Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1793/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin e-2(009)-2996/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2011-ci il təvəllüdlü X3 və 17 mart 2020-ci il təvəllüdlü X1 üçün ödənilən alimentin miqdarının azaldılması, aliment qazancının hər uşaq üçün ayrılıqda 1/3 hissəsinin yarısı miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 27.04.2016cı il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçının qazancının ¼ hissəsi miqdarında alimentin iddiaçıdan tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Eyni zamanda Səbail rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hazırki həyat yoldaşı digər Cavabdeh2 oğlu X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçının qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda hər iki uşağa ayrılıqda qazancının ¼ hissəsində miqdarında aliment ödəyir. Mövcud qanunvericiliyə görə iki uşağa görə alimentin miqdarı qazancın 1/3 hissəsi məbləğində olmalıdır. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin e-2(009)-2996/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda, iddiaçı iki uşağın hər birinə qazancının ¼-i qədər aliment verməklə, ümumi olaraq qazancının yarısını ödəyir. Bu isə bir başa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə ziddir. Beləliklə, ödənişin miqadarı uşaqların sayından asılıdır, lakin aliment ödəməli olan valideynin qazancının və digər qazancların dörddə bir hissəsindən az və yarısından çox olmamalıdır. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində “qanunvericiliyin qeyd olunan norması bir nikahdan anadan olan iki uşağı nəzərdə tutur” anlayışı hansı normativ hüquqi akta istinad edərək vurğuladığı bəlli deyil. Qətnamədə istinad etdiyi normalar heç biri “bir nikahdan anadan olan iki uşaq” anlayışını əks etdirmir. Belə çıxır ki, hakim qanunda bir başa göstərilən normaya şərh etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlsə də mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, həmçinin maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi hüquq normasının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.04.2016-cı il tarixli 2(007)-2383/2016 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 fevral 2010-cu il tarixli nikahın pozulması və cavabdeh İddiaçı 24 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması və Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli 2(009)-2466/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı 17 mart 2020ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması və Cavabdeh2 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iş yeri "xxxx" MMC-də operator, qazma avadanlığı/quyular vəzifəsi olmaqla əmək haqqı 3058.14 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı Cavabdeh1 qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-963/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7158/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına qiymət verib, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq qeyd etmişdir ki, iddiaçı iki dəfə nikaha daxil olmuş və hər nikahdan bir uşağı olmuşdur, məhkəmə müxtəlif dövrlərdə haqlı olaraq ayrı nikahlardan anadan olan uşaqlar üçün iddiaçıdan hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulmasını qət etmişdir, belə ki, iddiaçı Ailə Məcəlləsinin 76.1.1 və 76.1.2-ci maddələrinə istinad etsə də, qanunvericiliyin qeyd olunan norması bir nikahdan anadan olan iki uşağı nəzərdə tutur. Aliment öhdəliklərində tərəflər uşaq və valideyndir. Bir valideyndən aliment tutulduqda tələbkar uşağın özüdür. Qeyd olunanlara əsasən hazırki işdə iddiaçının uşaqları müxtəlif nikahlardan anadan olduğundan iddiaçının istinad etdiyi hal iddia tələbinin təmin edilməsinə əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmır. Belə ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə isə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən Bu Məcəllənin 76.1-ci maddəsinə göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi hazırki işdə iddiaçının uşaqlarının müxtəlif nikahlardan anadan olması iddianın rədd edilməsi üçün əsas olmamışdır. Çünki aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Hazırki halda Ailə Məcəlləsinin 76.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının maddi və ailə vəziyyətində diqqətəlayiq hər hansı hal müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının müxtəlif nikahlardan olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tuturaq hesab edir ki, hər iki uşağa görə ümumilikdə alimentin məbləğinin iddiaçının aylıq əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsi üçün əsaslar olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidirlər. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən qismən olunmamalı, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, qətnamə ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin e-2(009)-2996/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «aliment məbləğinin azaldılması» barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1793/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1793/2022
11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver