Məhkəmə qərarları › İş №2(103)-1817/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1817/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1817/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-1817/23 (Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi) Bakı şəhəri, 15 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Mikayıl Müşfiq küçəsində 04 aprel 2022-ci il tarixdə, saat 13:50 radələrində Cavabdeh2 idarə etdiyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən manevr qaydaları pozulmuş və İddiaçı məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vurmuşdur. Faktla bağlı olaraq, Bakı şəhəri DYPİ əməkdaşı, YPX baş inspektoru, polis kapitanı X3 xx.xx.2022-ci il tarixli, ******* saylı İnzibati Xəta haqqında iş üzrə qərar qəbul edərək “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati məsuliyyətə cəlb etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən qəza törədilməsi nəticəsində İddiaçı məxsus və idarə etdiyi “MİTSUBİSHİ PAJERO SPORT” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyan 2000,01 manat, əlavə olaraq dövlət rüsumunun və digər xərclərə görə ödənilmiş 1000 manat məbləğində pulun, cəmi 3000 manat pulun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qəza nəticəsində iddiaçının yeni əldə etdiyi avtomobilə çox ciddi maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən avtomaşına baxış keçirilmiş və dəymiş ziyan 768 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı nəqliyyat vasitəsinə sığorta şirkəti tərəfindən dəymiş ziyanla razılaşmayaraq yenidən hesablanmasını xahiş etmişdir. Sonradan sığorta şirkəti aktlaşdıraraq yenidən ekspertiza keçirmiş və dəymiş ziyan qaldırılaraq 860 manat müəyyən edilmişdir. Bu günə kimi zərər sığorta şirkəti tərəfindən ödənilməmiş və zərərin aradan qaldırılması üçün heç bir addım atılmamışdır. İddiaçı nəqliyyat vasitəsini yenicə olaraq, 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən rəsmi “MİTSUBİSHİ MOTORS” salonundan əldə etmişdir. İddiaçının müraciəti əsasında, “MİTSUBİSHİ MOTORS”-un Azərbaycanda rəsmi nümayəndəsi olan "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtomaşına 2242,80 manat məbləğində ziyan dəymişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2999/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 1805 manat, digər xərclərə (hüquqi yardıma) görə 500 manat və ödənilmiş 54 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2359 manat pulun alınaraq iddiaçıya ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manatın cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 922.1, 923.1, 1096, 1097.1, 1108.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1, 56.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh "xxxx" ASC birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 rəsmi qeydiyyat ünvanı ünvan 1ır. "xxxx" ASC-nin rəsmi qeydiyyat ünvanı isə ünvan 3zi aidiyyəti üzrə düzgün verilməməsinə baxmayaraq, işi icraata qəbul edib mahiyyəti üzrə baxmışdır. Məhkəmə tərəflərindən məhkəməyə təqdim edilmiş “Artcon MMC”-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktınının ekspertizaya təqdim edilməsi və həmin aktın da nəzərə alınmaqla iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair əsaslı vəsatətini təmin etməməklə iş üzrə bütün sübutları araşdırmadan yekun qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə məhkəmə kollegiyası MPM-in 376.2-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

16. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

17. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

21. Maddə 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən qətnamənin əsaslılığı yalnız iddianın təmin olunmuş hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmiş, həmin ərizədə cavabdehin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küç.15 göstərilmiş, iddia ərizəsinin surəti və məhkəmə iclaslarının vaxtı və yeri haqqında bildirişlər cavabdehə təqdim olunması üçün məhz həmin ünvana göndərilmiş, "xxxx" ASC istər məhkəmə, istərsə də iddiaçı ilə apardığı bütün yazışmaları həmin ünvandan, yəni Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küç.15 ünvanından həyata keçirmiş, iddiaya qarşı etiraz da məhkəməyə həmin ünvandan daxil olmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsinin iclaslarında cavabdeh "xxxx" ASC səlahiyyətli nümayəndə ilə təmsil olunmuş, işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatət, həmçinin, izahatlarında bu barədə hər hansı məlumat verməmişdir. Kollegiya qeyd edilənlər əsasında belə qənaətə gəlir ki, iddia ərizəsi məhkəməyə verilərkən aidiyyət qaydalarına əməl edilmişdir və sonradan hüquqi şəxsin ünvanının dəyişməsi işin baxılması üçün digər məhkəməyə verilməsinə əsas vermir.

26. İddiaçı özü də apellyasiya şikayətində faktiki ünvanının, yəni faktiki olaraq fəaliyyət göstərdiyi ünvanın məhz Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küç.15 olduğunu etiraf etmişdir.

27. MPM-ə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir (mad.35.2). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (maddə 44.1).

28. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, ekspert rəyi kifayət qədər əsaslandırılmış, apellyator ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlilə istinad etməmiş, təkrar ekspertiza keçirilməsi barədə vəsatətini əsaslandıra bilməmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları iddianın təmin olunan hissəsində sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları həmin hissədə sübut edə bilməmişdir.

30. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

32. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

33. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 dekabr 2022-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar