Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1789/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2(011)-6639/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 80.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və 330.5 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 55.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 228 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, 330.5 manat məbləğində ödənilmiş dövlət rüsumunun qalan 102.5 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçıdan tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə əlaqədar 330.5 manat rüsum ödəmişdir. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, cavabdeh qanunvericiliyin qeyd olunan normalarına uyğun olaraq həmin məbləğin 50 faizi, yəni 165,25 manat ödəməli olduğu halda, cəmi 114,4 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1 və 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunun sözügedən imperativ göstərişlərini nəzərə almamış, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmayan apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh İB-yə qarşı mənəvi zərərin ödənilməsi iddia tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2(011)- 6639/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1789/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1789/2023
27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver