Məhkəmə qərarları › İş №2(103)-1834/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1834/2022

02.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1834/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqovdan və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 27.12.2021-ci il tarixli qərardadından Cavabdeh nümayənədəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının dəyəri” tələbinə dair iddia ərizəsi və iddia əizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, mənzil 72-də olmuş və cavabdeh tərəfindən mənimsənilmiş cehiz əşyalarımın dəyəri olaraq 89.606,34 Avro və 257910 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manat məzənnəsi ilə alınaraq ona verilməsi, habelə iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 16.09.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 27.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 16.09.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti bərpa edilmişdir. Cavabdeh nümayənədəsi və vəkili Nümayəndə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 27.12.2021-ci il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin axınını düzgün hesablamamış və yanlış olaraq iddiaçının apellyasiya şikayətini dəftərxanaya verərkən müddəti ötürmədiyi qənaətinə gəlmişdir. Halbuki, müddət qətnamə elektron kabinetə yerləşdirildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bitdikdən 6 gün sonra apellyasiya şikayətini dəftərxanaya təqdim etmiş, bununla da, apellyasiya şikayəti dəftərxanaya müddət buraxılaraq verilmişdir. Belə vəziyyətdə, apellyasiya şikayətinin dəftərxanaya verilməsi vaxtı üzrlü səbəb kimi nəzərdən keçirilə bilməz. Məhkəmə həmçinin nəzərə almalı idi ki, apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi Vəkil elektron məhkəməsistemdə yaradılmış elektron kabineti vasitəsilə məhkəmə icraatında iştirak etmişdir. Məhz bu səbəbdən, həmin qətnamənin iddiaçıya rəsmi qaydada verilməsi məhz qətnamənin elektron kabinetə yerləşdirildiyi 28.09.2021-ciil tarixdən hesablanmalı idi. Məhkəmə bu faktiki halları aydınlaşdırmamışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 10 .01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş Bakı Apelyyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və vəkilini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İş materiallarında göründüyü kimi, məhkəmənin 16.09.2021-ciil tarixli qətnaməsi elektron məhkəmə sisteminə 28.09.2021-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı isə nümayəndəsi vasitəsilə apellyasiya şikayətini 03.11.2021-ci il tarixdə dəftərxanaya təqdim etmişdir, bununla da, apellyasiya şikayəti qətnamə elektron məhkəmə sisteminə 28.10.2021-ci il tarixdə yerləşdirildikdən 6 gün sonra verilmişdir.Birinci instansiya məhkəməsi həmçinin apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi Vəkil elektron məhkəmə sistemdə yaradılmış elektron kabineti vasitəsilə məhkəmə icraatında iştirak etməsini nəzərə almamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə 16.09.2021-ciil tarixli qətnaməsini elektron məhkəmə sisteminə 28.09.2021-ci il tarixdə yerləşdirilməsi, İddiaçı isə nümayəndəsi vasitəsilə apellyasiya şikayətini 03.11.2021-ci il tarixdə dəftərxanaya təqdim etməsi hallarını araşdırmamışdr. MPM-in 10-1.3 maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 27.12.2021-li tarixli qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar