Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1824/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-841/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2011 -ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment və ödədiyi 60 manat rüsum tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi(iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-849/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alımentin miqdarını dəyişdirərək, İddiaçı 03 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunduğu tarixdən hesablanmaqla hər ay "minimum əmək haqqı məbləği” nin 1.1 misli miqdarında alimentin və hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğin əvəzi olaraq 300 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-841/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "alimentin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 261.0.1, 262.3, 262.1, 262.5-ci maddələrinə; "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarına istinadən qeyd edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "alimentin artırılması” tələbinə dair mülki iş üzrə iddia minimum əmək haqqı məbləğinin artımına əsaslandığından, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından, bu hissədə iddia tələbinə xitam verilməli, qarşılıqlı iddia üzrə iddiaçı hazırki tələblə bağlı icra icraatı qaydasında aidiyyəti üzrə icra şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Cavabdeh şikayət vermiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-841/2025 saylı, 13 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1, 3.2, 76, 78, 12-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hesab edir ki, məhkəmənin qarşılılqlı iddia üzrə gəldiyi qənaət düzgün deyildir və qərardad mülki prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Vermiş olduğu qarşılıqlı iddia üzrə tələbi indeksasiya ilə bağlı deyil, tərəflərin maddi və ailə vəziyyətində baş verən dəyişikliklərlə bağlıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsində irəli sürülən tələbə (alimentin məbləğinə), dəlillərə və təqdim olunan sübutlara, istinad olunan maddi hüquq normalarına diqqət etməmiş, işin hallarına düzgün qiymət verməmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, “onun yanında saxlanılmış X4 Respublika Futbol Məktəbinin ROFM adlı komandasının üzvüdür, ödənişli əsaslarla bu komandanın tərkibində məşq edir, AFFA-nın verdiyi lisenziya əsasında yaşıdlarından ibarət komandaların iştirakı ilə keçirilən respublika və Bakı çempionatlarında iştirak edir. X3 bu fiziki tərbiyəsi üçün hər ay 60 manat ödəniş edir. Həmçinin, X4 neçə ildir “X6 meyillilik” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Həkimlərin məsləhət və tövsiyyələri ilə hər il onu Naxçıvan MR, Naxçıvan şəhərində yerləşən “Duzdağ”Otelə aparır, 7-10 günlük ödənişli “speleoterapiya”müalicəsində olur. Hər dəfə bu müalicə kursu üçün 1000 manat ödəniş tələb olunur və tərəfindən ödənilir. İşləmir, heç bir gəliri yoxdur, ancaq X3 inkişafı ilə məşğul olur. Onun ehtiyaclarının qarşılanması anası tərəfindən həyata keçirilir, İddiaçı valideyn olaraq və yüksək məbləğdə rəsmi gəliri olan şəxs kimi övladının bu ehtiyacları ilə ümumiyyətlə maraqlanmır. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub- olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.” Aydın olduğu kimi qarşılıqlı iddia tələbində irəli sürülən dəlillər tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə bağlıdır ki, alimentin miqdarının minimum əmək haqqının 1.1 misli həddində (380 manat) tələb etməyində məhz X3 gündəlik ehtiyaclarının qarşılanması ilə yanaşı Respublika Futbol Məktəbinin ROFM adlı komandasının üzvü kimi ödənişli əsaslarla bu komandanın tərkibində məşq etməsi, AFFA-nın verdiyi lisenziya əsasında yaşıdlarından ibarət komandaların iştirakı ilə keçirilən Respublika və Bakı çempionatlarında iştirak etməsi və onun bu fiziki tərbiyəsi üçün hər ay 60 manat ödəniş etməyi, həmçinin, X3 “X6 meyillilik” diaqnozlu xəstəlikdən əziyyət çəkməsi, həkimlərin məsləhət və tövsiyyələri ilə hər il onu Naxçıvan MR, Naxçıvan şəhərində yerləşən “Duzdağ”Otelə aparmağı, 7-10 günlük ödənişli “speleoterapiya” müalicəsində olması, hər dəfə bu müalicə kursu üçün 1000 manat ödəniş tələb olunması, bir illik (12 aylıq) aliment tələbi üzrə həmin məbləğin hər ay 84 manat təşkil etməsi, X3 əlavə olaraq ödənişli əsaslarla repetitor yanında hazırlıqlara getməsi, İddiaçı 2 gün öncəki tarixə əmək pensiyaçısına çevrilməsi, iş yerinin olmaması ilə bağlıdır. Bu xüsusatlar məhkəmə tərəfindən, xüsusilə də vəkili tərəfindən qabardılmış, İddiaçı bu xərclərlə bağlı suallar ünvanlanmış, məhkəmənin diqqətinə bu hallar çatdırılmışdır. Yuxarıda göstərilən əsaslara görə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarın hazırki iş üzrə qarşılıqlı qarşılıqlı iddianın yolverilməzliyinə tətbiq edilə bilməz. Plenumun həmin qərarının (hansı ki, məhkəmə özü də istinad etmişdir) 8.4-2-ci bəndində qeyd olunmuşdur ki, “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır”. Qərarın 8.4-3-cü bəndində qeyd olunmuşdur ki, “alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1 -ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan normaların mahiyyəti üzrə onun qarşılıqlı iddia tələbi üzrə alimentin artırılması tələbi indeksasiya üzrə (minimum əmək haqqının artırılması) deyil, AM-nin 112.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu ilə bağlı olduğundan məhkəmənin gəlmiş olduğu qənaət düzgün hesab oluna bilməz. Bu onu deməyə əsas verir ki, məhkəmə iş üzrə yalnış nəticəyə gəlmiş və mülki prosessual qanunverciliyin tələblərini pozmuşdur. Ona görə qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər qərardaddan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Qarşılıqlı iddinın icraatı mümkün hesab edilərkən və hazırlıq iclasları keçirilərkən alimentin indeksasiya üzrə artırılmasının yeni qaydası müəyyən edilməmiş və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı qəbul və dərc edilməmişdir. Ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı dəyişikliklərin hazırkı mülki iş üzrə qarşılıqlı iddia tələbinə baxılmasında tətbiq edilməsi düzgün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 3.1-ci maddəsinə görə məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin məcəllənin 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur. Maddənin mahiyyətindən aydın olur ki, alimentin artırılması barədə vermiş olduğu qarşılıqlı iddia ərizəsi Ali Məhkəmənin hazırki qayda və təcrübəni dəyişən qərarı qəbul və dərc edilənədək icraata qəbul edilmiş olduğundan sonradan yeni prosessual qaydanın müəyyən edilməsi icraatda olan işə tətbiq edilə bilməz. Məhkəmə bununla pozuntuya yol vermişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1.qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-45, 149-156, 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarına əsasən: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qarşılıqlı iddia ərizəsi mahiyyəti indeksasiya xarakteri daşımır, tərəflərin maddi və ailə vəziyyətində baş verən dəyişikliklərlə bağlıdır, habelə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş, ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər. Qeyd edilən əsasla qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi diskresion səlahiyyətlərdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Qeyd edilməlidir ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər proses iştirakçılarının (və uşaqların) hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 841/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-1824/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1824/2025
24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver