Məhkəmə qərarları › İş №2(103)-1813/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1813/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1813/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7) iş üzrə (Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının qaytarılması;cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X8 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(006)-4034/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər faktiki nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X9 doğulmuşdur. Hazırda tərəflər ayrı yaşayırlar.

2. Nəsimi RPİ-nin 21-ci PB-nin 01 noyabr 2021-ci il tarixli arayışında göstərilmişdir ki, Nərimanov rayonu, Karxana küçəsi, ev 311-də yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in 102 xidməti və 21-ci PB-yə müraciət edərək, həyat yoldaşı tərəfindən döyülməsi barədə bildirmişdir. Faktla bağlı araşdırma aparılmış və Nərimanov rayonu, Karxana küçəsi, ev 311-də yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə təkrar ərizə verərək artıq şikayət və tələbinin olmaması barədə bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.900 manat məbləğində qızıl dəstinin (qolbağ, üzük, sep, sırğa) və nişan üzüyünün, 7.032 manat məbləğində cehiz əşyalarının: mebel dəstinin, 2 ədəd pərdənin, tvofkanın, ətçəkən maşının, 1 ədəd boşqab dəstinin, adyalın, 8 ədəd pastel dəstinin, döşək dəstinin, xalçanın, yorğanın, qazan dəstinin, süfrənin, uşaq beşiyinin, çaydan dəstinin, uşaq üçün vanna dəstinin, uşaq üçün velosipedin, mikserin, tavanın, sok maşınının, vilkaqaşıq dəstinin, 6 ədəd qənd qabının, 3 ədəd balıq qabının, 6 ədəd meyvə qabının, 6 ədəd salat qabının, 24 ədəd stəkan dəstinin, 2 ədəd tort qabının, 2 ədəd ləpə qabının, 12 ədəd duz qabının, padnosun, 36 ədəd stəkan dəstinin, 2 ədəd buludun, 4 ədəd gəzmək paltarının, içi paltarlarla dolu çamadanın, eləcə də 50 manat mediasiyaya ödədiyi pulun, 85 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz əşyalarının İddiaçı hesabına ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması və ona məxsus olan zinət əşyalarının-ona məxsus olan nişan üzüyünün, onun şəxsi üzüyünün, anasına məxsus olan 11 qramlıq qolbağının qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o cavabdeh ilə faktiki nikaha girərək ailə qurmuş, onunla birlikdə Bakı şəhəri, ünvan 2 ünvanda cavabdehlə olan faktiki nikahlarından xx.xx.2020-ci ildə X9 doğulmuşdur. Cavabdehlə rəsmi nikahları olmadığına görə onunla birlikdə hər ikisinin razılığı ilə 1 saylı «ASAN Xidmət» Mərkəzinin qeydiyyat şöbəsinə rəsmi ərizələrlə müraciət edərək xx.xx.2020-ci ildə övladları X2 doğum haqqında şəhadətnamə almışlar. xx.xx.2021-ci ildə cavabdeh onu azyaşlı uşağı İsmayıl ilə birlikdə birgə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-dən dava-dalaşla qovmuş, uşağı əlindən almış və həmin vaxt onun atası X4 102 Polis xidmətinə zəng vurdu, 102 Polis xidmətindən polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-ə gəlib araşdırma aparılmış və oğulları İsmayılı cavabdehdən alıb ona vermişlər. Bundan sonra atası İsmayılla onu öz yaşadıqları ünvana - ünvan 3 gətirmişlər və həmin vaxtdan İsmayılla birlikdə həmin ünvanda yaşayırlar. Qeyd edilən hadisədən sonra atası evinə gələndən sonra onun qızıl-zinət və cehiz əşyaları cavabdehə məxsus evdə qalmışdır. Həmin qızıl-zinət əşyaları aşağıdakılardır:

1. Qızıl dəsti (qolbağ, üzük, sep, sırğa) - 3.000 manat

2. Nişan üzüyü - 900 manat. Qeyd edilən qızıl-zinət əşyalarını cavabdeh «Mübarək» Şadlıq Sarayında nişan toyları olarkən ona hədiyyə etmişdir. Cavabdehlə toyları xx.xx.2019-cu ildə olmuş, bundan 2-3 gün əvvəl o, atası evindən aşağıdakı cehiz əşyalarını cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsindəki 97 saylı evə aparmışdır:

1. Mebel dəsti - 2.600 manat

2. 2 ədəd pərdə - 600 manat

3. Soba (duxovka) - 290 manat

4. Ətçəkən maşın - 150 manat

5. Boşqab dəsti - 200 manat

6. 1 ədəd adyal - 100 manat

7. 8 ədəd pastel dəsti - 440 manat

8. Döşək 1 ədəd-100 manat

9. Xalça - 100 manat

10. Yorğan - 50 manat

11. Qazan dəsti - 60 manat

12. Süfrə - 100 manat

13. Uşaq beşiyi - 300 manat

14. Çaydan dəsti - 50 manat

15. Uşaq üçün vanna dəsti - 40 manat

16. Uşaq üçün velosiped - 70 manat

17. Mikser - 55 manat

18. Tava 1 ədəd - 30 manat

19. Sok maşını - 120 manat

20. Çəngəl-qaşıq dəsti - 90 manat

21. 6 ədəd qənd qabı - 40 manat

22. 3 ədəd balıq qabı - 15 manat

23. 6 ədəd meyvə qabı - 50 manat

24. 6 ədəd salat qabı - 12 manat

25. 24 ədəd stəkan dəsti - 40 manat

26. 2 ədəd tort qabı - 30 manat

27. 2 ədəd ləpə qabı - 30 manat

28. 12 ədəd duz qabı - 30 manat

29. Padnos - 30 manat

30. 36 ədəd stəkan dəsti - 90 manat

31. 2 ədəd bulud - 20 manat

32. 4 ədəd gəzmək paltarı - 400 manat

33. Çemodan içi dolu paltarlarla - 700 manat.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2019-cu il tarixində qeyrirəsmi nikahla ailə həyatı qurmuş, qeyri-rəsmi nikahdan 1 övladları olmuşdur. Birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmuş, adi bir ailə kimi həyatları davam etmişdir. Son bir neçə ay ərzində cavabdehlə aralarında olan münasibətlər gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmış, vəziyyət dözülməz həddə çatmışdır. Belə ki, o, evin gündəlik məişət xarakterli tələbatlarını təmin etməyərək, ev təsərrüfatının aparılmasını həyata keçirməmişdir. Ailə münasibətlərinə etinasız yanaşaraq, ona və digər ailə üzvlərinə qarşı hörmətsizlik etmişdir. Belə olan halda aralarında olan münasibətə son qoyulmuşdur. Cavabdehlə aralarında olan qeyri-rəsmi nikah münasibətlərinə son qoyulsa da, cavabdehin ailə qurduqları zaman gətirdiyi cehiz əşyaları hələ də hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən evlərində qalmaqdadır. Cavabdehə cehiz əşyalarını çıxartması ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh bu vaxtadək cehiz əşyalarını götürməmişdir. Yalnız aşağıdakı əşyalar cehiz əşyalarıdır: paltar şkafı-1 ədəd, taxt-1 ədəd, güzgü-1 ədəd, tumbuçka-2 ədəd, masa yemək-1 ədəd, oturacaq-6 ədəd, divan-1 ədəd, soba-1 ədəd, ütü-1 ədəd, ətçəkən maşın-1 ədəd, sokçəkən maşın-1 ədəd, mikser-1 ədəd, stəkan-6 ədəd, nəlbəki-6 ədəd, dəst stəkan-6 ədəd, nəlbəki-6 ədəd, meyvə qabı-5 ədəd, salat qabı-5 ədəd, qənd qabı-6 ədəd, pendir qabı-2 ədəd, qənd qabı-2 ədəd, çaşka-6 ədəd, salat bıçağı, böyük çaynik-1 ədəd, balaca çaynik-1 ədəd, salat boşqabı- 10 ədəd, pendir boşqabı-10 ədəd, aş boşqabı10 ədəd, ayrı rənglərdə işlənmiş bulud-2 ədəd, yemək boşqabı-10 ədəd, yemək qaşığı-10 ədəd, çəngəl-10 ədəd, çay qaşığı-10 ədəd, qazan-3 ədəd, uşaq üçün çimməyə plasmas vanna-1 ədəd, vedrə- 1ədəd, uşaq üçün qarşoq-1 ədəd, çemodan-1 ədəd, taxt döşəyi-1 ədəd, taxt yorğanı-1 ədəd, adyal- 1 ədəd, uşaq üçün adyal-1 ədəd, süfrə-3 ədəd, süfrə silən dəsmal-3 ədəd, hamam xalatı-1 ədəd, dəsmal-2 ədəd, yataq dəsti-5 ədəd, qırmızı yastıq üzü-2 ədəd, tül pərdə- 2 ədəd, üstə asılan pərdə-2 ədəd, uşaq kravatı-1 ədəd, finka-1 ədəd, kalqotka-1 ədəd, corab-31 ədəd, yun köynək-2 ədəd, yun papaq-3 ədəd, sabun-1 ədəd, bədən kisəsi-1 ədəd, 1,47 eni-1,10 uzunu ayaqaltı, çılçıraq balaca-1 ədəd, 1 cüt ayaqqabı. Həmçinin, cavabdeh gedərkən ona məxsus olan nişan üzüyünü, onun üzüyünü, anasının 11 qramlıq qolbağını da aparmışdır.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Hümbətova Hicran Bəşir qızı ifadəsində bildirmişdir ki, “İddiaçı onun qızıdır. Turalın anası onunla birlikdə işləyirdi. O, öz qızını Turala vermək istəmirdi. 2019-cu ildə nişanla, toyla qızını evləndirdilər. 2021-ci ilin avqust ayında onların ailələrində mübahisə yaranmağa başladı. Həmin vaxtlarda qızının telefonu əlindən alınmışdı ki, o, evdəkilərlə danışa bilməsin. Mübahisə yarandığı vaxt qızı ona zəng etdi ki, onu döyüblər. O, oğlu və yoldaşı Hacəliyev İsmixan qızının evində getdilər. Hətta qızı bir dəfə də acıqlanıb evdən çıxıb ata evinə gəlmiş, əməliyyatını da onun özü etdirmişdir. Cavabdeh narkamandır, qızını neçə dəfə döyüb, onun bədənində salamat yer qalmayıb. Hətta döyülməsi ilə bağlı onlar polisə də şikayət etmiş, lakin sonradan cavabdeh tərəf xahiş etmişdir ki, şikayət ərizəsini geri götürsünlər, belə ki qızlarını evə aparıb, yaxşı yaşamağa davam edəcəklər. Qızı qayıtdıqdan sonra 2 ay ərzində yenə qızlarını yola vermədilər. Uşaq doğulandan sonra azyaşlı uşağını da onun əlindən aldılar. 102-yə zəng etdikdə, onlar cavabdehə dedilər ki, əgər uşağı anasına verməsə, cavabdehi uşaq oğrusu kimi axtarışa verəcəklər.” Əlavə olaraq hakimin suallarına cavab olaraq bildirmişdir ki, onlar qızının yaşadığı evə gələndə Tural orada yox idi. Qızını döydükdən sonra evdən çıxıb getmişdi. Evə gəldikdən sonra o, qayınına zəng etdi ki, qızını döyüb çölə salıblar. Nə etsinlər. O da dedi ki, polisə zəng edin. Qızı ordan çıxanda uşaqla birlikdə üzərindəki təkcə paltarı ilə çıxmışdır. Yəni, qızının üzərində heç bir qızıl-zinət əşyası olmamışdır. Avqust ayından sonra qızı bir daha o evə qayıtmamışdır. Bir dəfə bir neçə nəfər gələrək qızı evinə qaytarmağa cəhd etsələr də, qızı istəməmişdir ki, oğlan onu istəmir. 2 il ərzində onların ailəsində mübahisə onunla bağlı da yaranmışdır ki, oğlan Rusiyaya getmək istəyirdi, amma onun anası icazə vermirdi. Əlavə olaraq iddiaçının nümayəndəsinin (vəkilinin) suallarına cavab olaraq bildirmişdir ki, evə getdikləri vaxt qızı döyülmüş vəziyyətdə idi. Evdən çölə salınanda isə onun üzərində heç nə olmamışdır. Əgər qızı cavabdeh tərəfin dediyi kimi qayınanasının qolbağını özü ilə birlikdə gətirmiş olsa idi, onda sual yaranır ki, niyə öz qızıllarını götürmüyüb, məhz qayınanasının qolbağını özü ilə birlikdə götürüb çıxıb? Onlar sübut etsinlər ki, onun belə bir qolbağı olmuşdur.

8. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşı qızıdır. Ona el adəti ilə toy etmişdirlər. Dəfələrlə qızı döymüş, dəfələrlə oğlan barəsində şikayətlər edilmişdir. Onlar iddia edir ki, qız guya onlara aid qızılları özü ilə birlikdə götürmüşdür. Onların qızılı var idisə, necə olurdu ki, oğlunun işi polisdə olduğu vaxt onlar başqalarından pul istəyirdilər. Əlavə olaraq hakimin suallarına cavab olaraq bildirmişdir ki, qızı gətirəndə o da qardaşıgildə olmuşdur. Qızı gətirəndə qızın üzərində paltarından başqa heç nə olmamışdır.

9. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdehı tanıyır. Onlarla qonşudur. Hadisə baş verən günü səs-küyə həyətə çıxdı və gördü ki, bir dənə balaca boy kişi Turala bir şillə vurdu. O, həyətə gələndə İddiaçı həyətdə idi, uşaq yox idi bibisigildə idi, polisə zəng etdilər, sonra uşağı gətirdilər. Qızın atası da, anası da qışqırırdı. O, həyətə düşdükdən sonra qıza nəsihətlər verməyə başladı. Qızın yanında yerdə çanta var idi. Uşağı verəndən sonra onlar çıxıb getdilər. Tural əvvəl həyətdə idi, qızgil getdikdən sonra Tural da həyətdən çıxıb getdi.

10. Şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, hər iki tərəfi də tanıyır. Həmin gün işdən gəldikdən sonra evdə idi, axşam saat 9-un yarısı olardı birdən həyətdə səsküy yarandı. Tural o vaxtı evdə yox idi. Uşaq bibisigildə idi. Qızın atasıgil deyirdilər ki, bunlar uşağı oğurlayıb. Turalın anası isə dedi ki, uşaq bibisigildə yatdığından onu durquzub evə gətirə bilməmişdilər. Uşağı Turalın bacısı gətirənə kimi artıq qızın atası polisi çağırmışdı. Qızın qardaşı Tural orda olanda onun ağzına yumruq vurmuşdu. Qız evdən çıxanda yanında parça çantası da olmuşdur.

11. Şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, Cavabdeh və onun ailəsini, həmçinin İddiaçı də tanıyır. Turalgillə qonşuluqda yaşayır. Hadisə baş verən vaxtı qonşuların səsini eşitdi ki, bəs Turalın anasını döyürlər. Qaçdı ora gördü ki, dava var. Xanım həmin gün bəzənmişdi, saçını da hörmüşdü. Polisə zəng etdilər. Polis gəldi. Arifədən soruşdular ki, səni kim döyüb?-dedi ki Tural. Anası Arifəyə dedi ki, get içəridən paltarlarını, qızıllarını da götür. Çıxanda qızın əlində çanta gördü.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(006)-4034/2022 saylı saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) ilkin iddia qismən təmin edilmiş, 7032 manat məbləğində cehiz əşyaları: mebel dəsti, 2 ədəd pərdə, tofqa, ətçəkən maşın, 1 ədəd boşqab dəsti, adyal, 8 ədəd pastel dəsti, döşək dəsti, xalça, yorğan, qazan dəsti, süfrə, uşaq beşiyi, çaydan dəsti, uşaq üçün vanna dəsti, uşaq üçün velosiped, mikser, tava, sok maşını, vilka-qaşıq dəsti, 6 ədəd qənd qabı, 3 ədəd balıq qabı, 6 ədəd meyvə qabı, 6 ədəd salat qabı, 24 ədəd stəkan dəsti, 2 ədəd tort qabı, 2 ədəd ləpə qabı, 12 ədəd duz qabı, padnos, 36 ədəd stəkan dəsti, 2 ədəd bulud, 4 ədəd gəzmək paltarı, içi paltarlarla dolu çamadanın İddiaçı qaytarılması, mediasiyaya dair ödənilən 50 manat məbləğində mediasiya xərci və 85 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi, ilkin iddia ərizəsinin qızıl-zinət əşyalarının qaytarılması hissəsində və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə belə nəticəyə gəlmişdir ki, məhkəmə aradırması zamanı və həmçinin, qarşılıqlı iddia ərizəsində Cavabdeh tərəfindən cehiz əşyalarının onda olması faktı sübuta yetirildiyindən, ilkin iddia tələbi həmin hissədə mübahisələndirilmir. Lakin, ilkin iddia tələbinin qalan hissəsi, yəni qızıl-zinət əşyalarına münasibətdə isə iddiaçı tərəfindən qızıl-zinət əşyalarının cavabdehdə olduğu sübuta yetirilmədiyindən ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları - ona məxsus olan qızıl-zinət əşyaları üzərində faktiki sahiblikdən məhrum olmasını və həmin əşyaların cavabdehin sahibliyində olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

14. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, tələbinin “cehiz əşyalarının cavabdehin hesabına öz yaşadığı mənzildən çıxarılması” hissəsinə münasibətdə bu fakt artıq ilkin iddia tələbinə münasibətdə sübuta yetirilmişdir. Cavabdeh özünə məxsus şəxsi əşyaların (qızıl-zinət əşyalarının) qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Cavabdeh qızıl-zinət əşyalarının qaytarılmasına dair tələbini sübut etmək üçün bir sıra fotoşəkillər təqdim etmişdir. Fotoşəkillərdə olan görüntüdə qızıl-zinət əşyalarının tərəflərin üzərində olduğu aydındır. Lakin, bu şəkillər həmin əşyaların iddiaçıdan alındığını və cavabdehdə olduğunu sübut etmir.

15. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 34.1, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4, 157.8, 225.2, MPM-nin 77.1, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin – ilkin iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehə məxsus evdən çıxarkən cavabdeh tərəfindən döyülməsi və bununla əlaqədar polisə müraciətləri sübut edir ki, evdən çıxarkən nə özünə məxsus, nə cavabdehə məxsus, nə də ki, cavabdehin anasına məxsus qızıl-zinət əşyalarını aparmamışdır. Qətnamədə izahatı tam göstərilməyib, o, izahatında bildirmişdir ki, qeyd etdiyi 3900 manat məbləğində qızıl dəstini və nişa üzüyünü xx.xx.2019-cu il tarixdə «Mübarək» Şadlıq Sarayında toyları olandan sonra, xx.xx.2019-cu il tarixdə qayınanası Baxışova Nazlı gəlin köçdüyü evdə ondan almış və sonradan ona qaytarmamışdır. xx.xx.2021-ci ildə evdən davadalaşla çıxarkən qızıl-zinət əşyaları evdə olmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

19. Kollegiya tərəfindən X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, evdən çıxarkən heçnə götürməmişdir, qızıllar da evdə qalmışdır.

21. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə yalnız iddiaçının mübahisələndirdiyi ilkin iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasının təmin edilməməsi hissəsində yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

31. İddiaçı evdən döyülüb çıxdığını və gedərkən qızıl-zinət əşyalarının evdə qaldığını bildirmişdir.

32. Cavabdeh tərəf isə iddiaçının qızıl-zinət əşyalarını özü ilə apardığını göstərmişdir.

33. Tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu, çeşidi və iddiaçıya hədiyyə olunması ilə bağlı mübahisə yoxdur, mübahisə qızıl-zinət əşyalarının kimdə qalması ilə bağlıdır.

34. Göründüyü kimi iddiaçı evdən mübahisəli şəkildə getmiş, döyülməsi ilə bağlı hətta “102” Xidmətinə zəng etmişlər. İddiaçının bu şəkildə evi tərk edərkən qızıl-zinət əşyalarını özü ilə aparması inandırıcı və ağlabatan hesab edilmir.

35. İddiaçının evi sərbəst şəkildə tərk etməsi müəyyən edilməmişdir.

36. Kollegiya hesab edir ki, tələb edilən qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Qanunvericiliyin tələbinə əsasən isə həmin qızıllar iddiaçıya məxsus olmaqla onun mülkiyyətidir. Ona görə də iddiaçı haqlı olaraq cavabdehin qanunsuz sahibliyindən özünə məxsus həmin əmlakı tələb edir.

37. Qızıl-zinət əşyalarının dəyərinin müəyyənləşdirilməsi ilə bağlı isə Kollegiya tərəfindən qiymətləndirmə təyin edilmiş və qiymətləndirmə işlərinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

38. "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatına əsasən 1 ədəd 2 qr 585 əyarlı nişan üzüyünün dəyəri 126 manat, 12 qram 585 əyarlı komplektin (qolbağ, sırğa, sep, üzük) dəyəri isə 756 manat olmaqla, ümumilikdə 882 manat təşkil edir.

39. Beləliklə Kollegiya hesab edir ki, mübahisələndirilən qızıl-zinət əşyalarına dair hissədə iddia tələbi qismən təmin edilməli, 1 ədəd nişan üzüyü (dəyəri 126 manat) və komplekt (qolbağ, sırğa, sep, üzük) (dəyəri 756 manat) özü olmadıqda isə, 882 manat dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4034/2022 saylı iş 06 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Qolbağ, sırğa, sep, üzükdən ibarət komplekt (dəyəri 756 manat) və nişan üzüyü (dəyəri 126 manat), naturada olmadıqda isə ümumi dəyəri olan 882 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar