Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1780/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, maddi ziyanın tutulması, borcun tutulması, avtomobilin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, maddi ziyanın cavabdehdən məcburi qaydada tutulmasına dair” ilk və Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, borcun tutulması və lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)- 2094/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (lizinq alan) ilə "xxxx" MMC (lizinq verən) arasında bağlanmış xx.xx.2018cü il tarixli, 059 saylı maliyyə lizinqi müqaviləsinə əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (3FADP4BJ9EM120593 ban nömrəli, 1598 cm3 mühərrik həcimli, sedan tipli, qara metalik qərngli “Ford Fiesta” markalı minik avtomobili) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 36 ay müddətinə illik 28% dərəcəsi ilə hər ay 434,32 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq obyektinin qiyməti 17500 manat müəyyən edilmişdir. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan avtomobilin dəyərinin bir hissəsi olan 7000 manatı avans şəklində lizinq verənə ödəməlidir.
2. Tərəflər arasında bağlanmış xx.xx.2018-cü il tarixli, 059 saylı maliyyə lizinqi müqaviləsinə 2 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, lizinq alan lizinq verənə 7000 manat avansı ödədikdən sonra 10500 manat əsas, 5135,44 manat mükafat, cəmi 15635,44 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.20218-ci il tarixli, 059 saylı maliyyə lizinqi müqaviləsinə 3 saylı əlavə olan xx.xx.2018-ci il tarixli qəbul və istifadəyə verilmə protokolundan görünür ki, lizinq verən 17500 manat dəyərində olan 1 ədəd 3FADP4BJ9EM120593 ban nömrəli, 1598 cm3 mühərrik həcimli, sedan tipli, qara metalik qərngli “Ford Fiesta” markalı minik avtomobili lizinq alanın sahibliyinə tam saz vəziyyətdə verir.
4. Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsindən görünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” markalı minik avtomobil Cavabdeh şirkəti tərəfindən "xxxx" sığorta şirkətində 876,96 manat sığorta haqqını ödəməklə xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 12600 manat sığorta məbləğində maddi zərərdən sığortalanmışdır.
5. Nəqliyyat vasitəsinin sığortası şəhadətnaməsindən görünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” markalı minik avtomobil Cavabdeh şirkəti tərəfindən “Standard İnsurance” sığorta şirkətində 587,15 manat sığorta haqqını ödəməklə xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 12600 manat sığorta məbləğində maddi zərərdən sığortalanmışdır.
6. Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Cənub regional X6 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə avtomobildə baş vermiş yanğın hadisəsi ilə bağlı tərtib edilmiş “Yanğın haqqında akt”a əsasən yanğının avtomobildəki elektrik naqillərindən baş verdiyi güman edilmişdir.
7. Lənkəran şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin elmalatxanasının sədri X1 xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 90-PT - 364 dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı minik avtomobilə dəymiş ziyanın məbləği 8130 manat kimi müəyyən edilmişdir.
8. AXA MBASK sığorta şirkəti tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olraq 03/4062 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, **-PT-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı avtomobil 2018-ci il tarixində Cavabdeh şirkəti tərəfindən kasko sığortası üzrə sığortalanmış, lakin 2019-cu ildə şirkətə aid bütün sığorta müqavilələrinə xitam verilmişdir.
9. xx.xx.2019-cu il tarixli xəbərdarlığın (pretenziya məktubu) surətindən görünür ki, «Premier Lizinq” MMC tərəfindən vurulmuş 14.376,96 manat məbəğində ziyanın könüllü ödənilməsi ilə bağlı xəbəradar edilmişdir.
10. AD seriyalı 291035 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı avtomobil «Premier Lizinq” MMC-nin adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir.
11. «Premier Lizinq” MMC-nin xx.xx.2021-ci il tarixli 136/01 saylı maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 59 saylı maliyyə lizinq müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh MMC-yə əsas borcu 7200 manat, faiz borcu 1828,71 manat təşkil edir.
12. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xəbərdarlıqların (pretenziya məktubu) surətindən görünür ki, İddiaçı 59 saylı maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün yaranmış borcunun 7 (yeddi) gün müddətində ödənilməsi, əks təqdirdə yaranmış borcun və daxili lizinq müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC tərəfindən xəbərdar olunmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2393 və 9/3829 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında olan “Ford Fiesta” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin salon hissəsində, cihazlar panelinin arxa tərəfində olmuş və yüksələn xətt istiqamətində inkişaf etməsinə baxmayaraq avtomobilin salonuna yayılmamışdır. Yanğın, elektrik naqillərində yaranmış qəza halından (qısa qapanmadan, keçirici müqavimətin artmasından və s.), həmin qəza halı yaranmış naqilin izolyasiya örtüyünə bitişik (və ya yanşı) yerləşən alışqan təbiətli materialların alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Yanğının konkret olaraq hansı növ elektrik təbiətli qəza halından baş verməsini müəyyən etmək mümkün olmadığına görə, baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulması halı müəyyən edilmədi. Nəzərə hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı **-PT-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8220,00 manat müəyyən edilmişdir. O cümlədən dəyişməli hissələrin qiyməti - 7620,00 manat; təmirbərpa işlərinin qiyməti 600,00 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 059 nömrəli maliyyə lizinqi müqaviləsini ləğv edib iddiaçıya vurulmuş 14376,96 manat maddi ziyanın cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı ilk iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 059 nömrəli maliyyə lizinqi müqaviləsinə əsasən, o, Cavabdeh MMC-dən **-PT-*** dövlət nömrə qeydiyyatlı avtomobil əldə etmişdir. Avtomobilin dəyəri 17500 manat müəyyən edilmiş və onun tərəfindən 7000 manat avans ödənişi edilmişdir. Eyni zamanda, həmin avtomobil Cavabdeh MMC və "xxxx" SŞ ASC arasında xx.xx.2018-ci il tarixində bağlanan sığorta müqaviləsinə əsasən ******* nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış və iddiaçı tərəfindən müqavilə şərtinə uyğun olaraq 876,96 manat məbləğində sığorta ödənişini ödənilmişdir. **-PT-*** dövlət nömrə qeydiyyatlı avtomobildə xx.xx.2020-ci il tarixdə saat 20-30 radələrində baş vermiş yanğın nəticəsində "Kamran” MMC-nin 19 oktyabr 2020-ci il tarixli rəyinə əsasən avtomobilə 8130 manat məbləğində ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı "xxxx" SŞ ASCyə müraciət edilmiş, "xxxx" SŞ ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 03\4062 saylı cavabda göstərilmişdir ki, Cavabdeh MMC şirkətinin ərizəsinə əsasən qeyd olunan xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə 2019-cu ildən xilam verilmiş və bu səbəbdən avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişindən imtina edilmişdir. Nəticədə, onun lizinqlə əldə etdiyi avtomobilə dəymiş 8130 manat ziyan ödənilmədiyindən avtomobili təmir etmək mümkün olmamış və cavabdeh lizinq obyektindən istifadəyə maneə yaratdığından o, həmin avtomobili istifadə etməsindən məhrum edilmişdir. 059 saylı X3 müqavilənin predmeti bölməsində qeyd olunmuşdur ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini bu müqavilədə nəzərdə tutulmuş qaydada ödədikdən sonra lizinq alanın mülkiyyətinə verməyi öhdəsinə götürür. 31 iyul 2018-ci il tarixli, JYÖ059 X3 6.2-ci maddəsinə əsasən Lizinq obyekti tərəflər arasında təhvil-təslim aktı imzalana qədər sığortalanmalıdır. Lizinq alan sığorta ödənişlərini sığorta şirkətinin hesabına ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 6.3-cü maddəsinin tələbinə görə lizinq müddəti ərzində sığortalanmalıdır. Müqavilənin 6.4-cu maddəsinə əsasən sığorta müqaviləsi üzrə faydagötürən Lizinq verən hesab edilir. O, Müqavilənin 6.2-ci maddəsinin şərtlərinə əməl edərək xx.xx.2018-ci il tarixində lizinq müddətinə sığorta ödənişini etməklə ******* nömrəli sığorta şəhadətnaməsi almışdır. Müqavilənin 10.1-ci maddəsinin tələbinə görə Lizinq alan lizinq obyektinin dəyərinin bir hissəsi kimi avans qismində 7000 manat ödəməyi öhdəsinə götürmüş və bu şərtə əməl etmişdir. İddiaçı maliyyə lizinq müqaviləsinə edilmiş 2 saylı Əlavəyə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə 6500 manat lizinq verənə ödəniş etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018- ci il tarixli, 059 saylı maliyyə lizinq müqaviləsinin 6-cı maddəsinin tələbinə əsasən lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin xeyrinə sığortalanmışdır. İddiaçıya dəymiş ziyanın könüllü şəkildə ödənilməsi üçün xx.xx.2020-ci il tarixli pretenziya məktubu poçt rabitəsi vasitəsi ilə cavabdehin hüququ ünvanına göndərilmiş, poçt qaiməsində cavabdehin həmin ünvanda olmadığı qeyd edilməklə geri qaytarılmış, telefon vasitəsi ilə əlaqə saxlayıb cavabdehin həmin ünvanda olmadığı qeyd edilməklə geri qaytarılmış, telefon vasitəsi ilə əlaqə saxlayıb cavabdehin ünvan 2 ünvanında yerləşdiyi öyrənilmiş və xx.xx.2020-ci il tarixdə yenidən poçtla pretenziya məktubu həmin ünvana göndərilmişdir. Lakin bu günə kimi cavabdehdən heç bir cavab alınmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh olan lizinq verən tərəfindən "xxxx" SŞ ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə 2019-cu ildən xitam verilmiş, bu səbəbdən xx.xx.2020-ci il tarixdə lizinq obyektində baş vermiş yanğın nəticəsində, o, sahiblik və istifadə hüququna malik olduğu avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişi ala bilməmiş, lizinq obyekti olan avtomobilə dəymiş 8130 manat ziyan ödənilmədiyindən avtomobili təmir etmək mümkün olmamış və cavabdehin 31 iyul 2018-ci il tarixli, 059 nömrəli X3 şərtlərini pozması lizinq obyektindən istifadəyə maneə yaratdığından o, həmin avtomobildən istifadədən məhrum edilmişdir. Nəticədə, cavabdeh olan lizinq verənin təqsirindən ona 7000+6500+876,96=14376,96 manat məbləğində maddi zərər dəymişdir. Lizinq müqaviləsinin 16.5.1-ci maddəsinin tələbinə görə belə olan halda, lizinq alan lizinq müqaviləsinin ləğvini məhkəmə qaydasında tələb edə bilər. Ona görə də Cavabdeh MMC ilə bağlanmış 31 iyul 2018-ci il tarixli, 059 nömrəli maliyyə lizinqi müqaviləsi ləğv edilməli və ona vurulmuş 14376,96 manat maddi ziyan cavabdehdən məhkəmə tərəfindən məcburi qaydada tutulmalıdır.
16. Həmçinin, Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Premier Lizinq" MMC ilə lizinq alan İddiaçı arasında 31 iyul 2018-ci ildə bağlanılmış 059 saylı X3 ləğv edilməsi, həmin müqaviləyə əsasən 16.04,2021 -ci il tarixədək ödənilməli olan 7200 manat əsas borc, 1828,71 manat faiz borcu və 4964,15 manat cərimə olmaqla, cəmi 13992,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutularaq “Premier Lizinq" MMC-yə ödənilməsi, lizinq predmeti olan 1 ədəd “Ford Fiesta” markalı, ban nömrəsi 3FADP4BJ9EM120593, buraxılış ili 2013-cü il olan ** PT *** dövlət nömrə nişanlı avtomobilin cavabdeh İddiaçı alınaraq “Premier Lizinq" MMC -yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında 31 iyul 2018-ci ildə 059 saylı maliyyə lizinqi müqaviləsi bağlanmış, müqaviləyə əsasən lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən Lizinq şirkəti tərəfindən satıcı X2 31 iyul 2018-ci il tarixli 59 saylı alqı-satqı müqaviləsinə əsasən 17500 manata alınmış, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “Ford Fiesta" markalı, ban nömrəsi 3FADP4BJ9EM120593. buraxılış ili 2013-cü il olan avtomobili öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Lizinq alan isə öz növbəsində 7000 manat avans ödəniş etməklə, qalan 10500 manat məbləğində borcu illik 28% olmaqla 36 ay müddətində, yəni xx.xx.2021-ci il tarixədək lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan Maliyyə lizinqi müqaviləsində göstərilmiş illik 28% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, xx.xx.2020-ci ildən sonrakı müddətdə müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilərək, borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilsə də, cavabdeh müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirmək istəməmiş, əksinə müqavilənin ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda lizinq alanın xx.xx.2021-ci il tarixə maliyyə lizinqi müqaviləsi üzrə lizinq verənə 7200 manat əsas və 1828,71 manat faiz borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qİİ tərəfindən xx.xx.2018-ci ildə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də müəyyən olunur ki, “Ford Fiesta" markalı ** PT *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur. Qeyd olunan avtomaşın xx.xx.2018-ci ildə "xxxx" sığorta şirkətində natamam (70%) sığortalanmış, sonradan isə, yəni xx.xx.2019-cu ildə “Standart İnsuranse" Sığorta şirkəti ilə xx.xx.2021-ci il tarixədək olan müddətdə yeni sığorta müqaviləsi bağlanılmış, müqavilənin dəyərini təşkil edən 587,15 manat pul vəsaiti lizinq verən tərəfindən tam ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin sığorta şirkəti müflis elan olunmuş, qətnamə xx.xx.2020-ci ildə qanuni qüvvəsini almışdır. İşdə olan ödəniş cədvəlindən də görünür ki, lizinq alan aylıq ödənişlər etmək əvəzinə xx.xx.2020-ci ildən sonra 01 iyul 2020-ci ildə 300 manat, xx.xx.2020-ci ildə 220 manat və xx.xx.2020-ci ildə isə 150 manat ödəniş etmiş (halbuki, aylıq ödənişlərin məbləği 434,32 manat idi), sonra isə ödənişdən yayınmaq məqsədilə naməlum şəraitdə avtomaşını yandırmış, əsas kimi yanğını elektrik naqilləri ilə əlaqələndirmişdir ki, indiyədək dünya praktikasında “Ford Fiesta” markalı avtomaşının elektrik naqillərindən yanması halı baş verməmişdir. Bu hal ona dəlalət edir ki, lizinq alan lizinq ödənişlərinindən yayınmaq məqsədilə lizinq şirkətinə məxsus avtomaşını yandırmışdır ki, bu halı məhkəmə tərəfindən yanğın-texniki ekspertizası təyin etməklə müəyyən etmək olar. Lizinq müqaviləsinin 13.1.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirərsə; lizinq alan izinq obyektindən istifadə üçün haqqı müqavilə üzrə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə; lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Müqavilə tələblərinə uyğun olaraq lizinq alana dəfələrlə, sonuncu dəfə isə 14 yanvar və 21 yanvar 2021-ci il tarixlərində rəsmi qaydada müraciət edilmiş, buna baxmayaraq lizinq alan tərəfindən bildirişlərə əhəmiyyət verilməmiş, əvəzində isə xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən lizinq şirkəti müqavilə üzrə öhdəliyinə əməl etsə də, cavabdeh tərəf Müqavilənin şərtlərinə lazımi qaydada əməl etməmişdir. 31 iyul 2018-ci il tarixli, 059 saylı müqavilənin 6.2-ci bəndinə əsasən, lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istifadə zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır. Lizinq obyekti tərəflər arasında təhvil-təslim aktı imzalanana qədər sığortalanmalıdır. Lizinq alan sığorta ödənişlərini sığorta şirkətinin hesabına ödəməyi öz öhdəsinə götürür. Mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları baxımından maliyyə lizinq müqaviləsi üzrə lizinq alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri tam şəkildə həyata keçirməmişdir. İlkin iddia üzrə iddiaçı müqavilə üzrə ödənişləri müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməklə lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki, o onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, lizinq müqaviləsi üzrə yaranmış borcunu cərimə borcu ilə birlikdə iddiaçıya ödəməli, eləcə də lizinq predmeti olan avtomaşını lizinq verənə qaytarmalıdır.
18. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)- 2094/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 059 saylı "Maliyyə lizinqi müqaviləsi"nin ləğv edilməsi, “Ford Fiesta” markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin İddiaçı alınaraq "xxxx" MMC-yə verilməsi, "xxxx" MMC-dən 3959,76 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin və qarşılıqlı iddiaların digər hissələrdə rədd edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzə iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsini və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri tam şəkildə həyata keçirməmişdir. İlkin iddia üzrə iddiaçı müqavilə üzrə ödənişləri müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməklə lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Müqavilə tələblərinə uyğun olaraq lizinq alana dəfələrlə, sonuncu dəfə isə 14 yanvar və 21 yanvar 2021-ci il tarixlərində rəsmi qaydada müraciət edilmiş, buna baxmayaraq lizinq alan tərəfindən bildirişlərə əhəmiyyət verilməmiş, əvəzində isə xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən lizinq şirkəti müqavilə üzrə öhdəliyinə əməl etsədə, cavabdeh tərəf müqavilənin şərtlərinə lazımi qaydada əməl etməmişdir. Odur ki, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, lizinq müqaviləsi üzrə yaranmış borcunu cərimə borcu ilə birlikdə iddiaçıya ödəməli, eləcə də lizinq predmeti olan avtomaşını lizinq verənə qaytarmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzə iddiaçı Cavabdeh MMC-nin təmsilçisi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
23. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
31. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
32. Maddə 748-1.12, 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.
33. Maddə 748-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir.
34. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
35. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
36. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
37. Maddə 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
38. Maddə 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - ilkin iddianın təmin edilən "xxxx" MMC-dən 3959,76 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və qarşılıqlı iddianın təmin edilməyən hissələrində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə mübahisələndirilən - ilkin iddianın təmin edilən "xxxx" MMC-dən 3959,76 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və qarşılıqlı iddianın rədd edilən hissələrində ləğv edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə çıxarılmalı, ilkin iddia mübahisələndirilən hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilməlidir.
46. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilən mübahisələndirilən hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, hazırki iş üzrə mübahisə tərəflər arasında yaranmış lizinq münasibətlərindən əmələ gəlmişdir. İş üzrə Cavabdeh MMC-nin lizinq alana deyil, əkinə İddiaçı lizinq şirkətinə borcu mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018cü il tarixli, 059 saylı maliyyə lizinqi müqaviləsinə 2 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, lizinq alan lizinq verənə 7000 manat avansı ödədikdən sonra 10500 manat əsas, 5135,44 manat mükafat, cəmi 15635,44 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq lizin alan İddiaçı xx.xx.2018-cü il tarixli, 059 saylı maliyyə lizinqi müqaviləsi üzrə lizinq borcu öhdəliyini tam yerinə yetirməmişdir.
47. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia mübahisələndirilən - Cavabdeh MMC-dən 3959,76 manat məbləğində pul vəsaitinin İddiaçı oğllunun xeyrinə tutulması hissəsində təmin edilməməlidir.
48. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh ASC qarşılıqlı iddia ərizəsində İddiaçı xx.xx.2021-ci il tarixə hesablanmış 7200 manat əsas, 1828,71 manat faiz borcu və 4964,15 manat cərimənin tutulmasını xahiş edir.
49. Lakin işin müəyyən edilmiş hallarına əsasən lizinq obyekti olan avtomobil xx.xx.2020-ci il tarixdə elektrik naqillərində baş verdiyi yanğın nəticəsində yanmışdır və həmin vaxdan lizinq alan lizinq obyektindən istifadə edə bilmir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2393 və 9/3829 nömrəli ekspert rəyindən görünür ki, həmin avtomobildə yanğının konkret olaraq hansı növ elektrik təbiətli qəza halından baş verməsini müəyyən etmək mümkün olmadığına görə, baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulması halı müəyyən edilməmişdir.
50. Apellyasiya baxışı zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 9/3169 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2018cü il tarixli, 059 saylı X3 şərtləri nəzərə alınaraq İddiaçı xx.xx.2020-ci il tarixə 7346,86 manat əsas, 678,56 manat lizinq mükafatı borcu yaranmışdır.
51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsində tələb edilən əsas borc məbləğinə uyğun olaraq 7200 manat əsas borc və ekspert rəyinə uyğun olaraq 678,56 manat lizinq mükafatı İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməlidir.
52. Kollegiya qarşılıqlı iddia ərizəsi üzrə tələb olunan 4964,15 manat cərimə məbləği ilə bağlı isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əmlak mənafeyi nəzərə alınaraq ondan 200 manat məbləğində cərimənin (dəbbə pulu) tutularaq Cavabdeh ASC-yə ödənilməsi ağlabatan və ədaləlidir.
53. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilməli, ilkin iddia mübahisələndirilən "xxxx" MMC-dən 3959,76 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində təmin edilməməli, qarşılıqlı iddia tələbi mübahisələndirilən İddiaçı 7200 manat əsas, 1828,71 manat faiz borcu və 4964,15 manat cərimənin tutulması hissəsində qismən təmin edilməli, İddiaçı "xxxx" MMC-nin xeyrinə 7200 manat əsas, 678,56 manat lizinq mükafatı borcu və 200 manat məbləğində cərimə tutulmalı, qarşılıqlı iddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)- 2094/2021 saylı qətnaməsi mübahisələndirilən – ilkin iddianın təmin edilən "xxxx" MMCdən 3959,76 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində və qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi "xxxx" MMC-dən 3959,76 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində təmin edilməsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı "xxxx" MMC-nin xeyrinə 7200 (yeddi min iki yüz) manat əsas, 678,56 (altı yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat lizinq mükafatı borcu və 200 (iki yüz) manat məbləğində cərimə tutulsun. Qətnamə qarşılıqlı iddia tələbinin mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.