Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1783/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakın və qızılzinyət əşyalarının qaytarılması” tələbinə dair iş üzrə (Açar sözlər: cehiz əmlakı, qızıl-zinyət əşyaları) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nəcad-X2 və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakların və qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X9 qızı ilə Cavabdeh2 arasında 11.03.2020-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmiş, İddiaçı cavabdehlərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti ev 197/199, 20 saylı mənzilə gəlin köçmüş, onun cehiz əmlakları həmin mənzilə gətirilmiş, nikahdan uşaqları olmamışdır.
2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 05.11.2020-ci il tarixdə iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, dəyəri 3332 manat olan yataq otağı üçün nəzərdə tutulan “Elegance” adlı ağ mebel dəstinin (şifoner, taxt, iki tumbo, trumo); dəyəri 289 manat olan “Samsung” markalı tozsoranın; dəyəri 229 manat olan “Tefal” markalı buxarlı ütünün; dəyəri 102 manat olan “GARMENT STEAMER” markalı buxarlı ütünün; dəyəri 120 manat olan Türkiyə istehsalı “Elif” markalı duxovkanın (tok peçi); dəyəri 267 manat olan “TEFAL” markalı blender naborunun; dəyəri 69 manat olan mikserin (tort); dəyəri 379 manat olan “MOULİNEXX HV” 10 markalı ətçəkən maşının; dəyəri 110 manat olan ütü stolunun (açıq mavi rəngində); dəyəri 110 manat olan qızıl gül naxışlı nahar servizin (mətbəx); dəyəri 90 manat olan 12 ədəd xrustal böyük stəkanın; dəyəri 70 manat olan 12 ədəd xrustal armudu stəkanın; dəyəri 19 manat olan 6 ədəd göy rəngli fujer bakalın; dəyəri 16 manat olan 6 ədəd su bakalının; dəyəri 15 manat olan 6 ədəd kofe bakalının; dəyəri 30 manat olan 2 ədəd şüşə qənd qabının; dəyəri 98 manat olan 12 ədəd böyük nəlbəkinin (qızılı); dəyəri 70 manat olan 12 ədəd armudu nəlbəkinin (qızılı); dəyəri 35 manat olan 12 ədəd mürəbbə qabı nəlbəkinin (qızılı); dəyəri 7 manat olan 6 ədəd şüşə mürəbbə nəlbəkinin; dəyəri 400 manat olan 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtalarının; dəyəri 100 manat olan 4 ədəd balaca qazanın; dəyəri 95 manat olan 2 ədəd tavanın (içi ağ); dəyəri 45 manat olan 1 ədəd qazanın (içi ağ); dəyəri 18 manat olan 6 ədəd şüşə limon qabının; dəyəri 210 manat olan 2 ədəd ipək xalçanın (İran istehsalı); dəyəri 205 manat olan 3 ədəd süfrənin (tül); dəyəri 120 manat olan 4 ədəd hamam qətvəsinin; dəyəri 50 manat olan əl-üz dəsmallarının; dəyəri 160 manat olan ağ atlas; dəyəri 210 manat olan “Blu marin” (şhanpan rəngində); dəyəri 250 olan qızılı dəst; dəyəri 180 manat olan qırmızı dəst; dəyəri 180 manat olan yasəməni rəng dəst; dəyəri 70 manat olan boz dəst; dəyəri 70 manat olan sarı yaşıllı dəst pastel dəstlərinin; dəyəri 280 manat olan ağ üstü mirvari dəst; dəyəri 140 manat olan 3D qəhvəyi güllü dəst; dəyəri 100 manat olan boz rəngində yun dəst; dəyəri 180 manat olan ağ ("Blu Marin”) dəst; dəyəri 100 manat olan Vilur (açıq qəhvəyi) yataq örtüklərinin; dəyəri 280 manat olan decor tül günlük pərdə dəstinin; dəyəri 170 manat olan 3 ədəd yastığın; dəyəri 60 manat olan 1 ədəd yorğanın; dəyəri 85 manat olan çaynikin (ana bala); dəyəri 15 manat olan 1 ədəd dəm çaynikinin; dəyəri 200 manat olan əl sumkasının (üstü mexli qara); dəyəri 80 manat olan qırmızı əl sumkasının; dəyəri 300 manat olan uzun qara rəngində toy qiyafətinin; dəyəri 1000 manat olan uzun qırmızıqəhvəyi rəngində toy qiyafətinin; dəyəri 700 manat olan uzun ağ-boz qarışıq rəngində uzun toy qiyafətinin; dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabının; dəyəri 5 manat olan orta boy, dəyəri 6 manat olan 2 ədəd balaca, dəyəri 5 manat olan 1 ədəd yığılan tort bişirən qabların; dəyəri 50 manat olan çay dəsmallarının; dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabının; dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 10 manat olan 1 ədəd blinçik tavasının; dəyəri 180 manat olan şamlı şüşə qazan tavanın; dəyəri 30 manat olan 4 ədəd domaşnikin; dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmənin; dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzinin (açıq yaşıl rəngində); dəyəri 250 manat olan 2 ədəd ləpə qabının; dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabının; dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabının; dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qabının; dəyəri 100 manat olan 1 ədəd meyvə qabının; yəni cəmi 13 024 manat dəyərində cehiz əmlaklarının və dəyəri 14 000 manat olan “De Grisoqono” markalı İtalyan istehsalı 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin, ümumilikdə 27 024 manat dəyərində cehiz əmlaklarının və qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2lə ilk vaxtlar normal olan münasibətləri sonradan pozulmuş, valideynlərinin yanına qayıtmış, birgə yaşamaları mümkün olmadığından nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cehiz və qızıl-zinət əşyaları cavabdehlərdə qalmış, həmin əmlakları onlardan tələb etməyinə baxmayaraq verməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının nümayəndəsi X3 qızı iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, Yusif iki ayın gəlini olan qızını döymüş, ona qarşı kobud davranmış, Cavabdeh1 ona zəng edərək qızının aparmasını, oğlunun düzəlməyəcəyini söyləmiş, qızı cavabdehlərə məxsus mənzili 2020-ci ilin avqust ayında tərk eləmişdir. Qızına məxsus qızıl-zinət əşyalarını Cavabdeh1 özünə məxsus xüsusi seyfdə saxlamış, qızını cavabdehlərə məxsus mənzildən apararkən onun üzərində gündəlik taxdığı qızıllar və 2-3 paket şəxsi geyim əşyaları olmuşdur. Qızı evi tərk edərkən özü ilə başqa əşyalar götürməmişdir, çünkü o, evi boşanmaq niyyəti ilə tərk etməmişdir. Qızı ilə Yusif arasında əvvəllər də söz-söhbətlər olmuş, cavabdeh barışmaq məqsədi ilə onu götürərək Nabranda yerləşən bağ evinə aparmış, orada da aralarında olan münasibət düzəlmədiyindən iddiaçı birbaşa ata evinə qayıtmışdır.
5. Birinci instansiya məhkəməsindəki icraat dövründə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli aktda göstərilmişdir ki, cavabdehlərə məxsus mənzildə məhkəmə qərardadında qeyd edilmiş iddiaçıya məxsus “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü, dəyəri 102 manat olan “Garment Steamer” markalı buxarlı ütü, Türkiyə istehsalı “Elif” markalı duxovka (tok peçi), “Tefal” markalı blender naboru, mikser (tort), “Moulinexx Hv” 10 markalı ətçəkən maşın, Qızıl gül naxışlı nahar serviz (mətbəx), 12 ədəd xrustal böyük stəkan, 12 ədəd xrustal armudu stəkanı, 6 ədəd göy rəngli fujer bakal, 6 ədəd kofe bakalı, 12 ədəd böyük nəlbəki (qızılı), 12 ədəd armudu nəlbəki (qızılı), 12 ədəd mürəbbə qabı nəlbəki (qızılı), 6 ədəd şüşə mürəbbə nəlbəki, 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtaları, 1 ədəd yorğan, dəyəri 15 manat olan 1 ədəd dəm çayniki, dəyəri 200 manat olan əl sumkası (üstü mexli qara), dəyəri 1000 manat olan uzun qırmızı-qəhvəyi rəngində toy qiyafəti, dəyəri 700 manat olan uzun ağboz qarışıq rəngində uzun toy qiyafəti, dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabı, dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabı, dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabı, dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabı, dəyəri 10 manat olan 1 ədəd blinçik tavası, dəyəri 180 manat olan şamlı şüşə qazan tava, dəyəri 30 manat olan 2 ədəd domaşnik, dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmə, dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzi (açıq yaşıl rəngində), dəyəri 250 manat olan 2 ədəd ləpə qabı, dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabı, dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabı, dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qabı, dəyəri 100 manat olan 1 ədəd meyvə qabı, dəyəri 14000 manat olan De “Grisoqono” markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəsti aşkar edilməmişdir.
6. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X4 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur və eyni binada yaşayırlar. İddiaçının cehizi gəlin köçdüyü evə aparılarkən iştirak etmiş, 166 daşınma xidmətinin maşınında o da getmiş, qutuların, çemodanların evə daşınmasında köməlik göstərmiş, lakin cehiz əşyalarının açılmasında iştirak etməmişdir. İddiaçının atası evinə qayıtması barədə məlumatı vardır. Cavabdehlər iddiaçıya məxsus cehiz əşyalarını qaytarmamışlar, əgər cehiz əşyaları qaytarılsa idi, bundan məlumatı olardı. İddiaçının gəlin getdiyi evin dəqiq ünvanını xatırlamır, belə ki, həmin evə cəmi bir dəfə getmişdir. Cehizlər toydan təxminən 1 həftə-10 gün qabaq cavabdehlərə məxsus mənzilə aparılmış, toy 2020-ci ilin mart ayında olmuşdur. İddiaçıya məxsus cehiz əşyalarının olduğu bağlamaları evin dəhlizinə qədər daşımış, əşyalar bağlı qutularda olduğundan içində nə olduğunu bilməmişdir, amma tozsoran və ütünü xatırlayır.
7. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 da bənzər məzmunda ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı üçün bütün cehiz əşyalarını onun anası Fəxriyyə xanımla birlikdə almış, Fəxriyyə xanım qızı üçün ən bahalı əşyaları seçmiş, bir qızı olduğundan onun üçün hər şeyin ən bahalısını alacağını demişdir. Texniki əşyaların hamısı “İrşad Telekom”dan, qab-qacağın əksəriyyəti isə “Sədərək Ticarət Mərkəzi”ndən alınmış, cehiz əşyalarının heç biri yerli istehsal olmamışdır. Əşyaların qablaşdırılmasında və cavabdehlərə məxsus mənzildə açılıb yerləşdirilməsində şəxsən iştirak etmiş, iddiaçıya xınayaxdı mərasimində qızıllar hədiyyə edilmiş, qız toyunda isə ağ qızıl brilliyant taxılmışdır. Lakin iddiaçı atası evinə qayıdan zaman qızılları sonuncuda görməmişdir.
8. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X8 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur və gediş-gəlişləri vardır. İddiaçının toyunda iştirak etməmiş, lakin evində olmuş, toydan 3-4 gün qabaq evdə hazırlıq işləri görülərkən köməklik göstərmiş, cehiz əşyaların qablaşdırılmasında iştirak etmiş, lakin əşyalar alınan zaman iştirak etməmişdir. 2020-ci ilin avqust ayında iddiaçı döyülərək atası evinə qayıtmış, onu valideynləri evə gətirmiş, həmin vaxt o da iddiaçının valideynlərinin evində olmuşdur. İddiaçıin qablarını, ütüsünü və digər əşyalarını görmüşdür. İddiaçı evdən gəlin çıxarkən onların evində olmuş, iddiaçıin qaynanasının yolka şəklində olan qızılları nümayiş etdirərək onun üzərinə taxdığının şahidi olmuşdur.
9. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunan 62 adda müxtəlif məişət əşyalarından Yasamal icra və Probasiya şöbəsinin əməkdaşının tərtib etdiyi 05.02.2021-ci il tarixli aktı ilə müəyyənləşən (akta daxil olmayan) ağ mebel dəsti; ütü stolu; pərdə; 6 kofe stəkanı; 6 su bakalı; 3 yastıq; 2 ədəd natamam postel; boz rəngdə billura oxşayan odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə; 3 ədəd (2 balaca, 1 böyük) tort bişirən qab; 2 ədəd doğrama taxtası; 2 ədəd bıçaq; tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; qapağı işləməyən soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalı iddiaçı tərəfindən cavabdehin yaşayış yerini tərk edən zaman götürülməmişdir və iddiaçıya məxsusdur. Məhkəmədə iddia qaldıranadək evdə yer tutduğu üçün dəfələrlə iddiaçıdan əşyaların götürülməsi xahiş olunsa da, iddiaçı bu istiqamətdə heç bir addım atmamış, cavabdeh isə sözügedən əşyaları ilkin yerləşdirildikləri otaqda toxunmadan saxlamış, istifadə etməmişdir. Lakin əşyaların əksəriyyəti iddiaçı evi tərk etməzdən öncə onun istifadəsində olmasına, qeyd olunan əşyaların həm yararlı, həm də yararsız olduğu halda, amortizasiya dəyərlərini nəzərə almadan onlara xəyali qiymət müəyyənləşdirilmişdir. İddiaçı, ərizədə qeyd olunan 63 adda əşyaların 13 024 manat dəyərində olduğunu sübut edəcək heç bir qəbz, sənəd və başqa sübutu məhkəməyə təqdim etməmişdir. Bu barədə sual yönəltdikdə isə "bütün aldıqları bahalı mallardı, mən qızıma nacaq brend mallar almışam” deyə mücərrəd cavabla kifayətlənməkdədir. Habelə iddiaçı, ərizədə qeyd olunan, lakin cavabdehlərin yaşayış yerində və sərəncamında olmayan, onlar tərəfindən saxlnılmayan əşyaların tərəfindən həqiqətən satın alınması və ya nikahdan öncə onun mülkiyyətində olması barədə məhkəməyə heç bir maddi sübut təqdim etməmişdir. Yenə də iddiaçı, sözügedən əşyaların (akta daxil olmayan) cavabdehin ünvanında olması və ya onlar tərəfindən istifadə olması barədə də, məhkəməyə maddi sübut təqdim etməmişdir. Halbuki, Azərbaycanın toy adətlərinə "ev bəzədilməsi” kimi bir adət də daxildir. Hansında ki, “qız evi” qızın cehizlərini “oğlan evi”ndə yerləşdirir, evi bəzəyir və təbii ki, müasir dövrdə bu zaman foto-video çəkilişdən istifadə olunur və ya ən azından iştirakçılardan kimsə şəxsi telefonu ilə foto çəkir. Belə olan təqdirdə, iddiaçıdan ən azından belə bir fotonu məhkəməyə təqdim etməsini tələb etdikləri halda, iddiaçı bunu edə bilməmişdir. Dəyərinin 14 000 manat olduğu irəli sürülən zinyət əşyalarına dair isə bildirmək istəyir ki, sözügedən zinət əşyaları (bazar dəyəri iddia ərizəsində göstərilən qiymətdən çox aşağıdır) həqiqətən də cavabdeh tərəfindən iddiaçıya toy, nişan və doğum günü hədiyyəsi kimi verilmiş, hədiyyə verildiyi andan zinyət əşyaları cavabdehlərin istifadəsində olmamış və onlar tərəfindən saxlanılmamışdır. İddiaçı bunun əksini iddia etsə də, məhkəməyə bununla bağlı sübut təqdim edə bilməməkdədir. İddiaçı evi tərk edən zaman evdə heç kəs olmamış, hər iki cavabdeh iş yerlərində olduğundan iddiaçı evdə tək olmuşdur. İddiaçının nümayəndəsinin öz izahatında bildirdiyi kimi iddiaçını evdən valideyinləri götürmüşdür və iddiaçı evi tərk edən zaman özünün şəxsi geyim əşyalarını da özüylə götürmüşdür. Göründüyü kimi iddiaçı sərbəst surətdə heç bir maneə ilə qarşılaşmadan evi tək etmişdir və şəxsi əşyalarını da özü ilə aparmaq imkanına malik olmuşdur. Belə olan halda təbii olaraq ortaya sual çıxır ki, əgər zinyət əşyaları evdəydisə, niyə iddiaçı evi tərk edən zaman zinət əşyalarını da digərləri ilə birlikdə götürməmişdir? Bu suala cavab olaraq iddiaçının nümayəndəsi “Cavabdeh1 toydan sonra ziynət əşyalarını iddiaçıdan alaraq evdəki seyfdə saxlayırdı və açarı iddiaçıda yox idi” cavabını verməkdədir. Belə olan halda o, evdə seyf olduğunu və Cavabdeh1 zinyət əşyalarını orada saxladığını sübut etmək vəzifəsini daşıyır. Şahidlərlə əlaqədar bildirmək istəyir ki, şahid kimi məhkəmədə izahat verən heç bir şahid iddiaçının iddiasını təsdiq etməmiş və iddiaçı kimi konkret hallarla bağlı mücərrəd və qeyri-dəqiq cavablar vermişlər. Belə ki şahid Roman Nəsirov izahatında iddiaçının qonşusu olduğunu, cehiz əşyalarını 166 xidmətindən istifadə edərək cavabdehlərin ünvanına apardığını, mənzilin dəhlizində yerləşdirdiyini, evin ünvan 1nın ikinci mərtəbəsində sağ tərəfdə yerləşdiyini bildirir. Lakin ona ünvanlanan suallara verdiyi cavablarda ziddiyətli və aydın olmayan hallar mövcuddur. Şahid evin Yasamal rayonunda hansı ünvanda və ya nəyin yanında yerləşdiyini təxminən də olsa təsvir edə bilməmişdir. Şahid təxminən neçə sayda əşyaların olduğunu xatırlamır, 166 xidmətinin avtomobili ilə ünvana gəldiyini bildirsə də, avtomobilin kuza ölçüsünü xatırlamır, ərizədə qeyd olunan televizor, tozsoran, duxovka (soba), mikrodalğalı soba kimi mənzilə yerləşdirdiyi əşyaların növü barədə karobkalarda olduqları üçün barədə dəqiq məlumat verə bilmədiyini qeyd edir. Halbuki, qeyd olunan əşyalar xüsusi forma və ölçüyə malik qutularda yerləşdirilirlər və onların üzrərində müvafiq fotoları təsvir olunur. X12 iddiaçının qonşusu olduğunu, iddia ərizəsində qeyd olunan bəzi tekstil məhsullarının "Sədərək” TM-dən alınmasında, əşyaların cavabdehin ünvanına göndərilməzdən əvvəl iddiaçının evində qablaşdırılmasında iştirak etdiyini, ərizədə qeyd olunan bütün əşyaları xatırlamadığını, amma televizor, tozsoran, duxovka (soba), 2 ütü və tekstil məhsullarının qablaşdırılmasında iştirak etdiyini, habelə evin bəzdilməsi üçün cavabdehin ünvanın olduğunu təsdiq edir. Lakin tərəfindən ona ünvanlanan suallara verdiyi cavablarda ziddiyətli və aydın olmayan hallar mövcuddur. Şahid evin Yasamal rayonunda hansı ünvanda və ya nəyin yanında yerləşdiyini təxminən də olsa təsvir edə bilməmiş, mənzildə əşyaların yerləşdirildiyi otağın quruluşunu, mənzildəki yerini və əşyaların otaqda necə yerləşdirildiyini təsvir edə bilmir, xatırlamır. Şahid təxminən neçə sayda əşyaların olduğunu və markalarını xatırlamır, 166 xidmətinin avtomobili ilə ünvana göndərildiyini bildirsə də, avtomobilin kuza ölçüsünü təsvir edə bilmir, əşyların arasında televizorun olduğunu bildirsə də, iddia ərizəsində televizor qeyd edilməmişdir. Digər şahid Arzu Fərhadova izahatında iddiaçının qonşusu olduğunu, iki ilə yaxın müddətdə qonşuluqda kirayə tutduğu evdə yaşadığını, əşyaların cavabdehin ünvanına göndərilməzdən əvvəl iddiaçının evində qablaşdırılmasında iştirak etdiyini bildirmişdir. Lakin ona ünvanlanan suala cavab olaraq iddia ərizəsi ilə məhkəmədə izahat verməmişdən öncə tanış olduğunu, əşyaların siyahısını və növünü gördüyünü bildirmişdir. Belə olan halda şahidin bitərəfliyinə və məhkəməyə ona məlum olan faktiki hallar barədə dürüst məlumat verdiyinə etibar edilə bilməz. Buna görə də iddia tələbi yalnız ağ mebel dəsti; ütü stolu; pərdə; 6 kofe stəkanı; 6 su bakalı; 3 yastıq; 2 ədəd natamam postel; boz rəngdə billura oxşayan odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə; 3 ədəd (2 balaca, 1 böyük) tort bişirən qab; 2 ədəd doğrama taxtası; 2 ədəd bıçaq; tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; qapağı işləməyə soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin oluna bilər.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ağ rəngli yataq mebel dəsti (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanı; 6 ədəd su bakalı; 3 ədəd yastıq, 1 ədəd sarı yaşıllı postel dəsti; 1 ədəd natamam qırmızı postel dəsti; 1 ədəd boz rəngli yun (billura oxşayan) odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə (anabala-1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qab (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtası (plastmas və taxta); 2 ədəd bıçaq; 1 ədəd tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; 1 ədəd "Elif” markalı soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalından ibarət cehiz əmlakının alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli akta görə mənzildə iddia ərizəsində göstərilmiş əmlaklar aşkar edilməmişdir və iddia tələbi cehiz əşyalarının qaytarılması hissəsində cavabdehlərin etiraf etdiyi miqdarda tutulmalıdır.
12. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə də tənqidi yanaşaraq həmin ifadələri inandırıcı hesab etməmişdir.
13. Məhkəmə iddia tələbinin “dəyəri 14 000 manat olan "De Grisoqono” markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərə məxsus mənzili ailə-məişət münaqişəsi zəminində ani olaraq tərk etmədiyindən, qızıl-zinyət əşyalarının götürmək imkanına malik olmuşdur, ona görə də qızıl-zinət əşyalarının cavabdehlərdə qalması ehtimal olunmur. Belə ki, məhkəmə iclasında tərəflərin etirafedici izahatları ilə müəyyən edilmişdir ki, tərəflərin aralarında olan münasibətlər pisləşdiyinə görə, iddiaçı cavabdehlərin evdə olmadığı vaxt öz valideynlərinə zəng edərək onu gəlib götürmələrini istəmiş, valideynləri ilə birlikdə onlara məxsus mənzilə geri qayıtmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına qiymət verməmiş, dəlillərə münasibət bildirməmiş, sübutetmə barədə qanunvericiliyin tələblərini pozmuşdur. İşin faktiki hallarına əsasən cavabdehdən alınması tələb edilən əşyaların, o cümlədən qızıl-zinət əşyalarının mövcud olması, sayı, çeşidi, dəyəri mübahisəsizdir. Cavabdeh tərəf həmin adda va çeşiddə qızıl-zinət əşyalarının mövcudluğunu təkzib etmir. Cavabdeh tərəf bildirir ki, iddia ərizəsində göstərilən adda və dəyərdə qızıl-zinət əşyaları mövcud olub, lakin iddiaçı cavabdehdən ayrılarkən, yəni onun yaşadığı mənzili tərk edərkən qızıl-zinət əşyalarını özü ilə aparıb. Birinci instansiya məhkəməsi qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən aparılmadığını, yəni həmin qızılzinət əşyalarının cavabdehdə qalmasını sübut etmək vəzifəsinin iddaçının üzərinə düşməsi və iddiaçının bunu sübut edə bilməməsi nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə səhvdir və sübutetmə prinsiplərinə ziddir. Belə ki, iddiaçı tərəf tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasını, cavabdeh tərəf isə həmin qızıl zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını sübut etmək vəzifəsini daşıyır. Bundan başqa məhkəmənin iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələrinə tənqidi münasibətini başa düşmək olmur.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını vurğulamış, həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində işin faktiki hallarına qiymət verilmədiyini, dəlillərinə münasibət bildirilmədiyini, sübutetmə barədə qanunvericiliyin tələblərinin pozulduğunu bildirsə də, birinci instansiya məhkəməsi hər bir tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət vermişdir. İddiaçı apellyasiya şikayətində əsaslandığı hallarla bağlı sübutlar təqdim etməmişdir, bu baxımdan apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
20. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 666-cı və 157.2-ci maddələri təşkil edir. ...İddiaçı, Cavabdeh2lə nikaha daxil olarkən ona iddia ərizəsində göstərilən qızıl-zinyət və cehiz əmlakların hədiyyə kimi verildiyini bildirir və həmin əşyaların cavabdehlərdə olduğunu göstərərək tələb edir. Mülki Məcəllənin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinin tələblərinə görə nikaha girənədək ər-arvaddan birinin hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. İddiaçı tələbin rədd edilən hissələrində iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının və cehiz əmlakların cavabdehlərdə olduğunu qeyd edir. Cavabdehlər isə iddia tələbinə bu hissədə etiraz etərərək iddiaçının həmin əmlakları özü ilə gedərkən apardığını bildirmişlər. Birinci instansiya məhkəməsi rədd edilən hissədə iddiaçının tələbinin sübut olunmadığını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verməyərək prosessual normaların tələblərini pozmuşdur. Qətnamədən şikayət verən iddiaçı işdə olan sübutların (şahid ifadələrinin, icra məmurunun tərtib etdiyi aktın və digər subatların) məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadığını qeyd etmiş, lakin apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini formal mülahizələr hesab edərək hər hansı bir araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi şahidlərin ifadələrini sübut kimi qəbul etməyərkən onların ifadələrinə tənqidi yanaşdığını qeyd etmişdir. Lakin məhkəmə bu qənaətəni əsaslandırmamış, şahid ifadələrinə nə üçün tənqidini yanaşdığını göstərməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi məhkəmədə tədqiq edilmiş icra məmurunun aktına da düzgün qiymət verməmiş, təqdim edilmiş həmin sübutu MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, həmin aktla bağlı ziddiyətli məqamlar olmuş, aktda əksini tapmış əmlakların mübahisəli ünvanda olan və yaxud olmayan, aşkar edilən və ya aşkar edilməyən əmlaklar olması müəyyən edilməmişdir. Cavabdehlərin etirafına əsasən qət edilmiş əmlaklar arasında həmin aktda əksini tapmamış əmlaklar da olmuşdur. Lakin işə baxan məhkəmələr bu halı nəzərə almayaraq təqdim edilən sübutuun qiymətləndirilməsində MPM-nin 88-ci madəsinin tələblərini pozmuşlar. ...Bundan başqa iddiaçı məhkəməyə mübahisəli məsələ ilə bağlı tərəflər arasında aparıldığını iddia etdiyi "WhatsApp” mobil tətbiqetmə vasitəsi ilə aparılan yazışmaları təqdim etmişdir. İşə baxan məhkəmər isə həmin yazışmalara nə üçün qiymət vermədiklərini əsaslandırmamışlar. ...Bundan başqa birinci instansiya məhkəməsi qət etdiyi əmlakların dəyərini qətnamədə göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də bu halı diqqətdən qaçırmışdır. MPM-nin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir”.
d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar
21. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X3 qızı birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat vermiş, iddiaçının vəkili Vəkil2 da Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarında iştirak edən nümayəndələri (vəkilləri) Vəkil1 birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
24. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
27. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddia tələbinin təmin olunmayan hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü cavabdehlər qətnamədən şikayət verməmiş, iddiaçı isə qətnaməni sözügedən hissədə mübahisələndirmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).
36. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməklə həmin hissədə də iddia tələbi qismən təmin olunmalı, iddianın təmin edilməsi ilə bağlı hissədə isə qətnaməyə dəyişiklik olunmalıdır.
38. İddiaçının iddiasına görə iddia ərizəsində göstərdiyi əşyaları cehiz kimi ər evinə aparmış, eyni zamanda ona “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəst hədiyyə olunmuş, münasibətləri pozulduqdan sonra bu əmlaklar ona qaytarılmamışdır.
39. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
40. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür: iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə (miqdarda) və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir; cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir.
41. İddia tələblərini sübuta yetirmək üçün iddiaçı məhkəməyə, dəyəri 289 manat olan “Samsung” markalı tozsoranın, dəyəri 3332 manat olan yataq otağı üçün nəzərdə tutulan “Elegance” adlı ağ mebel dəstinin, dəyəri 229 manat olan “Tefal” markalı buxarlı ütünün və dəyəri 379 manat olan “MOULİNEXX HV” 10 markalı ətçəkən maşının onun nikaha girdiyi ərəfədə (yaxud nikahdan əvvəl) atası tərəfindən alındığını təsdiq edən sənədlər təqdim etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
42. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin iddiaçıya hədiyyə edilmiş olduğunun, “Elegance” adlı ağ rəngli yataq mebel dəstinin (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanının; 6 ədəd su bakalının; 3 ədəd yastığın, 1 ədəd sarı yaşıllı postel dəstinin; 1 ədəd natamam qırmızı postel dəstinin; 1 ədəd boz rəngli yun (billura oxşayan) odealın; 1 ədəd içi ağ qazanın; 1 ədəd içi ağ tavanın; 3 ədəd kiçik şüşə qapaqlı qazanın; 1 ədəd çaynikin (1 ədəd dəmliklə birlikdə - anabala-1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qabın (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtasının (plastmas və taxta); 2 ədəd bıçağın; 1 ədəd tort kəsənin və lapatasının; 2 ədəd kiçik şüşə çərəz qabının; 2 ədəd şüşə qənd qabının; 1 ədəd "Elif” markalı sobanın; 3 ədəd əl-üz dəsmalının və 5 ədəd çay dəsmalının iddiaçı tərəfindən cehiz kimi aparıldığının onun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt, yəni sözügedən qızıl-zinyət əşyasının iddiaçıya hədiyyə edildiyi, sadalanan əşyaların isə onun tərəfindən cehiz kimi gətirildiyi cavabdehlər tərəfindən etiraf olunmuşdur.
43. Cavabdehlər, mövcudluğunu etiraf etdikləri qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirsələr də, kollegiyanın qənaətinə görə, işdə mövcud olan sübutların məcmusu, habelə bilavasitə tərəflərin verdikləri izahatlar həmin əşyaların cavabdehlərin sahibliyində qaldığı qənaətinə gəlməyə əsas verir. Belə ki, əvvəla, yuxarıda qeyd olunduğu kimi, tərəflər həmin qızıl-zinyət əşyasının iddiaçıya hədiyyə edildiyini və onun cavabdehlərə məxsus mənzildə yaşamış olduğunu mübahisələndirmirlər; digər tərəfdən, işin iddiaçı tərəfin bildirdiyi və cavabdehlərin mübahisələndirmədikləri halına görə iddiaçı, 2020-ci ilin avqust ayında Cavabdeh2 (həyat yoldaşı) ilə arasında baş vermiş münaqişədən sonra yaşadığı mənzili (ər evini) tərk edib valideynlərinin evinə getmiş, 13.09.2020-ci il tarixdə Cavabdeh2 onunla barışmaq niyyətini bildirərək onu yenidən öz evlərinə aparmış, 4 gün orada qaldıqdan sonra iddiaçı cavabdehlərlə birlikdə Nabrana istirahətə getmiş, orada olarkən Cavabdeh2lə arasında münaqişə yarandığından sonuncu, onu atasının evinə gətirmişdir.
44. Kollegiya hesab edir ki, ümumi həyat təcrübəsinə əsasən, əri ilə yaranmış mübahisədən (münaqişədən) sonra evdən gedərkən, buna əvvəlcədən hazırlaşmadığı üçün iddiaçının qızıl-zinət əşyalarını özü ilə götürmədiyi daha inandırıcıdır və xüsusilə nəzərə alınmalıdır ki, həmin şəraitdə onun qızıl-zinət əşyalarını götürməsinə və özü ilə aparmasına ərinin (onun ailə üzvlərinin) maneçilik etmək imkanının yüksək olduğu ehtimalı daha qəbulediləndir. İddiaçı ilə Cavabdeh2 arasında “WhatsApp” proqramı üzərindən aparılmış yazışmaların məzmunu da belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qızıl-zinyət əşyaları iddiaçı tərəfindən aparılmamışdır.
45. Bu mənada kollegiyanın qənaətinə görə, “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin iddiaçıya həqiqətən hədiyyə verilmiş olduğu və sonradan o, evdən getdiyi zaman onların cavabdehlərdə qaldığı biri digərini tamamlayan mötəbər dəlillərlə sübuta yetirilmişdir.
46. Bununla belə kollegiya qeyd edir ki, həmin qızıl-zinyət əşyalarının qiyməti ilə bağlı iddiaçının bildirdikləri öz təsdiqini tapmamış, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyi əsasında müəyyən edilmişdir ki, sözügedən dəstin 17.03.2022-ci il tarixinə bazar dəyəri 10 800 manat təşkil edə bilər. Buna görə də kollegiyanın qənaətinə görə, həmin qızıl-zinyət əşyası, mövcud olmadığı halda isə onun dəyəri cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır.
47. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yuxarıda göstərilən yanaşma baxımından kollegiya həmçinin hesab edir ki, iddiaçı, iddia ərizəsində sadaladığı əşyalardan (mübahisələndirilən hissədə) yalnız dəyəri 289 manat (hazırda 280 manat) olan “Samsung” markalı tozsoranın, dəyəri 229 manat (hazırda 180 manat) olan “Tefal” markalı buxarlı ütünün və dəyəri 379 manat (hazırda 340 manat) olan “MOULİNEXX HV” 10 markalı ətçəkən maşının ona cehiz kimi verildiyini sübuta yetirə bilmiş, digər əşyaların mövcudluğu (cehiz kimi alındığı) ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də kollegiya, “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü və “MOULİNEXX HV” 10 markalı ətçəkən maşın istisna olmaqla qətnamənin mübahisələndirilən digər hissələri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni sayır və hesab edir ki, bu nəticənin dəyişdirilməsi üçün hər hansı əsas mövcud deyildir.
48. “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü və “MOULİNEXX HV” 10 markalı ətçəkən maşınla bağlı hissədə isə kollegiya iddia tələbinin təmin edilməli olduğu qənaətinə gəlir və bu qənaətə gələrkən onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə tədqiqatının həyata keçirilməsi üçün cavabdehlərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti ev 197/199, 20 saylı mənzilə baxış keçirilməsinə cavabdehlər tərəfindən şərait yaradılmadığından, həmin əşyaların orada olub-olmaması ilə bağlı qeyri-müəyyənlik məhz cavabdehlərin ziyanına şərh olunmalıdır.
49. Kollegiya həmçinin qeyd edir ki, iddiaçıya qaytarılmalı olan əşyaların qiymətlərini müəyyənləşdirməməklə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə əməl etməmiş və gələcəkdə qətnamənin icrası zamanı problemlərin ortaya çıxmasına yol açmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini ... qətnamənin nəticə hissəsində göstərməlidir. Bununla belə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçıya qaytarılması qət olunmuş əşyalardan 3 ədəd yastıq, 2 ədəd doğrama taxtası (plastmas və taxta), 2 ədəd bıçaq, 1 ədəd tort kəsən və lapatası istisna olmaqla, digər əşyalar artıq ona qaytarılmışdır. Buna görə də kollegiya yalnız sadalanan əşyalara qiymət qoyulmaması ilə bağlı hissədə qətnamənin dəyişdirilməsini, 3 ədəd yastığın qiymətinin 170 manat, 2 ədəd doğrama taxtasının (plastmas və taxta) qiymətinin 10 manat, 2 ədəd bıçağın qiymətinin 16 manat, 1 ədəd tort kəsən və lapatasının qiymətinin 8 manat müəyyənləşdirilməsini zəruri hesab edir.
50. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri Cavabdeh2 alınıb İddiaçı ödənilməli, iş üzrə keçirilmiş qiymətləndirmə xərci Cavabdeh2 tutularaq müvafiq hesaba köçürülməlidir.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-803/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi iddia tələbinin rədd olunduğu hissədə qismən ləğv edilərək həmin hissədə də iddia qismən təmin olunsun. “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəsti, “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü və “MOULİNEXX HV” 10 markalı ətçəkən maşın Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. “De Grisoqono” markalı, İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstinin qiyməti 10 800 (on min səkkiz yüz) manat, “Samsung” markalı tozsoranın qiyməti 280 (iki yüz səksən) manat, “Tefal” markalı buxarlı ütünün qiyməti 180 (yüz səksən) manat, “MOULİNEXX HV” 10 markalı ətçəkən maşının qiyməti 340 (üç yüz qırx) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərləri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamə 3 ədəd yastığın, 2 ədəd doğrama taxtasının (plastmas və taxta), 2 ədəd bıçağın, 1 ədəd tort kəsənin və lapatasının Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilsin. 3 ədəd yastığın qiyməti 170 (yüz yetmiş) manat, 2 ədəd doğrama taxtasının (plastmas və taxta) qiyməti 10 (on) manat, 2 ədəd bıçağın qiyməti 16 (on altı) manat, 1 ədəd tort kəsən və lapatasının qiyməti 8 (səkkiz) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat Cavabdeh2 alınıb İddiaçı ödənilsin; iş üzrə keçirilmiş qiymətləndirmənin xərci qismində 200 (iki yüz) manat Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ30GUNA********************, Bank: "xxxx"ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov