Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1805/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3837/2022 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kondisoner "LC" bir ədəd – 1.000 manat, mətbəxt mebeli - 900 manat, qaz sobası, aspirator - 220 manat, şirə çəkən - 300 manat, lüstr - 80 manat, pərdə - 60 manat, divan Saloğlu, belka - 390 manat, stol “Salo gen“ - 250 manat, stul - 300 manat, musiqi mərkəzi - 700 manat, kovralit - 250 manat, paltar yuyan maşın "Siemens” - 460 manat, mikrosoba - 410 manat, divan mebeli - 350 manat, lüstr - 120 manat, pərdə - 60 manat, yataq mebeli "Saloğlu" – 1.810 manat, fen - 110 manat, televizor “Samsung” - 599 manat, tozsoran “Samsung" - 109 manat, soyuducu "Siemens” – 1.180 manat olmaqla, cəmi 9.977 manat dəyərində əmlak və ya onların dəyərinin cavabdeh Əzizova (Məcidova) Fərəh Vaqif qızından alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3837/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə qətnamə çıxarılmasının təmin edilməsi xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə qətnamə çıxarılmasının təmin edilməsi xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, tərəf prosessual qanunvericiliyin bütün tələblərinə əməl etmişdir. Məhkəmənin bütün qanuni tələblərə əməl edilməklə verilən şikayəti geri qaytarması anlaşılan və qəbul edilən deyil. İddiaçı tərəfindən verilən şikayətdə qeyd edilən tələblərə (Əlavə 2) tam əməl edilib. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iddiaçının həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından vermiş olduğu şikayətə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. MPM-nin 361.1.4-361.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Hazırki şikayət isə MPM-in qeyd olunan normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş formada (Əlavə 2) tərtib olunmamışdır. Şikayətdə 1-ci və 3-cü bəndlər (Apellyasiya şikayəti verən şəxs; Apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi) üzrə heç bir məlumat qeyd edilməmişdir. Aydındır ki, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Yəni vəkilin sözügedən qərardaddan şikayət verə bilməsi üçün iddiaçı tərəfindən ona bu səlahiyyəti verən etibarnamə təqdim etməsi zəruridir. Bu zaman tərəfin vəkili eyni zamanda onun nümayəndəsi kimi də çıxış edir. Həmçinin şikayət verən şəxs haqqında heç bir məlumatın qeyd edilməməsi, məhz vəkilin özünün qeyd edilməsi ilə şikayət verən tərəfin müəyyənləşdirilməsinin məhkəmənin öhdəsinə buraxılması kobud pozuntudur. Həmçinin MPM-yə 2 saylı Əlavəyə əsasən şikayətin 5-ci bəndində apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Halbuki hazırki şikayətin 5-ci bəndi anlaşılmaz formada tərtib olunmaqla yuxarıda qeyd edilən heç bir tələbə cavab vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətdən görünür ki, şikayət Mülki Prosessual Məcəlləyəyə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş, şikayətdə iddiaçının nümayəndəsi və vəkilinin etibarnamə və orderinə dair məlumatlar, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmamasına və məhkəmənin qərdardadında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillər göstərilmiş, şikayət elektron kabinet vasitəsilə verilməklə elektron imza ilə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3837/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən həmin məhkəmənin xx.xx.2022ci il tarixli qərardadından vermiş olduğu şikayətə baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1805/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1805/2023
13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver