Məhkəmə qərarları › İş №2(103)-1829/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1829/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1829/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı «sığorta hadisəsinin qeydə alınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(009)-3160/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı «sığorta hadisəsinin qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, sığorta hadisəsini qeydə alaraq evinə dəymiş zərərə görə sığorta ödənişinin hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(009)- 3160/2021 saylı qərardadı ilə (hakim Rəna Qafarova) iddia ərizəsinin qaytarılması qərara almışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, dövlət rüsumunun ödənilməsi və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayəti iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə - iddiaçı iddia ərizəsində sığorta hadisəsini qeydə alaraq evinə dəymiş zərərə görə sığorta ödənişinin hesablanaraq Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən ona ödənilməsini xahiş etmiş, lakin sığorta hadisəsinin qeydə alınmaması səbəbindən evinə dəymiş ziyanın məbləği hesablanmamışdır. İddiaçının şikayətində göstərdiyi kimi iddia tələbi «sığorta hadisəsinin qeydə alınması» olduğu halda isə, iddia tələbi qiymətləndirilməyən iddialara aiddir ki, qanunvericiliyin tələbinə əsasən qiymətlədirilməyən iddia ərizəsi verilən zaman iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir, lakin iddiaçı tərəfindən cəmi 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi miqdarında dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. İşdən (iddia tələbindən) göründüyü kimi, iddiaçı tələb üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sübutu ərizəsinə əlavə etməmişdir. İddiaçının ödədiyi 10 manat dövlət rüsumu isə tələb üzrə yetərli olmamışdır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı «sığorta hadisəsinin qeydə alınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(009)-3160/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(009)- 3160/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar