Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1829/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3671/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzilin alğı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mənzilin önündə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzilin alğı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək, ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzilin alğısatqısına görə ödənilməli olan lakin ödənilməmiş 50000 (əlli min) ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 ilə iddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə mülkiyyətində olan ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzili 300000 ABŞ dolları məbləğində satılmasına dair öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən mənzilin alınması məqsədi ilə 100000 ABŞ dollan məbləğində beh ödəmişdir. Behi ödədikdən sonra onun mənzilinin qarşısında qeyri-qanuni olaraq tikinti işləri aparmış və mənzilin pəncərələrinin qarşısını tamamilə tutmuşdur. Geridə qalan məbləği isə dolların dəyərinin qalxmasını bəhanə gətirərək ödəməkdən imtina etmiş və beh kimi ödənilmiş 100000 ABŞ dollarının ödənilməsi tələbinə dair Səbail rayon Məhkəməsində iddia qaldırmışdır. Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2844/2019 saylı qətnaməsi ilə ondan 100000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Sözügedən qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, apelyasıya şikayəti təmin olunaraq iddia rədd edilmişdir. Qətnamə çıxarıldıqdan sonra müəyyən təzyiqlər etməklə yaranmış vəziyyətdən sui-istifadə edərək beh müqaviləsinin bağlanmasından xeyli müddət keçdikdən sonra iddiaçıya külli miqdarda ziyan vurmaqla xx xxxxxx 2019-cu il tarixində əlavə ödənilməli 200000 ABŞ dollan məbləği əvəzinə 254471 manat məbləğində pul ödəyərək alğı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli öhdəçilik müqaviləsinin şərtlərinə əsasən cavabdeh hazırda mübahisəsi gedən mənzilin alınması üçün ödəmiş olduğu behdən əlavə olaraq 200 000 ABŞ dolları ödədikdən sonra əsas alğı-satqı müqaviləsi bağlanmalı idi. Müxtəlif bəhanələrlə pulun ödənilməsini gecikdirməklə həm mənzilin önündə əlavə tikinti aparmış və mənzili başqa şəxsə satmağına süni şəkildə maneə yaratmışdır. Bunun nəticəsində banka olan kredit borcuna əlavə faizlər hesablanmış və iddiaçıya əhəmiyyətli dərəcədə zərər dəymişdir. Tərəflər mənzilin alqı satqı qiymətini 300 min dollar məbləğində razılaşıblar. xx.xx.2019-cu il tarixdə isə 150 min dollar ekvivalentində olan azərbaycan manatı ödənilmiş, qalan 50 min dollar ödənilməmişdir. İddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3671/2020 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3671/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki,iddiaçı ilə cavabdeh Cavabdeh1 ilə arasında xx xxxxxx 2014-cü il tarixdə mülkiyyətində olan Bakı şəhəri, A.Cəlilov küçəsi, ev.26, mənzil. 101 ünvanında yerləşən mənzili 300000 (üç yüz min) ABŞ dolları məbləğində satılmasına dair öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən mənzilin alınması məqsədi ilə 100000 (bir yüz min) ABŞ dolları məbləğində beh ödəmişdir. Daha sonra isə yerdə qalan 200000 (iki yüz min) ABŞ dolları məbləği isə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırırdı. Nəhayət, xx.xx.2019-cu ildə əsas alğı-satqı müqaviləsinin bağlanmasına razılaşaraq, ödəməli olduğu pul vəsaitinin bir hissəsini-150000 (bir yüz əlli min) ABŞ dolları ekvivalentində olan hissəsini yəni, 254471.5 manatı ödəyərək, mübahisəli mənzilin həyat yoldaşının adına rəsmiləşdirilməsini istədi. Nəticədə, həmin tarixdə alqı-satqı müqaviləsi bağlandı. Geridə qalan 50000 ABŞ dolları məbləğində vəsaiti isə ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən tələb olunan50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən deyil, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli öhdəlik müqaviləsinin şərtlərinə əsasən tələb olunmuşdur. Həmin müqavilədə əmlakın satış qiyməti cəmi 300000 (üç yüz min) ABŞ dolları göstərilmişdir. Məhz bu səbəbdən, məhkəmə iddia tələbini rədd edərkən xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin alıcı qismində başqa şəxsin iştirak etməsini, eyni zamanda həmin müqavilədə əlavə ödənişin olması şərtinin olmamasına istinad etməsi tamamilə əsassızdır. Göründüyü kimi, qanunvericilik müqavilənin şərtlərinin müəyyən edilməsini tərəflərin ixtiyarına vermiş və qanunda qadağan olunmayan həddə istənilən şərtlər mövcud ola bilər. Tərəflər arasında bağlanmış öhdəlik müqaviləsinin şərtlərinə əsasən isə, alqısatqı müqaviləsinin predmeti olan əmlakın dəyəri 300000 (üç yüz min) ABŞ dolları müəyyən edilmişdir. İşin fatiki hallarından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli öhdəlik müqaviləsi üzrə əmlakın dəyəri 300000 (üç yüz min) ABŞ dolları olaraq razılaşdırılmış, lakin bugünədək 250000 (iki yüz əlli min) ABŞ dolları ödənilmiş, geridə qalan 50000 (əlli min) ABŞ dolları isə, bugünədək ödənilməmişdir.Beləliklə, birinci instansiya məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq və təfsirində yalnışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflərməhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3671/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı–İddiaçı tərəfindən alıcıya 254471,5 manat qiymətinə Bakı şəhəri Xətai rayonu, X1, ev 26 ünvanında yerləşən 4 otaqlı mənzil satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəlik müqaviləsinə əsasən satıcı İddiaçı adına olan mənzili 300.000 dollara satır, mənzili satmaq üçün ilkin olaraq 100.000 dollar beh aldı. Alıcı tərəfindən 24 ayın tamamına və ya 24 aya qədər alıcı tərəfindən etiraz olarsa satıcı verilən 100.000 dolları geri qaytararaq işə xitam vermək hüququna malikdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında mənzilin alğı-satqısına dair xx.xx.2014-cü il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə isə İddiaçı ilə Cavabdeh2 arasında sözügedən mənzilin alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2014-cü il tarixli öhdəlik müqaviləsinə istinad edərək, cavabdehlərdən mənzilin satılmasına görə əlavə olaraq 50000 (əlli min) ABŞ dolları məbləğində pul tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, sözügedən öhdəlik müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, mənzilin alğı-satqı müqaviləsi isə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmışdır. Bundan əlavə, alğı-satqı müqaviləsindən göründüyü kimi İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri Xətai rayonu, X1, ev 26 ünvanında yerləşən 4 otaqlı mənzilin 254471,5 manata satılması razılaşdırılmış, müqavilədə satılan mənzilin qiymətini iddiaçı iradə ifadəsi olaraq müəyyən etmiş, cavabdeh həmin qiymətlə razılaşmış, müqavilə üzrə əlavə ödənişlərin edilməsi nəzərdə tutulmamış, öhdəlik müqaviləsinə istinad olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə, düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3671/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1829/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1829/2021
10.02.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver