Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-180/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı “inşaat materillarının cavabdehin hesabına torpaq sahəsindən çıxarılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7473/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MMC-yə (bundan sonra “xxxxxxxxxxxx” MMC) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı – mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 2960-cı məhəllədə yerləşən 1800 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş İdman Kompleksi ərazisinə cavabdeh tərəfindən yığılmış inşaat materiallarının cavabdehin hesabına oradan çıxarılması və mülkiyyətinə vurduğu maddi ziyanla bağlı 200000 manat real zərər, 4000 manat əldən çıxmış fayda, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 240030 manatın tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakmiyyəti başçısının 552 saylı, xx xxxxxx 2008-ci il tarixli Sərəncamı ilə X3 xüsusi mülkiyyətində olan ünvan 1, 2960-cı məhəllədə yerləşən yaşayış binasının yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi 1800 kv.metr torpaq sahəsinin yerində təqdim edilmiş layihəyə uyğun olaraq, İdman kompleksi və inzibati binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş, AN-1 saylı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın alqı-satqısı” müqaviləsinə əsasən X4 xüsusi mülkiyyətində olan ünvan 1, 2960-cı məhəllədə yerləşən, ümumi sahəsi 0,18 ha olan torpaq sahəsini üzərində inşa edilmiş İdman Kompleksi ilə birlikdə ******* manata ondan almışdır və həmin alqı-satqı ilə bağlı 1350 manat dövlət rüsumu ödəmişdir. Bundan sonra isə sənədlər Azərbaycan Dövlət Reyestri Xidmətinə göndərilmiş və DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2018-ei il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülkiyyətində olan həmin torpaq sahəsinin yaxınlığında yaşayış binasının tikintisini həyata keçirən cavabdeh “xxxxxxxxxxxx” MMC tərəfindən 2018-ci ilin yanvar-fevral aylarından başlayaraq, onun mülkiyyətində olan həmin torpaq sahəsi üzərindəki İdman Kompleksinin hasarın özbaşına uçurmuş, qonşu ərazidə apardığı tikintidə istifadə etmək üçün aldığı inşaat tikinti materiallının ağır texnikalarla daşıtdırıb futbol meydançasına tökmüş, qazıntı işləri aparmış və ətrafında abadlıq işlərini tam yararsız hala salınmışdır. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində bütün işlər çatdırılmış, ümumilikdə İdman Kompleksinin binasının tikintisi başa çatmasa da, idman meydançalarının tikintisi tam başa çatdırılaraq istifadəyə verilmiş və ayrı həvəskar qruplar tərəfindən orada oyunlar keçirilmiş və bu oyunların keçirilməsindən iddiaçı gəlir əldə edə bilərdi. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7473/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-cil tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayət verən iddiaçı onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin “inşaat materiallarının cavabdehin hesabına torpaq sahəsindən çıxarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, İdman Kompleksi ərazisində hal-hazırda cavabdeh tərəfindən yığılmış hər hansı inşaat materialları mövcud deyildir və bu səbəbdən də iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə bu hissədə gəldiyi nəticə tam əsassızdır. Belə ki, İdman kompleksinə daxil olan stadion özlüyündə tam İdman Kompleksi demək deyildir. Həqiqətən məhkəmə baxışı ərəfəsində cavabdeh tərəfindən könüllü olaraq stadiona yığılmış tikinti inşaat materialları oradan çıxarılmışdır. Lakin, cavabdeh ümumilikdə iddiaçının mülkiyyətində olan İdman Kompleksindən hələ də qanunsuz və əsassız olaraq istifadə edir və ərazisini zəbt etmişdir. Belə ki, cavabdeh İdman Kompleksinin uçurub dağıtdığı daş hasarı bərpa edərkən hasarı əvvəlki yerindən deyil, bir-neçə metr İdman Kompleksinin ərazisini kiçiltməklə və keyfiyyətsiz hasar çəkmişdir. Bundan başqa, cavabdeh apardığı tikinti işlərində istifadə etdiyi ağır yüklərin qaldırılması üçün istifadə etdiyi qaldırıcı kranı demək olar ki, tamamilə İdman Kompleksinin ərazisində yerləşdirmiş, kranın ətrafına xeyli inşaaat materialdan yığılmışdır. Cavabdeh məhkəmə baxışında özü etiraf etmişdir ki, həqiqətən iddiaçının mülkiyyətində olan İdman Kompleksinə daxil olan stadiona tikinti inşaat materialları yığmış və məhkəmə baxışı ərəfəsində onları oradan götürmüş və uçurduğu hasarı bərpa etmişdir. Lakin “hal-hazırda İdman Kompleksinin ərazisində cavabdeh tərəfindən yığılmış hər hansı inşaat materiallarının mövcud olmaması” həmin tikinti inşaat materiallarının cavabdeh tərəfindən idman kompleksi ərazisinə yığılmadığı demək deyildir. Bu faktın özü isə cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququnun pozulması və nəticədə ona maddi zərər vurulduğunu inkar etmir. “xxxxxxx” MMC-nin MB-11/1095 saylı qiymətləndirmə hesabatında zərərin konkret olaraq nədə ifadə olunması, nədən ibarət olması, zərərin dəqiq məbləği və s. əks olunsa da, məhkəmə bunu nəzərə almamış və səbəbini qətnamədə göstərməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehin nümayəndəsi və vəkili isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısının 552 saylı, xx.xx.2008-ci il tarixli sərəncamdan çıxarışından görünür ki, X3 xüsusi mülkiyyətində olan Zığ şossesi, 2960-cı məhəllə ünvanında yarımçıq tikilinin (bünövrə) yerləşdiyi 1800 kv.metr torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun idman kompeksi və inzibati binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materillarında olan AN-İ seriyalı, ******* saylı xx.xx.2018-ci il tarixli satıcı X6 ilə alıcı İddiaçı arasında bağlanmış Daşınmaz Əmlakın Alqı-saqtı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 1ndə yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsini alıcıya ******* manata satmışdır. İş materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1ndə yerləşən 0,18 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısının 418 saylı, xx.xx.2016-cı il tarixli sərəncamdan çıxarışın surətindən görünür ki, Xətai rayonu, Zığ yolu 31a ünvanında yerləşən torpaq sahəsində mövcud yaşayış, qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxxxxxxxxxx” MMC-nin istifadəsinə verilmişdir. İşə əlavə olan “xxxxxxx” MMC-nin MB-11/1095 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən idman kompleksinin fəaliyyətinin məhdudlaşdırılması nəticəsində dəymiş zərərin bazar dəyəri xx.xx.2018-ci il tarixinə 199510 manat (o cümlədən, 162790 manat bərpa xərci, 36720 manat əldən çıxmış mənfəət) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş İdman Kompleksi ərazisinə hal-hazırda cavabdeh tərəfindən yığılmış hər hansı inşaat materialları mövcud olmadığından, həmin əraziyə cavabdeh tərəfindən yığılmış inşaat materiallarının cavabdehin hesabına çıxarılmasına dair iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçının maddi ziyan tələbi ilə bağlı kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilə hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və torpaqşünaslıq (bioloji) ekspertizası təyin edilərək, tikinti-texniki ekspertizasının aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə, məhkəmə-torpaqşünaslıq (bioloji) ekspertizasının aparılması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri cəlb edilməklə, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 10207 saylı rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,18 ha. torpaq sahəsinin sərhədlərinin, ölçülərinin və koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü adlı xx xxxx 2018-ci il tarixli, A 227733 saylı sənədin göstəricilərinə uyğun olduğu müəyyən edilir. Xətai rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli, 418 saylı sərəncamına əsasən “xxxxxxxxxxxx” MMC-yə ayrılmış 0.509 hektar torpaq sahəsinin 308,0 kv.m. olan hissəsinin İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,18 ha. Torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilir. Bununla belə, baxış zamanı əsaslı tikinti işlərinin başa çatdığı, İddiaçı mülkiyyətində olan Bakı Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 0,18 ha. Torpaq sahəsinə müdaxilə edilmədiyi (inşa edilmiş binadan sərhəd hasarına qədər məsafə 13.2 m təşkil edir), həmçinin sərhəd hasarı yaxınlığında heç bir tikinti işlərinin aparılmadığı və “xxxxxxxxxxxx” MMC-nin tikinti obyektinin layihə sənədlərində sərhəd hasarı yaxınlığında hər hansı bir tikilinin inşasının planlaşdırılmadığı müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi 4 tərəfdən mişar daşından hörülmüş divar, metal boru və metal torla hasara alınmışdır. Sərhəd hasarının əks tərəfində mişar daşından olan hasarın bir hissəsi öz vizual görünüşünə (mişar daşının rənginə, səthinin hamarlığına) görə yeni bərpa olunmuş 11 m. divarın hündürlüyü 1,8 m.dir və keyfiyyət (inşaat materialı, ölçü, üslub) baxımından divarın digər hissələrindən fərqlənmədiyi müəyyən edildi. Cavabdeh “xxxxxxxxxxxx” MMC tərəfindən aparılan tikinti ilə əlaqədar, İddiaçı mülkiyyətində olan, daş və metal konstruksiyadan quraşdırılmış hasarla sərhədə alınmış torpaq sahəsinin ərazisində ağır texnika, o cümlədən yük kranı, tikinti materialları müşahidə edilmədi. İddiaçı mülkiyyətində olan 0,18 ha. Torpaq sahəsinə baxış keçirilən zaman, tədqiq olunan torpaq sahəsinin bir hissəsinin stadion kimi nəzərdə tutulduğu, stadion kimi nəzərdə tutulmuş sahənin mişar daşı, metal borular və metal tordan quraşdırılmış hasarla sərhədə alındığı, stadionun ərazisinin baxımsız, səliqəsiz və istifadəsiz vəziyyətdə olduğu, yabanı ot, ağac və kollarla örtüldüyü müəyyən edilmşidir. Eyni zamanda, baxış keçirilən dövrdə stadionun ərazisində təbii qazon və ya onun qalıqları mövcud deyildir. Bununula yanaşı qeyd olunur ki, 0,18 ha torpaq sahəsində yerləşən stadionun ərazisində 2018-ci ilin yanvar ayında təbii qazonun mövcud olubolmaması barədə hər hansı məlumat mülki iş materiallarında əks olunmamışdır. Yuxarıda qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti, yəni İddiaçı istifadəsində olan ünvan 1ndə yerləşən 0,18 ha. torpaq sahəsində yerləşən stadionun ərazisində əvvəllər təbii qazonun olub- olmaması, olubsa, hansı vəziyyətdə olmasını və məhv olma səbəbini müəyyən etmək mümkün olmadığına görə, stadionun ərazisində təbii qazonun bərpa olunması üçün tələb olunan pul vəsaitinin hesablanmasına dair sual üzrə tədqiqat aparılmadı. Kollegiya ekspert rəyində də göstərilənləri nəzərə alaraq xüsusilə qeyd edir ki, iddiaçı ona məxsus idman kompelksinə cavabeh şirkət tərəfindən ziyan vurulduğunu, idman kompleksində yerləşən meydançanın qazon örtüyünün ziyan gördüyünü qeyd etsə də, o iş materiallarına həmin meydaçada qazon örtüyünün olması barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, kollegiyanın qənaətinə görə iddiaçının qeyd etdiyi məbləğdə meydançada ot örtüyü mövcud idisə, o, bu ot örtüyünün alınması barədə hər hansı şirkətlə müqavilə bağlamalı, ot örtyünün döşənməsi üçün işçilər tutmalı idi. Lakin iddiaçı iddia ərizəsinə sözügedən müqavilə və yaxud ot örtüyünün alınmasına barədə ödəniş qəbzlərini əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7473/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-180/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-180/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver