Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1816/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3, Cavabdeh2 ASC-nin nümayəndəsi X4, Üçüncü şəxs Bakı şəhəri 48 saylı notariat ofisinin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 ASC-yə, LPO "xxxx" QSC-yə və Abşeron rayon 2 saylı Notariat Kontoruna (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «müqavilələrin etibarsız hesab edilməsi, əmlakın girovdan azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(009)- 47/2021 saylı qətnaməsi və 20 avqust 2021-ci il tarixli 2(009)-47/2021 saylı əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 ASC-yə, LPO "xxxx" QSC-yə və Abşeron rayon 2 saylı Notariat Kontoruna (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «müqavilələrin etibarsız hesab edilməsi, əmlakın girovdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması və ünvan 1ndə yerləşən bağ evinin girovdan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 10 mart 2000-ci il tarixdə nikaha daxil olmuş və 04 sentyabr 2013-cü il tarixdə bu nikah məhkəmə qaydasında pozulmuşdur. 2003-cü ildə tərəflər birgə yaşadığı mənzili sataraq ünvan 1ndə torpaq sahəsi almışdırlar. Sonradan həmin torpaq sahəsində bağ evi inşa etmişdirlər. Həmin torpaq sahəsi 2011-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, Cavabdeh1 2015-ci il tarixdə tanışı Səidin vasitəsilə həmin bağ evini "xxxx" QSC-yə girov qoyaraq əvəzində pul götürmüşdür. Eyni zamanda məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 ASC ilə bağlamış olduğu müqaviləyə əsasən sözügedən bağ evini iddiaçının xəbəri olmadan 2012-ci il tarixli müqavilə ilə ipoteka ilə yüklü etmişdir. Belə ki, iddiaçının heç bir razılığı və icazəsi olmadan cavabdeh iddiaçının imzasını saxtalaşdıraraq razılıq sənədlərini özü imzalamaqla əmlakı ipoteka ilə yüklü etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(009)-47/2021 saylı qətnaməsi və 20 avqust 2021-ci il tarixli 2(009)-47/2021 saylı əlavə qətnaməsi (hakim İlkin Rüstəmli) iddia tələbləri rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnamələrindən apellyasiya şikayətləri verərək, qətnamələrin ləğv olunmasını, iddia tələblərinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətlərini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamələrin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, müqavilələrin etibarsız olmasını, onun hüquqlarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdehlərin və üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətlərini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə və əlavə qətnamə ləğv olunmalı, iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən yalnız iddia müddətlərinin keçməsinə əsaslanmışdır. Halbuki, «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh1 arasında 10 mart 2000-ci il tarixdə rəsmi nikahan bağlanması, birgə nikahlarından 05 yanvar 2001-ci il təvəllüdlü bir uşaqlarının olması, nikahlarının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qərarı ilə pozulması, uşağın ananın yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan sübutlara görə, mübahisəli əmlak (ünvan 1ndə yerləşən bağ evi) tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, yəni iddiaçının sabiq əri Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmış, sonradan isə götürülmüş kreditlərə görə "xxxx" QSC və Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı hazırki iddiasında - mübahisəli daşınmaz əmlakın qeyd edilən banklar qarşısında ipoteka ilə yüklü edilməsi sahəsində müvafiq əqdləri mübahisələndirərək, əmlakın girovdan (ipotekadan) azad olunmasını tələb etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, İddiaçı daha əvvəl cavabdehlər Cavabdeh1, "xxxx" QSC-yə və Abşeron rayonu 2 saylı notariat kontoruna qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddia verərək, cavabdehlər Cavabdeh1 ilə "xxxx" KB ASC arasında 06 yanvar 2015-ci il tarixli, 170/02/3031/13-170/02/3502/14 saylı ünvan 1ndə yerləşən bağ evinin girova qoyulması barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş və cavabdeh X5 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 21.06.2011-ci il tarixdə **********13-11301 reyestr nömrəsi ilə qeydə alınmış, ünvan 1 ünvanında yerləşən bağ evinin bölünməsi, həmin evdə yetkinlik yaşına çatmayan uşaq X6 mənafeyi nəzərə alınaraq, həmin əmlak üzərində İddiaçı payının 2/3 hissədə, Cavabdeh1 payının isə 1/3 hissəsində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh ləğv prosesində olan "xxxx" QSC-nin apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv olunmuş, iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin vaxtı da iddiasını analoji qaydada əsaslandırmış, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, iddiaçının sabiq əri Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflərin nikahına xitam verildikdən sonra Cavabdeh1 həmin bağ evini QSC «Bank Standard» KB ilə "xxxx" MMC arasında bağlanmış 1 912 300 ABŞ dolları məbləğində 25.12.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zamanı Cavabdeh1 rəsmi sənədlərə əsasən subay olmuşdur. İddiaçının hüququ isə daşınmaz əmlaka birgə hüququ olan şəxs kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Başqa sözlə, qeyd edilən ipoteka müqaviləsi bağlanan zaman ipoteka qoyanın həmin ipoteka predmeti barəsində tam səlahiyyətli olub-olmaması barədə bankın məlumatı ola bilməzdi. Qeyd olunduğu kimi Cavabdeh1 ipoteka müqaviləsini bağlayarkən həmin evin mülkiyyətçisi olmuş, onun daşınmaz əmlak kimi həmin evə dair dövlət reyestrində aparılmış qeydiyyatın məzmununun həqiqiliyi və tamamlığı qüvvədə olmuşdur. Bank onunla mübahisəli evə dair ipoteka müqaviləsini bağlayarkən reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilə də bilməzdi. İddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsi üzrə tərəf olmamışdır. Həmin müqavilələr üzrə tərəflər, iş üzrə cavabdeh olan Cavabdeh1 və QSC «Bank Standard» KB olmuşdur. İpoteka saxlayan bank hazırkı halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır. Digər əsaslarla yanaşı, QSC «BankStandart» KB ipoteka hüququnu vicdanlı əldə edən olduğundan, onunla ipoteka qoyan Cavabdeh1 və borc alan "xxxx" MMC arasında bağlanmış 06.01.2015-ci il tarixli,170/02/3031/13-170/02/3502/14 saylı (18.03.2016-cı il tarixli 01 saylı Əlavə da daxil olmaqla) sonrakı ipoteka müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi QSC «BankStandart» KB bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək evi ipotekaya qəbul edərək ******* ABŞ dolları məbləğində kredit vermiş, həmin evə dair ipoteka hüquqlarını qeydə aldırmışdır. Bununla da ipoteka hüquqularını vicdanlı əldə edən kimi QSC «BankStandart» KB iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Bununla yanaşı, hüquqlar nəzəri baxımdan özündə həmin hüquqlardan istifadə etməklə yanaşı həmçinin istifadə etməməyi də özündə ehtiva edir. Lakin hər hansı hüquqdan istifadə etməmək imkanı heç də məhdudiyyətsiz zaman kəsiyini özündə təcəssüm etdirə bilməz. Məhkəmə müdafiəsindən istifadə hüququ (tələb etmək hüququ) da bu məhdudiyyətlərə məruz qalır. Bu baxımdan da hüquq nəzəriyyəsində, eləcə də qanunvericilikdə məhdudiyyətləri özündə əks etdirən normalara rast gəlinir ki, həmin normalardan biri də iddia müddətidir. İddia müddəti özlüyündə hüquqdan istifadə imkanını çərçivəyə salmaqla, yuxarıda qeyd etdiyimiz hüquqlardan istifadə etməmək imkanını müəyyən vaxt kəsiyi ilə məhdudlaşdırır, tələb etmək hüququnun son həddini müəyyən edir. Ailə münasibətlərini tənzimləyən normalar da birmənalı olaraq zaman məhdudiyyətlərinə məruz qalır. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçının hazırki tələblə bağlı iddia müddətinin axımı həmin gündən başlamışdır. İddiaçı isə məhkəməyə iddia müddəti bitdikdən təxminən il yarım sonra müraciət etmişdir və beləliklə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Mülki-ailə qanunvericiliyinin tələblərinə görə birgə nikah dövründə əldə edilsə belə, həmin əmlakın birgə mülkiyyətdə olmasını və payların həcmini mübahisə olduğu təqdirdə məhkəmə müəyyən etməlidir. Hazırki mülki iş üzrə iddia ərizəsindən və iddia tələbindən görünür ki, mübahisə predmeti birgə nikah dövründə əldə olunsa da birgə mülkiyyət kimi hüquqi rejimi müəyyən edilməmiş, iddiaçının həmin əmlakda payının müəyyən olunması dəqiqləşməmiş, həmin əmlakın mülkiyyətçisi kimi hüquqları qeydə alınmamışdır. Digər tərəfdən iddiaçının sabiq əri, hazırki iş üzrə digər Cavabdeh1 iddianı qəbul etməsi, hazırki tələbə mübahisəsiz yanaşması, tərəflər (keçmiş ər-arvad) arasında mübahisənin olmaması kimi qiymətləndirilməməli, əksinə, Cavabdeh1 hüquqdan sui-istifadə edərək digər cavabdehə (banka) münasibətdə mülki (kredit) öhdəliklərdən yayınması kimi qəbul edilməlidir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarı üzrə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanuni qüvvədə olan məhkəmə qərarlarının preyudisial əhəmiyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi QSC «Bank Standard» KB-yə münasibətdə tam əsassızdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı hazırki iddia tələbində də eyni daşınmaz əmlakın həmin bank qarşısında ipoteka ilə yüklü edilməsi sahəsində müvafiq əqdləri mübahisələndirmişdir. Qeyd edilməlidir ki, iddiaçının daha əvvəl Cavabdeh1 ilə "xxxx" KB ASC arasında ünvan 1ndə yerləşən bağ evinə dair bağlanmış 06 yanvar 2015-ci il tarixli, 170/02/3031/13-170/02/3502/14 saylı ipoteka müqaviləsini mübahisələndirməsi, hazırda isə eyni daşınmaz əmlaka dair əlavə olaraq 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsini və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişi mübahisələndirməsi vəziyyəti dəyişdirmir. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuş hallar və məhkəmələrin hüquqi mövqeyi hazırki iş üzrə də nəzərə alınmalı olan hallardır. Xüsusilə qeyd edilməlidir ki, əvvəlki məhkəmə aktları ilə ipoteka sahəsində əqdin etibarlılığı yoxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, 06 yanvar 2015-ci il tarixli, 170/02/3031/13-170/02/3502/14 saylı ipoteka müqaviləsi, həmçinin 18 mart 2016-cı il tarixli 01 saylı Əlavə də daxil olmaqla etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda digər əsaslardan çıxış edərək əqdləri mübahisələndirməsi halı da əsassız olmaqla, əqdlər etibarsız hala gətirmir. Belə ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (Mülki Məcəllənin 269.1-269.4-cü maddələri). Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Lakin o da nəzərə alınmalıdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. İşin hallarından göründüyü kimi, tərəflərin nikahına xitam verildikdən sonra Cavabdeh1 həmin bağ evini QSC «Bank Standard» KB ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zamanı Cavabdeh1 rəsmi sənədlərə əsasən subay olmuş, iddiaçının daşınmaz əmlaka birgə mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda bank ipoteka müqaviləsini bağlayarkən reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilə də bilməzdi. İpoteka saxlayan bank hazırkı halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır. MM-nin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). İpoteka müqaviləsi bağlanan zamanı ipoteka qoyanın daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş və reyestrdə hər hansı yüklülük halı (iddiaçının birgə mülkiyyəti) qeydə alınmamışdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin faktiki hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, QSC “BankStandart” KB bağladığı əqdlərə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək evi ipotekaya qəbul edərək kredit vermiş, həmin evə dair ipoteka hüquqlarını qeydə aldırmışdır. Bununla da bank ipoteka hüquqularını vicdanlı əldə edən kimi iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarında da ipoteka ilə bağlı əqdlər bağlanan zamanı bankın vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Bununla yanaşı, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçı məhkəməyə qanunla nəzərdə tutulmuş müddət bitdikdən sonra müraciət etmişdir və beləliklə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Mülki-ailə qanunvericiliyinin tələblərinə görə birgə nikah dövründə əldə edilsə belə, həmin əmlakın birgə mülkiyyətdə olmasını və payların həcmini mübahisə olduğu təqdirdə məhkəmə müəyyən etməlidir. Hazırki mülki iş üzrə iddia ərizəsindən və iddia tələbindən görünür ki, mübahisə predmeti birgə nikah dövründə əldə olunsa da birgə mülkiyyət kimi hüquqi rejimi müəyyən edilməmiş, iddiaçının həmin əmlakda payının müəyyən olunması dəqiqləşməmiş, həmin əmlakın mülkiyyətçisi kimi hüquqları qeydə alınmamışdır. Digər tərəfdən iddiaçının sabiq əri, hazırki iş üzrə digər Cavabdeh1 iddianı qəbul etməsi, hazırki tələbə mübahisəsiz yanaşması, tərəflər (keçmiş ər-arvad) arasında mübahisənin olmaması kimi qiymətləndirilməməli, əksinə, Cavabdeh1 hüquqdan sui-istifadə edərək digər cavabdehə (banka) münasibətdə mülki (kredit) öhdəliklərdən yayınması kimi qəbul edilməlidir. Göründüyü kimi, məhkəmələrin hüquqi mövqeyindən belə nəticə hasil olmuşdur ki, iddiaçının əqdi mübahisələndirməkdə həmçinin subyektiv hüquqları da mövcud deyildir . İddiaçı tərəf subyektiv hüquqlarının mövcudluğu ilə bağlı həmçinin iddiaçının mübahisəli daşınmaz əmlaka dair məhkəmə qərarının mövcudluğunu qeyd etmişdir. Belə ki, təqdim olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası qismən təmin olunmuş, onun Cavabdeh1 mülkiyyətində olan ünvan 1ndəki 0,1612 ha torpaq sahəsində yerləşən bağ evin istifadə hüquqları tanınaraq köçürülməsi qət edilmişdir. Həmin məhkəmə aktında da qeyd edildiyi kimi, əvvəlki mübahisə bağ evi üzərində mülkiyyət hüququnun, o cümlədən mülkiyyət hüququna münasibətdə payın müəyyən edilməsi ilə bağlı olmuşdur. Hazırki iş üzrə tələb isə qeyd edilən əmlak üzərində istifadə hüququnun əldə edilməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçının mübahisəli əmlaka istifadə hüququnun tanınması ilə bağlı məhkəmə aktı qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş halları aradan qaldırmır. Bununla yanaşı, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən hüquqi mövqeyi həmçinin Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb üzrə də keçərlidir. Həmçinin, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanan zamanı iddiaçının notariat qaydasında təsdiq olunmuş razılıq ərizəndəki imzanın onu məxsus olmaması halı da bankın ipotekaya münasibətdə vicdanlılığını istisna etməmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, bu istiqamətdə iddiaçının şikayəti üzrə cinayət təqibi üzrə araşdırma aparılmış, cinayət işinin başlanması bir neçə dəfə rədd edilmişdir. Hər bir halda cinayət təqibi üzrə araşdırmanın nəticəsinə uyğun olaraq iddiaçı təqsirkar şəxslərə qarşı zərər barədə tələb hüquqlarını özündə saxlayır. Xüsusilə qeyd edilməlidir ki, işdə olan sənədlərdən (cinayət işinin başlanmasının rədd olunması barədə 31 mart 2021-ci il tarixli qərar və s.) görünür ki, Cavabdeh1 Cavabdeh2 ASC-dən götürdüyü krediti 09 iyun 2014-cü il tarixdə tam olaraq bağlamış, bu səbəbdən də əmlak ipotekadan azad edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri tam əsassızdır. Cavabdeh tərəf həmçinin iddia müddətinin keçməsi barədə ərizə də vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, müddətinin keçib-keçməməsindən asılı olmayaraq iddia tələbləri yuxarıda qeyd edilənlərə görə tam əsassızdır. Bununla yanaşı, iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, MM-nin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı hələ "xxxx" QSC ilə bağlanmış müvafiq ipoteka müqaviləsini mübahisələndirən zamanı onun sonrakı ipoteka olmasını aşkar surətdə bilmiş, belə olan halda daha əvvəl əmlakın Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü edilməsini bilməli idi. Buna baxmayaraq, iddiaçı həmin müqaviləni yalnız 2019-cu ilin avqust ayında mübahisələndirməklə, iddia müddətini ötürmüşdür. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etidyi halları əsaslandıra və sübut edə bilməmiş, məhkəmə baxışı zamanı isə araşdırılmış sübutlarla iddiaçının irəli sürdüyü dəlillər üzrə mübahisələndirilən əqdin etibarsızlığına əsas ola biləcək hər hansı hal, eyni zamanda əmlakın ipotekadan azad edilməsi üçün əsaslar müəyyən olunmamışdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(009)-47/2021 saylı qətnaməsi və 20 avqust 2021-ci il tarixli 2(009)- 47/2021 saylı əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 ASC-yə, LPO "xxxx" QSC-yə və Abşeron rayon 2 saylı Notariat Kontoruna (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(009)-47/2021 saylı qətnaməsi və 20 avqust 2021-ci il tarixli 2(009)-47/2021 saylı əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(009)- 47/2021 saylı qətnaməsi və 20 avqust 2021-ci il tarixli 2(009)-47/2021 saylı əlavə qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbləri rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1816/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1816/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver