Məhkəmə qərarları › İş №2(103)-1829/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1829/2025

21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1829/2025 21.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firmasına, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olmaqla) ilk, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firmasına, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olmaqla) “fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsi və orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “fərdi yaşayış evindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(001)-33/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-13649/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 manat əsas borc və 5.800 manat cərimənin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi, 109 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.

2. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və həmin əmlakın İddiaçı QSC tərəfindən alınması barədə xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və protokol tərtib edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il tarixli elektron çıxarışa əsasən ünvan 1 ünvanında dövlət mülkiyyətində olan 0.005343 ha torpaq sahəsində yerləşən 71.2 kv.metr ümumi sahəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. Eyni zamanda, həmin ünvanda 185.1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ilkin iddia üzrə Cavabdeh4 adına qeydə alınmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən təqdim olunmuş fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki parametrləri (ölçüləri, konfiqurasiyası, yerləşmə vəziyyəti və.s.) iş materiallarında olan Cavabdeh4 adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasport sənədinə uyğundur. Faktiki vəziyyətdə yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi təcrid şəkildə iki hissəyə bölünmüşdür. Belə ki, yarımzirzəmi mərtəbəsində yerləşən 2, 4 və 5 saylı tikililər, eləcə də birinci mərtəbədə yerləşən 2, 4, 5 və 6 saylı tikililər ‘Lukoyl-Azərbaycan” QSC-nin istifadəsində, yarımzirzəmi mərtəbəsində yerləşən 1 və 3 saylı tikililər, eləcə də birinci mərtəbədə yerləşən 1 və 3 saylı tikililər Cavabdeh4 faktiki istifadəsindədir. Eyni zamanda istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi mişar daşı ilə hasara alınaraq İddiaçı QSC-nin istifadəsində, qalan hissəsi Cavabdeh4 faktiki istifadəsindədir. Baxış zamanı Cavabdeh4 faktiki istifadəsində olan hissədə fərdi yaşayış evinə bitişik inşa edilmiş əlavə tikililərin olduğu müşahidə olunmuşdur. İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda istifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, eləcə də baxış zamanı İddiaçı QSC-nin istifadəsində olan sahəyə dair hər-hansı texniki parametrləri əks etdirən sənəd təqdim olunmadığından, **********18-10301 reyestr nömrəli Çıxarışda göstərilmiş ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinin yerini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin faktiki yerləşmə vəziyyəti, ölçüləri, mərtəbəliliyi, ayrı-ayrı otaqlarının yerləşmə vəziyyəti və.s. texniki parametrlərinin iş materiallarında olan Cavabdeh4, başqalarının adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasporta uyğun olmasını nəzərə alaraq, həmin fərdi yaşayış evinin **********84- 10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evi olduğu müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evinin 119,3 kv.metr hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunur. İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda istifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinə dair texniki pasport sənədi təqdim olunmadığından həmin fərdi yaşayış evinin yerini müəyyən etmək mümkün olmamışdır

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı QSC cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsini, orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, yaradılmış maneələrin aradan qaldırılması və yaşayış evinə sərbəst girişin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə onun mülkiyyətində olan fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilmiş, həyətyanı sahəni qonşu sahədən ayıran köhnə divar sökülmüş və sahədə olan bütün ağaclar kəsilmişdir. Sonradan sökülmüş divarın bərpa edilməsi üçün fərdi yaşayış evinə göndərilən iddiaçının işçiləri giriş qapısının içəri tərəfdən mişar daşı ilə hörülməsini və ikinci giriş darvazasının da arxa tərəfdən bir neçə yerdən mişar daşı ilə hörülməsini aşkar etmişdilər. Bu səbəbdən fərdi yaşayış evinə və həyətyanı sahəyə daxil olmaq mümkün olmamışdır.

8. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir.

9. xx.xx.2021-ci il tarixdə Cavabdeh4 birinci instansiya məhkəməsinə ilk iddiaya etiraz və qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 185,1 kv.metr təşkil edir və həmin evin texniki pasportu da mövcuddur. Mülkiyyət hüququnu təsdiq edən sənəddən də göründüyü kimi, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə ona məxsusdur. Hesab edir ki, İddiaçı QSC-nin əməkdaşları ona məxsus fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılaraq ona təhvil verilməlidir. Həmçinin İddiaçı QSC-nin əməkdaşlarının ona məxsus fərdi yaşayış evini zəbt etmələri nəticəsində ona 50.000 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, İddiaçı QSC-nin əməkdaşlarının mülkiyyətində olan əmlaka açıq-aşkar şəkildə qəsd etmələri, ona qarşı zorakılıq etmələri, bu azmış kimi, ona qarşı məhkəmədə əsassız iddia qaldırmaları və s. hərəkətləri nəticəsində ona 50.000 manat məbləğində mənəvi zərər dəymişdir. Dövlət rüsumu üçün 30 manat məbləğində pul ödəmişdir. Odur ki, İddiaçı QSC-dən onun xeyrinə ümumilikdə 100.030 manat məbləğində pul tutulmalıdır.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında ilk iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, “X23” MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, fərdi yaşayış evinin həyətyanı sahədən ayıran arakəsmə divarının Cavabdeh3 tərəfindən sökülməsi nəticəsində iddiaçıya 1.184 manat məbləğində maddi zərər vurulmuşdur. Sonradan sökülmüş divarın bərpa edilməsi və digər bərpa işlərinin aparılması üçün iddiaçı tərəfindən podratçı təşkilatla müqavilə bağlanmış və 2.716,24 məbləğində vəsait ödəmişdir. Həmçinin, Cavabdeh3 tərəfindən iddiaçının əmlakına açıq şəkildə qəsd edilməsi, məhkəmə və hüquq mühafizə orqanlarında, üçüncü şəxslərə özünü qonşu evin sahibi kimi təqdim etməsi və iddiaçıya məxsus olan fərdi yaşayış evinin də onun olduğunu iddia etməsi, məhkəmə proseslərində özünü Cavabdeh4 qardaşı kimi təqdim etməsi və heç bir sənəd və etibarnamə təqdim etməyərək, iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr verməsi mənəvi zərərin vurulması kimi qiymətləndirilir. Cavabdeh4 adına tərtib edilən məktub, ərizə və şikayətlərdə də iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr mövcuddur. Bu səbəbdən ona 10.000 manat məbləğində mənəvi zərər dəymişdir. Dövlət rüsumu üçün 30 manat pul ödənilmişdir. Odur ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ilk İddiaçı QSC-nin xeyrinə həmin məbləğlərdə pul tutulmalıdır.

12. Daha sonra iddiaçı "xxxx" QSC-nin ərizəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 33/2024 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsi rədd, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-nin ünvan 1 ünvanında yerləşən və Cavabdeh4 məxsus 185,1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 təhvil verilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-dən tutularaq Cavabdeh4 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-dən tutulması qət edilmişdir (hakim: Nigar Nəbizadə).

14. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki parametrləri (ölçüləri, konfiqurasiyası, yerləşmə vəziyyəti və.s.) iş materiallarında olan Cavabdeh4 adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasport sənədinə uyğundur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evinin 119,3 kv.metr hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi İddiaçı QSC tərəfindən istifadə edilir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən – cavabdeh İddiaçı QSC-nin ünvan 1 ünvanında yerləşən və Cavabdeh4 məxsus 185,1 kv.metr. ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evi boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 təhvil verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin digər hissələrdə hazırkı vəziyyətdə təmin edilməsini mümkün hesab etməmişdir. Belə ki, maddi ziyan hissəsində ərizə ümumiyyətlə əsaslandırılmamış, mənəvi ziyana dair hissənin təmin edilməsi üçün isə qanunvericiliklə müəyyən edilmiş elementlərin tam həcmdə mövcud olması iş materiallarında olan sənədlərdən müəyyən edilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152-ci, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən ilk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun qətnamə ilə çıxarılması müəyyən edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ mövcuddur. Həm çıxarışda, həm qətnamədə ünvanların eyni olduğu açıq-aydın görünür. Sözügedən fərdi yaşayış evi ilə bağlı onun adına mülkiyyət hüquqlarının qeydiyyatı mövcud olduğuna və həmin qeydlər ləğv edilmədiyinə, qeyri-dəqiqliyi sübuta yetirilmədiyinə, bu barədə məhkəmə qərarı mövcud olmadığına görə, qeydlər həqiqi və tam hesab edilir. Məhkəmə qarşılıqlı iddianın qismən təmin edilməsinin əsası kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyini göstərmişdir. Ekspert rəyində xx.xx.2020-ci il tarixli, Cavabdeh4 və başqalarının adına tərtib edilmiş texniki pasporta istinad edilərək mübahisəli fərdi yaşayış evinin Cavabdeh4 mülkiyyətinə verilmiş sahəsi 185.1 kv.metr olan fərdi yaşayış evi olduğu qeyd edilir. Göründüyü kimi, ekspert rəyində hüquqi məsələyə yalnış münasibət bildirilməsinə baxmayaraq, məhkəmə həmin rəyə əsaslanmış və yalnış nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli texniki pasport heç bir halda həmin əmlakın Cavabdeh4 aid olduğunu təsdiq etmir. Texniki pasportun adından da göründüyü kimi, texniki pasportda qeyd edilən əmlak tək Cavabdeh4 deyil, digər şəxslərə də məxsusdur. İş materiallarında olan əmlakın mülkiyyətçilərinin dəyişməsi tarixçəsinə nəzər yetirdikdə açıq-aydın görünür ki, bu texniki pasportda qeyd edilən başqaları qismində məhz o da çıxış edə bilər. Məhkəmə ekspertizanın səlahiyyətlərinə aid olmayan hüquqi məsələnin həllində ekspert rəyinə əsaslanaraq tamamilə yalnış nəticəyə gəlmişdir. Burda xüsusilə qətnamənin 18-ci səhifəsinin 5-ci abzasında qeyd edilən “Cavabdeh4 adına tərtib edilmiş texniki pasport” ifadəsinə diqqət edilməlidir. Belə ki, məhkəmə texniki pasportun ilkin iddia üzrə cavabdehin adına deyil, cavabdehin və başqalarının adına tərtib edildiyini bilə-bilə qətnamədə texniki pasportun cavabdehin adına olduğunu göstərir. Bu hallar qətnamənin ləğvi üçün birbaşa əsas təşkil edir. Ümumiyyətlə, texniki pasport hüquqmüəyyənedici deyil, texniki sənəddir. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli əmlak bir neçə hissəyə bölünmüş, iki hissəsi üçün Cavabdeh2 ayrı-ayrı çıxarışlar əldə etmiş və bu iki hissənin bir hissəsi cəmiyyətə, digər hissəsi isə cavabdehə gəlib çatmışdır. Əmlakın bu səbəbdən iki ayrı girişi və bir-birindən təcrid olunmuş hissələri mövcuddur. Hər iki hissənin cavabdehə məxsus olduğunu qeyd etmək isə həm mülkiyyət hüququnu təsdiq edən sənədlərə, həm də heç bir məntiqə uyğun deyil. Bundan başqa, məhkəmə qətnamənin 12ci səhifəsində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına istinad edərək xüsusilə vurğulayır ki, mübahisəli fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilmiş və fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililərinin sökülməsi müəyyən edilmişdir. Məhkəmənin bu hissəni xüsusilə vurğulamaqda məqsədi cəmiyyətə məxsus fərdi yaşayış evinin sökülməsi barədə dəlilin mövcudluğunu göstərməkdir. Qeyd edilən məhkəmə işi üzrə tələb Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi, 109 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı, 19/17 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun düzgün qeydiyyata alınmaqla dövlət reyestrindən yeni çıxarışın verilməsi və həmin çıxarışa uyğun texniki passportun verilməsidir. Cəmiyyət fərdi yaşayış evini hərrac vasitəsilə əldə etməmişdən əvvəl həmin fərdi yaşayış evinin ümumi sahəsi çıxarışda 109 kv.metr olaraq göstərilsə də, onun adına olan çıxarışda sahə 71.20 kv.metr qeyd edilmişdir. Məhkəmənin gəldiyi yekun nəticəyə əsasən isə bu yalnışlıq sübuta yetirilə bilmədiyindən iddia təmin edilməmişdir. Göründüyü kimi, qeyd edilən işin mahiyyətinin hazırkı işlə hər hansı bir əlaqəsi mövcud deyil. İstinad edilən qərarda qeyd edilən sökülmə halı isə heç bir halda onun qeydiyyata alınmış 71.20 kv.metr sahəsi olan fərdi yaşayış evinə aid edilə bilməz. Onun çıxarışla qeydiyyata alınmış mülkiyyət hüququnun qeydinin ləğv edilməsi barədə cavabdeh məhkəməyə müraciət etsə də, məhkəmə cavabdehin ziyanına qərar çıxarmış və həmin qərar qüvvəyə minmişdir. Qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız başqa məhkəmənin maraqlı şəxsin tələbi əsasında bu barədə qərarı olduqda əmlakın məhv olması nəticəsinə gələ bilərdi. Belə bir qərar mövcud olmadığına görə, onun qeydiyyata alınmış mülkiyyət hüququ əsas meyar kimi çıxış etməlidir. Bundan başqa, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və ona qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırsa da, qeyd edilən iddia da qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə rədd edilmişdir. xx.xx.2021-ci il tarixində məlum olmuşdur ki, fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilmiş, həyatyanı sahəni qonşu sahədən ayıran köhnə divar sökülmüş və sahədə olan bütün ağaclar kəsilmişdir. Sonradan sökülmüş divarın bərpa edilməsi üçün fərdi yaşayış evinə göndərilən cəmiyyətin işçiləri giriş qapısının içəri tərəfdən mişar daşı ilə hörülməsini və ikinci giriş darvazasının da arxa tərəfdən bir neçə yerdən mişar daşı ilə hörülməsini aşkar etmişlər. Bu səbəbdən fərdi yaşayış evinə və həyətyanı sahəyə daxil olmaq mümkün olmamışdır. Bunun nəticəsində cəmiyyətə ziyan dəymişdir. İddiada qeyd edilən ziyan “X23” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qiymətləndirmə aktında təsdiq edilmişdir. Onun qeydiyyata alınmış mülkiyyət hüququ ilə istifadə etdiyi daşınmaz əmlaka qanunsuz olaraq cavabdehlər tərəfindən müdaxilə olunmuşdur.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (İ.Cəfərov (sədrliyi və məruzəsi ilə), hakimlər M.Rüstəmli və A.İsgəndərov).

19. Apellyasiya instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün zəruri araşdırmalar aparılmış, ekspertiza təyin edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində ilkin iddia üzrə iddiaçının mülkiyyətinə verilmiş fərdi yaşayış evinin harada yerləşməsi müəyyən edilə bilməmiş, hüquqmüəyyənedici sənədlər onların texniki sənədləri ilə birlikdə yoxlanıldıqda aydın olmuşdur ki, hazırda mübahisələndirilən fərdi yaşayış evi istər çıxarış, istərsə də texniki pasportda göstərilmiş məlumatlara əsasən cavabdehin mülkiyyətinə verilmiş fərdi yaşayış evi ilə uyğunluq təşkil edir. Keçirilmiş ekspertiza ilə ünvan 1 ünvanında yerləşən 185.1 kv.metr ümumi sahəli fərdi yaşayış evinin cavabdehə məxsus əmlak olması öz təsdiqini tapmış, iddiaçının 71.2 kv.metrlik əmlakının isə harada yerləşməsi müəyyən edilə bilməmişdir. Nəticədə, cavabdehin tələbinin əsaslı olması sübuta yetirilmişdir. İddiaçının əsas gətirdiyi dəlil isə həmin ünvanda çıxarış əsasında ona məxsus fərdi yaşayış evinin yerləşməsi olmuşdur. Bununla bağlı qeyd edilmişdir ki, şəxsin adına əmlakın dövlət qeydiyyatına alınması barədə çıxarışın olması, mütləq şəkildə həmin əmlakın faktiki mövcudluğunu sübut etmir. Bu baxımdan sadəcə hüquqmüəyyənedici sənədin olması dəlilini rəhbər tutaraq, mövcudluğu sübut edilə bilməyən əmlaka dair iddia irəli sürülməsi əsaslı hesab edilə bilməz. Bununla yanaşı, digər məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizada (əsas - xx.xx.2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyi), habelə iddiaçının sifarişi ilə keçirilmiş mütəxəssis baxışında da (əsas - xx.xx.2022-ci il tarixli, 07- 78/22 nömrəli mütəxəssis rəyi) mübahisələndirilən fərdi yaşayış evinin cavabdehin adına olan sənədlərlə uyğunluq təşkil etməsi, iddiaçının mülkiyyətinə verilmiş fərdi yaşayış evinin isə harada yerləşməsinin müəyyən olunmaması nəticəsinə gəlinmişdir.

20. Məhkəmə kollegiyası texniki pasportun yalnız Cavabdeh4 deyil, o və başqalarının adına tərtib olunmasına münasibətdə qeyd etmişdir ki, əmlakın mülkiyyətçiləri dəyişmiş olsa da, hazırda hər iki tərəfin ayrı-ayrı fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar mövcuddur. xx.xx.2020-ci il tarixli çıxarış ilə 185.1 kv.metr sahəli fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin çıxarış verilməmişdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib olunmuşdur və hüquq subyektləri kimi “Cavabdeh4 və başqaları” qeyd olunmuşdur. Bununla yanaşı, həmin sənəddə fərdi yaşayış evinin ümumi sahəsi 185.1 kv.metr kimi göstərilmişdir. İddiaçının adına olan fərdi yaşayış evi isə 71.2 kv.metrlik ümumi sahəyə malikdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli texniki pasport məhz cavabdehin hazırda mülkiyyətində olan 185.1 kv.metr sahəli fərdi yaşayış evinə münasibətdə tərtib olunmuşdur və oradakı məlumatlar iddiaçıya yox, cavabdehə məxsus fərdi yaşayış evinin ölçüləri ilə uyğunluq təşkil edir. Əgər texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi ilə cavabdehin çıxarışındakı ümumi sahə, yəni 185.1 kv.metr arasında kəskin fərq olsa idi, o zaman iddiaçıya məxsus 71.2 kv.metrlik fərdi yaşayış evinin texniki göstəricilərinin də məhz həmin texniki pasort daxilində yer alması nəticəsinə gəlmək müəyyən dərəcədə əsaslı olardı. Nə qədər ki, belə hal mövcud deyil və cavabdehin çıxarışındakı məlumatlarla texniki pasportdakı məlumatlar tam olaraq uyğunluq təşkil edir, belə olan halda, texniki pasportda hüquq subyektləri qismində qeyd olunmuş “başqaları” ifadəsinin iddiaçıya aid edilməsi xüsusatı əsassızdır.

21. Apellyasiya məhkəməsi həmçinin apellyasiya şikayətindəki digər dəlillərə münasibətdə qeyd etmişdir ki, fərdi yaşayış evinin iki ayrı girişinin və bir-birindən təcrid olunmuş hissələrinin mövcud olması, həmin hissələrdən birinin iddiaçıya, digərinin isə cavabdehə məxsus olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, fərdi yaşayış evinin iki hissəyə ayrılması halları zəbtetmə nəticəsində də yaranmış ola bilər. Nəzərə alınmalıdır ki, cavabdehin hazırkı tələblə məhkəməyə müraciət etməsi də həmin fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququnun müdafiəsi məqsədini daşıyır. Belə olan halda, bu faktorlar fərdi yaşayış evinin iddiaçıya məxsus olduğuna əsas vermir. Bundan başqa, iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi iş materiallarında öz təsdiqini tapmır, lakin həmin əmlakın harada yerləşməsi ekspertizaların keçirilməsinə baxmayaraq, müəyyən edilmədiyindən, mövcudluğu da şübhə altındadır.

22. İlkin iddia tələbinin maddi zərərin tutulması hissəsi ilə bağlı qeyd olunmuşdur ki, iddiaçı fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilməsini əsas gətirərək, maddi zərərin tutulmasını tələb etsə də, məhkəmə tərəfindən onun tələbinin “əmlaka dair mülkiyyət hüququnun müdafiəsi” hissəsi təmin edilmədiyindən və mübahisəli əmlakın cavabdehə məxsus olduğu müəyyən olunduğundan hansısa qanunsuz müdaxilədən söhbət gedə bilməz. Odur ki, həmin hissə üzrə birinci instansiya məhkəməsi tərəfindən tələbin rədd edilməsi qanunamüvafiq olmuşdur.

23. İlkin iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd olunmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. İlkin iddia üzrə iddiaçı isə hüquqi şəxsdir. Hüquqi şəxsdə insan fərdinə xas mənəvi duyğular mövcud olmadığından mənəvi sarsıntı və iztirab keçirməsi, nəticədə mənəvi zərərin əvəzini tələb etməsi də mümkünsüzdür.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat

25. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3510/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

27. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddianın təmin edilməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsinin 3-cü dispozisiya şərtinin mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisəli ünvanda iddiaçının da mülkiyyətində fərdi yaşayış evinin olması barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış mövcuddur. Həmin çıxarışda göstərilən 71,2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair texniki pasportun iddiaçıda olmaması onun mülkiyyətində və faktiki sahibliyində olan əmlaka sahibliyinin qanunsuz olması qənaətinə gəlmək üçün yetərli deyildir. Belə ki, texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla, qanunvericilikdə qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Texniki pasport texniki sənəd kimi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində texniki pasport daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir.

28. Məhkəmə kollegiya xüsusilə qeyd etmişdir ki, eyni ünvan üzrə hər iki tərəfə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş sənədlərdə əks olunan fərdi yaşayış evinin eyni sahə olub-olmamasının müəyyən edilməsi hazırkı iddianın həll edilməsi üçün əhəmiyyətli haldır. Belə ki, əgər eyni sahə hər iki tərəfin əmlakı kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdırsa, bu hal artıq iddianın qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin birini, yəni əmlaka sahibliyin qanunsuz olduğunu istisna edən haldır. Belə olan halda, artıq tərəflər həmin sənədləri onları verən inzibati orqana qarşı mübahisələndirməlidirlər. İnzibati mübahisəyə dair qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 639/2022 saylı qərarında da müəyyən edilmişdir ki, nə qədər ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı ilə yanaşı İddiaçı QSC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakında qeydiyyata alınmış qeydlər mövcuddur, 3-cü şəxsin (İddiaçı QSC-nin) adına olan qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş, qeydlərin qeyri-dəqiqliyi sübuta yetirilməmiş, bu barədə məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcud olmadığından, həmin qeydlərin mötəbərliyi və tamamlığı prezumpsiyası qüvvədədir, belə olan halda cavabdehin (DƏDKR Publik hüquqi şəxsi 1 saylı BƏİ) mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vahid əmlak olaraq iddiaçının (Cavabdeh4) adına qeydiyyata almasından imtina etməsi qanunazidd hesab edilməməlidir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli texniki pasport heç bir halda həmin əmlakın Cavabdeh4 aid olduğunu təsdiq etmir. Texniki pasportun özündən də göründüyü kimi, texniki pasportda göstərilən əmlak Cavabdeh4 və başqalarının adına tərtib edilmişdir. İş materiallarında olan əmlakın mülkiyyətçilərinin dəyişməsi tarixçəsinə nəzər yetirdikdə açıq-aydın görünür ki, bu texniki pasportda qeyd edilən başqaları qismində məhz iddiaçı çıxış edə bilər.

30. Bu səbəbdən kassisiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, qanunvericiliyin tələblərinə cavab verməyən ekspert rəyinə istinad edərək qətnamə qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. İşə yenidən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

31. Kassasiya instansiya məhkəməsi öz mövqeyini AR Konstitusiyasının 13-cü, 29cu, Mülki Məcəllənin 14.3-cü, 139-140-cı, 152-ci, 157-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci, 7-ci, 23-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 220-ci, 372-ci, 407-ci, 416-418-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi bütövlükdə Cavabdeh4 məxsusdur, bu barədə müvafiq çıxarış və texniki pasport mövcuddur. İlkin iddia üzrə iddiaçının isə texniki pasportu yoxdur. İlkin iddia üzrə iddiaçının ona məxsus olduğunu idda etdiyi tikilinin mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Hazırkı mülki iş üzrə keçirilmiş ekspert rəyi də digər məhkəmə araşdırmaları zamanı keçirilmiş ekspertizaların nəticəsilə eynilik təşkil edir və onların heç birində iddiaçıya məxsus fərdi yaşayış evinin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

34. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

35. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən ilk iddia üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, digər cavabdeh "xxxx" Firması, habelə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır; 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir; 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

44. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və həmin göstərişləri nəzərə alıb, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın rədd edilən və qarşılıqlı iddianın qismən təmin edilən hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni “qarşılıqlı iddianın qismən təmin edilən və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia həmin hissədə rədd edilməli, eyni zamanda, qətnamə ekspert tədqiqatının dəyərinin tutulması hissəsində dəyişdirilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, ünvan 1 ünvanında dövlət mülkiyyətində olan 0.005343 ha torpaq sahəsində yerləşən 71.2 kv.metr ümumi sahəli fərdi yaşayış evi üzərində İddiaçı QSC-nin mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin ünvanda yerləşməklə 185.1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi üzərində isə xx.xx.2020-ci il tarixdə Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin ona aid çıxarışda hər hansı torpaq sahəsi göstərilməmişdir. Cavabdeh4 mülkiyyətində olan əmlaka dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli texniki pasportda bu əmlakın Cavabdeh4 və başqalarına məxsus olduğu göstərilmiş, lakin digər şəxslərin adı açıqlanmamışdır. İddiaçı QSC-nin mülkiyyətində olan əmlaka dair isə texniki pasport tərtib edilməmişdir. Hazırda bu tərəflər mülkiyyəti kimi göstərdikləri əmlakların ümumi daxili divarı olsa da, onlar nəticə etibarı ilə biri birindən təcrid olunmuş vəziyyətdə olmaqla müstəqil giriş-çıxışa malikdir. Qeyd edilənlər məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı öz təsdiqini tapmışdır.

47. Məhkəmə kollegiyası iş materiallarına, o cümlədən qanuni qüvvəsini almış məhkəmə aktlarına istinadən ilk öncə bu əmlakların əvvəlki mülkiyyətçiləri, habelə hazırki mülkiyyətçilərin mülkiyyətinə keçməsi ilə bağlı qeyd edir ki, 013130 nömrəli, xx.xx.1973-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi (küçənin əvvəlki adı), 19/17 nömrəli fərdi yaşayış evinin ½ hissəsi X13, ½ hissəsi isə X6 adına qeydiyyata alınmışdır.

48. Bundan sonra X13 mülkiyyətində olan hissə məhkəmə qaydasında onun vərəsələri arasında (payın tanınması və kompensasiyanın ödənilməsi ilə) bölünmüşdür. Sonradan bu əmlak üzrə paylı mülkiyyətçiyə çevrilmiş Kərimova Xanim-Sultan Fərman qızı (X13 arvadı) aralarında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ünvan üzrə mülkiyyətində olan 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m. yaşayış, 43,2 kv.m. köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evini bütünlüklə alıcı X10 mülkiyyətinə, sonuncu isə artıq mülkiyyətçi olaraq həmin əmlakı (ümumi sahə 71,2 kv.m, yaşayış sahəsi 28,0 kv.m) aralarında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Bundan sonra aralarında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Kərimova Xanim-Sultan Fərman qızı (digər hissədə də), habelə digər vərəsələr Əliyeva (Kərimova) Sara Rafiq qızı və Əbilova (Kərimova) Bəsti Rafiq qızı da öz paylarını (faktiki 0,05813 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232,9 kv.m, yaşayış sahəsi 70,7 kv.m, köməkçi sahəsi 162,2 kv.m olan 3 otaqlı evdən paylı mülkiyyət hüququ üzrə öz paylarına düşən hissələri bütünlüklə) Cavabdeh2 satmışdılar.

49. Cavabdeh2 bu əmlakın 2008-ci ildə əldə etdiyi hissəsini (ünvan 1 ünvanında istifadədə olan 0,01688 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 70,7 kv.m, yardımçı sahəsi 162,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 4/20 hissəsi) dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra bu əmlakı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7, sonuncu isə bu əmlakı (paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 4/14 hissə, 66,54 kv.m hissəni) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır.

50. X6 mülkiyyətində olan ½ hissə də onun vərəsələri X8, X5 və X11 mülkiyyətinə keçmiş və həmin şəxslər də sonradan, yəni xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öz paylarını (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 232,9 kv.m olan fərdi yaşayış evinin hər biri ona aid 10/14 hissə (55,45 kv.m)) Cavabdeh4 satmışdılar. Həmin vaxt bu ünvanda yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin 4/14 hissəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır) Cavabdeh4, 10/14 hissəsi sə (xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır) X8, X5 və X11 mülkiyyətində olmuşdur.

51. Məhkəmə kollegiyası iş materiallarına istinadən o halı da nəzərə alır ki, Cavabdeh2 həmin ünvan üzrə mülkiyyətində olan əmlakın bir hissəsini (3 otaqdan ona aid 4/20 hissəni) xx.xx.2015-ci il tarixdə X2, mülkiyyətində olmaqla 0,005343 ha torpaq sahəsində yerləşən 28 kv.m, 37,8 kv.m qeyri-yaşayış, 43,2 kv.m köməkçi, 109 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı, 19/17 saylı fərdi yaşayış evini İddiaçı QSC ilə "xxxx" Firması arasında bağlanmış kommersiya subkonsessiyası müqaviləsinin təminatı olaraq İddiaçı QSC qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı onun tərəfləri arasında məhkəmə mübahisəsi başlamış və nəticədə "xxxx" Firmasından İddiaçı QSC-nin xeyrinə pul tutulmuş və tutma Cavabdeh2 mülkiyyətində olmaqla ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmişdir. Bu barədə məhkəmə qətnaməsinin icrası qaydasında əmlak hərraca çıxarılmış və nəticədə İddiaçı QSC tərəfindən alınmışdır.

52. Bununla belə, vaxtı ilə faktiki 0,05813 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232,9 kv.m, yaşayış sahəsi 70,7 kv.m, köməkçi sahəsi 162,2 kv.m olmaqla X13 (½ hissəsi) və X6 (½ hissə) paylı mülkiyyətində olmuş fərdi yaşayış evi hazırda sahə fərqi ilə İddiaçı QSC-nin (0.005343 ha torpaq sahəsində yerləşməklə ümumi sahəsi 71.2 kv.m olan fərdi yaşayış evi) və Cavabdeh4 (ümumi sahəsi 185.1 kv.metr olan fərdi yaşayış evi) fərdi mülkiyyətindədir. Qeyd olunmaıdır ki, 1970-ci illərə aid olmaqla X13 adına tərtib edilmiş texniki pasportda əks olunmuş planla (İİ cild i.v. 244) 2020-ci ildə Cavabdeh4 adına tərtib edilmiş texniki pasportda əks olunmuş plan (İ cild i.v.198) eynilik təşkil edir. Halbuki, artıq müəyyən edildiyi kimi X12 miras qalmış payı alqı-satqı yolu ilə mülkiyyətinə əldə etmiş Cavabdeh2 bu əmlakın bir hissəsini sonradan (xx.xx.2015-ci ildə) X7, sonuncu isə Cavabdeh4 satmış, qalan hissəsini isə (xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi) İddiaçı QSC qarşısında ipoteka ilə yüklü etmişdir. Məhz bu əmlak sonradan İddiaçı QSC-nin mülkiyyətinə keçmiş və hazırda da mülkiyyətindədir. Başqa sözlə, iş materiallarından, o cümlədən alqı-satqı müqavilələrindən və çıxarışlardan görünən odur ki, X13 paylı mülkiyyətində olmuş əmlakın sahə fərqi ilə müəyyən hissəsi hazırda İddiaçı QSC-nin, müəyyən hissəsi isə Cavabdeh4 mülkiyyətindədir. Məhz bu səbəblərdən də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı evə dair texniki pasport Cavabdeh4 və başqalarının adına tərtib edilmişdir və “başqaları” qeydinin həmçinin, İddiaçı QSC-ni əhatə etməməsi qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur, əksinə texniki pasportun bu qayda tərtib edilməsinin yeganə məntiqli və şüurlu izahı məhz yuxarıda göstərilənlərin müəyyən edilməsidir.

53. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı QSC-nin mülkiyyətində olan fərdi yaşayış evinin harada yerləşməsinin müəyyən edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edir və hər iki tərəfin mülkiyyətində olan əmlakın sahə etibarı ilə ümumilikdə (185,1 + 71,2 = 256,3,) 256,3 kv.m təşkil etməsini, həmin ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin əvvəllər 232,9 kv.m təşkil etməsini, lakin həmin ünvanda bu ölçüdən artıq ölçüdə fərdi yaşayış evinin hər hansı vaxtda mövcud olmasının müəyyən edilmədiyini, habelə sonradan da inşa edilmədiyini nəzərə alıb (hələ nəzərə alınmalıdır ki, İddiaçı QSC hərracdan 71,2 kv.m deyil, 109 kv.m, yəni əlavə olaraq 37,8 kv.m qeyri-yaşayış sahəsi də almış və bu sahənin mülkiyyət kimi qeydə alınmaması səbəbindən inzibati məhkəmədə mülkiyyət hüququnun qeydiyyatının düzgünüyünü mübahisələndirmiş, lakin belə bir tikilinin mövcudluğu müəyyən edilmədiyindən onun iddiası uğursuz olmuşdur. Bu sahə də nəzərə alınsa idi, ümumilikdə 200 kv.m yaxın sahə alınırdı) belə qənaətə gəlir ki, mövcud vəziyyətdə hər iki mülkiyyətçiyə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş sənədlərdə əks olunan fərdi yaşayış evi eyni sahədə yerləşir.

54. Bu hal artıq qarşılıqlı iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2ci maddəsinin 3 dispozisiya şərtinin (1. iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2. iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3. cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır) birgə mövcudluğunu, yəni bu şərtlərdən biri olan əmlaka sahibliyin (İddiaçı QSC-yə münasibətdə) qanunsuz olduğunu istisna edir və bu hissədə apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasını təsdiq etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini “qarşılıqlı iddianın qismən təmin edilən (evdən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi), habelə qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıdan tutulması” hissəsində ləğv edilməsini və həmin hissələrdə də qarşılıqlı iddianın rədd edilməsini şərtləndirir. Belə olan halda, artıq tərəflər həmin sənədlərin onları verən inzibati orqana qarşı mübahisələndirməlidirlər.

55. Hər bir halda, İddiaçı QSC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakında qeydiyyata alınmış qeydlər mövcuddur, bu qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş, qeydlərin qeyri-dəqiqliyi sübuta yetirilməmiş, bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcud deyil. Bu səbəbdən həmin qeydlərin mötəbərliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhz bu səbəbdən Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vahid əmlak olaraq onun adına qeydiyyata aldırılması üçün inzibati məhkəmədə qaldırdığı iddiası uğursuz olmuşdur.

56. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, İddiaçı QSC-nin mülkiyyətində olan fərdi yaşayış evinə dair ayrıca texniki pasportun tərtib edilməməsi də məhkəmə kollegiyasının bu mövqeyin əksini sübut etmir. Belə ki, texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla qanunvericilikdə qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmiş və qüvvədə olan qanunvericilikdə daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd olaraq təsbit edilməmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq ilk iddianın “fərdi yaşayış evinə qanunsuz müdaxilənin və orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırda İddiaçı QSC-nin mülkiyyətini təşkil edən sahəyə cavabdehlər tərəfindən hər hansı müdaxilə edilməsi, habelə orada təmir-tikinti işlərinin aparılması müəyyən edilmir. Əksinə mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 71,2 kv.m olmasına baxmayaraq, cəmiyyət hazırda bu sahədən də artıq sahəyə sahiblik və ondan istifadə edir. Lakin artıq qeyd edildiyi kimi texniki pasportun olmaması səbəbindən hazırda onun istifadə və sahibliyində olan artıq sahənin hansı hissədə yerləşməsini, yəni hansı sahənin onun mülkiyyətini təşkil etməməsini müəyyən etmək olmur. Bu səbəbdən qarşılıqlı iddiaya uyğun olaraq cəmiyyətin artıq sahədən də (tam və ya hər hansı hissədə) çıxarılması mümkün deyil. Qeyd edilənlər öz növbəsində bu tələbin təmin edilməsini istisna edir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilən səbəblərdən ilk iddianı “vurulmuş maddi zərərin əvəzinin cavabdehlərdən tutulması” hissəsində də əsassız hesab edir və onun təmin edilməməsi qənaətinə gəlir.

59. Məhkəmə kollegiyası ilk iddianın “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. İlkin iddia üzrə iddiaçı isə hüquqi şəxsdir. Hüquqi şəxsdə insan fərdinə xas mənəvi duyğular mövcud olmadığından onun mənəvi sarsıntı və iztirab keçirməsi, nəticədə mənəvi zərərin əvəzini tələb etməsi də mümkünsüzdür. Qeyd edilənlər öz növbəsində bu hissədə də ilk iddianın rədd edilməsini şərtləndirir. Bu baxımdan ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun da ilk iddia üzrə iddiaçının özünə aid edilməsi əsaslıdır.

60. Eyni zamanda, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyi əsas götürüb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5527 saylı ekspert rəyini mötəbər hesab etmir və hər iki tərəfin biri-birinə qarşı iddia qaldırmasını nəzərə alıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ekspert tədqiqatının dəyərinin tutulması ilə bağlı hissədə dəyişdirilməli, ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 50 manat hissəsi isə Cavabdeh4 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən - “qarşılıqlı iddianın qismən təmin edilən və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia həmin hissədə rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 aid edilməli, qətnamə ekspert tədqiqatının dəyərinin tutulması ilə bağlı hissədə dəyişdirilməli, ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 50 manat hissəsi isə Cavabdeh4 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid edilməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-33/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - “qarşılıqlı iddianın qismən təmin edilən və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia həmin hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 aid edilsin. Qətnamə ekspert tədqiqatının dəyərinin tutulması ilə bağlı hissədə dəyişdirilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 50 (əlli) manat hissəsi isə Cavabdeh4 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar