Məhkəmə qərarları › İş №2(103)-1788/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1788/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1788/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1023/2024 saylı qərardadından İddiaçı2 nümayəndəsi və vəkili İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı2 cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 oglunun 01 yanvar 2023-cü il tarixdən etibarən hər ay başqa gəlirləri olan mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin obyektin aylıq icarə haqqı 5000 manatın, “RANGE ROVER” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alış qiyməti 360.000 manat pul vəsaitinin 1/3 hissəsi miqdarında aliment üzrə borclarının müəyyən edilməsi, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 98 saylı, 23 may 2001-cı il tarixli qərarına uyğun olaraq X3 oglunun direktor vəzifəsində işlədiyi X2 aldığı aylıq əmək haqqı və Baş həkim vəzifəsində işlədiyi 5 saylı Klinik Xəstəxanasından aldığı aylıq əmək haqqı ilə bağlı 01 yanvar 2023-cü il tarixdən etibarən hər ay başqa gəlirləri üzrə aliment borclarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1023/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh X1 qarşı aylıq əmək haqqı və başqa gəlirlər üzrə aliment borcunun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, İddiaçı2 icra məmurunun hərəkətlərindən icra icraatı çərçivəsində mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət vermək hüququnun olması izah edilmişdir. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilib ki, hazırkı mübahisədə iddiaçının hüquqları kobud surətdə pozulur. Onun barəsində əsassız hesablanmış aliment borcunun silinməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin bir hakimi məhkəmə qətnaməsinin icrası barədə ərizəni mülki məhkəmə icraatında baxılmalı olması əsasında geri qaytarır, mülki qaydada müraciət olunduğu zaman digər hakim məhkəmə qətnaməsinin icrası şəklində müraciət olunmalı əsasında işi geri qaytarır. Mülki iş bu şəkildə aylardır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsində dövr edir. Məhkəmənin daxilində olan bu ziddiyyət iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1023/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən qənaətində göstərib ki, alimentlə bağlı mübahisə həllini tapmış, yekun məhkəmə aktı qəbul edilərək icraya yönədilmişdir. Hal-hazırda sözügedən icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatındadır. Belə olan halda, mübahisə ilə bağlı artıq icra sənədi mövcud olduğundan, qeyd olunan tələb məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı icra məmurunun hərəkətləri ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. Tələbkar alimentin borclunun bütün qazancı (başqa gəlirləri də daxil olmaqla) hesablanaraq müəyyən edilməsi ilə bağlı icra sənədini icra edən icra məmuruna müraciət etmək hüququ vardır. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyildir. Çünki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 209/2023 nömrəli qətnaməsi ilə Fazil Alməmmədov və İddiaçı2 arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların İddiaçı2 yanında qalması və uşaqların saxlanılması üçün Fazil Alməmmədovdan hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. İddiaçı isə cavabdehin qazancından tutulmalı olan 1/3 hissədə alimentin düzgün müəyyən edilmədiyini, cavabdehin digər başqa gəlirləri (qeyri-yaşayış yerinin icarəsi, iki müəssisədə müxtəlif vəzifələrdən əldə etdiyi gəliri də nəzərə alınmaqla) 1/3 məbləğinin hesablanmadığından icra məmurunun hərəkətlərindən şikayət edir. Əvvəla, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsi öz qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən iddiaçıya izah edib ki, icra məmurunun hərəkətlərindən icra icraatı çərçivəsində mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilməsi izah edilmişdir. Çünki hazırki işdən görünür ki, alimentlə bağlı mübahisə həllini tapmış, yekun məhkəmə aktı qəbul edilərək icraya yönədilmişdir. Hal-hazırda sözügedən icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatındadır və tələbkarın alimentin borclunun bütün qazancı (başqa gəlirləri də daxil olmaqla) hesablanaraq müəyyən edilməsi ilə bağlı icra sənədini icra edən icra məmuruna müraciət etmək hüququ vardır. Lakin İddiaçı2 bu göstərişlərə məhəl qoymayaraq qərardaddan şikayət vermək qərarına gəlmişdir. Ancaq nail olmaq istədiyi məqsədə çatmaq üçün seçdiyi vasitə düzgün olmamışdır. Çünki, bu cür tələbə iddia icraatı qaydasında baxılmasının mümkünsüzlüyünü birinci instansiya məhkəməsi kifayət qədər aydın və anlaşılan şəkildə öz qərardadında göstərmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-1023/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1023/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar