmişdir. Məhkəmədə mülki işə baxılarkən məhkəmə tərəfindən iddianın təmini məqsədi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-10748/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli icra sənədinə əsasən 27 aprel 2017-ci il tarixli akt əsasında cavabdehin evində aşkar edilmiş ona məxsus əşyalar siyahıya alınaraq cavabdehin yaşadığı ünvandakı evin 3 otağına yerləşdirilmiş və əşyalardan istifadə etməyi cavabdehə qadağan etməklə saxlamaq üçün ona təhvil verilmişdir. Lakin məhkəmədə işə baxılarkən cavabdeh əmlakları Şirvan şəhərində tanışının evinə yığdığını bildirmişdir. Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi çıxıb icraya yönəldikdən sonra da 30 noyabr 2021-ci il tarixli akt əsasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin işçiləri tərəfindən həmin əmlakların müəyyən hissəsi ona naturada təhvil verilmiş, lakin əmlakların qalan hissələri yararsız vəziyyətdə olduğu üçün və qızıl-zinət əşyaları ona məxsus olmadığı üçün onları götürməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi çıxarılarkən qətnamənin iddianın qismən təmin edilərək qət etdi hissəsində onun tələb etdiyi cehiz əmlaklarının qiyməti göstərilmədiyi üçün bu günədək cavabdeh tərəfindən həmin əmlakların dəyəri ona ödənilməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-3140/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) İddiaçı Cavabdeh qarşı -cavabdehdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)10748/2016 saylı qətnaməsi ilə alınıb iddiaçıya verilməsi qət edilmiş əmlaklardan ona verilməmiş 61 adda əmlakın ümumi dəyəri olan 17.960 manat pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinin rədd edilməsi, İddiaçı oğlu tərəfindən ödənilmiş 145 (bir yüz qırx beş) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə hansı əşyaların mövcud olması, hansı əşyaların mövcud olmaması halını aşkar edə bilmədiyi üçün iddiaçının iddiasını təmin etməklə mövcud olmayan əşyaların qiymətinin müəyyən olunması üçün tədbirlər görə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci, Mülki Məcəllənin 157.2, 157.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

8. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

9. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, Xətai rayon məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra 30 noyabr 2021-ci il tarixli akt əsasında Şirvan şəhəri İcra və probasiya şöbəsinin işçiləri tərəfindən həmin əmlakların müəyyən hissəsi ona naturada təhvil verilmiş, lakin əmlakların qalan hissələri yararsız vəziyyətdə olduğu üçün və qızıl zinət əşyaları ona məxsus olmadığı üçün onları götürməmişdir. Qətnamə ilə verilməsi qət edilmiş əmlakların dəyəri qətnamənin qət etdi hissəsində göstərilmədiyi üçün bu günədək həmin əmlakların dəyəri də ona ödənilməmişdir. Cavabdeh tərəfindən ona ödənilməyən 61 adda əmlakın dəyəri 17.960 manatdır. Məhkəmə onun 61 adda cehiz əmlaklarının, həmin əmılakların özləri olmadığı üçün, həmçinin cavabdeh tərəfindən yararsız hala salındığı üçün onların dəyəri olan 17.960 manat pulun cavabdehdən alınıb ona verilməsini təmin etməməklə onun mülkiyyət hüququn pozmuşdur. Həmin əmlakların hazırda yararlı vəziyyətdə mövcudluğu barədə cavabdeh heç bir sübutu məhkıəmyə təqdim etməmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar olan şəkilləri, videogörüntünü araşdırmamış və onlardan istifadə etməmişdir. Məhkəmə tərəfindən dəyərini tələb etdiyi əmlakların həqiqətən də cavabdehdə olması, eyni zamanda yararlı vəziyyətdə olması sübut edilməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqtam ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, xəstəliyini təstiq edən sübutları məhkəmə kollegiyasına təqdim etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiklərindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

16. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir.

19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

22. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda(vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

23. Maddə 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Birinci instansiya məhkəməsi iddiaçının müxtəlif səbəblərdən qətnamənin icrasına məhdudiyyətlər yaratmasını, əşyaları qəbul etməkdən imtina etməsini, məhkəmə araşdırması zamanı cavabdehin dəfələrlə iddiaçıya əşyaların ona təhvil verilməsi üçün şərait yaratmasını, keçmiş müddət ərzində zədələnmiş əşyaların da yararlı vəziyyətə gətirilməklə təhvil verməyə hazır olduğunu qeyd etsə də, iddiaçının bununla razılaşmadığını, belə olan halda məhkəmənin hansı əşyaların mövcud olması, hansı əşyaların mövcud olmaması halını aşkar edə bilmədiyini nəzərə alıb, hesab etmişdir ki, iddiaçının iddiasını təmin etməklə mövcud olmayan əşyaların qiymətinin müəyyən olunması üçün tədbirlər görülə bilməz və buna görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

38. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, 30 noyabr 2021-ci il tarixli akt əsasında Şirvan şəhər İcra və probasiya şöbəsinin işçiləri tərəfindən həmin əmlakların müəyyən hissəsi ona naturada təhvil verilmiş, lakin əmlakların qalan hissələri yararsız vəziyyətdə olduğu üçün və qızıl zinət əşyaları ona məxsus olmadığı üçün onları götürməmişdir. Cavabdeh tərəfindən ona ödənilməyən 61 adda əmlakın dəyəri 17.960 manatdır. Məhkəmə onun 61 adda cehiz əmlaklarının, həmin əmılakların özləri olmadığı üçün, həmçinin cavabdeh tərəfindən yararsız hala salındığı üçün onların dəyəri olan 17.960 manat pulun cavabdehdən alınıb ona verilməsini təmin etməməklə onun mülkiyyət hüququn pozmuşdur. Həmin əmlakların hazırda yararlı vəziyyətdə mövcudluğu barədə cavabdeh heç bir sübutu məhkəmyə təqdim etməmiş, məhkəmə tərəfindən təqdim edilmiş sübutlar olan şəkilləri, videogörüntünü araşdırmamış və onlardan istifadə etməmişdir. Məhkəmə tərəfindən dəyərini tələb etdiyi əmlakların həqiqətən də cavabdehdə olması, eyni zamanda yararlı vəziyyətdə olması sübut edilməmişdir.

39. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

40. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək aşağıdakıları qeyd edir.

41. Belə ki, iş materiallarında olan 27 aprel 2017-ci il tarixli aktın surətindən görünür ki, icra sənədində qeyd olunan bir ədəd qızıl nişan üzüyü, 2 ədəd paxlava formasında qızıl üzük, yaşıl qaşlı qızıl üzük, qızıl sırğa aşkar olunmamışdır. Əşyalardan tumbanın çəkməcəsinin və paltaryuyanın nasaz vəziyyətdə olması, televizorun ekranının zədəli olması müəyyən edilmişdir. Qalan əşyalar yerində müəyyən olunmuş və qablaşdırılaraq Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 14 saylı evin, 9 saylı mənzilinin otağına yerləşdirilmişdir. Cavabdeh bu əşyaların istifadə etməsinin qadağan olunması barədə xəbərdar edilmişdir.

42. İş materiallarında olan, 03 may 2017-ci il tarixli Yüklənməyə/Yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair təhvil-təslim aktından görünür ki, Cavabdeh 188 Yük daşıma şirkəti ilə razılığa gəlmiş, cehiz əşyalarından yataq otağı və mətbəx mebeli, komot stul, soyuducu, paltaryuyan, şkaf, yorğan, divan, kreslo, ədyal, xalça, qab-qacaqlar yük daşıma şirkətinə təhvil verilmişdir. Əşyalardan şkafın və tumbanın tutacağının olmaması, şkafın künc hissəsində qopuqların olması və tumbanın üzərində cızıqların olması aşkar edilmişdir.

43. İş materiallarında olan, 12 iyun 2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10748/2016 saylı ,17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh X4 qaytarılmalı olan cehiz əşyaları 12 iyun 2017-ci il tarixində 188 yükdaşıma şirkəti vasitəsilə X3 yaşadığı ünvan 2 ünvanına gətirilmiş, tələbkar əşyaları təhvil almaqdan imtina etmişdir. Əşyaların bir hissəsi yerə boşaldılsa da, qalan əşyaların boşaldılmasına maneə yaradılmışdır.

44. İş materiallarında olan 12 iyun 2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10748/2016 saylı ,17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X4 təhvil verilməli olan əşyaları (qızıl-zinət əşyaları istisna olmaqla) X6 məxsus ünvan 3 ünvanındakı evin həyətində yerləşən qaraja yığılmaqla, X1 verilmişdir.

45. İş materiallarında olan, X9 tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış ərizədən müəyyən olunur ki, o, cehiz əşyaları saxlanca qoyulduqdan 2 ay sonra iddiaçının atasının yaşadığı ünvana gedərək əşyaların təhvil götürülməsini bildirsə də, əşyaların təhvil alınmasından imtina edilmişdir.

46. İş materiallarında olan, 15 fevral 2021-ci il tarixli teleqrama əsasən cavabdehin iddiaçıya əşyaların götürməsini təklif etməsi müəyyən edilmişdir.

47. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)10748/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Şirvan şəhəri üzrə İcra və Probasiya idarəsi tərəfindən 06 oktyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədində göstərilən əmlakların götürülməsi üçün 30 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanına gedilmiş, icra zamanı icra vərəqəsində göstərilən əşyaların bəziləri götürülərək İddiaçı təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. 01 dekabr 2021-ci il tarixdə qalan əşyaların götürülməsi məqsədilə yenidən həmin ünvana gedilmiş və icra zamanı soyuducu, paltaryuyan maşın 5 kq, ətçəkən maşın, mikser, yataq otağı əşyaları: şifoner, taxt, 2 tumba güzgü və oturacaq stulu, künc divan kreslo, yazı stolu, bar servant, güzgü trümo bütün hissələr yerində olmaqla sökülmüş formada (mebellər) təhvil götürülməsi üçün İddiaçı təklif olunsa da, İddiaçı həmin əşyaları götürməkdən və aktı imzalamaqdan imtina edərək icra yerini tərk etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 15 dekabr 2021-ci il tarixli icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ilə icra sənədi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır.

48. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı qətnamə ilə ona qaytarılması qət edilən əşyaların hazırda mövcud olmadığını, mövcud olanların isə istifadəyə yararsız vəziyyətdə olduğunu, bunun əksi olaraq cavabdeh əşyaların hamısının Şirvan şəhərində olduğunu qeyd etmişdir. Qeyd olunan əşyaların mövcud olubolmamasını müəyyən etmək üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3140/2022 saylı, 25 iyul 2022-ci il tarixli qərardadı ilə Şirvan Şəhər Məhkəməsinə məhkəmə tapşırığı verilmişdir.

49. İş materiallarında olan, Şirvan Şəhər Məhkəməsinin 8(032)-59/2022 saylı, 25 avqust 2022-ci il tarixli qərardadından görünür ki, 25 avqust 2022-ci il tarixdə Şirvan şəhəri Sürücülük məktəbinin yataqxanasına tərəflərin, o cümlədən icra məmurunun iştirakı ilə baxış keçirilmiş və 61 adda olan əşyalardan yalnız, servant, gəbə, trümu (güzgülü), bar, divan, uqlavoy yazı masası ilə, stol 6 stulu ilə birlikdə 5 ədəd, yataq otağı mebelləri, taxt, 2 ədəd tumba, güzgülü trümo önündə oturacağı, şifonerin olduğu müəyyən edilmişdir. Cavabdeh məhkəmənin suallarına cavab olaraq 1ədəd qızıl nişan üzüyü, 2 ədəd paxlava formasında qızıl üzük, bir cüt qızıl sırğa, 1 ədəd qızıl tros qolbaq, mətbəx mebeli, ətçəkən maşın, mikser, şirəçəkən, divar saatı, mətbəx suveneri, qazan dəsti2 cür, qazan dəsti sadə gümüşü, termos, çay dəsti 6 predmet dəmirdən, 12 ədəd çərəz qabı, 12 ədəd çay qaşığı, sini, ələk, aşsüzən, keks bişirən qab, tək qazan tava, əl dəsmalları, çilçıraq, karniz, taxt üçün döşəkağı, 4 ədəd taxt örtüyü, 4 ədəd nazik örtük, 1ədəd yay taxt örtüyü, iri qutuda taxt örtüyü dəsti, 2 döşək yun, 2 ədəd örtük, 2 ədəd qətfə, qonaq otağı mebelləri (servant, trümo güzgülü, bar, divan uqlavoy yazı masası ilə, stol 6 stulu ilə birlikdə), yataq otağı mebelləri (taxt, 2 tumba, güzgülü trümo önündə oturacağı, şifoner), 3 ədəd asılqanlı, çay dəsmalları, çömçələr, qaşıq, tək tava, tək qazan, karniz (kuxna), 2 ədəd mətbəx pərdəsi, qonaq otağı üçün karniz, qonaq otağı üçün pərdə, çilçıraq, divar saatı, mətbəx pərdəsi, televizor “Vestel”, mətbəx qabları, uşaq üçün yemək qabları, pərdə, 8 ədəd prostinya, 12 ədəd əl-üz dəsmalı, 1cüt tüklü taxt örtüyü, 2 ədəd ayrı taxt örtüyü, qutuda ağ rəngli pastel dəsti, 2 yorğan silikon taxt üçün, 8 ədəd süfrə, 4 ədəd qətfə (paketdə) olan əşyalar Bakı şəhərində yaşadığı Xətai rayonu, R.Məmmədov 14, mənzil 9-da saxladığını, soyuducu, paltaryuyan maşın (5kq), divanın küncü, dəst şəkildə pərdəsi, balınc üzləri, pastel dəstləri olan əşyalar isə əmisi X5 evində yerləşdiyini və Şirvan şəhəri Sürücülük məktəbinin yataqxanasında mövcud olan bütün əşyaların İddiaçı qaytarmağı öhdəsinə götürdüyünü bildirmişdir.

50. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı müxtəlif səbəblərlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)10748/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsinin icrasına məhdudiyyətlər yaratmış və əşyaları qəbul etməkdən imtina etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh dəfələrlə iddiaçıya əşyaların ona təhvil verilməsi üçün şərait yaratmasına, keçmiş müddət ərzində zədələnmiş əşyaların da yararlı vəziyyətə gətirilməklə təhvil verməyə hazır olduğunu qeyd etsə də, iddiaçı bununla razılaşmamışdır.

51. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, məhkəmə hansı əşyaların mövcud olması, hansı əşyaların mövcud olmaması halını aşkar edə bilmədiyi üçün, iddiaçının iddiasını təmin etməklə mövcud olmayan əşyaların qiymətinin müəyyən olunması üçün tədbirlər görə bilməz.

52. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində qeyd etdikləri dəlilləri təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

55. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

56. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

57. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

58. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3140/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar